24 Noyabr 2024

Bazar, 11:23

AZƏRBAYCANSAYAĞI ETNOLANDŞAFT

Bakida yenİ mİllİ məhəllələr və icmalar yaranmağa başlayib

Müəllif:

15.01.2013

Etnik prinsip əsasında yaranmış məhəllələr. Hələ bu yaxınlara qədər bizə elə gəlirdi ki, bu, yalnız uzaq Amerikada mümkündür. Amma nə qədər paradoksal səslənsə də, Azərbaycanda da ölkəyə qazanc dalınca gəlmiş miqrantların yığcam yaşadığı məntəqələr və məhəllələr çoxalmağa başlayıb. Şübhəsiz ki,  bu, ölkənin rifahının göstəricisidir  və  BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisində keçirilən konfransında da bu haqda bildirilib. 

Azərbaycanda baş verən miqrasiya aspektləri ilə bağlı keçirilən görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının, Azərbaycanın Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri də iştirak ediblər. 

Gözlənilməz olsa da, konfransın əsas mövzusu Azərbaycanda xaricilərin "naturalizasiyası", yəni sadə dillə desək, onların Azərbaycan vətəndaşlığını qəbul etməsi idi. Son məlumatlara görə, Azərbaycan vətəndaşlığına keçmək istəyənlərin sayı ildən-ilə artır. Bu, təbiidir, çünki bizim ölkədə yetərincə sayda xarici vətəndaş var ki, burada uzun illərdir yaşayırlar. Onlar dili öyrəniblər, əmlak alıblar, yəni Azərbaycan cəmiyyətinə inteqrasiya olunublər. Bu cür proseslər Azərbaycan müstəqillik əldə etdikdən sonra müşahidə edilib - sərhədlər açılıb və ölkədə yeni, Azərbacan üçün ənənəvi olmayan milli icmalar yaranıb. Yəhudi, rus, tatar icmaları, həmçinin Azərbaycanın başqa milli azlıqlarının icmaları ilə yanaşı, müxtəlif Avropa ölkələrinin, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinin təmsilçilərindən ibarət icmalar da yaranmağa başlayıb. 

Ölkəmizin yeni etnik icması bu gün necə görünür? Azərbaycanın yeni icmaları arasında ən çoxsaylısı Türkiyə icmasıdır. Ölkədə daimi əsasda və artıq uzun müddətdir minlərlə Türkiyə vətəndaşı yaşayır. Bu illər ərzində onlar milli-mədəni xüsusiyyətlərini qorumaqla Azərbaycan cəmiyyətində öz yerlərini tuta biliblər. Türkiyə  icması əsasən biznesmenlərdən, menecerlərdən və həkimlərdən ibarətdir. Bunlar imkanlı insanlar, yüksək və orta ixtisaslı işçilərdir. 

Türkiyəli "azərbaycanlılar"dan fərqli olaraq İran icması artıq Zivər bəy Əhmədbəyov (keçmiş Qubanov) küçəsində öz məhəllələrini yaradıblar. Küçə boyunca "İran nemətləri" dükanları, qəlyənaltıxanalar, turizm agentlikləri yerləşir. 

İran icması da etnik cəhətdən çoxçeşidlidir. İranlı sahibkarlar, həkimlər arasında azərbaycanlılar, giləklər və farslar da var. Yeri gəlmişkən, farslar Bakıda yığcam yaşamağa üstünlük verirlər. Onlar konservatoriyanın yanındakı "stalin" binasının bir blokunu satın alıblar. 

Təbrizli stomatoloq, doktor Muhammed xanımı və iki uşağı ilə artıq 9 ildir Bakıda yaşayır. Onun sözlərinə görə, icma ildən-ilə genişlənir. "Siz baxın, Bakıda İran ifaçılarının konsertinə nə qədər iranlı yığılır", - deyə o vurğulayır. İranlı mütəxəssis qeyd edir ki, yerli dövlət məmurları ilə müxtəlif məsələlərin həlli daha sürətlənib, "Azərbaycanda bizim hamımızı İran İslam Respublikasındakı teokratik rejimə qarşı barışmazlıq və öz ölkəmizə sevgi birləşdirir". 

Onun dostu etnik fars olan Mouşenq Kərəmyani sanır ki, Azərbaycan onun üçün ideal yaşamalı ölkədir. Burada onun azadlığı və sabit  biznesi var. "Eyni  zamanda, mən istənilən gün İrana qohumlarımızı görməyə gedə bilirəm", -  deyə o vurğlayır. Mouşenq etiraf edir ki, çoxmilyonlu Tehranda Bakı ilə müqayisədə daha çox pul qazana bilərdi, amma orada azadlıq, özün kimi olmaq imkanları yoxdur. Geyiminin rəngindən tutmuş, internet saytlarının seçiminə qədər hər şey teokratların diqtəsi altındadır. 

Onun fikrincə, ikili vətəndaşlıq haqqında qanunun qəbul edilməsi Azərbaycana önəmli dərəcədə İran kapitalının gəlməsinə səbəb ola bilərdi. "İran sahibkarlarının öz kapitallarını yatırdığı Fars körfəzi ölkələrinə baxanda Azərbaycan iqlim cəhətdən daha əlverişli, yetərincə vesternləşdirilmiş və coğrafi cəhətdən yaxın ölkədir", - deyə Mouşenq bildirir.   

Azərbaycandakı hindli icması da çox maraqlı və özünə məxsusdur. Hindistanlılar və pakistanlılar əsasən Bakının ətraf qəsəbələrində yaşayırlar. Hindistan səfirliyinin məlumatına görə, Bakıda minə yaxın  hindistanlı işləyir və yaşayır, pakistanlılar isə burada 3-4 min nəfərdir. Azərbaycandakı hindlilər arasında tamamilə nüfuzlu həkimlər, müəllimlər və iş adamları var. Bakıda hər il keçirilən "Hindistan" yarmarkasında Dehlidən olan bir sahibkar  zarafatla deyib ki, britaniyalılar harda varsa, orada hindli də var: "Bakıda çox sayda ingilis və şotland var, deməli, hindli də çox olmalıdır". Pakistanlılar isə tamamilə paytaxt bazarlarında məskunlaşıblar. 

Çin icmasına gəldikdə isə yetərincə çoxsaylı  bu qrup əsasən Çin əyalətlərinin təmsilçilərindən ibarətdir. Çinlilərin çoxu Azərbaycanda ailə qurub. Bu ilin əvvəlində Azərbaycanın ən cənub nöqtəsin olan  Astara rayonunda talış qızı ilə çinli oğlanın toyu olub. Yerli sakinlərin dediyinə görə, toya müxtəlif rayonlarda kiçik bizneslə məşğul olan çinlilər, həmçinin Salyan rayonundakı "Salyan oyl" neft şirkətində işləyən çinlilər gəlibmiş. Müəyyən müddətə Astara hətta Çin şəhərinə də çevrilibmiş. Yerli çayxanalar, kafelər, mağazalar, mehmanxanalar və hətta yerli olimpiya kompleksi bu Asiya cizgili insanlarla dolubmuş. 

Yeri gəlmişkən, Azərbaycanın Asiya mənşəli ən qədim milli icması Vyetnam icmasıdır. Onları çox vaxt çinli sanırlar. Artıq 20 ildən çoxdur ki, 50-yə yaxın vyetnamlı ailə Azərbaycanda yaşayır. Onların, demək olar ki, hamısı SSRİ zamanında mövcud olmuş Neft-Kimya Texnikumunun məzunlarıdır. Yaşlı nəsil Əhmədli yaşayış massivində Sovet-Vyetnam dostluğunun şərəfinə adlandırılmış "Nun Vun Tao" kafesini yəqin ki, xatırlayır. Onda heç kim bilmirdi ki, bu sözlər nə məna verir. SSRİ-nin dağılmasından sonra texnikumu bağlayıblar, bu Cənub-Şərqi Asiya ölkəsindən gəlmələr isə Azərbaycanda Vyetnam səfirliyinin olmaması üzündən geri qayıtmağa yolpulu tapmayıblar, burada qalaraq xırda ticarətlə məşğul olmağa başlayıblar. Daha sonra onların bəziləri Bakının müxtəlif rayonlarında geyim mağazaları açmağa başlayıblar. Vyetnamlı ailəsində bütün vəzifələr ciddi şəkildə bölünüb. Qadın alver edir, kişi isə mal gətirir. Azərbaycan vyetnamlılarının uşaqları da doğulub və artıq üçüncü nəsil - nəvələr böyüyür. Onların əsas istəyi "naturalizasiya"-dır. Bu icma mühitində milli ənənələr çox güclüdür. Vyetnamlılar çox nadir hallarda başqa millətlərlə ailə qururlar. 20 il ərzində cəmi iki vyetnamlı azərbaycanlı qızla evlənib və iki vyetnamlı qız azərbaycanlıya ərə gedib. Vyetnamlılar Bakının Yasamal rayonunda "Dağlı məhəlləsi"ndə yaşayırlar. Yeri gəlmişkən, bu rayonun sakinləri onlara böyük hörmətlə yanaşırlar. 

Bakıda gürcü icmasının inkişafını da qeyd etmək lazımdır. Gürcüstanın müxtəlif regionlarından gəlmiş gürcülər Bakıda restoran və kafelər açmağa üstünlük verirlər. Bu da Azərbaycan paytaxtında təqdim edilən etnik mətbəxləri və bütünlükdə mədəni rəngarəngliyi daha da zənginləşdirir. 

Bütün bu proseslər göstərir ki, Azərbaycan doğrudan da tolerant, multikultural ölkədir və burada milli özünəməxsusluğu qorumaqla yanaşı,  inteqrasiyalı şəkildə yaşamaq və işləmək də mümkündür. Yeni milli icmaların formalaşması Azərbaycanda milli, dini anlaşılmazlıqların olmadığını, müxtəlif mədəniyyətlərin dinc birgəyaşayışı və inkişafı üçün əlverişli şəraitin olduğunu sübut edir. 



MƏSLƏHƏT GÖR:

591