Müəllif: Abbas AXUNDOV Bakı
Hələ qədimdən dünyada "qara qızıl"ı ilə tanınan Azərbaycan, həqiqi qızıl ehtiyatları ilə də zəngindir. O da məlumdur ki, hazırda ölkə bütün qızıl yataqlarının işlənməsini həyata keçirə bilmir. Çünki kifayət qədər zəngin qızıl mədənləri Ermənistanın işğalı altında olan ərazilərdədir. Vaxtaşırı işğalçıların həmin mədənlərin resurslarını həyasızcasına oğurladıqlarına dair məlumatlara rast gəlirik. Bununla belə, bu yaxınlarda iki əməliyyat şirkəti nəzarətimizdə olan yataqların işlənməsinə başlayıb və artıq qiymətli metallar ölkənin ixrac cədvəlində ayrıca qrafada göstərilir.
2013-cü il və sonrakı üç ilin dövlət büdcəsinə əsasən, Azərbaycan 2017-ci ilədək qızıl hasilatının həcmini ildə 1% artırmağı planlaşdırır. Beləliklə, 2013-cü ildə 1810,7 kq qızıl çıxarılması gözlənilirsə, 2016-cı ildə bu rəqəm 1865,5 kq olmalıdır.
Azərbaycanın Klondaykı
Qeyd etmək lazımdır ki, Azərbaycanda qızıl hasilatı sənayesinin bərpası və sürətli inkişafına maraq təsadüfi deyil - son illərdə dünyada qızılın qiymətinin durmadan bahalaşması buna rəvac verir. Üstəlik, aparıcı qızıl hasilatçısı olan dünya ölkələri - CAR, ABŞ və Avstraliyada təbii ehtiyatların azalması investorları qiymətli metal resurslarını artırmaq üçün yeni mənbələrin axtarışına məcbur edir. Odur ki, Azərbaycanda indiyədək bu sahədəki nisbi durğunluq, 2000-ci ilin əvvəllərindən hasilat üçün bütün mümkün imkanlardan yararlanmaq istəyi ilə əvəzlənib. 2009-cu ilin mayında "Anglo Asian Mining PLC" şirkəti ilə bu haqda razılıq da əldə edilib. İkinci qızıl hasilatçısı isə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətidir (Azerbaijan International Mineral Resources Operating Co. Ltd - AIMROC) . O, ilk "məhsul"unu artıq ötən ilin payızında əldə edib. Hər iki şirkətin bu il üçün çox cəlbedici planları var.
Azərbaycan hökuməti ilə məhsulun bölgüsünə dair razılaşmanın (PSA) şərtlərinə əsasən, "Anglo Asian Mining" üç müqavilə sahəsini (Qoşa, Gədəbəy və Ordubad) özündə birləşdirən, ümumilikdə, təxminən, 2 min kvadrat-kilometr ərazidə mineral resursların kəşfiyyat və çıxarılması hüququna malikdir. Şirkətin resurs bazası 36 ton qızıldan, 292 ton gümüşdən və 94 ton misdən artıqdır. "Anglo Asian Mining" şirkətinin işlədiyi yataqlar arasında ən böyüyü "Gədəbəy" mədən kompleksidir. Oradan ilk qızıl və gümüş 2009-cu ilin mayında hasil edilib. Mis konsentrat hasilatına isə 2010-cu ildən başlanılıb.
Hazırda "Anglo Asian Mining" mədənin yenidən qiymətləndirilməsini həyata keçirir. Yataqdakı ehtiyatın qiymətləndirilməsi filiz ehtiyatları üzrə birgə komitənin (JORC - The Joint Ore Reserves Committee) təsnifatı əsasında aparılır və o, 2013-cü ilin ikinci yarısında başa çatdırılacaq.
Ötən il bu yataq üçün uğursuz olub və əlverişsiz hava şəraiti ilin əvvəlində ümumi istehsal həcminin azalması ilə nəticələnib: qızıl 2011-ci ildə əldə edilmiş 1,62 tona qarşı 1,42, gümüş isə 1,33 tona qarşı 0,57 ton olub. Amma şirkət gələcəyə nikbin baxır. 2013-cü ildə "Anglo Asian Mining" "Gədəbəy"də istehsalı 67-70 min unsiyayadək artırmağı planlaşdırır. Bu, Gədəbəydə inşasına başlanılmış qızılın çən yuyulması zavodunun 2013-cü ilin martında istifadəyə verilməsindən sonra mümkün olacaq. Zavod hazırda yataqda istifadə olunan toplu yuyulma metoduna yaramayan, lakin qızılla zəngin olan filiz və ehtiyyatları da emal edə biləcək.
Prinsipcə texnoloji baxımdan bu, qızıl hasilatı ilə məşğul olan ölkə üçün irəliyə atılan addımdır. Çünki çən yuyulması texnologiyası mədəndəki qızılın 90%-dən çoxunu çıxarmağa imkan verir. Toplu yuyulması zamanı isə bu, təxminən, 70% təşkil edir.
Yeni zavod 100 ton filiz emalına hesablanıb və şirkətdə əmindirlər ki, "Gədəbəy"də gələcək qızıl hasilatı zavodun inşasına xərclənilən investisiyanın əbəs olmadığını göstərəcək. Qeyd edək ki, zavodun inşasına Azərbaycan Beynəlxalq Bankından 43,5 milyon dollar kredit ayrılıb. Onun ümumilikdə dəyəri isə 52-54 milyon dollar qiymətləndirilir.
Bu ilin sonunda "Anglo Asian Mining" ərazisi 300 kvadrat-kilometr olan "Qoşa" müqavilə sahəsində də kəşfiyyat işlərini tamamlamağı, hətta oradan təxminən, 15-20 min unsiya (yarım tona yaxın) qızıl çıxarmağı planlaşdırır. Ümumilikdə, şirkət ilkin kəşfiyyat işlərinə əsasən bu yataqdan ildə 25 min unsiyayadək (0,7 tondan artıq) qızıl çıxarmağı nəzərdə tutur. Qurum yatağı inkişaf etdirərək onu kiçik yeraltı mənfəət mədəninə çevirmək fikrindədir.
Azərbaycanda qızıl hasilatı sahəsində daha bir ciddi irəliləyiş "Ordubad" yatağında gözlənilir. O, Naxçıvan MR-də 462 kvadrat-kilometrlik müqavilə sahəsində ötən ilin əvvəllərində aşkarlanıb. "Anglo Asian Mining" şirkətində buradan ilk qızılın 2014-cü ildə əldə ediləcəyini düşünürlər.
Beləliklə, bütün bu planları üst-üstə gələn "Anglo Asian Mining" 2015-ci ilə qızıl hasilatının həcmini iki dəfə artırmağı, 2013-cü ildə onu 80-85 min unsiyaya (təxminən, 2,3 ton), 2014-cü ildə 95-100 min unsiyaya (təxminən, 2,7 ton) çatdırmağı planlaşdırır. Bu, ona orta ölçülü mədənçıxarma şirkəti statusu qazanmaq imkanı verəcək. Başqa sözlə, şirkət həm özünün işgüzar imicini yaxşılaşdıracaq, həm də Azərbaycanın ümumilikdə qızıl hasilatçısı olan ölkə kimi statusunu yüksəldəcək.
Yeri gəlmişkən, mədənlərdən çıxarılan qızıl təmizlənməsi üçün İsveçrəyə göndərilir. Külçələr sonradan Azərbaycana gətirilir və hökumətin hesabında saxlanılır. PSA razılaşmasının şərtlərinə əsasən, 2009-cu ildən ötən ilin sonunadək şirkət Mərkəzi Banka (AMB) 21413,4 troya unsiyası (666 kq) həcmində qızıl verib. Onun bazar qiyməti 37,9 milyon dollardır.
Azərbaycan istehsalı
"Anglo Asian Mining" şirkətinin həmkarı olan AIMROC-un (Londex Resources S.A., Willy & Meyris S.A., Fargate Mining Corporation, Globex International LLP və Mitsui Mineral Development Engineering Co. Ltd şirkətlərindən ibarət konsorsiumun) işləri də pis getmir. 2012-ci il sentyabrın sonu-oktyabrın əvvəllərində Çovdar dağ-mədən yatağından ilk qızıl filizi əldə edilib. Hazırda orada istismarqabağı nizamlama işləri gedir və yaxın vaxtlarda şirkət tam gücü ilə istehsala başlamağı planlaşdırır. Yataqda 40 tonadək ehtiyatın olduğu müəy-yənləşdirilib və şirkət onu 8-10 il ərzində çıxarmaq niyyətindədir.
İstehsalın başlanılması ilə paralel olaraq qızılın çən yuyulması zavodu da test edilir. Zavodun gücü hazırda şirkətin əlində olan və gələcəkdə əldə edilə biləcək filiz emalına imkan verir. Bu, sutkada 3 min ton filiz deməkdir. Şirkət bu yataqdan qızıl hasilatı ilə yanaşı, müxtəlif həcmdə qurğuşun, miss, gümüş və digər metallar da çıxaracaq.
Bundan başqa, AIMROC daha iki qızıl mədəni yatağının - Köhnəmədən və Göydağ filiz sahələrinin işlənilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasına da başlayıb.. Hazırda bu yataqlarda geoloji kəşfiyyat işləri gedir.
Xatırladaq ki, Azərbaycan hökuməti AIMROC-dan Qaradağ, Çovdar, Göydağ və Dağkəsəmən filiz sahələrindən, Köhnəmədən sahəsindən və Kürəkçay hövzəsindən əldə ediləcək gəlirlərin 30%-ni alacaq.
Başqa sözlə, zinət əşyalarının satıldığı mağazalarda müştərilərə Azərbaycanda çıxarılmış qiymətli metallardan hazırlanan məhsulların təklif olunacağı gün uzaqda deyil. Bu, Türkiyə, İran, BƏƏ-dən olan rəqibləri uğurla ikinci plana keçirəcək. Azərbaycanın adıçəkilən qızıl istehsalçılarının istehsal edəcəkləri məhsulların daha ucuz olmasına rəğmən, keyfiyyətcə idxal olunan məhsullardan geri qalmayacağına dair vədini nəzərə alsaq, yerli istehsal olan zinət əşyaları indikilə müqayisədə əhalinin daha geniş təbəqəsi üçün əlçatar olacaq.
Qlobal miqyasda isə qızıl emalı ölkə iqtisadiyyatının qeyri-neft sektorunun vacib komponentlərindən birinə çevrilə, dünya bazarlarında qızılın qiymətinin çox baha olduğu dövrdə ölkəyə xeyli maddi dividentlər qazandıra bilər. Son 11 ildə qızılın qiymətindəki dinamikaya nəzər salsaq görərik ki, 2000-ci ildən 2011-ci ilədək bu qiymət 281 dollardan 1572 dollara qalxıb. Yəni, qiymət artımı 560% təşkil edib. Başqa heç bir aktivdə bu qədər artım qeydə alınmayıb. Bu, qızıla dünyanın çətin iqtisadi böhran yaşadığı bir dövrdə, "xilas limanı" statusu qazandırıb və inflyasiya, dünyada dolların məzənnəsinin aşağı düşdüyü bir vaxtda onun müdafiəçi funksiyasını gücləndirib.
Məhz bu məqamları əsas götürən Azərbaycan bir çox digər dövlətlər kimi ölkənin qızıl valyuta ehtiyatının artırılmasına diqqət yönəldir. Xüsusilə ötən ilin sonlarında Dövlət Neft Fondu London qiymətli metallar birjasında qızıl almağa başlayıb. Qurum artıq 14,934 ton qızıl alıb (480 146 unsiya) və onun 1 tonluq ilk partiyası yanvarın əvvəlində Bakıya gətirilib. Ümumilikdə iki il ərzində fond qiymət dəyişiklikləri riskilə əlaqədar olaraq mərhələli şəkildə 30 ton qızıl almaq niyyətindədir. Buraya artıq əldə edilmiş və hasilatı gözlənilən yerli resrusları da əlavə etsək, ölkədə qızıl ehtiyatının lazımi səviyyədə təmin olunacağını söyləmək mümkündür.
MƏSLƏHƏT GÖR: