25 Noyabr 2024

Bazar ertəsi, 12:48

ELMİN 366 GÜNÜ

Ötən İl tarİxdə böyük elmİ naİlİyyətlər İlİ kİmİ qalsa da, 2013-cü İldən bunu gözləmək olmaz

Müəllif:

15.01.2013

İş elə gətirdi ki, 2012-ci ildə elmin çox sahələrində gözlənti ili oldu - Böyük Adron kollayderində  elmi təcrübələr sona yaxınlaşırdı, alimlər burada Hiqss bozonunun (zərrəcik) mövcudluğunu sübut etməyə çalışırdılar. Həmçinin tarixin ən böyük və ən mükəmməl marsdagedəni "NASA Curiosity" Yerdən səkkiz aylıq səyahətdən sonra Marsın səthinə çatmalı idi. Bu hadisələr o qədər maraqlı idi ki, nəinki alimlər, hətta elmdən uzaq olan xeyli insan onları izləyirdi. İndi əminliklə demək olar ki,  il ümidləri doğrultdu və 2012-ci ildə elmdə doğrudan da çox maraqlı işlər baş verdi, yəni il ərzində çox irəliləyiş oldu.

Başlayaq ondan ki, ilin elmi nəticələrinə yekun vuran məşhur "Science" akademik nəşri Hiqqs bozonunun açılışını 2012-ci ilin elmi sıçrayışı sayıb. Təxminən yarım əsr öncə sıralarında Piter Hiqqsin də yer aldığı nəzəriyyəçilər ehtimal edirdilər ki, Kainatı dolduran kvant sahəsi bəzi zərrəciklərə kütlə verir. Əvvəllər tutulmayan bu zərrəciklər proton və elektronlar kimi başqa subatom elementlərinin kütləsinə görə cavab verir. Və ötən il iyulun 4-də fiziklər Böyük Adron kollayderində apardıqları 50 illik axtarışı gurultulu bir elanla bitirdilər: Hiqqs bozonu tapıldı. 

Beləliklə, Avropa Nüvə Tədqiqatları Təşkilatının (European Organization for Nuclear Research) Böyük Adron kollayderinin  tam haqqı var ki, nə vaxtsa insan tərəfindən yaradılmış ən mürəkkəb cihaz sayılsın. O, qarşılıqlı əlaqədə olan yüzlərlə ayrıca qurğulardan, sürətləndirmə elementlərindən, detektor komponentlərindən, xidmət sistemlərindən ibarətdir və bu layihə beynəlxalq sayıla bilər, çünki hər bir blokun yaradılması üzərində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər illərlə işləyiblər. 

İlk illərdə Böyük Adron kollayderi yalnız dövriyyə yığırdı və çox sayda gözlənilməz hadisələr baş verirdi ki, bunlar tez-tez işi dayandırırdı, ondan heç kim xüsusi ixtira gözləmirdi. 

İndi çoxdan gözlənilən Hiqss bozonunun açılışından sonra axtarışlar bu əsrarəngiz zərrəciyin hərtərəfli öyrənilməsi ilə əvəzlənir. Təsadüfi deyil ki, onu bütün zərrəcik və qüvvələrin qarşılıqlı münasibətini təsvir edən Standart modelin sonuncu pazlı sayırlar. Əhvalat, əlbəttə, bununla bitmir və alimlər əlavə göstəricilər əldə etmək üçün yeni tədqiqatlar və analizlər aparmalıdırlar. Amma bir şey dəqiqdir: keçən ilin bu tapıntısını elmdə sıçrayış və fundamental fiziki tədqiqatların yeni erasının başlanğıcı saymaq olar. 

Əjdaha ilinin başqa səs-küylü elmi hadisəsi 6 avqustda "Curiosity" ("Maraq") avtomatik kosmik aparatının Qırmızı planetə enməsi olub. O, 2011-ci ilin noyabr ayında Marsa tərəf yola salınıb. Amma toplam dəyəri  $2,5 mlrd olan "Mars elmi laboratoriyası" (Mars Science Laboratory) layihəsi 2004-cü ildə başlanmışdı. Marsomobil "Curiosity"nin bütün Yer sakinlərini maraqlanlıran missiyası Marsda hazırda və keçmişdə primitiv həyatın olub-olmamasını tədqiq etmək üçün onun səthinin müfəssəl tədqiqatının aparılmasıdır. Alimlərsə  "Curiosity" qarşısında qoyulmuş tapşırığı daha sadə izah edirlər: həyat üçün yararlı ola biləcək zonaların tapılması və keçmişdə, demək olar ki, Yerin əkizi olmuş Marsın səhraya çevrilməsinin səbəblərinin araşdırılması. 

Marsomobilin eniş zonası kimi Qeyla kraterinin seçilməsi də təsadüfi olmayıb. Alimlərin ehtimalına görə, uzaq keçmişdə o, bir Mars dənizi olub və onun dibində bu su hövzəsinin mövcudluğu dövründə yaranmış minerallar tolplanıb. Su - həyatın yaranması və təkamülü üçün ən əlverişli mühitdir. Buna görə də Qeyla kraterinin dibində yığılmış lay çöküntüləri Marsda həyatın olub-olmaması barədə suala cavab verə bilər. 

Milyonlarla insan canlı yayımda həyəcanla NASA qurğusunun Marsa uğurla enməsi barədə xəbəri gözləyirdi. Marsdagedənin tam avtomatlaşmış "yeddi dəqiqə dəhşət" və indiyə kimi heç zaman edilməmiş "səma kranı" manevrlərini edərək, tarixi enişi həyata keçirməsinin son anlarınadək alimləri əminsizlik və həyəcan tərk etmirdi. Enmə prosesinin son 7 dəqiqəsində marsdagedənin sürəti 21 min km//saatdan  kəskin şəkildə 2,7 km//saata kimi enməliydi; bu cür kəskin dəyişmə zamanı aparat çevrilə və bu uzun illərə başa gəlmiş bahalı zəhməti heçə endirə bilərdi.  Alimlərin həyəcanını və narahatlığını tamamilə başa düşmək olardı. Statistikaya görə, bir neçə onillər ərzində Marsa göndərilmiş missiyaların 70%-i fəlakətlə başa çatıb. Aparatların yarısı sadəcə Marsın orbitinə qədər gedib çıxa bilməmişdi, qalanları isə eniş zamanı məhv olmuşdu. 

""Curiosity" indiyə qədər düzəldilmiş Mars aparatları arasında ən mürəkkəb roverdir və indi Qırmızı planetin səthində dayanır. O, Marsda nə vaxtsa həyatın olub-olmaması  və bu planetin gələcəkdə həyata dəstək olub-olmayacağı barədə çoxdankı suala cavab axtaracaq. Bu, bütün dünyanın alim və mühəndislər komandasının sayəsində mümkün olmuş heyranedici nailiyyətdir... Avtomatik aparatların yardımı ilə planet tədqiqatı tarixində  bundan çətin, texniki baxımdan mürəkkəb, bundan riskli heç bir iş olmayıb", - deyə NASA başçısı Çarlz Bolden enişdən sonra keçirdiyi mətbuat konfransında bildirib. 

Çoxları yəqin ki, Rey Bredberinin "Mars xronikası" əsərini oxuyub. Marsdagedənin uğurlu enişindən sonra yeni, həm də maraqlı bir Mars xronikası da başlayıb, amma bu dəfə uydurmaya və fantaziyaya əsaslanmadan. "Curiosity" enişdən sonra publikanın sevimlisinə çevrilib. Marsdan xəbərlər, fotoşəkillər, rəsmi və qeyri-rəsmi məlumatlar bəzən yazıçı fantastların kəşflərini xatırladır. Və təsadüfi deyil ki, bura alimlərin həyat olduğunu istisna etmədiyi yeganə yerdir.  Biz hamımız ürəyimizdə bu sensassiyanı eşitməyi arzulayırıq: "Yerdənkənar həyat tapılıb, biz Kainatda tək deyilik!".  Artıq beş aydan çoxdur ki, "Curiosity" Qırmızı planetin səthində işləyir, yavaş-yavaş Ülgüc (Mount Sharp) dağına qalxır, Yerə heyranedici şəkillər, Mars səthinin və atmosferinin analiz məlumatlarını göndərir.  İlk dəfə olaraq Marsda bu cür müfəssəl tədqiqat aparmaq mümkün olub və artıq insanın qonşu planetə gələcək uçuşları üçün əsas yaradır. 

Olimpiya ilində elmin də öz rekordları  olub. Keçən il "Science" jurnalı tərəfindən  ən ciddi uğurlardan biri kimi 10 ildən sonra başa çatmış "ENCODE" layihəsi sayılıb. Alim-genetiklər bu layihəni insan üçün DNK ensiklopediyası adlandırırlar.  Digər bir uğuruna görə 2012-ci il yapon mütəxəssislərinə borcludur. Onlar siçanın embrional özək hüceyrələri əsasında süni yumurta hüceyrəsi düzəldə biliblər. Alimlərin fikrincə, yaxın gələcəkdə bu kəşf xəstələrin çatışmayan orqanlarını qaytara, onların süni yaradılmışlarla əvəzlənməsinə şərait yarada bilərlər. 

Əjdaha ilində daha bir çoxillik araşdırma da başa çatıb - Cənub qütbündə rus ekspedisiyası tərəfindən ekstremal şəraitdə aparılan 10 illik qazma işləri nəticəsində qalınlığı 3,5 kilometr olan buz qatı keçilərək, çox kilometrlik buz qatının altında qalmış  və yaşı 14 milyon ili keçən antarktik Şərq gölünə çatılıb. Lakin tədqiqatçılar məyus olublar - buzun ilkin analizinə görə, bu mühitdə mikrob həyatının mövcudluğu ortaya çıxmayıb. Hərçənd gölün özündə həyat qalmış ola bilər. Bu səbəbdən ABŞ-la Böyük Britaniyanı təmsil edən iki komanda tədqiqatları davam etdirmək üçün Antarktidadadır. 

Təəssüf ki, 2012-ci ildə mənfi rekordlar da olub. Alimlərin qlobal istiləşmə ilə bağlı həyəcanlı proqnozları təsdiqlənib. Arktikada buzların əriməsi öz miqyasına görə iqlim modeli üzrə bütün proqnozları arxada qoydu, Birləşmiş  Ştatlar yarım əsr ərzində ən güclü olan quraqlıqla üzləşdi.  Təbiət sanki qlobal istiləşmə ilə bağlı xırda xəbərdarlıqlardan əsl "iqlim bombaları"nın sınağına başladı. Nəticədə oktyabrın sonunda Şimali Amerikanın qərb və şərq sahilləri ilə misli görünməmiş gücə və davamlılığa malik "Sendi" qasırğası keçərək, ABŞ-a $50 mlrd.-lıq zərər vurdu.

Yer kürəsi sanki ətraf mühitin qorunması üzrə əsaslı qərarlar gözləyir, dünyada baş verən iqtisadi böhran üzündən isə bu qərarlar gecikir. Rio-de-Janeyroda iyulda keçirilən Yer sammiti faktiki olaraq pozuldu - inkişaf etməkdə olan ölkələr öz inkişaflarını dayandırmaq istəmədilər, istixana qazlarının əsas istehsalçıları isə böhranla üz-üzə qaldıqları üçün "yaşıl iqtisadiyyata" pul yatırmaq imkanında olmadılar.  Sanki ətalət qanunu ilə dekabrda Doxada keçiriləcək iqlim danışıqları da əngəlləndi, lakin sadələşdirilmiş Kioto protokolunun vaxtının  2020-ci ilə qədər uzadılması ilə bağlı razılığa gəlmək mümkün oldu. 

Bütün bunlara baxmayaraq, 2012-ci il tarixdə böyük elmi nailiyyətlər ili kimi qalacaq. Amma yeni 2013-cü ilin bu baxımdan perspektivləri elə də ürəkaçan deyil, çünki dünyada baş verən iqtisadi böhran üzündən bir çox ölkələr elmi tədqiqatlara yönəltdiyi xərcləri azaldıb. Ötən ilin sonunda Avropa Birliyinin 2014-2020-ci illər büdcəsi üzrə danışıqlar da nəticəsiz qalıb. Sənədə "Horizon 2020" proqramı çərçivəsində elmi tədqiqatların maliyyələşdirilməsinə  80 mlrd avro ayrılması barədə təklif də daxildir. 

Kanada da ətraf mühitin qorunmasına xərcləri azaldıb və bir sıra elmi proqramları bağlayıb ki, bunların sırasına məşhur tədqiqat stansiyası "Experimental Lakes Area" da daxildir. Stansiya 40 ildən çox Ontarioda içməli sulu 58 ucqar gölü çirkləndirən maddələri öyrənib.

Elmi xərclərin ixtisarı ABŞ-dan da yan keçməyib. Prezident seçkiləri ilinin olmasına baxmayaraq, bir sıra ixtisarlar hələ 2012-ci ildə edilmişdi. Nəticədə NASA alimlərinin çoxu planetar tədqiqatlarda böyük uğurlarına rəğmən işsiz qalma təhlükəsi ilə üzləşmişdi. Onlar hətta elmə ayrılan vəsaitlərin azaldılmasına diqqət çəkmək üçün pirojna satmaq kimi orijinal aksiyalar da keçirmişdilər.  Ağ Evin idarəetmə və büdcə şöbəsinin məlumatına görə isə  2013-cü ildə NASA elmi tədqiqatlar zamanı $417 mln, kosmik uçuşların təşkili nəticəsində 346 mln, araşdırma missiyaları (yeni planetlərarası stansiyalar, peyklər) zamanı 309 mln vəsait itirəcək. Daha $246 mln isə "başqa qurumlarla əlaqə" maddəsi üzrə xərclənəcək.

 

 

Rusiyanın qütb ekspedisiyası cənub qütb materikində aparılan onillik qazmadan sonra, nəhayət, Şərq gölünə çatıb



MƏSLƏHƏT GÖR:

430