13 Mart 2025

Cümə axşamı, 20:04

"MÜSƏLMAN QARDAŞLAR" ÜÇÜN "BAHAR"

Mİsİr dövlətçiliyinin tədrİcən islamlaşdirilmasi hansi dəyİşİklİklərə səbəb ola bİlər?

Müəllif:

15.01.2013

Misirdə yeni Konstitusiya qüvvəyə mindi. "Ərəb baharı"nda qalib gəlmiş ölkə şəriət prinsiplərini bütünlükdə dövlətçilik üçün əsas kimi qəbul etdi. İndi bütün dünyanı bir sual maraqlandırır: məşhur "Müsəlman qardaşlar"ın Misir dövlətini tədricən islamlaşdırması Yaxın Şərqdə hansı dəyişikliklərə aparıb çıxaracaq? Yeri gəlmişkən qeyd edək ki, Misir Ərəb Respublikasının hazırkı prezidenti Məhəmməd Musri də elə həmin "Müsəlman qardaşlar"ın təmsilçisidir.

"İkinci respublikanın konstitusion bazası"

Misirin müsəlman hüquqlarına əsaslanan yeni Konstitusiya layihəsi 2012-ci ilin 15 və 22 dekabr tarixlərində iki mərhələdə keçirilmiş referendumda seçicilərin 60%-dən çoxu tərəfindən dəstəklənib. Beləliklə, prezident Məhəmməd Mursi kuçələrdə hökumət tərəfdarları ilə müxalifət arasında qanlı toqquşmalara səbəb olmuş geniş etiraz aksiyalarına rəğmən, istəyinə nail olub. Ötən ilin son bir neçə həftəsi ərzində Misir vətəndaş müharibəsinin bir addımlığında idi. Lakin bu, islam istiqamətli Konstitusiyanın qəbuluna hakimiyyətləri dövründə fundamental vəzifələrdən biri kimi baxan "Müsəlman qardaşlar"ının qarşısını ala bilməyib.

Yeni Konstitusiya layihəsini imzalayan prezident Musri xalqa müraciətində bildirib ki, əksər misirlinin yeni qanun layihəsini dəstəkləməsi "demokratiyanın zəfərinin" göstəricisidir. O, "yeni respublika"nın yaradıldığını elan edib. Bu, əslində 1952-ci ildə Misir monarxiyasının devrilməsindən sonra ölkədə mövcud olmuş dövlətçilik düzəninin pozulduğunun göstəricisidir.

"Biz yeni mərhələyə başlayır, birinci respublikadan ikinci respublikaya keçirik. Onun artıq güclü konstitusion bazası var", - deyə Mursi qeyd edib. O, yeni Konstitusiyanın "insan ləyaqəti"nə zəmanət verdiyini, işləmək, təhsil və sağlamlıq hüquqlarını müdafiə etdiyini bildirib.

Yeni Konstitusiyanın təsdiqlənməsindən sonra yaranmış vəziyyəti Musri və komandası üçün tamamilə əlverişli saymaq olar. Amma ən azı hələlik ölkənin yeni rəhbərliyinin tam, qeyd-şərtsiz qələbəsi haqda danışmağa imkan verməyən bəzi "əmma"lar qalmaqdadır. Hüsnü Mübarək rejiminin devrilməsi və ümumxalq səsverməsi yolu ilə Məhəmməd Musrinin hakimiyyətə gəlməsiylə başlanmış iki inqilab ili Misiri indiyədək görünməmiş iqtisadi böhranla üz-üzə qoyub. Bu, "Müsəlman qardaşlar" hökumətini xarici qüvvələrdən, ilk növbədə, Qərbdən çoxmilyardlıq kreditlər istəməyə vadar edib. Misir hökuməti ilk növbədə ölkə iqtisadiyyatının əsasını təşkil edən turizmə ciddi zərbə vurmuş böhranı ciddi xarici investisiyalar olmadan aradan qaldırmağın mümkünsüzlüyünü anlayır. Bundan başqa, son aylarda Misir iqtisadiyyatından külli miqdarda kapitalın çıxarılması da ciddi problem yaratmaqdadır. Bunun səbəbi isə ilk növbədə yerli sahibkarların ölkədə sabitliyin yaranacağına, islamçıların hakimiyyəti dövründə biznes fəaliyyəti üçün cəlbedici şəraitin yaranacağına inanmamasıdır. Prezident Musrinin referendumdan sonra qəbul etdiyi ilk qərarlarından biri ilə fiziki şəxslərin Misirdən 10 min dollardan artıq pul çıxarmasını qadağan etməsi də təsadüf deyil.

Musri bundan sonra da sərt iqtisadi yenidənqurmaya yönəlik bir sıra qeyri-populyar qərarlar qəbul etmək niyyətini gizlətmir. Söhbət xüsusilə vergilərin artırılmasından və dövlət xərclərinin azaldılmasından, planlaşdırılan iqtisadi  tədbirlərin tez bir zamanda lazımi effekti verib-verməyəcəyindədir gedir. Ələlxüsus da nəzərə alınsa ki, Qərbin M.Mursinin siyasi məqsədlərinə şübhə ilə yanaşması, xarici siyasi konyukturanı o qədər də əlverişli etmir.

 

"Milli dialoq", yaxud "məzhəkə teatrı"?

ABŞ və Avropa Misirin yeni rəhbərliyinə prezident Musri və komandasının inqilabı məntiqi sonluğa çatdırmaq qabiliyyətinə ciddi şübhə ilə yanaşdığını göstərir. Qərbin nəzərində bu məntiqi sonluq birmənalı olaraq liberal dəyərlərə uyğun demokratikləşməyə gətirib çıxarmalıdır. Qərb dövlətləri faktiki olaraq Misirə maliyyə yardımını dayandırıb və bunu ölkədəki qeyri-sabitlik və qeyri-müəyyənliklə əsaslandırır. Aydındır ki, Qərbdə Mursinin bir sıra addımları narahatlıq yaradır. Söhbət onun, yanaşmadan asılı olaraq, prinsipiallıq  və ya  yanlışlıq kimi xarakterizə edilə biləcək addımlarından gedir.

Məsələn, Mursinin hələ referendumadək qanunvericilik funksiyalarını öz üzərinə götürmək, ali məhkəmə instansiyalarının rolunu azaltmaq cəhdləri Qərb tərəfindən tənqidlə qarşılanmışdı. Musrinin dünyəvi dövlətçilik mövqeyində olanların düşüncəsinin əksinə olaraq verdiyi məhz bu qərar və tələsik referendum keçirmək istəyi ölkədə ciddi etiraz aksiyalarına səbəb oldu. Xatırladaq ki, həmin aksiyaların dağıdılmasında Musri hətta güc tətbiqindən belə çəkinmədi.

Bununla yanaşı, hələ bu gün də heç kəs Misirin sərt daxili siyasi qarşıdurmadan qaça biləcəyinə zəmanət verə bilməz. Çünki əvvəlkitək, indi də cəmiyyətin şərti olaraq liberal-demokrat dairələr adlandırılan ciddi bir hissəsi islamlaşdırılmaya qarşıdır. Onların fikrincə, yeni Konstitusiya ölkəni məhz bu istiqamətdə aparır. Hətta Məhəmməd Musrinin özü də əhalinin əhəmiyyətli bir hissəsinin yeni Konstitusiya layihəsinin əleyhinə səs verdiyini etiraf edib. Məhz bu üzdən o, müxalifəti dialoqa çağırıb.

"Biz yeni Konstitusiya layihəsilə bağlı ciddi fikir ayrılıqlarının şahidi olduq. Müxtəlif siyasi qüvvələr müxtəlif mövqe nüma-yiş etdirib və bu, demokratik quruluşa doğru hərəkətdə olan cəmiyyət üçün normal prosesdir. Xalq çoxsaylı ideya və fikirlər arasında öz maraqlarına, istəklərinə uyğun olanını seçir", - deyə Musri bildirib.

Müxalifət isə hesab edir ki, prezidentin milli dialoqa yönəlmiş cəhdləri gecikmiş cəhddir. Müxalifətçilərin fikrincə, bu cəhd yeni Konstitusiya layihəsinin hazırlanması və müzakirəsi zamanı edilməli idi. Bu mərhələdə müxalifətçilərin güzəştsiz mövqe tutması həm də onların referendum ərəfəsində keçirilən dinc aksiya iştirakçılarının ölümündə Musrini günahlandırmaları ilə bağlıdır.

Misirin əsas müxalifət qüvvəsi - Milli xilas cəbhəsi Musrinin təşəbbüs göstərdiyi "milli dialoq"u "məzhəkə teatrı" adlandırıb, referendum vasitəsilə qəbul olunmuş Konstitusiyanı isə "etibarsız" elan edib. Müxalifət liderləri parlament seçkisi ərəfəsində növbəti kütləvi etiraz aksiyalarının keçirilməsi planlarından danışır. Qeyd edək ki, yeni Konstitusiyaya əsasən, Misirdə növbəti parlament seçkisi 2 ay sonra baş tutmalıdır. Odur ki, ölkədə vəziyyətin tezliklə sabitləşəcəyi haqda danışmaq tezdir. Üstəlik, ölkənin siyasi arenasında daha bir çəki sahibi - ordu və onun komandanlığı özünü neytral kimi göstərsə də, "Müsəlman qardaşlar"ın simasında yeni hökumətə birmənalı münasibətdə olmadığını da gizlətmir.

Bununla yanaşı, islamçıların və şəxsən prezident Məhəmməd Musrinin əvvəlki uğurlarını yalnız parlament seçkisində qazanılacaq qələbə möhkəmləndirə bilər. Yalnız bu halda müsəlman dünyasının ən böyük və nüfuzlu dövlətlərindən birində yaşanmış "ərəb inqilabı"nın konservativ istiqamətdə inkişafından, təkcə inqilab olan ölkələrdə deyil, ümumilikdə Yaxın və Ön Şərq ölkələrində köklü dəyişikliklərin rəhni sayıla biləcək "siyasi islam"ın  legitimləşməsindən danışmaq olar.

Rəsmi Qahirənin İsrail-Fələstin məsələsilə bağlı siyasətindəki ciddi dəyişiklik də bundan xəbər verən məqamlar sırasındadır.

 

"180 dərəcəlik dəyişiklik vaxt ala bilər"

Məlum olduğu kimi, prezident Musri İsrailin bu yaxınlarda Qəzza zolağında apardığı hərbi əməliyyatların dayandırılması ilə nəticələnən barışığın ilhamvericisi və qarantlarından biri kimi çıxış edib. Misir lideri Qahirənin əvvəlki beynəlxalq öhdəliklərinə sadiqlik nümayiş etdirir. Bu, xüsusilə Misirlə İsrail arasındakı müasir münasibətlərin əsasını qoymuş Kemp-Devid sazişinə aiddir. Amma bununla yanaşı, Misirin yeni strategiyasında müşahidə olunan tendensiyalar göstərir ki, İsrail piramidalar ölkəsinin islamçı rəhbərliyinin bu cür təmkinliliyinin uzunmüddətli olacağına ümid edə bilməz.  Bu baxımdan Misir prezidentinin məsləhətçisi İsam əl-Arianın bəyanatı son dərəcə maraqlıdır. "Müsəlman qardaşlar" hərəkatının siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının sədr müavini postunu tutan İsam əl-Arian bildirib ki, "Misir yəhudiləri öz ana vətənlərinə qayıdaraq mülklərini geri ala bilərlər", çünki "hər bir misirlinin geri qayıtmaq hüququ var", "yəhudilər isə İsraildən çox Misirə layiqdirlər".

İlk baxışdan bu sözlərdə yəhudilərin maraqlarına zidd olan nəsə tapmaq çətindir. Lakin Məhəmməd Musrinin köməkçisi çağırışını daha ətraflı izah edərkən bildirib ki, "İsraildə yaşayan bütün yəhudilər doğma ölkələrinə qayıtmalıdırlar". Bu zaman, əlbəttə ki, Avropa və Ərəb Şərqi ölkələri nəzərdə tutulur. "Sionist ideyasının tənəzzülə uğramaqda olduğunu" deyən əl-Arian yaxın on ildə İsrailin mövcudluğunu itirəcəyinə, yalnız "ərəblərin, yəhudilərin və xristianların birgə yaşaya biləcəyi Fələstinin qalacağına" əminliyini dilə gətirib.

Misir prezidentinin dəftərxanası dərhal bəyanat verərək deyilənlərin Qahirənin rəsmi mövqeyi  yox, İsam əl-Arianın şəxsi fikirləri olduğunu bildirib. Bunu Arian özü də təsdiqləyib: "Mən Misirin adından danışmır, öz şəxsi fikrimi deyirəm". Amma əl-Arianın, "ərəb inqilabı" kontekstində özünü dirçələn ərəb dünyasının əsas ruporu kimi görən Misirin yeni rəhbərliyinin əsl arzusunu ifadə etmədiyinə kim inanacaq? Şübhəsiz, Misirin İsrailə və müvafiq olaraq, Yaxın Şərq münaqişəsinin nizamlanması perspektivinə yanaşmasını sərtləşdirməsi Məqəddəs torpağın yeni geosiyasi landşaftının xüsusiyyətlərindən biri kimi qəbul edilməlidir.  Qahirənin, bir vaxtlar özünün iranpərəst mövqeyinə ögrə Misirdəki islamçılar tərəfindən yaxın buraxılmayan radikal Livan hərəkatı olan "Hizbullah"la "sıx təmas" qurmaq niyyəti də bundan xəbər verir. Bu baxımdan Misirin Livandakı səfiri Əşrəf Hamdinin "Daily Star" qəzetinə müsahibəsində səsləndirdiyi bir fikir xüsusilə nümunəvi sayıla bilər. O, "Hizbullah"ın Livan torpaqlarının müdafiəsini qarşısına məqsəd qoymuş müqavimət hərəkatı olaraq, "İsrail işğalı ilə mübarizədə çox şeyə nail olduğunu" söyləyib.

Təbii ki, misirli diplomatın bu fikri İsrail üçün son dərəcə xoşagəlməzdir. Amma Hamdinin Misirin daxili problemlərinin onların iddialı xarici siyasi hədəflərə nail olmalarını ləngitdiyi, "180 dərəcəlik dəyişikliyin vaxt ala biləcəyini" söyləməsi daha perspektivli əhəmiyyətə malikdir. Səfir Misirin hələ özünü real regional qüvvə kimi göstərəcəyini bildirib.

Bununla da İsrail Misirin yeni rəhbərliyindən nələri gözləyə biləcəyinə dair kifayət qədər açıq siqnal alıb. Məhz həmin günlərdə Təl-Əvivin Misirlə sərhəddə 230 kilometrlik hasarın inşasını başa çatdırmasını rəmzi hadisə kimi də  qiymətləndirmək olar. Qeyd edək ki, hasarın tikilməsində məqsəd radikal hərəkatlara məxsus silahlıların İsrail ərazisinə keçməsinin önlənməsidir. Amma bu fakt, çətin ki, Misirin Yaxın Şərqdəki siyasətində Hamdinin dediyi dəyişiklikləri önləsin. Bu yolda "Müsəlman qardaşlar"a yalnız bir şey mane ola bilər - onların kursuna qarşı Misirin daxilində baş qaldıracaq ciddi müqavimət. Qarşıdan gələn parlament seçkisi, şübhəsiz, ölkə rəhbərliyini növbəti dəfə sınaq qarşısında qoyacaq. Prezident Musri və hökuməti yalnız bu sınaqdan uğurla çıxacağı təqdirdə, səylərini yalnız yeni Konstitusiyaya uyğun daxili məsələlərə deyil, həm də "Müsəlman qardaşlar"ın çoxdankı planlarına uyğun gələn "iddialı xarici siyasi məqsədlər"in reallaşdırılmasına yönəldə biləcək.



MƏSLƏHƏT GÖR:

521