13 Mart 2025

Cümə axşamı, 20:20

VAŞİNQTON MOSKVANI "AÇIQ SÖHBƏT"ə DƏVƏT EDİR

Çİnİn qarşisinin alinmasi məsələsİndə ABŞ və Rusİyanin geosİyasİ maraqlari üst-üstə düşə bİlər

Müəllif:

15.01.2013

ABŞ administrasiyasının Rusiya ilə ciddi fikir ayrılıqlarına baxmayaraq, onunla müxtəlif məsələlərdə əməkdaşlığa hazırdır. Bunu ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland bəyan edib.

"Biz Rusiya ilə bir çox sahədə, həmçinin Dağlıq Qarabağ münaqişəsi, İran, Əfqanıstan və Suriya problemləri kimi dünyəvi məsələlərdə mümkün qədər sıx əməkdaşlığa çalışırıq", - "Mayak" radiosunun məlumatına görə, Nuland belə deyib.

Ağ Ev rəsmisi bu bəyanatla Amerika-Rusiya əməkdaşlığında gündəlikdə duran məsələləri bir daha açıqlayıb. Digər yandan, V.Nuland faktik olaraq Qərb analitiklərinin Barak Obamanın təkrarən prezident seçilməsinin Kremli rahatlatmalı olduğuna dair fikirlərini də təsdiqləyib. Onların fikrincə, Barak Obamanın Rusiya olmadan da, qayğıları çoxdur. Amerika prezidentinin postsovet məkanı ilə əlaqəli iddiaları çox azdır və o, Avrasiya İttifaqının yaradılmasına fəal şəkildə opponentlik etməyəcək. Obamanın ikinci administrasiyasının Rusiyaya münasibəti reallığa və Amerikanın maraqlarına əsaslanacaq. Moskva əməkdaşlıq etmək istəyərsə, Vaşinqton buna hazır olacaq. Əksər ekspertlər düşünür ki, Moskva ilə Vaşinqton arasında qarşıdurma yaşanarsa, bu, virtual qarşıdurma olacaq. Və onun miqyası ictimaiyyəti "xarici düşmən"ə qarşı konsolidasiya etmək üçün tələb olunandan artıq olmayacaq. Problem də bundadır ki, "xarici düşmən" rolunda, bu iki geosiyasi opponenti bir-birinə yaxınlaşdıra bilən "üçüncü qüvvə" də meydana çıxa bilər. Bu amilin, hətta onları, ən azı, qısa zaman kəsiyi üçün müttəfiqə də çevirməsi mümkündür.

Ötən il dekabrın əvvəllərində məşhur amerikalı politoloq Zbiqnev Bjezinski Moskva ilə Vaşinqtonun belə "ümumi düşməni" kimi Çini göstərib. O, Çinin xüsusilə Rusiya üçün "düşmən" olduğu qənaətindədir. ABŞ Konqresində çıxış edən Z.Bjezinski Rusiyanın sürətlə dəyişdiyini deyib və bunun bəlkə də Putinə rəğmən deyil, əksinə, onun sayəsində baş verdiyini söyləyib. Ən maraqlısı isə Bjezinskinin Rusiyanın çiçəklənməsi və uğurlara nail olması üçün Moskvaya Qərblə yaxınlaşmanı məsləhət görməsidir. Politoloq hesab edir ki, əks təqdirdə Rusiya Çinə məğlub olacaq. Başqa sözlə, məşhur amerikalı alim Çinin artmaqda olan nüfuzuna qarşı aparılan geosiyasi mübarizədə Moskvanı Qərblə birləşməyə çağırır və bunun ilk növbədə Rusiyanın özü üçün həyati əhəmiyyət daşıdığını bildirir.

Qeyd edək ki, Z.Bjezinski hələ ötən ilin fevralında təqdimatı keçirilmiş özünün yeni "Strateji baxış: Amerika və qlobal qüvvələrin böhranı" adlı kitabında Çin, Hindistan, Rusiya və Aİ-nin müasir dünyadakı yeni roluna toxunur, Pekinin siyasi-iqtisadi, hərbi qüdrətinin artmasından təlaşını gizlətmir. Amma bununla yanaşı, o, Çini ABŞ-la bir sıraya da qoymur. Çinin qüdrətini etiraf edən müəllif onu ABŞ-ın xələfi adlandırır. "Güman edirəm ki, geoiqtisadi tendensiya - müharibələr yaşanmadan - artıq müəyyənləşib və görünən odur ki, 2016-cı ildə Çin planetin əsas iqtisadi fövqəldövləti kimi ABŞ-ın yerini tutacaq", - deyə Z.Bjezinski yazır. Bununla yanaşı, politoloq hesab edir ki, Çin nüvə silahlanması, informatika və digər texnoloji istiqamətlərdə Vaşinqtonla daban-dabana irəliləsə də, dünya lideri olmaq iqtidarında deyil. Bjezinskinin fikrincə, müəyyən dövrdə Çində güclü millətçiliyn baş qaldırması da mümkündür və bu, ona qarşı güclü dini koalisiyanın yaranması ilə nəticələnə bilər. Politoloq bu fikrini Çinin əsas qonşularından heç birinin (Hindistan, Yaponiya və Rusiya) Çini ABŞ-ı əvəzləyəcək dünya lideri kimi qəbul etməyə hazır olmaması ilə əsaslandırır. Lakin ABŞ birbaşa hərbi müdaxilədən çəkinməli və Şərqi Asiyanın bir-birinə düşmən münasibətində olan əsas oyunçularının, ilk növbədə Çinlə Yaponiyanın barışmasına kömək etməlidir. Vaşinqtonun Şərqdə bu cür vasitəçi missiyasını üzərinə götürməsi ABŞ-Çin-Yaponiya üçtərəfli tərəfdaşlığının yaranmasına əsas verə bilər. Bu isə öz növbəsində Çinin regionda artan rolu fonunda, strateji xarakterli problemlərin öhdəsindən daha uğurla gəlməyə kömək edərdi. Bununla yanaşı, Amerika Çinin Uzaq Şərqdə sabitliyin dəstəklənməsi məsələsindəki tarixi və geosiyasi roluna hörmət etməlidir.

Z.Bjezinski hesab edir ki, regional təhlükəsizliklə bağlı Çinlə ciddi dialoq nəinki Amerika-Çin münaqişəsinin başlanması ehtimalını, həm də Pekinin Yaponiya, Hindistan, hətta Rusiya ilə təbii resurslar və Mərkəzi Asiyada onların rolu ilə bağlı mümkün fikir ayrılıqlarını da azaldardı. Beləliklə, bütün ötən il ərzində Z.Bjezinski çoxsaylı müsahibələrində kitabındakı bu və ya digər fəsili şərh edərkən diqqəti Çinin artan roluna çəkərək birmənalı şəkildə bildirib ki, Qərbin bir hissəsinə çevrilə biləcək və çevrilməli olan Rusiyanın Putinlə, yaxud Putinsiz Qərblə ittifaqa getməkdən başqa yolu yoxdur.

Maraqlıdır ki, Z.Bjezinski bundan əvvəl özünün "Nəhəng şahmat taxtası: Amerikanın başçılığı və onun geostrateji imperativləri" (1997) kitabında Çinin hətta ən yaxşı halda belə, əsas göstəricilərə görə dünya liderinə çevrilməsi imkanını şübhə altına alırdı. O bildirirdi ki, qədim dövrlərdən Çin çoxsaylı əhalisilə özünəməxsus və məğrur sivilizasiyaya malik olub. Bu nöqteyi-nəzərdən , son 150 il ərzində Çinin əvvəlki qüdrətini itirməsi hər bir çinli üçün təhqirdir. Vəziyyət belə ola bilməz və onun bayiskarları müvafiq cəzaya layiqdirlər. Bu baiskarlar isə ilk növbədə bu və ya digər dərəcədə, Böyük Britaniya, Yaponiya, Rusiya və Amerikadır.

Ötən əsrin 90-cı illərində Çinin ünvanına belə kompliment ritorikası tamamilə izah olunan idi. "Soyuq müharibə" və yıxılmış Rusiya üzərində yekun qələbənin siyasi baxımdan  rəsmiləşdirilməsi dövründə Vaşinqton Moskvaya qarşı ciddi iddialara malik Çinin dəstəyini almağın əleyhinə deyildi. Bundan başqa, daha bir ciddi hədəf qüdrətli Rusiya-Çin qitə blokunun yaradılmasının önlənməsi idi. Qərb prinsipcə bu istəyinə nail oldu.

Qeyd olunmalıdır ki, Rusiya öz növbəsində 2000-ci illərdən Pekin və Dehliyə Moskva-Dehli-Pekin geosiyasi oxunun yaradılması məqsədilə nəvaziş göstərir. Yəni, son dövrlərədək Moskva ilə Vaşinqton arasında Çinin "ürəyi" uğrunda şiddətli mübarizə gedirdi. V.Nuland və Z.Bjezinskinin son bəyanatları isə göstərir ki, bu gün artıq başqa, əvvəlkindən heç də zəif olmayan mübarizə başlayıb: Rusiyanın "ürəyi" uğrunda mübarizə. Güman ki, ABŞ-Çin geosiyasi qarşıdurmasında dominatlıq Moskvanın kimə simpatiya, kimə antipatiya bəsləməsindən asılı olacaq.

Birmənalı şəkildə Yaponiyanı özünə strateji müttəfiq seçmiş və onu dünya fövqəldövləti sayan ABŞ bu gün Çinin siyasi-iqtisadi, hərbi qüdrətini artırmasından çox narahatdır.

Başgicəlləndirici iqtisadi sıçrayışa nail olmuş Çin isə hazırda ÜDM-in həcminə görə dünya siyahısında ikinci pillədədir. Bunun sayəsində getdikcə ritorikasını sərtləşdirən Pekin amerikalılara, ABŞ-ın Çinə kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağanın aradan qaldırılması müqabilində,  aparıcı texnologiyaların ixracına qadağanı  da ləğv etməyi məsləhət görür. Təbii olaraq iqtisadi inkişaf Pekinə durmadan hərbi gücünü də artırmaq imkanı verir. Ekspertlərin qiymətləndirməsinə görə, şəxsi heyətinin sayı baxımdan dünyanın ən böyük ordusu olan Çin ordusu (2,25 milyon nəfər) hərbi gücünə görə dünyada ikinci yerdədir. Rəsmi məlumatlarda isə bildirilir ki, ötən il Pekinin müdafiə xərcləri təxminən 110 milyard dollar təşkil edib. Bəzi Qərb analitikləri iddia edir ki, əslində, bu rəqəm 150-170 milyard dollardır.

Çinin narahatlıq içərisində olan qonşuları, xüsusilə Pekinlə ərazi mübahisəsi olan dövlətlər (Vyetnam, Filippin, Yaponiya və digərləri) silahlanma yarışına qoşulublar və onlar eyni zamanda, Amerikanın təhlükəsizlik çətiri altında gizlənmək niyyətindədirlər. Çinin qarşısının alınması siyasətini canlandırmış Vaşinqton isə Avstraliyaya hərbçilər və təyyarələr göndərir, Sinqapurda gəmilərini yerləşdirməsi üçün bu ölkə ilə razılığa gedir. ABŞ HHM sistemlərini Cənub-Şərqi Asiyada genişləndirməyi də planlaşdırır. Rəsmi məlumata görə, Yaponiyanın cənubunda və Filippində yeni radarların quraşdırılmasında əsas məqsəd inadkar və nə edəcəyi bəlli olmayan Şimali Koreyaya nəzarətdir. Amma Pekin Vaşinqtonun bu planını özünə qarşı yönəlmiş addım sayır. Çində hesab edirlər ki, Amerikanın məqsədi ABŞ-ın Asiya-Sakit okean regionundakı etibarlı tərəfdaşları olan Yaponiya, Cənubi Koreya, Tailand, Filippin, Avstraliya, Yeni Zelandiyanın müdafiəsini təmin etməkdir. 

Bundan başqa, Ağ Ev Hindistanla iqtisadi, həmçinin hərbi-texniki əməkdaşlığı gücləndirməklə Çinlə mübarizədə daha bir güclü müttəfiq qazanmağa çalışır. Vaşinqtonun strategiyasında sürətlə inkişaf edən Çin iqtisadiyyatında enerji daşıyıcılarının tədarükünə sərt məhdudiyyətlərin qoyulması siyasətinə də ciddi yer ayrılır. Bu baxımdan Çinin enerji təhlükəsizliyinin təmini məsələsində onun üçün əlverişli neft bazarına çevrilmiş Fars körfəzi  ilə yanaşı, Afrika dövlətləri də ciddi əhəmiyyət daşımağa başlayır. Söhbət ilk növbədə Qvineya körfəzi və Sudandan gedir. Bu, əsas istehlakçılar arasında gələcəkdə neft uğrunda rəqabətin dəfələrlə güclənəcəyi anlamına gəlir. Neftin Yaxın Şərqdən, Afrika və Latın Amerikasından Çinə ixracı ciddi şəkildə artacaq, əsas risklər isə dəniz kommunikasiyaları ilə bağlı olacaq. 

Beləliklə, bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində sabitliyin pozulması birbaşa Çinin maraqlarına zərbə vurur.

Hind okeanının dəniz yollarını öz nəzarətinə alan Vaşinqton Çinin iqtisadi gücünün artırmasını əngəlləməyə çalışır. NATO-nun Liviyada həyata keçirdiyi əməliyyatlar isə Çini bu Şimali Afrika ölkəsində reallaşdırdığı 50 irimiqyaslı layihəsini dayandırmaq, Liviyanın şərqində xüsusilə neft sektorunda çalışan 30 min mütəxəssisini evakuasiya etmək məcburiyyətində qoyub. Nəticədə çinlilər Liviya iqtisadiyyatına yatırdıqları  ciddi məbləğləri birdəfəlik itiriblər.

Dünyada neft hasilatının həcminə görə, 7-ci yerdə olan, Afrikada təbii qaz ehtiyatlarının yarısına malik Nigeriyada vəziyyətin pisləşməsi də Pekinin maraqlarına uyğun deyil. Çünki Nigeriya Çinin əsas enerji resursu tədarükçülərindən biridir. Son illərdə Nigeriyanın iri neft-qaz yataqlarının işlənməsinə dair müqavilələr Çindən yan keçərək Qərb şirkətlərinə qismət olur.

Çinin maraqlarına daha bir ciddi zərbə böyük neft ehtiyatlarına malik Cənubi Sudanın müstəqilliyinin tanınması ilə vurulub. Bundan başqa, reallaşdırılmamış qalmış Sudan-Liviya neft borusu da Çinin ciddi məğlubiyyətləri sırasındadır. Qeyd edək ki, bu, Qərb fövqəldövlətlərinin nəzarət etmədiyi ilk transafrika neft kəməri olacaqdı. O, ötən il reallaşdırılmalı idi. Yeri gəlmişkən, Vaşinqton Mərkəzi Asiyadan Avropaya enerji resurslarının nəqli sahəsində bütün layihələri var gücü ilə dəstəkləyən Vaşinqton ilk növbədə onların Çinə nəqlinin minimuma endirilməsinə çalışır. Bu reallıqlar fonunda üçüncü qüvvəyə qarşı aparılan geosiyasi oyunda Vaşinqtonun Moskvaya müttəfiq olmasına dair üstüörtülü təklif xüsusi aktuallıq qazanır. Bəs Kreml bununla razılaşacaqmı? Güman ki, yox. Rusiyanı dünyanın ən qüdrətli dövlətlərinin sırasına qaytarmağı qarşısına əsas hədəf kimi qoymuş Vladimir Putin, çətin ki, bu təklifi qəbul etsin. Ən azı ona görə ki, ötən əsrin 90-cı illərində Vaşinqtonun kiçik tərəfdaşı olmağa razılıq vermiş Moskva, az qala, hətta postsovet məkanındakı geosiyasi nüfuzunu da tam itirmişdi. Bundan başqa, Moskvanın ABŞ-ın şərqi Asiyadakı əsas strateji müttəfi olan Yaponiya ilə ciddi ərazi mübahisələrinin olduğunu nəzərə alsaq, Vaşinqton-Moskva-Tokio geosiyasi oxunun yaranacağına inanmaq daha da çətinləşər.

V. Putin Federal Şuraya müraciətində demək olar ki, artıq bu suala mənfi cavab verib: "İndi bizim vəzifəmiz zəngin və firavan Rusiyanın yaradılmasıdır. Bununla yanaşı, istəyirəm ki, hər birimiz bir şeyi dərk edək: yaxın illər yalnız bizim üçün yox, ciddi dəyişikliklər, bəlkə də təlatümlər dövrünə qədəm qoyan bütün dünya üçün həlliedici, hətta ola bilsin ki, dönüş anı olacaq. Qlobal inkişaf getdikcə daha qeyri-bərabər xarakter alır. İqtisadi, geosiyasi, etnik xarakterli yeni münaqişələr üçün zəmipn yaranır".

V.Putin çıxışında növbəti dəfə Avrasiya İttifaqı layihəsinə diqqət çəkməklə faktiki olaraq Rusiyanın rəqabətdə olan ABŞ və Çin arasında manevr etməklə öz yolu ilə getmək, bununla da Avrasiya kimi nəhəng məkanda dominantlığı öz əlinə almaq niyyətində olduğunu göstərib. Hulbuki, ayrı-ayrı ekspertlər Çinin Uzaq Şərqi  Rusiyanın əlindən güc və ya sülh yolu ilə ala biləcəyini də proqnozlaşdırır. Aydın olan bir şeydir: həddindən artıq nəhəng olan bu oyunda "stavkalar" çox böyükdür. 



MƏSLƏHƏT GÖR:

518