13 Mart 2025

Cümə axşamı, 20:16

SEÇKİ İMİTASİYASI

Ermənİ ekspertlərİnİn fİkrİncə, seçkİ prosesİ başlanmamiş bİtİb

Müəllif:

15.01.2013

Ermənistandakı siyasi proseslərdə sürprizlər davam edir. Ölkə seçkiqabağı yarışda son mərhələyə qədəm qoyur - fevralda bu ölkədə prezident seçkisi keçiriləcək.  Lakin çoxları artıq "seçki intriqası"nın başa çatdığına əmindir.

 

"Kişi sözü" 

"İçki oliqarxı" və hazırkı şəraitdə adı istehzalı səslənən "Çiçəklənən Ermənistan" partiyasının (ÇEP) lideri Qagik Sarukyan seçkidə namizədliyini irəli sürməyəcəyini açıqlaması əksər ekpertlər tərəfindən seçkiqabağı  incə oyunun bir hissəsi kimi qiymətləndirildi. Ötən plebisit zamanı nə az, nə çox - düz 30% səs qazanmış Sarukyanın Serj Sarqsyana, Levon Ter-Petrosyana və ya  Robert Koçaryana "gizli dəstək" verəcəyini hər kəs səbirsizliklə gözləyirdi.  Sarukyanla bağlı baş vermiş "Brüssel qalmaqalı" da prosesə əlavə intriqa qatır. Ölkəsində hakimiyyət əleyhinə o qədər də cəsarətli bəyanatları ilə tanınmayan Qagik Sarukyan Belçikaya səfəri zamanı onu korrupsiyalaşmış adlandırıb. "Söhbət zamanı (Avropa Parlamentinin vitse-spikeri ilə - red.) Qagik Sarukyan bildirib ki, ölkədə korrupsiya ilə mübarizənin başında əsas korrupsiyalaşmış şəxslər durursa, bu mübarizənin aparılması mümkün deyil", - ÇEP-in mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. "168 jam" yazır ki, bununla Sarukyan faktiki olaraq avropalı məmurun yanında ad çəkmədən prezident Serj Sarqsyanı, baş nazir Tiqran Sarqsyanı, həmçinin hüquq-mühafizə orqanları rəhbərliyini korrupsiyalaşmış şəxslər adlandırıb.

Sarqsyan komandasının məsələyə reaksiyası özünü çox gözlətməyib. Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan Resbulika Partiyasının (ERP) mətbuat katibi Eduard Şarmazanov ÇEP-in Qaqik Sarukyanın Brüsselə səfərilə bağlı yaydığı məlumata münasibət bildirərkən deyib: "Mən belə məlumatın yayılmasını biabırçılıq sayıram. Aydın görünür ki, bu, daxili auditoriyaya hesablanmış tamaşadır. Amma onu da qeyd etməliyəm ki, bu tamaşanın birinci hissəsi məhz "Çiçəklənən Ermənistan" partiyası və onun rəhbərilə bağlıdır,  çünki hər şeyi açıqlamağa ehtiyac yoxdur".

Erməni KİV-in məlumatına görə, bundan sonra Ermənistanın hakim Respublika Partiyasının lideri, prezident Serj Sarqsyanla ÇEP rəhbəri Qagik Sarukyan arasında görüş də olub. Danışıqlara yaxın mənbənin bildirdiyinə görə, Sarqsyan "Çiçəklənən Ermənistan"ın prezident seçkisilə bağlı istənilən qərarını normal qəbul edəcəyini söyləyib və sadəcə hər şeyin "kişi kimi" edilməsini istəyib. Sarqsyan hər dəfə yaranmış vəziyyətdən qaçmamağa, gərginlik yaratmamağa çağırıb.

"Prezident seçkisi Ermənistanın bütün tarixi boyunca ən böhranlı dövrü olacaq. Bu, daha çox daxili vəziyyətlə yox, iqtisadi böhran və güc mərkəzlərinin region uğrunda qızışan mübarizəsilə bağlıdır. Rusiya regionda ciddi fəaliyyətə başlayıb və Ermənistanın daxili siyasi arenasında baş verənlərin hamısına Qərblə Rusiyanın qarşıdurması kontekstində baxmaq lazımdır", - deyə Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə sabiq məsləhətçisi Aşot Manuçaryan bildirib. Onun fikrincə, "Daşnaqsutyun" və Erməni Milli Konqresi (EMK) ilə əməkdaşlıq edən ÇEP-in simasında Moskva Ermənistanda Qərb qüvvələrinə qarşı mübarizə üçün güclü mexanizm əldə edib.

Sarukyanın simasında əsas rəqibini prezidentlik yarışından "kənarlaşdıran" Sarqsyan ona seçkidən sonra maraqlarının reallaşdırılacağını vəd edə bilər. Ölkənin rəhbər strukturlarında kadr dəyişiklikləri də mümkündür. Artıq çoxları Ermənistandakı postseçki proseslərini müzakirə etməyə başlayıb. Onların fikrincə, ölkədə seçkiqabağı yarış başlamadan bitib.

Sarukyanın ardınca Ermənistanın ilk prezidenti, ölkənin əsas müxalifət qüvvəsi olan Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan da namizədliyini irəli sürməkdən imtina edib. "Bildiyimə görə, hələ heç kəs xalqına hörmət edən şəxsin 68 yaşında prezidentliyə iddia etməsinin nə dərəcədə düzgün olub-olmaması məsələsini qaldırmayıb. Adətən inkişaf etmiş demokratik dövlətlərdə belə hallar olmur", - deyə o, "Çorrord inknişhanutyun" qəzetinə müsahibəsində bildirib. Bununla yanaşı, Ter-Petrosyan istisnaların olduğunu da deyib: "Amma onlar bir qayda olaraq fövqəladə vəziyyətlərdə baş verir. Xarici təhlükə, yaxud ölkədaxili xaos olduqda, idarəçilik itdikdə siyasi elita ictimaiyyətin dəstəyilə hətta bəzən Konstitusiyaya belə zidd olaraq rəhbərliyə yaşlı, amma nüfuzlu, xalqı birləşdirə biləcək siyasi xadimi dəvət edir. Çerçill, Adenauer, De Qoll, Şevardnadze,  Heydər Əliyev və Mario Montini buna misal göstərmək olar". Ermənistana gəlincə, Levon Ter-Petrosyanın fikrincə, "burada nə xaos var, nə də idarəçilikdə çatışmazlıq hiss olunur". "Əksinə, problem hər şeyin hakimiyyəti qəsb etmiş cinayətkarların əlində cəmləşdiyi fövqəlidarəçilik mövcuddur. Müvafiq olaraq hazırda xaosdan qurtulmaq, ölkəni idarəolunan dövlətə çevirmək kimi bir təlabat yoxdur. Hətta bunlara ehtiyac olsaydı belə, bu, təlabatı ödəyəcək şəxsin mən olduğum anlamına gəlməzdi", - deyə müxalifət lideri qeyd edib.

 

Ermənilərin "qalibi" 

Ermənistandakı seçkiqabağı dövrün əsas hadisəsi  hakim Respublika Partiyasının qurultayı olaraq qalır. Xatırladaq ki, qurultayda Serj Sarqsyan partiyanın prezidentliyə namizədi elan olunub.

Bununla yanaşı, Ermənistan prezidenti özünü sivil ölkələrdəki kimi aparmağa çalışıb. Hətta o, tribunadan seçkiqabağı proqramı ilə qarışıq olan "hesabat məruzəsi"nə bənzər bir şey də oxuyub. Əslində isə bu mətn "halva-halva deməklə ağız şirin olmaz" məsəlini inkar etmək cəhdindən başqa bir şey deyildi. Sarqsyan qurultaya toplaşanları israrla əmin etməyə çalışıb ki, guya Ermənistan çiçəklənir, onun ilk prezidentliyi dövründə ölkə maddi-iqtisadi böhrandan çıxarılıb, ən başlıcası isə "minlərlə iş yeri xilas edilib". Bunu şübhəsiz ki, Sarqsyan nou-hausu kimi qəbul etmək lazımdır: adətən belə hallarda prezidentlər, baş nazirlər, qubernatorlar nailiyyətləri arasında iş yerlərinin "xilası"nı deyil, yaradılmasını göstərir. Dövlət başçısı "iş yerlərinin xilası"ndan danışırsa, bu, yalnız yeni iş yerlərinin olmadığını və gözlənilmədiyini göstərir.

Bu silsilədən Sarqsyan digər "nailiyyətlər"i də sadalayıb. Məsələn, guya onun rəhbərliyi ilə hökumət "qaz, su və elektrik enerjisinin qiymətində artımı önləyib". Milli valyutanın amansızcasına "düşməsi",  istehlakçı təlaşı, kriminal terror və hakimiyyətin oliqarxiya tərəfindən "özəlləşdirilməsi" fonunda, azğın kriminal və açıq-aşkar rüşvətxorluğun davam etməsi üzündən xarici xeyriyyə fondlarının fəaliyyətini dayandırdığı şəraitdə, ölkənin "Minilliyin çağırışı" proqramından kənarda qaldığı bir vəziyyətdə Sarqskan əldə edilmiş maliyyə sabitliyindən danışıb. Çıxışı zamanı o, Azərbaycanı hədələməyi də yaddan çıxarmayıb, Bakıdan şıltaqcasına snayperlərin təmas xəttindən geri çəklməsini, "Artsax"ın danışıqlar prosesinə buraxılmasını tələb edib. Daha sonra Sarqsyan deyib: "Artıq final oyununa - qalibiyyət gətirəcək finala başlayırıq". Amma o, final oyununa kiminlə - sağlam düşüncə iləmi, erməni xalqının maraqları iləmi - başladığını dəqiqləşdirməyib.

Hazırki vəziyyətdə və bu cür proqramla Serj Azatoviç yalnız alternativsiz seçkidə qələbəyə ümid bəsləyə bilər. Qaqik Sarukyanın, Levon Ter-Petrosyanın, həmçinin "Daşnaqsutyun" və kommunistlərin mübarizədən çəkildiyi bir şəraitdə Sarqsyanda belə senariyə ümid yaranır.

 

 

Müəllim, politoloq, karatist, pensiyaçı, işsiz və Sarqsyan 

Erməni seçicisi qarşıdan gələn prezident seçkisinə qatılmaq niyyətində olan namizədlərin əksəriyyətini tanımır. Ermənistanda özünü prezident kürsüsündə görmək istəyənlər arasında dastan və əfsanələrin şərhi üzrə mütəxəssis, karatist, pensiyaçı, Pedaqoji institutun müəllimi, işsiz və s. şəxslər var. Ermənistan MSK-nın prezidentliyə namizədlərin sənədlərinin qəbulunu başa çatdırmasından sonra aydın olub ki, yuxarıda qeyd olunan iddiaçıların çoxu lazımi sənədlərin hamısını, həmçinin 8 milyon dram (təxminən, 20 min dollar) həcmində girovun ödənildiyinə dair qəbzi quruma təqdim edə bilməyib.

Prezidentlik yarışındakı tanınmış simalara gəlincə, hələ sovetlər dönəminin dissidenti, "Azadlıq" partiyasının lideri, özünü "tənha əsgər" adlandıraraq mübarizəyə qoşulmaq üçün xalqından maddi yardım istəyən Paruyr Ayrikyanı, sabiq baş nazir Qrant Baqratyanı və "İrs" parlament partiyasının rəhbəri Raffi Ovannisyanı göstərmək olar.

Sonuncu Ermənistandan kənarda da "məşhur"dur. Xatırladaq ki, bir müddət əvvəl Bakıda keçirilmiş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının toplantısında cənab Ovannisyan yaramaz bəyanatları və hərəkətlərilə qalmaqal yaratmağa cəhd etmiş, onun bu əməlləri hətta öz vətənində də kinayəyə səbəb olmuşdu. Mütəxəssislər hesab edir ki, erməni elektoratına başqa təsir rçaqlarına malik olmayan Raffi Ovannisyan məhz bu səbəbdən Bakıda seçkiqabağı şoyu yaradıb. Amma "Bakı dividendləri" Ovannisyana yalnız nəticəsi indidən bəlli olan seçkidə fəxri üçüncülüyü qazandıra bilər.

Bir çox müşahidəçilər istehza ilə bildirir ki, Serj Sarqsyan nağılbaz, pensiyaçı və işsizə qalib gələrək prezident olacaq. Ermənistan hakimiyyətinin əsas problemi Ermənistan vətəndaşlarını maraqlandıra biləcək real siyasi mübarizənin, siyasi platformalardakı seçkiqabağı intriqanın yoxluğudur.  Vətəndaşlar isə bu vəziyyətlə razılaşmadıqlarını emiqrasiya formasında nümayiş etdirirlər.

Seçkidə rəqabətin olmayacağını nəzərə alsaq, artıq indidən Sarqsyanın qələbəsindən, hətta onun hələ partiyasının qurultayında bəyan etdiyi "final qələbəsindən" də danışmaq mümkündür.



MƏSLƏHƏT GÖR:

516