Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Sirr deyil ki, Azərbaycanda futbolu çox sevirlər. Yəqin, əhali arasında sorğu aparsaq, həmyerlilərimizin daha çox İtaliya millisinə azarkeşlik etdiyinin şahidi olarıq. Ölkəmizdə hər zaman İtaliya millisinin və futbolunun çoxlu sayda tərəfdarı olub. Bu günlərdə Bakıda keçirilən Beynəlxalq Futbol Könüllülüyü Forumunun qonaqları arasında İtaliya yığmasının sabiq futbolçularından biri Canluka Zambrottanı gördük. Azarkeşlərlə şəkil çəkdirən, onlara avtoqraf verən dünya futbolunun tanınmış siması jurnalistlərlə mehriban davranışıyla seçildi. Hamıya vaxt tapan Zambrotta "R+" üçün də maraqlı olan suallara cavab tapdı.
- Bakıda sizə qarşı bu qədər diqqətin olacağını gözləyirdinizmi?
- İtaliya yığmasının heyətində səfər etdiyimiz bütün ölkələrdə böyük diqqət görmüşük. Azərbaycanda İtaliyanın çoxlu sayda azarkeşi olduğunu bilirdim. Ona görə təəccüblənmədim.
- Avropa Çempionatının seçmə mərhələsində Azərbaycan və İtaliya milli komandaları eyni qrupda mübarizə aparacaq. Bu oyunlarla bağlı fikirlərinizi bilmək maraqlıdır. Ümumiyyətlə, şansları necə dəyərləndirərdiniz?
- Azərbaycan və İtaliya yığmaları "AÇ-2004"ün seçmə mərhələsində də eyni qrupda mübarizə aparıblar. Bakıdakı ilk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Həmin oyunda iştirak etməsəm də, bir çox məqamları gözəl xatırlayıram. İlk qol avtoqoldan vuruldu (avtoqolu Tərlan Əhmədov vurmuşdu - red.). Sonra isə Alessandro Del Pyero cərimə zərbəsindən fərqləndi. Qalib gəlsək də, qarşılaşma bizim üçün çox çətin keçmişdi. Lakin həmin oyundan bizi 10 ildən də artıq zaman kəsiyi ayırır. Təbii ki, bu müddətdə Azərbaycan millisi inkişaf edib. Hazırda komandaya almaniyalı mütəxəssis Berti Foqts rəhbərlik edir və bu amili mütləq nəzərə almaq lazımdır. Düşünürəm ki, budəfəki oyunlar İtaliya yığması üçün asan olmayacaq.
- Yəni Azərbaycan İtaliya ilə oyunlardan xal qazana bilər...
- Ehtiyatlı olmasaq, hər şey mümkündür.
- Futbolçu karyeranızı başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərirsiniz. Futbolçu olmaq çətindir, yoxsa məşqçi?
- Ötən ilin dekabr ayından İsveçrənin ikinci divizionunda çıxış edən "Kyasso" komandasının baş məşqçisiyəm. Əsas məqsədimiz çempionatdakı yerimizi qorumaq idi ki, buna nail olduq. Sözsüz, məşqçilik daha çətindir. Meydanda olan 11 futbolçuya görə cavabdehlik daşıyırsan. Onların hər bir səhvinə görə əsəbiləşirsən.
- 2020-ci ildə təşkil olunacaq Avropa Çempionatının oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb. İtaliya mötəbər futbol turnirlərinin təşkilində təcrübəli ölkələrdən biridir. Bu baxımdan Azərbaycanın şansını necə qiymətləndirirsiniz?
- Ölkənizin bir neçə bölgəsində oldum, insanlarla tanış oldum. Bu müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, xidmət sahəsi yüksək səviyyədədir. Bu amili Bakı üçün üstünlük hesab etmək olar. Digər məsələ futbola olan ehtiras, sevgidir. Bu amil böyük rol oynayır. Fikrimcə, UEFA mötəbər futbol matçlarını ölkənizə etibar etsə, ümidləri doğruldacaqsınız.
- İtaliya millisinin 2006-cı il dünya çempionu olmasını "Yuventus"lu futbolçuların "Kalçopoli" əməliyyatına cavabı kimi dəyərləndirənlər də oldu. Həqiqətənmi, milli komandada belə ab-hava var idi?
- O dövrdə biz İtaliya çempionatında baş verənləri unudaraq gücümüzü milli komanda üçün sərf edirdik. Yeganə məqsədimiz dünya çempionu olmaq idi. İtaliya millisi təkcə "Yuventus"un futbolçularından formalaşmamışdı. Bizdə komanda ruhu güclü olduğuna görə dünya çempionu adını qazandıq.
- Braziliyada keçirilən Dünya Çempionatında İtaliya millisinin şanslarını yüksək qiymətləndirmək olar?
- Şanslar həmişə var. Çempionluqdan başqa digər nəticə azarkeşləri razı salmayacaq. İtaliya yığmasından hər zaman çempionluq tələb olunur.
- Karyeranız ərzində bir çox məşhur mütəxəssisin rəhbərliyi altında çıxış etmisiniz. Hansı məşqçinin fəaliyyəti sizin üçün daha yaddaqalan olub və hansının iş prinsipini özünüzə daha yaxın hesab edirsiniz?
- Hər məşqçinin karyeramda öz rolu, izi olub. Amma Marçello Lippini xüsusi qeyd etməliyəm. Həm "Yuventus"da, həm də milli komandada birgə çalışdığımız müddətdə çox nailiyyətlər qazanmışam. Ondan çox şey öyrənmişəm. Hazırda konkret hansısa məşqçinin iş üslubundan istifadə etmirəm. Ünsiyyətdə olduğum bütün mütəxəssislərdən öyrəndiklərimi özümün uyğun bildiyim şəkildə tətbiq edirəm.
- Futbolçu kimi, həm "Yuventus"un, həm də "Milan"ın formasını geyinmisiniz. Bu komandalar qarşılaşanda hansına azarkeşlik edirsiniz?
- Karyeram ərzində daha çox "Yuventus"da oynamışam, uşaq vaxtlarımdan bu klubun fanatı olmuşam. Ürəyimdə bir klub var: "Yuventus"! Mənim ona olan məhəbbətimi hansısa ölçü vahidi ilə müəyyənləşdirmək mümkün deyil. Lakin oyunlar zamanı dəlicəsinə fanatlıq da etmirəm. "Milan" hansısa oyunda "Yuventus"u məğlub edirsə, bunu faciəyə çevirmirəm.
- Bakı haqqında təəssüratlarınız necədir?
- İlk növbədə, məni ölkənizə dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm. Beynəlxalq Futbol Könüllülüyü Forumunda səfir kimi iştirak etməkdən qürur duyuram. Bakıda olduğum qısa müddət ərzində dənizkənarı bulvarda gəzişmək imkanı əldə etdim. Bakı gözəl şəhər, insanlarınız isə mehribandır.
- Bakını hər zaman Neapola bənzədiblər. Siz oxşarlıq görə bildiniz?
- Doğrudan da paytaxtınız bizim Neapolu xatırladır. Dənizkənarı parkın gözəlliyinə valeh oldum. Bakıda müxtəlif memarlıq üslublarında binaları izlədim. Çox gözəl memarlıq inciləriniz var. Bakıda həm qədimlik, həm də müasirlik var.
- Çox vaxt italyanları azərbaycanlılara bənzədirlər. Çılğın, emosional olduğumuza görə...
- (Gülür) Bununla qismən razılaşa bilərəm. Cənubi italyanlara bənzərliyiniz çoxdur. Onlar kimi çılğın danışıq tərziniz var. Ümumilikdə, Azərbaycanı İtaliya ilə birləşdirən cəhətlər az deyil.
MƏSLƏHƏT GÖR: