Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son 2 onillikdə qlobal iqtisadi inteqrasiya və ardıcıl olaraq ticarət qaydalarının asanlaşdırılması qlobal əmtəə və xidmət bazarının dinamik inkişafına kömək edib. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qiymətləndirməsinə görə, qeyd olunan dövr ərzində dünyada ticarət dövriyyəsinin inkişaf templəri, orta hesabla, 5,3% təşkil edib. Amma postböhran dövründə dünya ticarəti dövlət himayəçiliyinin güclənməsinə yol açmış bir sıra problemlərlə qarşılaşıb. Meydana çıxmış mənfi halların aradan qaldırılması məqsədilə ötən ilin dekabrında ÜTT-yə üzv dövlətlər uzun-uzadı danışıqlardan sonra, dünya ticarəti qaydalarının ciddi şəkildə asanlaşdırılması haqqında razılığa gəliblər. Bu vacib mövzunun sonrakı müzakirələri Bakıda keçirilib və "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" adlı sözügedən birinci qlobal konfras bir neçə gün əvvəl başa çatıb.
Bali paketi
ÜTT üzvlərinin İndoneziyada əldə etdikləri sözügedən tale əhəmiyyətli razılaşmanın maraqlı tərəfləri nələrdir? Ötən il dekabrın 3-7-də Balidə keçirilmiş 9-cu nazirlər toplantısı müasir dövrdə Ticarət prosedurlarının asanlaşdırılması haqqında ilk sazişin imzalanması ilə nəticələndi. Ondan əvvəlki dövrdə, xüsusilə Doha İnkişaf Raundu üçün gündəliyin qəbul edildiyi 2001-ci ildən sonra, ÜTT üzvü olan dövlətlər dünya ticarətinin nizamlanmasında razılığa gəlmək çün dəfələrlə cəhd göstəriblər. Qlobal ticarətdə dayanıqlı özülün yaradılmasına postsənaye və inkişaf etməkdə olan dövlətlər arasında iqtisadiyyatın ayrı-ayrı sahələrinin subsidiyalaşdırılması, qeyri-tarif bazar tənzimləyiciləri və s. ilə bağlı ciddi fikir ayrılıqları mane olurdu. 2008-ci ildə yaşanan qlobal iqtisadi böhrandan sonra isə ticarət sahəsində inteqrasiya prosesləri tamamilə dalana dirəndi və bunun əsas səbəbi dünyanın sənaye cəhətdən inkişaf etmiş regionlarının aparıcı sahələrə dəstək məqsədilə müxtəlif birbaşa və dolayı himayəçilik siyasəti idi.
Bali razılaşmalar paketi ümumi azad ticarət prinsiplərinin formalaşdırılması məsələsində çoxdan gözlənilən irəliləyiş sayıla bilər. Paket ÜTT-nin ticarətin çoxtərəfli tənzimlənməsi sahəsində müxtəlif fəaliyyət sahələrini əhatə edir. Məsələn, malların gömrük qeydiyyatı prosedurunun sadələşdirilməsini nəzərdə tutan razılaşmaya dair danışıqlar başa çatıb. ÜTT-nin qiymətləndirməsinə görə, bu razılaşmanın tətbiqi dünya ticarətində yalnız kənd təsərrüfatı sahəsini əhatə edən bir razılaşma paketinə əsasən, 1 trilyon dollarlıq artıma imkan verəcək. Razılaşma ərzaq idxalına tarif kvotasının tətbiqində tam şəffaflığı nəzərdə tutur, ərzaq bazarlarında rəqabəti pozan halların azaldılması üçün konkret addımları müəyyənləşdirir, ilk növbədə isə inkişaf etməkdə olan bazarları və dünyanın geridə qalmış dövlətlərini dəstəkləyir.
Ümumilikdə, dünya ekspertləri postbali dövrünü dünya iqtisadiyyatında inkişaf baxımdan müsbət qiymətləndirirlər. ÜTT-nin qiymətləndirməsinə görə, bu il qlobal ticarət dövriyyəsində 4,7% artım proqnozlaşdırılır. İnkişafa əsas təkan ABŞ iqtisadiyyatının güclənməsi və avrozonanın bərpa mərhələsinə qədəm qoyması hesab olunur. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin yekunlarına görə, dünya ticarət dövriyyəsində artım cəmi 2,1% olub və mütləq rəqəmlərdə o, 18,8 trilyon dollar təşkil edib.
Amma Bali razılaşmasının reallaşdırılması uzun və ağır yoldur. O, milli gömrük qurumlarının və dünya ticarətinə cəlb olunmuş digər dövlət və nadnaüionalğnıx strukturlarının fəaliyyətlərini maksimum razılaşdırmağı tələb edir.
Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə mayın 21-23-də təşkil olunmuş "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" qlobal forumu da məhz xarici ticarət əməliyyatlarında təcrübənin asanlaşdırılması aspektlərinə həsr olunmuşdu. 3 günlük konfransda iştirak etmək üçün Bakıya dünyanın 65 ölkəsini və 20 beynəlxalq profilli təşkilatı təmsil edən 200-dən çox nümayəndə gəlmişdi. Forum iştirakçıları arasında iqtisadiyyat üzrə 3 Nobel mükafatçısı da var idi.
"Bakıda müzakirəyə çıxarılmış ticarət və gömrük məsələləri tamamilə yerinə düşən məsələlər idi. Bu gün iqtisadi sahədə aparıcı analitiklərin, tədqiqat mərkəzlərinin diqqət mərkəzində əsas 3 məsələ var: sərhədlərin açılması, azad ticarət və beynəlxalq rəqabət. Bu, ticarət və gömrük işlərinin asanlaşdırılması, təkmilləşdirilməsi üçün əsas amillərdir", - deyə konfrasda iştirak edən Nobel mükafatı laureatı, Nyu-York Universitetinin iqtisadiyyat professoru Tomas C.Sarcent bildirib.
Bakıda müzakirə olunan məsələlər həm də ona görə vacibdir ki, qlobal ticarətin asanlaşdırılmasına dair Bali razılaşmasının əldə olunmasından sonra yaxın perspektivdə bu sahədə ciddi dəyişikliklər gözlənilir. Qlobal proseslərin güclənməsi milli gömrük orqanları tərəfindən praktiki qərarların qəbulunu da tələb edir. "Bu gün xarici ticarət dövriyyəsinə nəzarət yalnız gömrük orqanları üçün deyil, həm də ümumilikdə dövlətlər üçün prioritetdir. Ötən il İndoneziya adasında xarici ticarətə dair saziş imzalanıb. Odur ki, beynəlxalq ticarətin asanlaşdırılması ilə bağlı ölkələrimizin gömrük orqanları qarşısında duran vəzifələr müəyyənləşdirilməlidir", - deyə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Elektronlaşdırma və şəffaflıq
Son illər ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi transsərhəd ticarətinin asanlaşdırılması üçün milli qanunvericiliyin unifikasiyası və sərhəd inzibatçılığının praktikasında böyük işlər görüb. Hər yerdə IT-texnologiyaların tətbiqi, hüquqi-normativ sənədlərin yenilənməsi, ən başlıcası isə 2011-ci ilin ortalarında yeni Gömrük Məcəlləsinin qəbulu ölkənin xarici ticarət mexanizmlərində ciddi dəyişikliklərə imkan yaradıb. Son 3 ildə Dövlət Gömrük Komitəsi sərhəddən yüklərin keçməsi prosesində qeydiyyat və nəzarətə informasiya texnologiyalarının tətbiqi sahəsində də çox iş görüb. Eyni zamanda, gömrük prosedurlarının standartlaşdırılması və sadələşdirilməsi sahəsində də işlər aparılıb. "Bir pəncərə" sistemi çərçivəsində idxal-ixrac əməliyyatlarının gömrük qeydiyyatı proseduru elektron formata keçirilib, gömrük orqanlarına daxil olan bəyannamələrin elektron qeydiyyatı həyata keçirilir.
Korrupsiya ilə mübarizənin gücləndirilməsi, gömrük prosedurlarının qeydiyyatı zamanı şəffaflığın təmini məqsədilə avtomobil idxalına aid bütün qarşılıqlı gömrük rüsumları POS-terminallar vasitəsilə həyata keçirilir, plastik kartlarla ödəniş sistemi işə salınıb, "elektron növbə" sistemi yaradılıb, informasiya köşkləri şəbəkəsi fəaliyyət göstərir və s.
Elektron gömrük - e-custom layihəsinin tətbiqinin məntiqi nəticəsi tezliklə bilavasitə Dövlət Gömrük Komitəsinin saytında malların elektron formada deklarasiya edilməsinə keçid olacaq. Bu, gömrük qeydiyyatı prosedurunu bir qədər də asanlaşdıracaq.
Bundan başqa, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin dediyi kimi, qurum gömrük bəyannamələrini "ASAN Xidmət" mərkəzlərində qəbul etmək niyyətindədir. "Biz artıq Gömrük Komitəsi əməkdaşlarının ASAN mərkəzlərində yer almasını təmin etməyə başalmışıq. Onların köməyilə müvafiq sənədlər həmin mərkəzlərdə qəbul ediləcək. Vətəndaş lazımi sənədlərə malikdirsə, deklarasiya üçün onları "ASAN Xidmət"ə təqdim etməklə əlavə vaxt itkisindən xilas ola bilərsə, ona bu imkan nədən verilməsin? Azərbaycandakı mövcud infrastruktur və elektronlaşma səviyyəsi buna imkan verir", - deyə A. Əliyev qeyd edib.
Bununla yanaşı, Azərbaycanın Bali razılaşmasına tam qoşulması yalnız ÜTT ilə 1997-ci ildən aparılan danışıqlardakı bir sıra çətin məsələlərin həllindən sonra mümkün olacaq. Məlum olduğu kimi, Azərbaycan ÜTT-nin tamhüquqlu üzvü olduqdan sonra özünün uzunmüddətli güzəşt hüququnu qoruyub-saxlamaq və iqtisadiyyatın bəzi sahələri üzrə müəyyən imtiyazlar əldə etmək istəyir. Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə statusu ilə üzv olmağa və nəticədə aqrar sektorun 10% həcmində subsidiyalaşdırılması imkanı qazanmağa çalışır. ÜTT isə yalnız 5%-lik limitə razılaşır. Yeri gəlmişkən, ÜTT kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi məzuniyyətinin tam ləğvini tələb edir. Qurum hesab edir ki, bu, məzuniyyət qiymətlərinə təsir edir və bazarda rəqabəti pozur. Azərbaycan hökuməti isə bu təcrübədən imtina etməyi düşünmür.
"Azərbaycan ÜTT-yə üzv olmağa tələsmir. Çünki dövlətin iqtisadi siyasətində hazırda əsas məqsəd daxili bazarın qorunması, yerli fermerlərin, təkrar emal müəssisələrinin dəstəklənməsidir. Bazarın dünyaya tam açılması halında ölkəyə kütləvi şəkildə ucuz, bəzi hallarda keyfiyyətsiz xarici məhsullar axacaq, yerli istehsalat depinq axını qarşısında əziləcək, kənd təsərrüfatı isə ciddi ziyan görəcək", - deyə İlham Əliyev vaxtilə bildirmişdi.
Yeri gəlmişkən, bu məsələnin iki tərəfi var. Üstünlük, təbii ki, Azərbaycanın milli və iqtisadi maraqlarına cavab verən tərəfə veriləcək.
MƏSLƏHƏT GÖR: