
SANKSİYALARA QARŞI MÜQAVİLƏ
Qərblə münasibətləri gərginləşən Rusiya Çinlə qaz ixracına dair razılıq əldə etdi
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Enerji resursları uğrunda mübarizə yenidən qızışır. Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri ötən həftə bütün dünya KİV-in trendinə çevrildi. Amma bu səfər zamanı söhbət iki nəhəng fövqəldövlət, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında dünya düzəninə dair siyasi müzakirələrdən deyil, Çinə qaz ixracından gedirdi.
"Qazprom", nəhayət, 10 il davam edən danışıqlardan sonra, Çinin CNPC şirkəti ilə qaz ixracına dair razılığa gəlib.
30 illik müqavilənin şərtlərinə əsasən, Çin Rusiyadan ildə 38 milyard kubmetr qaz alacaq. "Mavi yanacaq"ın hansı qiymətə satılacağı isə kommersiya sirri olaraq qalsa da, "Qazprom"un rəhbəri Aleksey Miller müqavilənin ümumi dəyərini açıqlayıb - 30 il ərzində 400 milyard dollar.
Millerin sözlərinə görə, bu, "bütünlükdə SSRİ və "Qazprom"un tarixində bağlanmış ən nəhəng müqavilədir - razılaşma müddətində 1 trilyon kubmetrdən artıq qaz ixrac olunacaq".
Bəzi KİV və ekspertlər açıqlanan məlumatlara əsasən, Çinə satılacaq qazın qiymətini də müəyyənləşdirməyə çalışıblar - 1000 kubmetrə görə 350 dollardan bir qədər artıq. "Qazprom"dan bildiriblər ki, müqavilədə qiymətlər neft zənbili ilə bağlıdır, həmçinin "al və ya ödə" şərtlərini də əhatə edir.
Çinə ixrac olunacaq qazın resurs bazası kimi Kovıktinski (İrkutsk vilayətində) və Çayandskda (Yakutiya) yerləşən yataqlar müəyyənləşdirilib. Onların ümumi qaz ehtiyatı, təxminən, 3 trilyon kubmetr təşkil edir. İxraca 2020-ci ilə az qalmış start veriləcək. Çünki bunun üçün həm Şərqi Sibirdə yerləşən sözügedən yataqların işlənilməsinə, həm də Çinə "Sila Sibiri" qaz kəmərinin çəkilişinə ehtiyac var. Bu işlərə isə xeyli əmək və Rusiya tərəfindən 55 milyard, Çin tərəfindən isə 20 milyard dollar sərmayə lazımdır. V.Putin bildirib ki, bu, "qarşıdakı 4 il üçün dünyanın ən böyük tikintisi olacaq". Onun sözlərinə görə, müqavilə şərtləri hər iki tərəfi qane edir.
Xatırladaq ki, tərəflər arasında danışıqların 10 il uzanmasına məhz Pekinin qiymət məsələsi və nəql marşrutunda güzəştə getməməsi səbəb olub. "Qazprom"la CNPC arasında əməkdaşlığa dair ilk saziş 2004-cü ildə bağlanılıb. Artıq 2006-cı ilin martında Putinin Çinə səfəri zamanı şirkətlər Rusiyadan Çinə təbii qaz ixracına dair protokolu imzalayıblar. 2009-cu ildə tərəflər arasında Rusiyadan Çinə təbii qaz ixracının əsas şərtlərinə dair çərçivə sazişi imzalanıb. Saziş Çin bazarına ildə 68 milyard kubmetrədək "mavi yanacaq"ın ixracını (38 milyard kubmetrədək qazın şərq marşrutu, 30 milyard kubmetrədək "mavi yanacaq"ın isə qərb marşrutu ilə) nəzərdə tutur. Amma "Qazprom" ilkin olaraq ixraca qərb marşrutu - mövcud "Altay" qaz kəməri vasitəsilə başlamaq istəsə də, bu variant çinliləri o qədər də qane etmirdi. Sonda Pekin bu məsələdə istəyinə nail olub. Axı hazırda Çinin qərb hissəsinə Türkmənistan qazı ixrac olunur. Aşqabadın qaz yataqlarının işlənilməsində, o cümlədən Orta Asiyadan qaz kəmərinin çəkilişi və istismarında əsas rolu məhz Çin şirkətlərinin oynadığını nəzərə alsaq, demək, bu həcm getdikcə artacaq. Ölkənin əsas sənaye mərkəzi olan şərqdə isə məhz qaz çatışmazlığı var.
Qiymət məsələsinə gəlincə, "Qazprom" çinlilərə qazı orta Avropa qiymətinə, yəni min kubmetri 400-450 dollara satmaq istəyirdi. Pekin isə Rusiya qazının hər min kubmetrinə görə 300-350 dollar civarında ödəniş edə biləcəyini deyirdi. Bir arada çinlilər qiymətin, hətta Amerikanın Henry Hub birjasındakı qiymətlə uyğunlaşdırılması təklifi ilə çıxış etmişdi. Ekspertlərin qiymətləndirməsinə görə, həmin birjada təbii qazın qiyməti Avropadakı qiymətdən 3 dəfə ucuzdur və ümumiyyətlə, ən ucuz "mavi yanacaq" məhz oradadır.
Rusiya qiymət məsələsində hər iki tərəfi qane edən həddi müəyyənləşdirmək üçün Kovıktinsk və Çayandsk yataqlarının işlənilməsində vergi imtiyazlarına getməyə, yəni, bu razılaşmadan büdcə gəlirlərini azaltmağa məcbur olub.
Pekinlə danışıqların ağır keçdiyini V. Putin də etiraf edib. "Çinli dostlar danışıqlarda çətin adamlardırlar", - deyə o, bildirib.
Pekinin Rusiyadan qaz alınması məsələsində güzəştə getməməsinin səbəblərini anlamaq üçün Çinin enerji sektoruna qısa ekskurs etmək lazımdır. Bu ölkənin enerjiyə olan tələbatının yalnız 4-5%-i təbii qaz hesabına ödənilir. Bu məsələdə əsas rolu kömür oynayır (70%) və Çində kömür ehtiyatı kifayət qədərdir.
Bundan başqa, ölkənin özündə də qaz hasil olunur. İldə 170 milyard kubmetr qaz istehlak edən Çinin hasil etdiyi "mavi yanacaq"ın həcmi 100-120 milyard kubmetrdir. Nəticədə, onun idxal etdiyi qazın həcmi 50 milyard kubmetri ötmür. Bu həcmin yalnız yarısı Orta Asiya, xüsusilə Türkmənistan, həmçinin Myanmadan boru xətləri ilə idxal olunur. Yerdə qalan həcmi çinlilər Avstraliya, Qətər, İndoneziya, Malayziya və digər ölkələrdən maye qaz şəklində alırlar.
Təbii ki, Çin kömür istehlakının azaldılmasını qarşıya hədəf kimi qoyub. Buna səbəb kömürün ekoloji baxımdan zərərli enerji mənbəyi olmasıdır. Amma eyni zamanda, təbii qaza olan tələbatın sürətlə artması Pekini yeni mənbələr axtarışına da məcbur edir.
Ekspertlərin bildirdiklərinə görə, 2020-ci ilə Çində təbii qaza olan tələbat, təxminən, 2 dəfə artaraq 300-350 milyard kubmetr, daha 20 il sonra isə 700-750 milyard kubmetr təşkil edəcək. Əlbəttə, ölkədə qaz hasilatı da artacaq. Amma bu artımın o qədər də ciddi olacağı gözlənilmir. Bununla yanaşı, dünyanın ən nəhəng şist qazı ehtiyatı (31,5 trilyon kubmetr) Çində olsa da, hazırkı texnologiyalar onun genişmiqyaslı hasilatını həyata keçirməyə imkan vermir. İstənilən halda, Pekin 2020-ci ilə ildə 60-100 milyard kubmetr şist qazı hasil etməyi planlaşdırır.
Çin hökumətinin "çirkli" kömürdən istifadənin məhdudlaşdırılmasına dair qərarı ilə əlaqədar, tələbatın artdığını, üstəlik, getdikcə daha da arta biləcəyini nəzərə alsaq, ölkənin yeni qaz mənbələrinə ehtiyacının olduğu dəqiqdir. Bu şəraitdə "Qazprom"da uzunmüddətli müqavilə Pekinə təbii qaz idxalı mənbələrini şaxələndirmək imkanı verir. Bundan başqa, Rusiyadan qaz idxalı hesabına Çin daha bahalı maye qazın alışını azalda bilər. Hazırda çinlilər bu qazı min kubmetri, təxminən, 700 dollardan alır.
AVG Capital Partners (Rusiya) təşkilatının baş analitiki Yelena Yuşkovanın fikrincə, Rusiya qazının Çinə ixracına dair razılaşma maye qaz bazarına ciddi zərbədir. "Pekin maye qaz layihələrinə marağını getdikcə itirə bilər. Bundan başqa, indi Çin maye qaz layihələri ilə bağlı danışıqlarda daha təsirli rçaqlara malikdir", - deyə Y. Yuşkova "R+" jurnalına açıqlamasında bildirib.
Rusiya üçün və qismən də "Qazprom" üçün bu müqavilə xeyli qazanc gətirəcək. Doğrudur, Çinə ixrac olunacaq qazın ümumi həcmi (38 milyard kubmetr) Avropaya satılan "mavi yanacaq"ın (150 milyard kubmetr) yalnız dörddəbirini təşkil edir. Amma bu müqavilə "Qazprom"un Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən bazarına yolunu açacaq və ona ən nəhəng bazar olan Avropanın monopoliyasından xilas imkanı yaradacaq.
"Bu göstərir ki, Rusiya öz qaz ixracının şaxələndirilməsi, Avropa bazarlarından asılılığının azaldılması yolunu tapıb. Bununla yanaşı, o, Qərbdən olan tərəfdaşları ilə qazın qiyməti ilə bağlı danışıqlarda daha sərbəst olmaq imkanı qazanıb", - deyə Y. Yuşkova bildirir.
Analitikin fikrincə, Avropaya qaz ixracı məsələsində daha hər hansı ciddi artım gözləmək mümkün deyil. Çünki Avropa iqtisadiyyatındakı tənəzzül yaxın illərdə onların enerji resurslarına daha çox pul xərcləməsini mümkünsüz edir. Üstəlik, Çinə qaz ixracı Cənubi Koreyaya və Yaponiyaya da ixraca təkan ola bilər. Yeri gəlmişkən, bu günlərdə "Tokyo Gas" şirkətinin Paris ofisinin rəhbər müavini Takao Kasumi dünyanın ən böyük şist qazı istehlakçısı olan Yaponiyanın Rusiyadan qaz kəmərinin çəkilməsinə dair danışıqları davam etdirdiyini söyləyib. Amma bu, yaxın gələcəyin işi deyil. Onun sözlərinə görə, qaz kəmərinin inşası şist qazının baha başa gəlməsi fonunda Yaponiya üçün variantlardan biridir.
Çinlə müqavilənin Ukraynada yaşananlar üzündən Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşdiyi bir vaxtda imzalanması heç də təsadüf deyil. Böyük ehtimalla, "Qazprom"un Pekinlə danışıqlarda qiymət məsələsində güzəştə getməsinə Qərbin Rusiyanın enerji sektoru da daxil olmaqla, ayrı-ayrı sektorlarına sanksiyaların tətbiq ediləcəyinə dair hədəsi səbəb olub. Fiziki olaraq qaz ixracına hələ 4-6 ildən sonra başlanılacaq. Buna baxmayaraq, artıq müqavilənin bağlanması Rusiyanın qaz monopoliyasının avropalı tərəfdaşlarla apardığı danışıqlarda əl-qolunu açacaq. Xatırladaq ki, avropalılar son illərdə "Qazprom"u bir neçə dəfə qiymətdə endirimə məcbur edə bilib. "Amma indi "Qazprom" avropalı tərəfdaşlarla danışıqlarda özünü daha rahat hiss edəcək. Çünki daha Rusiya üçün qaz ixracında Qərb yeganə istiqamət deyil", - deyə Y. Yuşkova bildirir.
Üstəlik, uzun illərdən bəri gözlənilən müqavilənin, nəhayət, imzalanması xəbəri Rusiya ilə Ukrayna arasında qızışmaqda olan qaz böhranında da öz rolunu oynaya bilər. Artıq iyunun 1-dən "Qazprom" Ukrayna ilə qaz ixracı məsələsində qabaqcadan ödəniş sisteminə keçməyə hazırlaşır. Demək, hazırda Rusiyaya Moskva tərəfinin iddiasına görə 3,5 milyard, Kiyevin dediyinə görə isə 2,2 milyard dollar borcu olan Ukrayna bu borcu iyunun 2-dək ödəməsə, səhəri gündən etibarən ölkəyə qaz ixracı dayandırılacaq. Üstəlik, "Qazprom" avropalı istehlakçılar qarşısında öhdəlikləri yerinə yetirəcəyinə zəmanət versə də, orada bir şərt qeyd olunur: tranzitə görə məsuliyyət Ukraynanın üzərindədir.
"Bu, həm də ukraynalı tərəfdaşlarımızın qazdan icazəsiz istifadəyə görə məsuliyyətini əks etdirir". "Qazprom" isə öz növbəsində, avropalı istehlakçıların heç bir probleminin yaranmaması üçün əlindən gələni edəcək", - deyə A. Miller qeyd edib.
Qaz ixracının kəsilməsi təhlükəsini nəzərə alan Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu Rusiya prezidenti Vladimir Putinə məktubla müraciət edib. "Nə qədər ki, Aİ, Rusiya və Ukrayna arasında qazla bağlı danışıqlar davam etdirilir, qazın verilişi dayandırılmamalıdır. Rusiyanın bu öhdəliyi yerinə yetirəcəyinə ümid edirəm. "Qazprom" Avropa şirkətləri ilə müqavilələrdə nəzərdə tutulan həcmdə qaz ixracını davam etdirməlidir", - deyə məktubda bildirilir.
Barrozu Rusiyanın ehtiyac yaranacağı təqdirdə, əvvəlcədən xəbərdarlıq sistemini aktivləşdirəcəyinə ümidini də ifadə edib.
Yeri gəlmişkən, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Aİ Rusiyanın enerji sektoruna sanksiyaların tətbiqinə qarşıdır.
"Rusiyalı tərəfdaşlarımız artıq 40 ildən çoxdur ki, Aİ bazarlarının ən vacib qaz tədarükçüsüdürlər. İndi yaranmış böhranla əlaqədar olaraq, biz Aİ-də Rusiyaya qarşı mümkün sanksiyaları nəzərdən keçiririk. Amma Rusiyanın enerji sektoruna, xüsusilə də qaz təchizatına təsir edəcək sanksiyaların tətbiqi məqsədəuyğun sayılmır", - deyə Aİ-nin enerji sahəsinin kuratoru Günter Ettinger bildirib: "Biz qaz nəqlindən silah kimi istifadə edərək, ixracın dayandırılmasını doğru hesab etmirik... Ukraynaya, Moldovaya, Balkan ölkələrinə qaz nəqlinin təmin olunacağını da gözləyirik. Onlar bizim tərəfdaşlarımızdırlar və biz onlara görə məsuliyyət daşıyırıq. İyunun 1-dən qaz tədarükünün təhlükəsizliyini təmin etmək məqsədilə üçtərəfli danışıqlara başlamağa hazırlaşırıq". Avrokomissar onu da bildirib ki, Aİ Şurasının iyunun sonlarındavəziyyətin müxtəlif senarilər üzrə inkişafını nəzərdə tutan təhlükəsiz qaz tədarükünə dair xüsusi qətnamə hazırlayacaq.
İstənilən halda, Ukrayna böhranının dünyanın enerji xəritəsinə öz təsirini göstərdiyini, Rusiya ilə Çin arasında 10 ildir davam edən danışıqların yalnız tərəflərin düzgün strategiya qurmaq bacarıqları üzündən deyil, həm də Moskvanın Avropa ilə münasibətlərinin pisləşməsi səbəbi ilə uğurla nəticələndiyini söyləmək mümkündür.
Bununla yanaşı, Avropa da qaz oyununda öz partiyasını oynaya bilər. Məsələn, onun Çində maye qaza tələbatın azalmasından istifadə edərək, artıq qazı öz bazarlarına yönəltməsi mümkündür.
Hər halda, Rusiya ilə Çin arasında əldə edilmiş qaz razılaşmasının iqtisadi şərtləri nə olursa-olsun, müqavilənin siyasi podopleka şübhə doğurmur. Suriya böhranı, İranın nüvə proqramı, Fələstin-İsrail münaqişəsinin həlli və digər beynəlxalq problemlərə eyni mövqedən yanaşan Moskva ilə Pekin indi daha sıx inteqrasiya etmək niyyətində olduqlarını hər kəsə göstərdilər. Bu, xüsusilə ABŞ və Aİ ilə münasibətləri pisləşən, onlar tərəfindən mümkün sanksiyalarla qarşı-qarşıya qalmış Rusiya üçün vacibdir. Odur ki, tərəflər qaz razılaşmasında maddi gəlirləri tezliklə əldə etməyəcəklərsə belə, siyasi dividendlər özünü çox gözlətməyəcək.
MƏSLƏHƏT GÖR: