
İRƏVANDA "İKİQAT İSTERİKA"
Rusiya və Qərbin mümkün addımları Ermənistanı narahat edir
Müəllif: NURANİ Bakı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin nəticələri İrəvanda və ondan kənarda müzakirə və təhlil olunmaqdadır. Açığı, region bu cür səfərlərə çox şahidlik edib. Amma həmsədrlərin bu səfərlərini hamını bezdirmiş köhnə səfərlərlə eyni tutmaq olmaz. Səbəb heç də yalnız onun cəbhə xəttində atəşkəsə dair razılaşmanın əldə olunmasının 20-ci ildönümü ilə üst-üstə düşməsi deyil. Səfərdən əvvəl Minsk qrupunun amerikalı həmsədri Ceyms Korlikin Karnegi Mərkəzindəki səs-küy yaradan çıxışını da yada salmaq lazımdır. Xatırladaq ki, o, çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yenilənmiş Madrid prinsiplərinin nədən ibarət olduğunu açıqlamışdı. Onların arasında Ermənistanın eşitmək belə istəmədiyi Dağlıq Qarabağa aralıq statusunun verilməsi ilə yanaşı, keçmiş DQMV-yə daxil olmayan Azərbaycan rayonlarının işğaldan azad olunması tələbləri də yer alır. Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə gəlincə, Uorlikin sözlərinə görə, dəhlizin eni bütünlükdə Laçın rayonunu əhatə edə bilməz.
"R+" artıq ermənilərin Uorlikin bu çıxışından dərhal sonra qaldırdıqları isterika haqqında yazıb. Və təsadüfi deyil ki, Ermənistan lideri Serj Sarqsyan öz şərhini elə qurub ki, sanki Uorlikin işğal edilmiş ərazilər haqqında səsləndirdyi abzası ya görmür, ya da onu başqalarının görməməsi üçün əlindən gələni edir.
Ermənistan hökuməti həmsədrləri, daha dəqiqi, Ceyms Uorliki işğal altındakı Laçın rayonunda "gənc qarabağlılar"ın piketi ilə qarşılayıb. Xankəndinin əsas meydanında o qədər də çox insanın qatılmadığı, lakin kifayət qədər səs-küylü mitinq keçirilib. Mitinqə toplaşanlar gözlənildiyi kimi, heç kimin tanımadığı "DQR"in "geri qaytarılacaq ərazilərə malik olmadığını" bəyan ediblər.
Amma görünən odur ki, İrəvan dünya diplomatiyasında müşahidə olunan tendensiyanı dayandırmağın mümkün olmadığını anlayır. İrəvanın əksər ekspertləri həmsədrlərin açıqlamalarında "birbaşa və açıq təhlükə" görürlər. "Vasitəçilərin Dağlıq Qarabağa bitişik rayonların işğaldan azad olunmasının vacibliyi haqqında bəyanatları çox ciddi narahatlıq yaradır. Çünki onların açıqlamalarında vurğunun dəyişdiyini müşahidə etmək mümkündür", - deyə NEWS.am saytına açıqlamasında politoloq Yervand Bozoyan bildirib. O, münaqişədə status-kvonun saxlanmasının yolverilməz olduğuna dair fikirlərin yeni olmadığnı, amma ərazilərin qaytarılmasına dair bəyanatların kifayət qədər narahatlıq yaratdığını söyləyib: "Vəziyyət dəyişir və mən təhlükə hiss edirəm".
İrəvanın "Lraqir" qəzeti isə vəziyyəti belə qiymətləndirir: "ATƏT-in Minsk qrupunda nizamlanmanın Türkiyə-Azərbaycan variantının lobbiçiliyini kimin daha tez həyata keçirəcəyinə dair yarış başlayıb. Çünki Ermənistan ciddi siyasi layihənin tərkib hissəsi ola bilməyəcəyini açıq şəkildə göstərib. Əslində, Minsk qrupu bəyanatı Türkiyə və Azərbaycan üçün səsləndirib. Ermənistan üçün bu, ultimatuma bənzəyir".
Bu yerdə daha bir məqamı qeyd etmək vacibdir. Son aylar rəsmi İrəvan Qərblə əlaqələri bərpa etmək üçün yenidən aşkar cəhdlər göstərməyə başlayıb. Halbuki, ermənilərin sentyabrın 3-dəki addımı və Gömrük İttifaqına qoşulmağı bəyan etməsindən sonra, artıq bui işin mənası qalmadığını düşünmək olardı. Amma Ermənistan Rusiyanın və KTMT-dəki müttəfiqlərinin NATO ilə əlaqələri kəsmək çağırışlarına baxmayaraq, alyansın "Sülh naminə tərəfdaşlıq" proqramında iştirakını davam etdirir. Üstəlik, Ermənistan prezidenti S. Sarqsyan Avropa İttifaqının Praqada keçirilən "Şərq tərəfdaşlığı" sammitinə də qatılıb. Bu gün isə ermənilər Uorlikin bəyanatı fonunda bir şeyi dərk edirlər: Qərb hələlik Qarabağ məsələsi ilə bağlı əvvəlki siyasətini davam etdirərək, tərəfləri "öz aralarında razılığa gəlməyə" çağırsalar da, vəziyyət həqiqətən Ermənistana səfr etməyəcək istiqamətdə inkişaf edir. Yaşanan dəyişikliklərə necə reaksiya verməyi isə, deyəsən, İrəvan həqiqətən də bilmir.
İrəvan Rusiya tərəfindən də xoş olmayan sürprizlə üzləşib və deyəsən, onları ən çox məyus edən məhz bu olub. Bu, Astana-Moskva-Minsk-İrəvan telekörpüsü zamanı baş verib. Avrasiya İqtisadi Komissiyasının İnkişaf və İnteqrasiya Departamentinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Anton Azarov bildirib ki, Ermənistan Gömrük İttifaqına üzv olacağı təqdirdə, Ermənistanla Qarabağ arasında gömrük sərhədi yaranmalıdır. İrəvan bu bəyanatı hiddətlə qarşılayıb və cavab özünü çox gözlətməyib. "Ermənistanla "Dağlıq Qarabağ Respublikası" arasında heç bir halda gömrük sərhədinin olması mümkün deyil", - deyə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan bildirib. Azarov sonradan sualı düz anlamadığını deyib. Amma görünən odur ki, artıq "mesaj" ermənilərin əksəriyyətinə çatıb: Ermənistanda bu qənaətə gəliblər ki, onların başqalarına məxsus torpaqlara iddialarını Moskva da açıq və əyani şəkildə dəstəkləmək fikrində deyil. Belə olan təqdirdə, Rusiyadan Gömrük İttifaqının qaydalarını Qarabağa da yaymaqla, ermənilərin üzərinə "çətir" tutacağını gözləmək olmaz.
Düşünmək olar ki, bu məsələ ilə bağlı Ermənistanın Gömrük İttifaqındakı digər tərəfdaşlarının, ilk növbədə Qazaxıstanın da öz fikri var. Ən başlıcası, erməni politoloqlar bir həqiqəti artıq əminliklə proqnozlaşdırmağa başlayıblar: Rusiya bu gün olmasa da, sabah Azərbaycanla münasibətlərini Ermənistan və Dağlıq Qarabağın hesabına yaxşılaşdırmağa çalışacaq. Məsələn, "Modus Vivendi" mərkəzinin rəhbəri, politoloq Ara Papyan keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan prezidentinin Gömrük İttifaqına qoşulmaq haqda bəyanatından sonra Kreml "İrəvanı cibdə hesab edir" və bu üzdən artıq diqqətləri Azərbaycana yönəldib. Ermənistan xüsusi xidmət orqanlarının sabiq rəhbəri David Şahnazaryan isə deyir: "Ermənistanla Azərbaycanın indiki və 15 il əvvəlki iqtisadi durumlarını müqayisə etmək olmaz. O, durmadan Azərbaycanın xeyrinə dəyişir". Bununla yanaşı, Şahnazaryan bildirib ki, "bunu söyləmək nə qədər ağrılı olsa da (Ermənistan nöqteyi-nəzərindən - red.), Azərbaycan kifayət qədər müstəqil, müxtəlif istiqamətli xarici siyasət yürüdür. Miqrasiyanın templərinə görə Ermənistan Azərbaycandan öndədir. Üstəlik, Azərbaycanda əhalinin sayı artır. Enerji təhlükəsizliyi məsələsinə gəlincə, Ermənistanın bütün enerji sistemi Rusiyanın nəzarətindədir. Azərbaycan isə öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, artıq bir çox ölkələr bu sahədə ondan asılı vəziyyətdədir". Başqa sözlə, Ermənistandan fərqli olaraq, Azərbaycanda istər Qərbin, istərsə də Rusiyanın ciddi siyasi maraqları var. Üstəlik, Bakı müstəqil xarici siyasət yürüdür. Odur ki, maraqlar balansının kimin xeyrinə dəyişdiyi aydındır. Bununla yanaşı, beynəlxalq hüquq (o da Azərbaycanın tərəfindədir) da yaddan çıxarılmamalıdır. Bütün bunların nəticəsində Ermənistanın "ikiqat isterika" həddinə çatmış anlaşılan qorxuya düşməməsi mümkün deyil - xarici oyunçuların regionda öz maraqları var və bu maraqlar heç də Ermənistanın maraqları ilə üst-üstə düşmür.
MƏSLƏHƏT GÖR: