13 Mart 2025

Cümə axşamı, 15:13

LƏNƏTLƏNMİŞ DAİRƏ

20 ildir davam edən atəşkəs rejimi ərzində Dağlıq Qarabağ münaqişəsini çözmək mümkün olmayıb

Müəllif:

27.05.2014

Bu günlərdə Dağlıq Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasında gedən müharibədə aktiv hərbi əməliyyatlara son qoymuş Bişkək protokolunun imzalanmasının 20-ci ili tamam oldu. Amma ATƏT-in Minsk qrupunun himayəsi ilə uzun illərdir tərəflər arasında aparılan sülh danışıqları hələ də heç bir ciddi nəticə verməyib.

 

Köhnə hamam, köhnə tas

ABŞ, Rusiya və Fransanın timsalında vasitəçilərin ötən bu illər ərzində heç bir iş görmədiklərini demək olmaz. Bu müddətdə istər Minsk qrupu həmsədrləri, istərsə də başqa ölkələrin ekspert ictimaiyyəti tərəfindən münaqişənin həlli ilə bağlı kifayət qədər ideya irəli sürülüb. Misal kimi, Ermənistanın Meğri rayonu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin dəyişdirilməsinə dair təklifi, ümumi dövlət ideyasını, hətta Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yeraltı tunelin çəkilişi ideyasını göstərmək olar. Lakin münaqişə tərəfləri bütün bu ideya və təklifləri rədd edib. Analitiklərin fikrincə, tərəflərin münaqişənin həllinə ən çox yaxınlaşdıqları dövr 1990-cı illərin sonları olub. O zaman Ermənistan güzəştlərə getməyə razılaşmışdı. Amma bütün bunların nə ilə nəticələndiyi hər kəsə bəllidir. Ermənistan silahlılarını münaqişə zonasından çıxarmaq, bəzi əraziləri Azərbaycana qaytarmaq fikrində olan Ermənistan prezidenti Levon Ter-Petrosyan 1998-ci ilin fevralında "Qarabağ klanı"nın təzyiqi ilə istefaya getdi, onun yerini Robert Koçaryan, daha sonra isə Serj Sarqsyan tutdu. 1999-cu ilin oktyabrında isə Ermənistan parlamentində qanlı terror aktı baş verdi. Versiyalardan birinə görə, (yeri gəlmişkən, bu cinayətin üstü hələ də tam açılmayıb), səbəb Ermənistanın ATƏT-in İstanbulda keçiriləcək sammitində İrəvanın Qarabağ məsələsində güzəştlərə getməsini nəzərdə tutan sənədi imzalamağa hazırlaşması idi.

Nəticə olaraq, Dağlıq Qarabağ və Azərbaycanın ona bitişik daha 7 rayonu hələ də erməni işğalındadır.

 

Qu, Xərçəng və Durnabalığı

Artıq qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçilər ATƏT-in Minsk qrupuna həmsədrlik edən Rusiya, ABŞ və bütünlükdə Avropa İttifaqının maraqlarını ifadə edən Fransadır. Şübhəsiz ki, onların hər birinin regionda öz marağı var. Vaxtilə vasitəçilərin tərkibi regionda beynəlxalq maraqların tarazlaşdırılması, münaqişənin daha balanslaşdırılmış həlli formulunun tapılması üçün bu cür müəyyənləşdirilib. Son zamanlaradək vasitəçi üçlük bu istiqamətdə fəaliyyətlərini koordinasiya edə bilirdilər. Amma Ukraynada yaşanan son hadisələr və ona Qərblə Rusiyanın yanaşmasındakı ziddiyyət onların Qarabağ məsələsində də ümumi fikrə gələcəklərinə ciddi şübhələr yaradıb. Bu üçlükdə əsas rolu, əlbəttə ki, Rusiya oynayır. Çünki münaqişə regionu ilə tarixi əlaqələrə malik Moskvanın onlara müvafiq təsir imkanları var. Rusiyanın bu məsələdəki üstünlüyü xüsusilə ölkəyə Dmitri Medvedevin rəhbərlik etdiyi dövrdə özünü göstərirdi. Medvedev Rusiya prezidenti olarkən Azərbaycan və Ermənistanın dövlət başçıları arasında rekord sayda birbaşa görüş təşkil edilib. Amma sonrakı hadisələr prosesi ciddi şəkildə ləngitdi. İlk baxışdan Rusiya vasitəçi kimi bitərəf olduğunu nümayiş etdirməyə çalışır. Bu mənada o, Ermənistanla hərbi-siyasi əməkdaşlığın səviyyəsini (Kreml nümayəndələri İrəvanı özlərinin regiondakı yeganə strateji müttəfiqi adlandırırlar) Azərbaycanla hərbi, iqtisadi-ticari münasibətlərin səviyyəsi ilə bərabərləşdirməyə cəhd edir. Lakin Rusiyanın ayrı-ayrı nümayəndələrinin müntəzəm olaraq Dağlıq Qarabağın da Krım ssenarisi ilə işğalının vacibliyinə dair səsləndirdikləri bəyanatlar Bakıda narahatlıq yaratmaya bilməz. Son olaraq bu tipli fikri Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin dilə gətirib. O, Krım hadisələrinin Dağlıq Qarabağ üçün presedent ola biləcəyini iddia edib.

Bakının Amerikaya sualları az deyil. ABŞ Qarabağ separatçılarına müntəzəm şəkildə münaqişədən əziyyət çəkən regiona humanitar yardım adı altında maliyyə dəstəyi verən yeganə dövlətdir. Bu zaman Vaşinqton nədənsə azərbaycanlı qaçqın və məcburi köçkünləri unudur. Halbuki, bu yardımın məhz onlara ünvanlanması daha məntiqli olardı. Üstəlik, Birləşmiş Ştatlar bu gün özünü Minsk qrupunda ən çox ikrah oyadan tərəf kimi göstərib. Amerika nümayəndəsinin erməni lobbisinə yaxınlığı, o cümlədən onun bu statusdakı diplomat üçün anlaşılan olmayan Twitter həvəsi, bu sosial şəbəkədə tez-tez danışıqlar prosesinə dair məlumatlar açıqlaması vəziyyəti o həddə çatdırıb ki, Bakı ATƏT-in fəaliyyətdə olan sədri qarşısında Ceyms Uorlikin həmsədr vəzifəsindən geri çağırılmasına dair məsələ qaldırmağa çox yaxındır.

Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun fransalı həmsədrinin də dəyişdiriləcəyi gözlənilir. Jak Foru bu postda təcrübəli diplomat, hazırda Fransanın Moldovadakı səfiri vəzifəsini tutan Pyer Andriyin əvəzləyəcəyi bildirilir. Amma Fransa, hətta bütünlükdə Avropa İttifaqı üçün prioritet olmayan məsələdə fransalı diplomatın dəyişdirilməsi ilə hər hansı nəticənin əldə olunacağını gözləməyə dəyərmi?

Üstəlik, Rusiya ilə ABŞ arasında Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, beynəlxalq təhlükəsizliyə dair qlobal fikir ayrılıqları fonunda Aİ-nin Qarabağ probleminin həllində ciddi fəallıq göstərəcəyini gözləmək sadəlövhlük olardı. Bu azmış kimi, Aİ-nin özü hazırda daxili problemlər girdabında batır.

Azərbaycan isə ümumiyyətlə vasitəçi formata yenidən baxılmasına meyillidir. Bunu ölkənin xarici işlər nazirinin müavini Araz Əzimovun bu yaxınlarda səsləndirdiyi bir fikir də təsdiqləyib. Onun fikrincə, Türkiyə və Almaniyanın vasitəçilərin tərkibinə daxil edilməsi prosesi canlandırardı.

 

Pir qələbəsi

Ermənistanın son 2 prezidenti ilk prezidentdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməyəcəklərini göstəriblər. Erməni tərəfi Dağlıq Qarabağa müstəqillik verilməsi, ideal halda isə onun Ermənistana birləşdirilməsi israrını davam etdirir. Lakin Ermənistanın qonşu dövlətə qarşı silahlı təcavüzü nəticəsində yaranmış status-kvonun legitimləşdirilməsinə göstərilən bütün səylər nəticəsiz qalır. İrəvan yalnız son zamanlar ABŞ-ın bəzi ştatlarının qanunverici orqanlarının "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanıması ilə öyünə bilər. Mütəxəssislər isə bunun Dağlıq Qarabağın hazırkı statusuna heç bir təsir göstərmədiyini, beynəlxalq birliyin onu Azərbaycanın tərkib hissəsi saydığını xatırladırlar.

Bəs Azərbaycan ərazilərinin bir hissəsinin işğalını davam etdirmək Ermənistana nələrin bahasına başa gəlir?

İlk növbədə, ölkədə sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Ermənistan hökumətinin vəziyyəti düzəltməyə, yaxud ən azı, xalqın diqqətini Qarabağda müharibə təhlükəsi və ya başqa məsələlərlə məişət problemlərindən yayındırmağa etdiyi təlaşlı cəhdlər effekt vermir. Sadəcə, normal yaşamaq istəyən sıravi vətəndaşın diqqətini artıq real problemlərdən, ÜDM-in son dərəcə cüzi artım səviyyəsindən, pensiya islahatlarının iflasından, işsizlikdən, daxili ərzaq qiymətlərinin Rusiyadan alınan qazın qiymətindən asılılığından yayındırmaq mümkün deyil. Bununla yanaşı, Ermənistanın Rusiyadan siyasi asılılığı da artır və əksəriyyəti hesab edir ki, bu, Ermənistanın suverenliyinə ciddi zərbə vurur.

Bütün bunların nəticəsində ölkədə kütləvi emiqrasiya demoqrafik vəziyyəti faciəvi həddə çatdırıb. Yalnız rəsmi məlumata görə, bu ilin ilk 3 ayında Ermənistanı tərk edərək geri qayıtmayan insanların sayı, təxminən, 28,5 min nəfərdir. Ümumilikdə, 2000-2013-cü illərdə Ermənistandan 297 min vətəndaş mühacirət edib. Bir daha qeyd edək ki, bu, yalnız rəsmi rəqəmlərdir. Nəzərə almaq lazımdır ki, belə hallarda rəsmi rəqəmlər faktiki vəziyyəti o qədər də əks etdirmir. Hökumətin "Mühacir axını" adlı xüsusi araşdırmanın nəticələrini hələ də gizli saxlaması heç də təsadüf deyil.

Əgər ermənilər Ermənistanda yaşamaq istəmirlərsə, viran edilmiş Dağlıq Qarabağda, çətin ki, yaşamaq istəsinlər. İrəvan işğal altındakı ərazilərdə insanların sayını Suriyadan qaçqın düşən ermənilərin hesabına artıracağına ümidli idi. Düşünürdülər ki, Suriyadakı vətəndaş müharibəsindən qorxuya düşmüş ermənilər üçün Azərbaycanın işğal altındakı acınacaqlı vəziyyət belə, cənnət kimi görünəcək. Amma bu, belə olmadı. Cüzi istisnalarla, Suriya ermənilərinin bu ərazilərə yerləşdirilməsi proqramı baş tutmadı.

Ermənistan hakimiyyəti üçün "Qarabağ kartı" çoxdandır ki, sadəcə, hakimiyyəti əldə saxlamaq vasitəsinə çevrilib. Belə olan təqdirdə ortaya sual çıxır: iqtisadi cəhətdən zəif, siyasi baxımdan başqasından asılı olan Ermənistan münaqişənin həllində Azərbaycanla danışıqlar aparmağa qadir tərəfdirmi? Aydın görünən odur ki, heç nə həll etməyən vassala vaxt itirməkdənsə, süverenlə birbaşa razılığa gəlmək daha asandır. 

 

Görək, sonda gülən tərəf kim olacaq...

Ermənistan Azərbaycana qalib gəldiyini və bununla da Dağlıq Qarabağ məsələsini həll etdiyini düşünür. Bu, qismən belədir. Çünki müharibə hələ bitməyib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də dediyi kimi, hələlik müharibənin yalnız birinci mərhələsi başa çatıb.

Hərbi əməliyyatların dayandırılmasından sonra, Azərbaycan ərazisinin beşdəbir hissəsinin işğalına rəğmən, nəinki ayağa qalxmağı bacarıb, həm də iqtisadiyyatını görünməmiş templərlə inkişaf etdirməyə, ən müasir silahlarla təchiz olunmuş döyüş qabiliyyətli ordu yaratmağa nail olub. Bütün bunlar, üstəlik, region ölkələri və fövqəldövlətlərlə münasibətlərdəki ağıllı xarici siyasi balans Bakının Qarabağ münaqişəsinin həllində mövqelərini xeyli gücləndirib.

Bugünkü Azərbaycan 20 il əvvəlkindən çox fərqlənir. Rəsmi Bakının C.Uorlikin fəaliyyətinə açıq iradları göstərir ki, bu gün Azərbaycan statusundan asılı olmayaraq, istənilən ölkənin, yaxud onun nümayəndəsinin fəaliyyətindən narazılığını ifadə etmək iqtidarındadır. Bakı dünya birliyinə açıq şəkildə göstərir ki, vasitəçilərin Qarabağ problemini həll etmək iqtidarında (və ya arzusunda) olmaması münaqişənin həllinin daha bir neçə onillik uzanmasına yol aça bilməz. Yalnız güclülərin öz haqlarını diktə etdiyi, beynəlxalq münasibətlər və hüquq sistemində böhranın yaşandığı hazırkı şəraitində Bakı hər kəsə bir şeyi nümayiş etdirir: o, ərazi bütövlüyünü necə bərpa edəcəyini özü müəyyənləşdirir - ya indiyədək olduğu kimi, danışıqlar, ya da müharibə yolu ilə. Beynəlxalq hüquq nə qədər dəyişikliyə uğrasa da, onu hələ heç kəs ləğv etməyib və bu hüquq Azərbaycana ərazi bütövlüyünü bərpa etmək üçün qeyd olunan variantlardan istənilən birinə üstünlük vermək haqqı tanıyır.



MƏSLƏHƏT GÖR:

457