UKRAYNA PREZİDENTİNİ SEÇDİ
Amma Pyotr Poroşenko belə, ölkəyə "şokolad kimi" gələcək vəd edə bilməz
Müəllif: İrina XALTURİNA Bakı
Ukraynada prezident seçkisi keçirildi. Xalqın iradəsinin ifadəsinə dekorasiya rolunu siyasi və iqtisadi böhran, hüquqi və inzibati xaos, ölkənin cənub-şərq regionlarında silahlı qarşıdurmalar oynadı. Amma bütün bunlar əksər ukraynalının seçki məntəqələrinə gedərək, seçimini etməsinə mane olmadı - exit-poll-ların nəticəsi və bülletenlərin təxminən yarısının hesablanmasından sonrakı vəziyyət (jurnalın çapa verildiyi anadək) namizədliyi özü tərəfindən irəli sürülmüş biznesmen Pyotr Poroşenkonun 54,05% səslə inamlı öndə olduğunu göstərib. Hələ mayın 26-na keçən gecə Poroşenkonu bir çox rəqibləri və bəzi xarici dövlətlər belə, təbrik edib. ABŞ və Böyük Britaniya da Pyotr Poroşenko ilə "işləməyə hazır olduqlarını" bəyan ediblər.
Xatırladaq ki, Viktor Yanukoviçin devrilməsindən sonra Ukraynada köhnə Konstitusiyaya qayıdılıb. Ona əsasən, prezidentin səlahiyyətləri daha azdır. Hətta qarşıdakı planlarda Ukraynanın tamamilə parlament respublikasına çevrilməsi də var. Əksər müşahidəçilər hesab edir ki, yeni prezidentin əsas funksiyası keçid səlahiyyətlərinin saxlanılması olacaq. Bu vəziyyətdə baş nazir postunu kimin tutacağı daha vacibdir. Arseni Yasenyukun bu vəzifədə qalacağı istisna deyil.
Ukrayna hökuməti prezident seçkisinin son dərəcə yüksək səviyyədə, şəffaf keçdiyini bəyan edib. Ukrayna Seçicilər Komitəsinin məlumatına görə, ölkə tarixində ilk dəfədir ki, praktiki olaraq inzibati resurslardan istifadə edilməyib. Çünki səsvermə zamanı namizədlərdən heç biri hakimiyyətdə təmsil olunmurdu.
Ukrayna prezidentliyinə 21 real namizəddən yarısının reytinqi o qədər aşağı idi ki, onların barəsində heç kəs real namizəd kimi danışmırdı. Mübarizənin ilk günlərindən liderlər "üçlük"ünə Pyotr Poroşenko, Yuliya Timoşenko və Sergey Tiqipko daxil idilər.
Ukrayna prezidentliyinə namizədin, sonda isə seçkinin qalibinin bir müddət əvvələdək o qədər də yüksək reytinqə malik olmayan oliqarx, "Roshen" şirkətinin və "5-ci kanal"ın sahibi, 48 yaşlı Pyotr Poroşenko olacağını kim düşünə bilərdi? 2004-cü ildə baş vermiş "narıncı inqilab"ın sponsoru olmuş Poroşenko keçən dövr ərzində müxtəlif hökumətlərdə iqtisadi inkişaf naziri, xarici işlər naziri, Milli Bank sədri postlarını tutub. Yanukoviç hakimiyyətində Poroşenko Ukraynada Aİ-və NATO-ya inteqrasiya proseslərinin əsas ilhamvericisi sayılırdı.
Seçkini ikinci pillədə "Batkivşşina" partiyasının lideri, indiyədək 2 dəfə baş nazir postunu tutmuş, məşhur "qaz işi"lə bağlı keçmiş məhbus Yuliya Timoşenko tutub. Seçkiöncəsi məşhur "hörüklü ledi" ənənəvi saç düzümünü dəyişsə də, bu da onun qələbə qazanmasına kömək etməyib.
Bununla yanaşı, Yuliya Timoşenkonun 2-ci yeri tutması bir neçə səbəbdən maraqlıdır. Ən azı ona görə ki, o, Poroşenko ilə düşməndir, həm də bütün mənalarda. Vaxtilə hamı düşünürdü ki, Timoşenko "şokolad kralı"na heç bir siyasi şans qoymayıb. Amma indi Kiyevdə elə şeylər baş verir ki... Seçkiqabağı kampaniya zamanı bu iki siyasətçi bir-birinin ünvanına "Kremllə əlbirlik"lə bağlı saysız-hesabsız ittihamlar yağdırıb. Bəs bundan sonra Timoşenkonun aqibəti necə olacaq? Onun həbsxanada yalnız Yanukoviçin istəyilə oturduğunu düşünmək sadəlövhlük olardı. İndi vaxtilə onun azadlığa buraxılmasını tələb edənlərin özlərini necə aparacağını müşahidə etmək də maraqlı olacaq. Bir şey aydındır ki, hər zaman geri dönüş edən Timoşenko hələ bütün kartlarını açmayıb. Üstəlik, o özü açıq şəkildə ölkədə "üçüncü inqilab dalğası"nın mümkünlüyünü bəyan edib. Amma Poroşenkonkn seçkidə qalib gəldiyi məlum olduqdan sonra Timoşenkonun tonunda o qədər də sərtlik müşahidə olunmur. Yuliya Timoşenkonun sürprizlər etmək iqtidarında olduğuna şübhə yoxdur. Amma əldən düşmüş Ukraynanın bunu bacaracağına şübhələr var. İndi Timoşenkonun kənara çəkilməsi, rəqibinin üzləşəcəyi problemlərdən həzz alacağı, onun mümkün siyasi qürubunu gözləyəcəyi də istisna deyil.
Əsas postseçki intriqalarından biri əlbəttə ki, lap əvvəldən Rusiyanın məsələyə reaksiyası idi. Qərb ölkələri Moskvaya münasibətlərinin onun yeni Ukrayna hakimiyyətinə münasibətindən asılı olacağına işarə edirdilər. Twitter və Facebook sosial şəbəkələrində yer alan əksər xəbərlər isə onu göstərir ki, mayın 26-na keçən gecə avropalıları daha çox Kiyevdə baş verənlər yox, Avropa Parlamentinə seçkinin nəticələri maraqlandırırdı. Rusiya prezidenti Vladimir Putinə gəlincə, bazar günü axşam o, belaruslu həmkarı ilə çiyin-çiyinə əyləşərək, hokkey üzrə Rusiya yığmasının Dünya Çempionatındakı qələbəsini izləyirdi. Ukrayna ilə bağlı fikirlərini Putin bir neçə gün əvvəl - Sankt-Peterburqda keçirilən iqtisadi forum zamanı açıqlamışdı. O, Moskvanın Ukraynanın yeni hökumətilə işləməsi üçün 2 şərtin olduğunu demişdi - qaza görə borcların ödənilməsi və ölkənin cənub-şərqində antiterror əməliyyatlarının dayandırılması.
"Mavi yanacaq"la bağlı söhbət ayrıca mövzudursa, antiterror əməliyyatları məsələsi Ukraynanın yeni prezidentinin güc strukturlarına nə dərəcədə nəzarət edə biləcəyindən asılıdır. "Sağ sektor"un yaraqlıları tərksilah olunmağa razılıq verəcəklərmi? Aydındır ki, Ukraynadakı radikal hərəkatlar hazırda tam legitimlik əldə etməyə, o cumlədən mümkün birliyə çalışırlar - onlar siyasi arenanı tərk etmək niyyətində deyillər. Ümumiyyətlə, Poroşenko seçki zamanı rəqiblərinin arxasında dayanmış qüvvələri nəzarətə götürməyi bacaracaqmı? Xüsusi xidmət orqanları və ordu ona nə dərəcədə tabe olacaq? Orduda nizam-intizamla, koordinasiya ilə bağlı hər şeyin qaydada olmadığı bəllidir. Seçkiyə az qalmış Donetsk vilayətinin Volnovaxa şəhəri yaxınlığında və Luqansk vilayətinin Lisiçansk şəhəri yaxınlığındakı hadisələri başqa cür izah etmək mümkün deyil - baş verənlərin videogörüntüsü İnternetdə baxış sayına görə bir anda rekordlar qırıb.
KİV-də isə Poroşenkonun Rusiya ilə razılığa gələ biləcəyinə böyük ümidlər bəslənilir. O özü Moskva ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün Kiyevin "kifayət qədər formatlarının olduğunu" söyləyib. Əsas odur ki, Poroşenkonun nəzərdə tutduğu formatlar xülyadan ibarət olmasın. Çünki biznesilə bağlı onun Rusiya ilə fəal əməkdaşlıq etməsi hələ hər şey demək deyil. Bu siyasətçinin Rusiyanın əleyhinə sərt bəyanatları hər kəsə bəllidir. İstənilən halda, indi o, tamamilə fərqli durumdadır.
Daha bir vacib məsələ yeni prezidentin nə qədər qanuni olacağındadır. Çünki ölkənin bir hissəsi seçkiyə ümumiyyətlə qatılmayıb. Müxtəlif KİV-də yer alan məlumatlara görə, söhbət Donetsk və Luqansk vilayətlərindən gedir.
Mayın 24-də "Luqansk və Donetsk xalq respublikaları"nın iştirakı ilə qondarma "Novorossiya" yaradıldığı elan edilib. "Luqansk respublikası"nın başçısı Valeri Bolotovun sözlərinə görə, söhbət "2 müstəqil respublika"nın yaradılmasından gedir. Bolotov bildirib ki, yaxın zamanlarda yeni ittifaqa digər vilayətlər də qoşula bilər. Bunun üçün həmin vilayətlərdə referendumun keçirilməsi kifayətdir. Bu arada mayın 26-da "Donetsk Xalq Respublikası"nda hərbi vəziyyətin elan olunduğunu xatırladıq.
Beləliklə, Ukraynanı nə gözləyir? Çünki yeni prezidentin seçilməsilə heç nəyin bitmədiyi aydındır. Hətta əksinə, bununla ölkədə hər şeyin indi başladığını söyləmək olar.
Sanki hazırkı durumdan yeganə çıxış yolu federallaşma, rus dilinə dövlət dili statusunun verilməsi, Ukraynanın neytral dövlətə çevrilməsi (Qərb KİV-də "Finlandiyalaşma" ifadəsi tişlədilməyə başlayıb), yəni istənilən bloka qoşulmaqdan imtinasıdır.
Poroşenko prezident qismində ilk səfərini Donbasa edəcəyini bildirib. Bununla yanaşı, o, Ukraynanın "federal deyil, unitar dövlət olacağını" bəyan edib. Poroşenko prezidentlik proqramının əsas maddələrindən birinin müharibəyə son qoyulması, ölkədə sabitliyin yaradılması olduğunu da söyləyib. Amma yenə də, bütün bunlara hansı vasitələrlə nail oluna bilər? Danışıqlara başlanılması üçün Ukraynanın vasitəçilərə ehtiyacı var. Amma böhranın əsas iştirakçıları yeni "soyuq müharibə" şəraitindədirlərsə, bu vasitəçi kim olacaq?
Amma ən ciddi narahatlıq yaradan ölkənin iqtisadi durumudur. Poroşenko seçkiqabağı vədlərində yalnız ümumi sözlər işlədib. Amma nə o, nə də digər namizədlər hazırkı şəraitdə Ukraynanın borclarını necə azaldacağını, sosial sahəyə xərclərin hansı vəsit hesabına artırılacağını, qaza görə borcuninecə qaytarılacağını, qış mövsumunə hazırlığın necə olacağını və s. izah etməyib. Təəssüf ki, bu sahələrdə planların əksəriyyəti qeyri-real görünür.
Odur ki, ölkədə "yeni Maydan" o qədər də fantastik səslənmir. Bu dəfə o, kifayət qədər aydın, konkret sosial tələblərlə baş qaldıra bilər. Belə olan təqdirdə, üstəlik ölkənin cənub-şərqinə nəzarətin hələ də bərpa olunmadığı bir halda ölkədə Yaxın Şərq senarisinin yaşanması riski kifayət qədər yüksəkdir. Əgər bəzilərinin iddia etdiyi kimi, Ukraynada xaos hansısa xarici qüvvələrə sərf edirsə, Poroşenko-Timoşenko qarşıdurması bu sxemə tam uyğun gəlir.
Yeni prezident bundan sonra ölkədə baş verəcək hər şeyə görə məsuliyyəti öz üzərinə götürməli olacaq. Amma artıq qeyd edildiyi kimi, bu ukraynasayağı tənliyin həlli yeni prezidentin qərarların qəbulunda nə qədər bacarıqlı olacağından asılıdır. Son hadisələrin də göstərdiyi kimi, artıq bu mərhələdə hər şey mümkündür.
MƏSLƏHƏT GÖR:





508

