25 Noyabr 2024

Bazar ertəsi, 00:01

TUTULMAYAN OĞRU DEYİL

Azərbaycanda sığorta dələduzluğu hallarının sayı artır

Müəllif:

03.06.2014

Pul yoxdur, amma hiyləgərlik var - gedim pul qopardım. Bu məsəl qaraçı atalar sözündə öz əksini tapıb və dələduzların iş prinsipini dəqiq xarakterizə edir. Dələduzları cəlb edən sahələrdən biri də sığorta sahəsidir. Hər bir ölkədə sığorta şirkətləri sayəsində gəlir əldə etmək istəyən şəxslər tapılır. Dələduzların nöqteyi-nəzərindən, hazırda sığorta şirkətləri, məsələn, banklar kimi digər maliyyə institutlarından daha zəifdir. Prinsipcə, dələduzluq həmişə sığorta biznesinin bir hissəsi olub, lakin bunun həcmləri ildən-ilə artır. Məsələn, 2008-2009-cu illərdəki maliyyə böhranı polislərlə qanunsuz manipulyasiyaların nəzərəçarpacaq artımına səbəb olub. Ekspertlərin qiymətləndirmələrinə əsasən, ABŞ-da sığorta şirkətləri hər il müxtəlif fırıldaqçılara, təxminən, 15 mlrd. dollar həcmində təzminatlar ödəməyə məcbur olurlar. 

Əgər əvvəllər sığorta dələduzluğu daha çox fərdi xarakter daşıyırdısa, indi bu cür yalanla bütün fırıldaqçı briqadalar məşğuldur. Dünyada dələduzluğun iki əsas növü var. Birinci növdə - sığortaçıya baş verən hadisə barədə bildiriş təqdim olunur, lakin tələbdə göstərilən məbləğ qanunsuz olaraq şişirdilir. İkinci növ real insidentlərlə, yalançı ya da imitasiya edilən hadisələrlə bağlı ərizələrlə bağlıdır. İstənilən halda bu, adətən, mütəşəkkil dələduz qrupların işidir. Hadisələrin, təxminən, 70%-i birinci növə, qalan 30%-i isə yalan insidentlərlə əlaqədar tələblərlə bağlıdır.

Bununla yanaşı, bütün sığorta dələduzluğu ilə bağlı hadisələrin 70%-i avtosığorta sahəsi ilə əlaqəlidir. Avtosığortada sığorta dələduzluğunun ən yayılmış növləri sığortalanan mülkiyyətin bilərəkdən zədələməsi (yol-nəqliyyat hadisəsi, avtonun oğurlaması, üçüncü şəxslərin qanunsuz hərəkətləri), artıq zədələnmiş avtomobilin sığortalaması cəhdləridir.

Dələduzluğun real həcmini qiymətləndirmək çox çətindir, lakin ekspert hesablamaları göstərir ki, dünyada bütün sığorta təzminatı ilə bağlı bütün ərizələrin 10%-i dələduzluqdur. Bu itkilər şirkətlərin gəlirliyinə, etibarlılığına zərbə vurur və nəticədə, sahəyə mənfi təsir göstərir. Eyni zamanda sığorta pullarının həcmi də artır, bu da müştərilərin bir çox məhsullara marağını saxlayır.

Dələduzlarla mübarizənin əsas problemi kimi sığortaçılar arasında müştərilər barədə məlumatların vahid mənbəyinin olmaması hesab edilir. Müvafiq olaraq, bütün müştərilər üzrə məlumatı toplamaq və eyni zamanda müştərilərin vahid məlumat bazasının yaradılması üçün analitik vasitələr mövcud olan biznes proseslərə inteqrasiyanı yaratmaq lazımdır. Polşa, Niderland, Böyük Britaniya,  Avstraliya, ABŞ kimi bəzi ölkələrdə bütün müştərilər üzrə məlumat bazasına çıxışa eyni hüquqlara sahib sığorta şirkətlərinin peşəkar birlikləri mövcuddur.

Azərbaycanın sığorta bazarı hələlik nisbətən kiçikdir, sığorta pulunun həcmləri 500 mln. dollara bərabərdir. Lakin bazar inkişaf edəcək, yaxın 3-5 il ərzində bazarda sığorta pulunun 1 mlrd. dollaradək çatdırılması kimi tapşırıq qoyulub. Ona görə də müəyyən vaxtdan sonra bazarda dələduzluq məsələsi Azərbaycan üçün də aktuallaşacaq. "Bu gün Azərbaycanda sığorta bazarında peşəkar dələduzlar yoxdur. Lakin sığorta dələduzluğu hallarının sayı artır, düzdür, onlar fərdi xarakter daşıyır. Çox vaxt bu hallar avtomobillərin, mülkiyyətin sığortalanması ilə bağlıdır", - deyə sığorta eksperti Xəyal Məmmədxanlı "R+"a bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sığorta dələduzları, əsasən, sığorta hallarının imitasiyası üçün xüsusi vasitələrdən  istifadə  edirlər. Məsələn, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİ) üzrə sığorta təzminat miqdarını şişirdirlər. "Bundan əlavə digər dələduzluq faktlarına da rast gəlinir.  Məsələn, sığorta halının keçmiş tarixi ilə rəsmiləşdirilməsi və ya sənədlərin saxtakarlığı", - deyə o, əlavə edib.

X. Məmmədxanlı qeyd edib ki, dünya praktikasında əgər sığorta dələduzluğunun həcmi bazarda sığorta pulu ilə nisbətdə 5% təşkil edirsə, bu ölkənin sığorta bazarı yüksək kriminala malik biri kimi hesab olunur.  "Azərbaycanda heç kim belə hesablamalar etməyib və buna görə də, bizim bazarda dələduzluğun xüsusi çəkisi barədə danışmaq çətindir", - deyə ekspert vurğulayıb.

Bununla belə, o hesab edir ki, Azərbaycanda sığorta şirkətləri bu gün fırıldaqçılarını müəyyən etmək imkanına malikdirlər. Çünki bunlar, əsasən, həvəskardırlar.

Hər ölkədə dələduzların daha fəal olduğu sığorta növləri mövcuddur. ABŞ-da, məsələn, dələduzlar daha çox tibbi sığorta sahəsində fəaldırlar. Belə ki, 2011-ci ildə ABŞ hökuməti Qərbi Virciniya ştatında tibbi sığorta ilə bağlı dələduzluq edən üç Rusiya əsilli şəxsi saxlayıblar. Arsen Becanyan, Sarqis Tadevosyan və İqor Şevçukdan ibarət cinayətkar qruplaşma saxta şikayətlər əsasında tibbi sığorta təzminatlarının almasına cəhd ediblər.

2011-ci ilin fevralında ABŞ rəhbərliyi sığorta ilə bağlı dələduzluğa görə 111 həkim və  digər səhiyyə işçisini həbs edib. Amerikanın KİV-i  onları da "rus mafiyası" adlandırıb. Onlar tibbi xidmətlərə görə 160 mln. dollar həcmində qanunsuz hesab yazıblar. Qruplaşmaya erməni  Armen Kazaryan rəhbərlik edib.

Bundan əvvəl, 2010-cu ildə ABŞ-da ölkə tarixində tibbi sığorta sahəsində ən iri fırıldaq şəbəkəsi aşkar edilib. 94 nəfər dələduzluqda ittiham olunub. Onlara "Medicare" tibbi sığorta fondu tərəfindən 251 mln. dollar mənimsəməklə bağlı ittiham irəli sürülüb. 

"Azərbaycanda mən dediyim kimi sığorta fırıldaqlarının çoxu avtomobillərin sığortalanması ilə bağlıdır.Tibbi sığorta sahəsində daha çox dərman qiymətlərində manipulyasiyalarla  bağlı sui-istifadə halları yer alır. Amma hər halda bunu dələduzluq kimi təsnif etmək olmaz. Həyatın sığortası sahəsində isə Azərbaycanda hələlik sığorta dələduzluq halları aşkar olunmayıb. Rusiya və digər ölkələrdə isə həyat sığortası sahəsində dələduzluq halları kifayət qədər yayılıb", - deyə X. Məmmədxanlı bildirib.

Sığorta dələduzluğu hallarının sayının artması aparıcı qərb ölkələrində sığorta dələduzluğuna qarşı mübarizə üçün xüsusi təşkilatların yaradılmasına gətirib çıxarıb. 1993-cü ildə ABŞ-da bu məqsədlər üçün Sığorta dələduzluğuna qarşı birlik yaradılıb (Coalition Against Insurance Fraud). Bundan başqa, Sığorta nəzarəti üzrə dövlət xidməti yanında sığorta sahəsində dələduzluqla mübarizə üzrə milli büro adlı xüsusi şöbə də yaradılıb (National Insurance Crime Bureau, NICB).

Kanadada dələduzluqla mübarizə bir çox mülkiyyət sığortası üzrə şirkətləri və brokerlər assosiasiyalarını özündə birləşdirən Kanada sığorta bürosunun eqidası altında keçirilir (Insurance Bureau of Canada, IBC). Kanadada 25 min Kanada dollarından çox itki zamanı icbari araşdırma aparılır.

Almaniya Sığortaçıları Birliyinin məlumatına görə, Almaniyada bütün sığorta ödənişlərinin 10%-i, məhz, kriminal əməliyyatların payına düşür. Təşkilatın ekspertləri şübhəli hallar zamanı itkilər barədə ərizələr qəbul edirlər. Onları qeydiyyata salırlar, müraciətlərin əsaslı olub-olmadığını yoxlayırlar, ziyanın sığorta halı zamanı baş verib-vermədiyini müəyyən  edirlər. 

Böyük Britaniyada sığorta şirkətlərinin vicdansız müştərilərini  təqib etmək üçün "Motor Insurer Anti-Fraud and Theft Register" (MIAFTR) adlı xüsusi  təşkilat məşğul olur. Bu təşkilatın fəaliyyətinin nəticəsi məlumat bazasının yaradılması olub. Bu da sığortaçılara fırıldaqların cibinə gedəcəyi 25 mln. ingilis funtuna qənaət etməyə imkan verib. Bundan əlavə, Skotland Yardın sistemində, məhz, sığorta dələduzluq faktlarının araşdırılması üçün yaradılan xüsusi struktur mövcuddur. Bu cür dələduzluğa qarşı mübarizə vasitələrindən biri də cinayət məsuliyyətidir.

X.  Məmmədxanlı qeyd edib ki, Azərbaycan Cinayət Məcəlləsində dələduzluğa görə cinayət məsuliyyətini nəzərdə tutan maddə var. "Bu, sığorta dələduzluğu ilə bağlı halların tənzimlənməsi üçün də kifayətdir". 

Bununla belə, mütəxəssis hesab edir ki, Azərbaycanda sığorta dələduzluğu faktlarının müəyyənləşdirilməsi ilə məşğul olacaq xüsusi  xəfiyyələr qismində  mütəxəssislər lazımdır.


MƏSLƏHƏT GÖR:

637