14 Mart 2025

Cümə, 23:43

"QIRMIZI" İLƏ "SARI" ARASINDA

Hərbi komandanlıq Tailandda dayanıqlı sabitliyi təmin edə biləcəkmi?

Müəllif:

03.06.2014

Tailandda  növbəti dəfə hərbi çevriliş baş verib. Hərbçilər Yinqluk Çinnavat hakimiyyətini deviriblər. Tailandda generalitetin tez-tez daxili siyasi proseslərə müdaxiləsi bu ölkəyə nadir keyfiyyət qazandırır: Asiyanın iqtisadi baxımdan uğurlu ölkələrindən biri olan Tailand, eyni zamanda ən qeyri-sabit ölkələr sırasında da yer alır. Səbəb islahatçılarla mühafizəkarlar, yaxud Tailandda deyildiyi kimi, "qırmızılar"la "sarılar" arasında bitib-tükənmək bilməyən qarşıdurmadır.

7 ay idi Tailand "qaynayırdı". Ölkədə mitinqlər ara vermir, hökumət və müxalifət tərəfdarları arasında ciddi toqquşmalar yaşanırdı. Bu dövrdə qarşıdurmalarda ən azı 28 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. Tailand əhalisi arasında coğrafi və mental baxımdan faktiki parçalanma yaranıb. Sabiq Yinqluk Çinnavat hakimiyyətini dəstəkləyən şimalda yaşayanların əksəriyyəti onun qardaşı, hələ 2006-cı ildə hərbçilər tərəfindən devrilmiş eks-baş nazir Taksin Çinnavatın tərəfdarlarıdır. Vaxtilə o, son dərəcə populyar hökumət başçısı olub, ölkə tarixinə sosial təminat sisteminin yaradıcısı kimi düşüb. Amma zənginlik onun hakimiyyətinə mane olub: Taksin korrupsiyada ittiham olunub, bundan sonra Birləşmiş Ərəb Əmirliklərinə qaçıb və hazırda da orada yaşayır. Çinnavat ailəsinin mitinqlərə qırmızı rənglərlə çıxan tərəfdarları Tailandda islahatların aparılmasını istəyirlər.

Ölkənin cənubuna gəlincə, paytaxt Banqkok da daxil olmaqla, bu hissə liberal islahatlara qarşıdır və möhkəm monarxiya tərəfdarıdır. Mühafizəkarların özlərinə seçdikləri rəngin sarı olması da təsadüf deyil - sarı Tailand kral sülaləsinin rəsmi rəngidir. "Sarılar" Tailandda Taksinin devrilməsindən sonra - 2006-2011-ci illərdə hakimiyyətdə olublar. O zaman baş nazir postunu tutan Apxisit Vetçaçiva hərbçilərin Çinnavatın hakimiyyətdən uzaqlaşdırması ilə əldə etdiyi hədiyyəni əlində çox saxlaya bilməyib. 2010-cu ilin yazında Çinnavatın tərəfdarları Banqkok küçələrini etiraz dalğası ilə doldurublar. Hərbçilərin "qırmızılar"ı dağıtması onların 90-dan artıq tərəfdarının ölümü ilə nəticələnib. Amma bu, Vetçaçivanın "sarı" kabinetinə hakimiyyətdə qalmağa kömək etməyib. 1 il sonra "qırmızılar" parlament seçkisində qalib gələrək öz hökumətlərini formalaşdırıblar və hökumətə başçılıq Taksinin bacısı Yinqluk Çinnavata həvalə olunub.

Sonradan "qırmızılar"la "sarılar" arasında qarşıdurma o qədər dərinləşib ki, müxalifət liderlərindən birinə çevrilmiş Vetçaçiva Yinqluk hakimiyyətini istənilən yolla devirməyə hazır olduğunu açıq şəkildə dilə gətirib. "Məqsədimiz Taksin Çinnavat hakimiyyətini kökündən qoparmaqdır. Biz qalib gəlsək, partiyamın heç bir üzvü gələcəkdə hər hansı vəzifəyə iddia etməyəcək. Çünki qeyri-konstruktiv yolla qələbə qazanmağa çalışdığımızı anlayırıq", - deyə o zaman o, bildirirdi.

Hərbi çevrilişə səbəb olmuş daxili siyasi gərginlik Çinnavatın partiyasının parlamentdə ümumi amnistiya haqqında qanunun qəbuluna cəhdən sonra özünün kulminasiya nöqtəsinə çatıb. Bu qanunun qəbulu Taksinə vətənə qayıtmaq imkanı yaradacaqdı. Məhz, parlamentdəki bu təşəbbüs "sarılar"ın etiraz aksiyalarının son dərəcə aqressiv xarakter alması ilə nəticələndi. Nəticədə, Konstitusiya Məhkəməsi fevralın 2-də keçirilmiş parlament seçkisinin nəticəsini ləğv etdi, bir sıra seçki məntəqələri nümayişçilər tərəfindən mühasirəyə alındı, bəzi nazirliklər ələ keçirildi.

Aprelin sonunda Yinqluq Çinnavat Baş Seçki Komissiyası ilə iyulun 20-də təkrar seçkinin keçirilməsinə dair razılıq əldə etdi. Baş nazir öz elektoratına - "qırmızılar"a müraciət edərək əks-hücuma keçmək qərarına gəlmişdi. Artıq "qırmızılar" "sarılar"ı ələ keçirdikləri dövlət binalarından sıxışdırırdılar. Amma mayın 7-də Konstitusiya Məhkəməsi sensasion qərar qəbul etdi. Baş nazirin ölkənin Təhlükəsizlik Şurasının katibini vəzifədən kənarlaşdırmasını qanunsuz elan edən məhkəmə Yinqlukun qohumunun polis rəisi təyin edilməsinə dair qərarı da ləğv etdi. Üstəlik, məhkəmə baş nazirin dərhal istefaya göndərilməsi haqqında qərar çıxardı. Bundan sonra islahatçılarla mühafizəkarlar arasında toqquşmalar daha da qızışdı. Nəhayət, bu məqamda ordu proseslərə müdaxilə etdi.

Quru Qoşunlarının Ali Baş Komandanı general Prayut Çan-Oça ölkədə hərbi vəziyyət elan etdi. Bunun ardınca Tailandda komendant saatı  elan olundu, KİV-ə senzura tətbiq edildi, hər iki tərəfi təmsil edən 100-dən artıq siyasi lider ya həbs olundu, ya da onların ölkəni tərk etmələrinə qadağa qoyuldu. Saxlanılanlar arasında sabiq baş nazir də var idi. Lakin o, siyasi proseslərə müdaxiləsi qadağan olunaraq, 2 gün sonra sərbəst buraxıldı.

Nəhayət, hərbçilər 86 yaşlı Tailand kralı Pumipon Adulyadetin razılığı ilə, öz hakimiyyətlərini legitimləşdirdilər. Bununla da, ölkəni müvəqqəti idarə edəcək orqan - Sülh və Asayişin Dəstəklənməsi üzrə Milli Şuraya rəhbərlik general Prayut Çan-Oçaya həvalə edildi. Güman ki, hərbçilər xalq arasında böyük nüfuza sahib olan kralı siyasi xaosun həddindən artıq təhlükəli xarakter aldığına, bu şəraitdə hərbi vəziyyətin elan olunmasının qaçılmazlığına inandıra biliblər.

Beləliklə, bu, Tailandda 1932-ci ildə Konstitusion monarxiyanın tətbiqindən sonra sayca 19-cu çevrilişdir. Generalitetin rəsmi versiyasına görə, hərbçilər 1914-cü ildən qüvvədə olan və hələ də ləğv edilməmiş qanuna əsasən hərəkət edir. Qanun böhranlı vəziyyətlərdə ordunun siyasətə müdaxiləsinə icazə verir.

İstənilən halda, general Çan-Oça keçid dövründə qanunverici və icraedici hakimiyyəti öz əlində cəmləşdirib. Amma bunun nə qədər davam edəcəyi bəlli deyil. Hərbçilər öz kazarmalarına yalnız ölkədə seçkinin keçirilməsindən, demokratik yolla yeni hakimiyyətin seçilməsindən sonra qayıdacaqlarını bildirirlər. Amma Tailandın "demokratik yol"a qayıdış müddətini kim müəyyənləşdirəcək? Hərbçilər hesab edirlər ki, indi ümumxalq səsverməsi keçirməyin vaxtı deyil. Hərbi komandanlıq bu fikrini qarşı-qarşıya dayanmış siyasi qüvvələrin dialoqa, kompromisə hazır olmaması ilə əsaslandırır. Bu vəziyyət ölkənin hərbi rəhbərliyi qarşısında çətin vəzifə qoyur: təhlükəsizlik "zorakılıqla" olsa belə, təmin edilib. Bəs, Tailandı daxili münaqişədən çıxaracaq, ölkədə dayanıqlı sabitliyi təmin edəcək siyasi həlli necə tapmalı?

Vəziyyəti qismən də olsa idarə etmək üçün hərbçilər iqtisadi vəziyyətin sabitləşməsinə yönəlmiş addımlar atmağa başlayıblar. Məsələ ondadır ki, Tailand iqtisadiyyatı son aylarda özünün ağır dönəmini yaşayır - istehsal azalır, ənənəvi olaraq Tailand büdcəsinə nəhəng gəlirlər gətirən turistlər oraya getməkdən qorxur. Üstəlik, düyü problemi də son dərəcə kəskin hal alıb. Çinnavat hökumətinin fermerlərdən düyü aldığı zamandan kəndlilərə külli miqdarda borc yığılıb. Onun 2,5 milyard dollara çatdığı bildirilir. Hakimiyyətə gələn hərbçilər isə kəndlilərin borclarının 1 ay ərzində ödəniləcəyinə söz verib.

Bütün bunlarla yanaşı, Tailandda vəziyyətin sabitləşməsi, hərbi rəhbərliyin mövqelərinin nə qədər güclü olub-olmayacağı müəyyən mənada həm də xarici amillərdən asılıdır. Söhbət, ilk növbədə, Banqkokun ənənəvi müttəfiqi olan ABŞ-ın ölkədə yaşanan son hadisələrə münasibətindən gedir. Vaşinqton artıq Tailandda hərbi çevrilişin baş verməsini pisləyib. Bunun nəticəsi olaraq, amerikalılar Tailandla bir sıra ikitərəfli əməkdaşlıq layihəsini dayandırıblar. Məsələn, Birləşmiş Ştatlar Tailandla birgə hərbi-dəniz təlimlərində iştirakdan imtina edib, amerikalı admiral Harri Harrisin Banqkoka iyuna təyin edilmiş səfəri təxirə salınıb. Bundan başqa, Vaşinqton Tailand Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Tanasak Patimaprakorna Sakit okean komandanlığının mənzil qərargahına səfərlə bağlı göndərilmiş dəvəti də ləğv edib. Bu da son deyil. ABŞ Dövlət Departamenti "Amerikanın NATO-dan kənar əsas müttəfiqi" olan Tailanda 3,5 milyon dollarlıq hərbi yardımı dondurub. O, Banqkoka 10,5 milyon dollarlıq ümumi paketdən ayrılmalı idi.

Vaşinqtonun baş verənlərlə bağlı mövqeyini ABŞ-ın dövlət katibi Con Kerri dilə gətirib. O, Tailand hərbi komandanlığının əməllərinin "ABŞ-Tailand münasibətləri üçün mənfi nəticələr verəcəyini, xüsusilə Tailand ordusu ilə münasibətlərin korlanacağını" söyləyib. "Biz ABŞ qanunlarına əsasən, Tailanda hərbi və digər yardımların ayrılması məsələsinə yenidən baxırıq. Bu hərbi çevrilişə haqq qazandırmaq mümkün deyil", - deyə Kerri qeyd edib.

ABŞ-ın artıq Tailand hərbçilərini məzəmmət etmək təcrübəsi var. 2006-cı ilin sentyabrında onlar Taksin Çinnavat hakimiyyətini devirdikdə də Vaşinqton dərhal Banqkoka 24 milyon dollarlıq yardımı dayandırmışdı. ABŞ-ın baş verənlərə bu dəfəki reaksiyası Tailandda liberal kursun davam etməsində maraqlı olduğunu açıq şəkildə göstərir. Onlar Banqkoku özlərinin strateji müttəfiqi kimi, məhz, bu cür görmək istəyirlər.

Birləşmiş Ştatların Asiyada yeni geosiyasi düzən formalaşdırmaq işində Tailandın vacib rola malik olduğunu şəxsən Amerika prezidenti Barak Obama da təsdiqləmişdi. 2012-ci ilin prezident seçkisindən sonra o, Asiya turnesinə, məhz, Tailanddan başlamışdı. "Asiya prezident seçkisindən sonra ilk səfər etdiyim regiondur. Bu səfərdə ilk dayanacaq yerim Tailand oldu. Bu, təsadüf deyil. Dəfələrlə dediyim kimi, Birləşmiş Ştatlar Sakit okean fövqəldövləti olub və olaraq qalır. Asiya-Sakit okean regionu dünyanın ən sürətlə inkişaf edən regionudur. Bu mənada həmin regionun hazırkı yüzillikdə bizim təhlükəsizliyimiz və rifahımız, yeni iş yerlərinin yaradılması, Amerika xalqı üçün yeni imkanların açılması baxımından böyük əhəmiyyəti var", - deyə Barak Obama bildirmişdi.

Beləliklə, Asiyanın, o cümlədən Tailandın Amerikanın maraqları üçün daşıdığı əhəmiyyəti bilavasitə Ağ Evin sahibi bu cür aydın və qəti ifadə edib. Yalnız onu əlavə edək ki, Obamanın sözügedən turnesi həm də Çinə bu və ya digər dərəcədə rəqib ola biləcək ölkələrdə Vaşinqtonun mövqelərinin möhkəmləndirilməsinə yönəlmişdi. Hər halda, amerikalı strateqlərin Çini yaxın perspektiv üçün "bir nömrəli rəqib" hesab etdikləri heç kimə sirr deyil.

Problem ondadır ki, ABŞ-ın təbliğ etdiyi liberal demokratiya Birləşmiş Ştatların potensial və ya praktiki müttəfiqi sayılan ölkələrdə heç də hər zaman optimal idarəçilik formasına çevrilə bilmir. Görünür, indi Tailand rəhbərliyi amerikalıları ölkədə asayişi bərpa etmək üçün başqa yollarının qalmadığına inandırmağa çalışır. General Prayut Çan-Oçanın nümayəndələri ABŞ-ın və bütünlükdə Qərbin çevrilişə reaksiyasını yumşaltmaq üçün diplomatik kanallar vasitəsilə vəziyyətin bu yerə çatmasının səbəblərini izah etməyə cəhd göstərirlər. Onların "Tailanddakı siyasi vəziyyət və siyasi mühit digər ölkələrdəkindən kəskin şəkildə fərqlənir", "Tailandda demokratik idarəçilik çox sayda insan tələfatına yol açıb" kimi fikirlərini bu qəbildən olan izahlar saymaq olar.

Amma tailandlı hərbçilər qərbli müttəfiqlərini çevriliş etməkdə haqlı olduqlarına inandıra biləcəklərmi? Ümumiyyətlə, general Prayutun "vəziyyətin sabitləşəcəyi təqdirdə, hakimiyyəti xalqa qaytaracağına" dair vədi fonunda sonda hərbçilər haqlı çıxacaqlarmı? Dövlət çevrilişindən sonra ortaya çıxmış bu və digər suallara cavab vermək çox çətindir. Axı, söhbət sirli və sürprizlərlə dolu ölkədən gedir. 



MƏSLƏHƏT GÖR:

619