14 Mart 2025

Cümə, 23:41

KƏDƏRLİ MÜSTƏQİLLİK BAYRAMI

Müasir Ermənistan birinci respublikanın iflasına səbəb olmuş səhvləri təkrarlayır

Müəllif:

03.06.2014

Ermənistan özünün əsas dövlət bayramlarından birini - Respublika gününü qeyd etdi. Bu, 1918-ci ildə müstəqil Ermənistanın yaradılmasının növbəti ildönümü idi. Amma Ermənistanda həmin gün əsas diqqəti müstəqilliyin elan olunmasına deyil, "Sardarapad döyüşündəki qələbəyə" yönəltməyə çalışırlar: yerli tarixçilərin versiyasına görə, həmin gün erməni nizami dəstələri türk ordusu üzərində qələbə qazanıb. Ermənistan da müstəqilliyin elan olunmasını deyil, Sardarapad döyüşünü bayram etməyi üstün tutur. Prezident Serj Sarqsyanın, ölkə rəhbərliyinin və bütün ermənilərin katolikosu İkinci Qareginin də iştirakı ilə əsas təntənəli tədbirlər İrəvanda yox, məhz, Sardarapadda keçirilir.

Birinci Ermənistan respublikasının tarixində real hadisələrin necə cərəyan etdiyini nəzərə alsaq, təntənəli mərasimlərin İrəvandan Sardarapada köçürülməsi kifayət qədər rəmzi xarakter daşıyır. Məlum olduğu kimi, 1918-ci ilin mayında Cənubi Qafqazda yaranmış 3 müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan çox qısa ömür sürüb və sovet tarix dərsliklərinin müəlliflərinin dedikləri kimi, tezliklə "sovetləşdiriliblər". Amma mütəxəssislər istənilən mövzuda - musiqi, təbii elmlər, tarix və ya siyasi təhlil - söhbət zamanı stereotip yanaşmadan qaçılmasını əbəs yerə tövsiyə etmirlər. 1918-1920-ci illərdə Cənubi Qafqazdakı 3 müstəqil respublikanın taleyi nə qədər bənzər olsa da, fakt faktlığında qalır: 1920-ci ildə Cənubi Qafqazda erməni dövlətçiliyi iflasın astanasında idi. Daşnakların Türkiyə və Azərbaycana qarşı apardıqları müharibə biabırçı məğlubiyyətlə bitmişdi. Artıq Aleksandropol sülh müqaviləsi imzalanmışdı və onu Ermənistan üçün şərəfli müqavilə saymaq olmazdı. Düzdür, tarix elmində "əgər bu cür olsaydı..." prinsipinə söykənmək savadsızlıq hesab olunur, çünki tarix "əgər"lər əsasında yazılmır. Amma istənilən halda etiraf olunmalıdır ki, Qafqazda Rusiya İmperiyasının köç siyasəti sayəsində yaradılmış Ermənistanın "sovetləşdirilməsi", əslində, onun dünya xəritəsində qalmasına imkan verib. "Qolos Armenii" qəzetində bütün ermənilərin katolikosu I Vazgenin fikirlərinə yer verilməsi də heç də təsadüf deyil.  Sovet hakimiyyətinə xüsusi simpatiya bəsləməyən katolikos deyir: "Erməniləri tamamilə məhv olmaqdan hadisələrin xoş dönüşü xilas edib: sovet hakimiyyətinin qurulması xalqımızı və ölkəmizi xilasa, təhlükəsizliyə çıxardı. Sovet Ermənistanı yaranmasaydı, 29 noyabr tarixi olmasaydı, 28 may tarixində yalnız Ermənistanın başdaşı yazısı kimi qalacaqdı".

Yəqin ki, əlavə şərhə ehtiyac qalmır.

Problem isə ondadır ki, bugünkü Ermənistan artıq yeni tarixi şəraitdə, əslində, yenə də eyni səhvləri təkrarlayır və bu səhvlər yenidən erməni dövlətçiliyinin elə erməni dairələrinin təcavüzkar siyasətinin qurbanına çevrilməsi ehtimalını xeyli artırır. Artıq İrəvanda etiraf edirlər ki, birinci respublika günü "acı xatirələri olan" bayramdır. Bugünkü Ermənistanın da siyasi mənzərəsinin o qədər də bayram əhvalı yaratmadığını, sevinc gətirmədiyini söyləmək olar. Bu gün Ermənistan öz təcavüzkar siyasəti nəticəsində miqyaslı iqtisadi və nəqliyyat layihələrindən təcrid duruma düşüb, öz regional tərəfdaşları, ilk növbədə, Azərbaycan və Türkiyə ilə münasibətlərində ciddi problemlər yaranıb. 2010-cu ildə Rusiyanın "Birjevoy lider"i Ermənistanı "Zaqafqaziyanın yoxsul qohumu" adlandırmışdı və ötən illərdə vəziyyət dəyişibsə belə, bu dəyişiklik Ermənistanın xeyrinə olmayıb.

Həqiqətən də, hazırda Ermənistanın iqtisadi durumunu fəlakətli adlandırmaq olar. Ən sadə hesablamalara görə, ölkə əhalisinin üçdə birindən çoxu yoxsulluq həddində yaşayır. Ermənistan əhalisinin yoxsulluq həddinə görə Əfqanıstanla (əhalisinin 36%-i yoxsuldur), Banqladeşlə (31,5%), Kolumbiya (34,1%), Qırğızıstan (33,7%), Monqolustan (39,2%), Paraqvay (32,4%), Venesuela (31,9%) kimi ölkələrlə müqayisə olunur. Bunu Dünya Bankının məlumatları da təsdiqləyir. İşsizliyin səviyyəsinə görə, Ermənistan MDB-də ilk yeri tutur - 18%. Ekspertlər bu rəqəmin daha da artacağını proqnozlaşdırırlar.

Əksər ekspertlərin fikrincə, Ermənistanın vəziyyəti düzəltmək şansı o qədər də çox deyil. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi durmadan azalır. İrəvanın Gömrük İttifaqına qoşulmağa hazır olduğunu bəyan etməsinə rəğmən, Ermənistan iqtisadiyyatına yatırılan Rusiya investisiyasının həcmi 2013-cü ildə 29,7% azalaraq 86,25 milyon dollar təşkil edib. Bunu o qədər də yüksək rəqəm saymaq mümkün deyil. Ermənistan iqtisadiyyatına kapital qoyuluşlarını azaldanlar arasında Fransa da var. Tarixi əlaqələr, siyasətçilərin ənənəvi dostluq haqda bəyanatları və s. heç cürə investisiya fəallığı sayıla bilməz. Bunlar tamamilə fərqli məsələlərdir. İnvestorları maraqlandıran Şarl Aznavurun populyarlığı yox, pul qoyuluşlarının real gəlir gətirməsidir. "Sıxılmış" Ermənistanın isə potensial tərəfdaşlara təklif edəcəyi heç nəyi yoxdur.

Vəziyyəti kənar yardımlar hesabına düzəltmək şansı da yoxdur və artıq bunu İrəvanın özündə də etiraf edirlər. Avrozonadakı böhranı, ABŞ-dakı ipoteka böhranını və s. nəzərə alsaq, dünyanın maliyyə bazarında sərbəst pul kütləsi o qədər də çox deyil. Mövcud maliyyəni isə heç kim filantrop mülahizələrlə xərcləməyəcək. Ermənistanın iqtisadi durumu elədir ki, ona veriləcək kreditlərin geri qaytarılacağına ümid etmək çətindir. Üstəlik, rəsmi İrəvan ölkənin xarici borcunun ÜDM-in 37%-i həcmində olduğunu etiraf edirsə, müxalif düşərgədən olan ekspertlər daha təhlükəli rəqəm söyləyirlər - 50% və daha artıq. İqtisadçılar bunun kritik hədd olduğunu deyirlər. Ölkənin qızıl ehtiyatı da satılıb qurtarıb. Müstəqil mənbələrin bildirdiyinə görə, Ermənistanın Ovik Abramyanın başçılıq etdiyi yeni hökuməti ciddi maliyyə çatışmazlığı ilə qarşı-qarşıya qalıb.

Ən pis və qanunauyğun nəticə: bu siyasət nəticəsində Ermənistan əhalisinin sayı planlı şəkildə azaldılır. Vətəndaşlar artıq ölkədən getmirlər - onlar əməlli-başlı qaçırlar. Sabiq baş nazir Qrant Baqratyanın sözlərilə desək, insanlar Ermənistandan, hətta dəmir yolu ilə piyada qaçırlar.

"Yerkramas" qəzeti yazır ki, "Əlbəttə ki, bayram edəcəyik. Amma razılaşın ki, tam məmnunluq yoxdur. Müstəqillik əldə etməyimizin üzərindən keçən 20 ildə əhalimiz ancaq azalırsa, məmnunluq haradan olsun? Potensial mühacirlər çamadanlarını yığır, demək, uğurlarımız hələ də təhlükə altındadır, demək, sevimli dövlətimizdə hələ də hər şey qaydasında deyil". 

O dövlətdə ki, onu da birinci respubulika kimi baş tutmuş adlandırmaq olmaz.



MƏSLƏHƏT GÖR:

562