14 Mart 2025

Cümə, 22:35

YENİ "KÖMÜR VƏ POLAD" İTTİFAQI YARANDI

Ermənistana isə Qarabağa görə yerini göstərdilər

Müəllif:

03.06.2014

Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılmasına dair müqavilə üzərində işlərə hələ 2011-ci ilin sonlarında başlanılmışdı. O zaman Rusiya, Qazaxıstan və Belarus prezidentləri Avrasiya iqtisadi inteqrasiyası haqqında bəyannamə qəbul etmişdilər. Həmin hadisənin üzərindən 3 il keçməmiş Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko 900 səhifədən ibarət müqaviləyə imza atdılar. Bununla da, dünyada Avropa İttifaqından sonra miqyasına görə ikinci geoiqtisadi birliyin yaradıldığı elan olundu.

Sənədi imzalayan ölkələrin parlamentlərinə müqavilənin bu ilin sonunadək ratifikasiya olunması tövsiyə edilib. Məqsəd 2015-ci il yanvarın 1-dən Aİİ-nin fəaliyyətə başlamasına nail olmaqdır. Tərəflər malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin iştirakçı ölkələr arasında azad hərəkətinin təminilə bağlı razılığa gəliblər. Bundan başqa, onlar iqtisadiyyatın aparıcı sahələrində razılaşdırılmış siyasət yürüdəcəklər. Buraya enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri aiddir. 

 

İttifaqa aparan çətin yol

Müqavilənin imzalanması tərəflərə asan başa gəlməyib. Qazaxıstan və Belarus suverenliklərinə ziyan vurmamaq üçün sənəddə Aİİ-nin sırf iqtisadi yönümlü qurum olduğuna dair fikrin yer almasını tələb edirdilər.

Beləliklə, müqavilədə qərarların konsensus əsasında qəbulu haqda maddə yer alıb. Bu səbəbdən, əvvəlcədən planlaşdırılan bir çox məqamlar sənədə daxil olunmayıb. "Biz siyasi müqavilədən qaçdıq. Demək, İttifaqın özəyini sırf iqtisadi əməkdaşlıq təşkil edir. Qazaxıstanın ardıcıl mövqeyi sayəsində ümumi vətəndaşlıq, xarici siyasət, parlamentlərarası əməkdaşlıq, pasport-viza məsələsi, sərhədlərin ümumi mühafizəsi, ixraca nəzarət və s. kimi məsələlər müqavilədən çıxarılıb", - deyə Qazaxıstan xarici işlər nazirinin müavini Samit Ordabayev bildirib.

İstənilən halda postsovet məkanının 3 ölkəsi dünya gücünə çevrilməyə iddialı olan yeni ittifaq yaradıblar. İndiki mərhələdə Aİİ özündə 170 milyondan artıq insanı birləşdirir. Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, dünyanın qaz ehtiyatının beşdə biri, neft resurslarının isə 15%-i bu məkanda yerləşir. Bundan başqa, daha 2 dövlət - Qırğızıstan və Ermənistan da tezliklə yeni ittifaqa qoşulmaq arzusundadırlar.

Qırğızıstan Aİİ-yə 2014-cü ilin sonunadək qoşulmağa ümid edir. Bunu ölkə başçısı Almazbek Atambayev bəyan edib. Onun sözlərinə görə, Qırğızıstan parlamenti Bişkekin Yeni ili Aİİ-də qarşılaması üçün 30 qanun qəbul etməli, bir sıra sənədlər ratifikasiya olunmalıdır.

Ermənistan prezidenti Serj Sarqsyan isə ölkəsinin Aİİ-yə qoşulmasına dair müqavilənin bu il iyunun 15-dək imzalanmasını təklif edib. İrəvanla tezliklə müqavilənin imzalanması istəyini Rusiya prezidenti Vladimir Putin də dilə gətirib.

 

 

Erməni yükü

Aİİ ölkələrilə ümumi sərhədi olmayan Ermənistanın ittifaqa qoşulması nəzəri baxımdan əvvəldən elan edilmiş meyarlara ziddir. Təşkilatçılar bu məsələni qabartmasalar da, İrəvanın qonşularına qarşı təcavüzkar siyasətini diqqətdən kənarda saxlamaq mümkün olmayıb.

Rəsmi Bakı yeni ittifaqın iştirakçısı və ona qoşulmağa namizəd olmasa da, region üzrə tərəfdaşlarından Ermənistanın Aİİ-yə qəbulu ilə bağlı ortaya şərt qoyulmasını tələb edib.

"Biz Azərbaycan prezidentindən məktub almışıq ki, Ermənistan ÜTT-yə şərtlə qəbul edilib - əsasnamə Ermənistanın BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində keçərli olmalıdır. Bu, müzakirə olunacaq məsələdir", - deyə Qazaxıstan prezidenti bildirib.

N. Nazarbayev Ermənistanın Aİİ-yə qəbuluna dair müqaviləyə İrəvanın bunu  BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində etməsini nəzərdə tutan maddənin əlavə edilməsini istəyib. O, Serj Sarqsyana üzünü tutaraq deyib: "Siz ÜTT-yə belə üzv olmusunuz. Gəlin, iyun ayı ərzində bu məsələni müzakirə edək".

Gözlənildiyi kimi, Nursultan Nazarbayevin sözləri İrəvanda "hiddətə" səbəb olub. "Lragir" portalı yazır ki, Nazarbayev "Ermənistana müdhiş ultimatum verib". Portal hesab edir ki, bu, "faktiki olaraq, Qarabağın qaytarılması üçün İrəvana 15 gün vaxt verilməsidir".

Amma İrəvan əvvəlcədən anlamalı idi ki, Aİİ-yə özü ilə birlikdə işğal etdiyi Dağlıq Qarabağı da sürükləmək cəhdi iflasa uğrayacaq. Yəni Ermənistana Aİİ üzvü kimi aid olacaq gömrük, miqrasiya və ya hər hansı digər imtiyazlar Azərbaycanın işğal altındakı ərazilərinə şamil edilə bilməz. Ermənistan özü də bu əraziləri "müstəqil Dağlıq Qarabağ respublikası" adlandırır. Bu "respublika"nın özü isə Aİİ-yə qəbul edilməsi üçün heç kimə müraciət ünvanlamayıb.

Bu fakt İrəvana Azərbaycanla müharibəni davam etdirməyin Ermənistanın maraqlarına cavab vermədiyinə dair növbəti siqnaldır. Nazarbayevin bəyanatı isə Azərbaycan Prezidenti İlham Əliyevin hazırda Bakının razılığı olmadan heç bir regional layihənin reallaşdırılmasının mümkün olmadığına dair bəyanatını bir daha təsdiqləyib.

 

Aİ-yə hələ çox var, amma... 

Ermənistanlı və ya Ermənistansız, Aİİ-nin təsisini artıq baş tutmuş fakt saymaq olar. Təsisçi ölkələr birliyin birmənalı olaraq iqtisadi yönümlü olduğunu iddia etsələr də, əksər analitiklər bu ittifaqın siyasi gələcəyini də görürlər. Ən azı ilkin mərhələdə KTMT-nin bütün üzvlərinin mütləq ittifaqa qoşulmasına göstərilən cəhdlər bunu təsdiqləyir. Yəni, artıq söhbət iqtisadi əməkdaşlıqla yanaşı, həm də hərbi sahədə əməkdaşlıqdan gedir. Belarus prezidenti Aleksandr Lukaşenko da Aİİ-ni siyasi, hərbi və humanitar birlik üçün əsas kimi gördüyünü gizlətməyib.

Artıq bir çox analitiklər Aİİ-ni Avropa Kömür və Polad Birliyilə müqayisə edirlər. Söhbət İkinci dünya müharibəsindən sonra yaradılmış, sonradan yerini hazırkı Avropa İttifaqının əsasını təşkil etmiş Avropa İqtisadi Birliyinə vermiş təşkilatdan gedir.

Ekspertlərin digər hissəsi Aİİ ilə bağlı ehtiyatlı nikbinlik də ifadə edirlər. Onların fikrincə, postsovet məkanında yaradılan yeni qurumun Avropa İttifaqı səviyyəsinə çatmasına hələ çox var. Moskva nə qədər inkar etsə də, Aİİ haqqında müqavilə növbəti dəfə Rusiyanın nüfüz dairəsinin möhkəmləndirilməsinə göstərilən cəhddir. Bu isə Avrasiya inteqrasiyasını Avropa inteqrasiyasından fərqləndirən əsas məqamdır. Bu fikrin tərəfdarları hesab edirlər ki, Aİ-də Almaniyanın iqtisadi lokomotiv olmasına rəğmən belə, dominant roluna iddialı dövlət yoxdur.

Digər tərəfdən Aİİ üzvü olan dövlətlər hələ ali strukturların yaradılmasına, vahid maliyyə, xüsusilə valyuta məkanının və Aİ səviyyəsində inteqrasiyanı mümkün edəcək digər elementlərin formalaşdırılmasına hazır deyillər.

Güman ki, Qərbin Rusiyanın bu yeni inteqrasiya layihəsinə son dərəcə qısqanc münasibəti, məhz, bu perspektivlə bağlıdır. ABŞ-da və Avropada əmindirlər ki, əslində, Moskva bu addımı ilə bəzi postsovet respublikalarının Avropaya inteqrasiya istəyinin qarşısını almağa, bununla da, regionda öz nüfuzunu qorumağa və gücləndirməyə çalışır. Avropa İqtisadi İttifaqı haqda ideyanın Gömrük İttifaqı formasında real şəkil almağa başlamasından dərhal sonra Aİ-nin postsovet məkanından olan tərəfdaşları ilə özünün "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində yaxınlaşmanı intensivləşdirməsi heç də təsadüf deyil. Üstəlik, Aİ ilə Assosiativ Sazişin imzalanmasının əsas şərtlərindən biri Rusiya ilə Gömrük İttifaqına qoşulmamaqdır.

Amma ən son anda Ermənistan Rusiyanın da təsiri ilə Aİ ilə artıq hazır olan Assosiativ Sazişi imzalamaqdan imtina etdi, Ukrayna Viktor Yanukoviçin rəhbərliyilə sənəd üzərində işləri qeyri-müəyyən vaxtadək təxirə saldı. Ermənistana tələbat o qədər də böyük olmasa da, Ukraynanı itirmək,  əlbəttə ki, Qərbin planlarına uyğun deyildi. Məhz, bu dissonas Kiyevin Maydanında əks-sədaya və ardınca Ukraynadakı acınacaqlı hadisələrə səbəb oldu.

 

3:1 Moskvanın xeyrinə

Ola bilsin ki, Ukraynada yaşananlar Rusiyanı Aİİ-nin yaradılması prosesini sürətləndirməyə sövq edib. Yəni, Moskva öz geosiyasi nüfuzunu nümayiş etdirməli idi və sadəcə Krımın özünə birləşdirilməsi bunun üçün kifayət deyildi. Bu yaxınlarda Moskva ilə Pekin arasında Rusiya qazının alğı-satqısına dair imzalanmış müqaviləni də Kremlin aktivinə yazmaq olar. Aİİ-nin yaradılması isə Qərblə mübarizədə Rusiyanın xeyrinə yazılan daha bir xaldır.

Aİİ-nin baş ofisi Moskvada, məhkəməsi Minskdə, maliyyə mərkəzi isə Astanada olacaq. İttifaq Ümumdünya Ticarət Təşkilatı ilə rəqabət aparmayacağını, hətta yenidən velosiped icad etməyərək, onun qaydaları ilə işləyəcəyini  bildirir. Bəli, yeni birliyin ÜTT ilə rəqabətə girə bilməsinə də hələ çox var. Onun fəaliyyətə uğurlu başlaması üçün sələfi olan Gömrük İttifaqının həll olunmamış qalan məsələlərinin çözülməsi  kifayətdir. Qalanını zaman göstərəcək. 



MƏSLƏHƏT GÖR:

772