25 Noyabr 2024

Bazar ertəsi, 12:34

“ƏJDAHA” HADİSƏLƏR

Ötən il Azərbaycan iqtisadyyatının inkişafında önəmli rol oynayan bir sira iri planların gerçəkləşdirilməsı ilə yaddaqalan oldu

Müəllif:

01.01.2013

2012-ci Odlu Əjdaha ili dünyada artıq bir neçə ildir ki, tüğyan edən və vəziyyətin tezliklə düzələcəyinə olan ümidləri getdikcə azaldan böhranın alovlarını daha da gurlaşdırdı. 

Alov Avropanın, demək olar ki, uçurumuna gəlib çıxmış bir sıra ölkələrindən ilk baxışdan yaxşı vəziyyətdə görünən Şərqə də keçib - Çinin sarsılmaz sayılan iqtisadiyyatı çat verməyə başlayıb. Çox sahələr üzrə statistika göstəriciləri ölkələrin qlobal reytinqləri kimi üzüaşağı getməyə başladı, sosial göstəricilərin pisləşməsi kütləvi etiraz aksiyalarının və tətillərin əsas səbəbinə çevrildi. 

Bununla yanaşı, birbaşa böhranın ağuşuna düşməmiş ölkələrin keçənilki iqtisadi hadisələrinə nəzər saldıqda, "Köhnə Dünya"nın artıq çox uzanmış problemlərinə bu ölkələrdə hansısa alışqanlığın olduğunu düşünmək olur. 

Azərbaycana gəldikdə isə, burada praqmatik yanaşma və şaxələndirilmiş iqtisadi siyasət hesabına əvvəlki kimi çox sahələrdə makroiqtisadi göstəricilərin artması davam edib. 

 

Hesablara görə ödəniş 

Azərbaycanın keçənilki sosial-iqtisadi həyatının daha çox əhali qrupunun maraqlarına cavab verən ən önəmli hadisələrindən  biri, şəksiz, Prezident İlham Əliyevin 1 yanvar 1992-ci il tarixinə kimi AzSSR Əmanət Bankının əmanətçiləri olmuş vətəndaşlara (yaxud onların varislərinə) birdəfəlik fərdi ödənişlərin verilməsi  ilə bağlı qərarı olub. 

Proses Azərbaycanın fərdi depozit hesabına malik, təxminən, 2,4 milyon vətəndaşını əhatə edib. Əmanətçilərə birdəfəlik fərdi ödənişlərin ölçüsü 1 yanvar 1992-ci il tarixə qalıq əmanətə görə hesablanır. Fərdi birdəfəlik ödənişlərin verilməsi 2012-ci ilin iyun ayında başlanıb və 2013-cü ilin sonuna başa çatacaq. Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, bu ödənişlərin gerçəkləşdirilməsi üçün 800 mln manata yaxın tələb edilir. 

 

"Avropaya pəncərə" - SOCAR

Azərbaycan iqtisadiyyatının əsas lokomotivi  -  SOCAR üçün əjdaha ili tamamilə uğurla başalayıb. 2012-ci ilin üçüncü qış ayının 3-nü Azərbaycan Dövlət Neft Şirkəti üçün tarixi saymaq olar - həmin gün o, Londonda uğurla öz fərdi avrobondlarının debüt buraxılışını başa çatdırıb. Şirkət həmin günə düz 5 il yol gəlib və ilk buraxılış 290 sərmayəçinin marağını çəkib, onlar tərəfindən verilən sifarişlər nə az, nə də çox - düz, $4,6 mlrd təşkil edib. 

Artıq yanvarda isə aparıcı reytinq agentlikləri "Moody`s Investors Service" və "Fitch Ratings" SOCAR-ın avroistiqrazlarının birinci buraxılışına ilkin 1 reytinqi və uyğun olaraq xarici valyutada prioritet təmin edilməmiş BBB-(exp) reytinqi verib. Buraxılan avrobondların ümumi məbləği illik 5,45% gəlirliklə $500 mln təşkil edib. Avroistiqrazlar üzrə ilkin buraxılışın ödənilmə tarixi 9 fevral 2017-ci il müəyyən edilib.  

Debüt buraxılışının paylandığı sərmayə qrupunun əsas hissəsi Böyük Britaniya təmsilçiləridir (46%);  başqa Avropa ölkələri (38%), ABŞ (12%) və Asiya (4%) offşorları da var. Nəticədə, avrobondların 63%-i fond iştirakçıları,    16%-i  banklar, 11%-i sığorta şirkətləri və pensiya fondları,  10%-i isə hec fondları tərəfindən alınıb. 

 

TANAP və boru kəmərlərinin döyüşü 

İyunun son günlərində birbaşa iki  hadisə baş verdi - Azərbaycan qazının Avropaya ixracı planlarının gerçəkləşdirilməsi üzrə  iki önəmli mərhələ aşıldı. Birincisi, İstanbulda Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər daşınmasını nəzərdə tutan Transanadolu qaz kəmərinin (Trans Anadolu Pipeline, TANAP) tikinti layihəsi üzrə  Azərbaycanla Türkiyə arasında hökumətlərarası sazişin imzalanması baş tutdu. 

 İkincisi "Şahdəniz" yatağının işlənməsi konsorsiumu qazın  Cənub-Şərqi və Mərkəzi Avropaya ixracı üzrə potensial marşrutların qiymətləndirilməsini başa çatdırdı. Nəticədə, qazın bu istiqamətdə nəqli üçün daha bir prioritet layihə kimi "Nabucco West" seçildi. Yada salaq ki, 2012-ci ilin fevral ayında Azərbaycan qazının İtaliyaya ixracı üçün nəzərdə tutulmuş iki variantdan (TAP - Trans Adriatic Pipeline qaz kəməri və ITGI - İnterkonnektor Türkiyə - Yunanıstan - İtaliya qaz kəməri) biri kimi gələcək qiymətləndirmə üçün TAP layihəsi seçilmişdi. 

Yada salaq ki, TANAP üzrə saziş iyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan tərəfindən imzalanmışdı.  

 

Banklar islahat dalğasında 

Azərbaycanın bank bölməsi üçün 2012-ci ilin yayı çox qızmar olub. Hər şey ondan başladı ki, iyulun 12-də Azərbaycan Mərkəzi Bankı (AMB) öhdəlikləri yerinə yetirmədiyi üçün "RoyalBank"ı lisenziyadan məhrum elədi. AMB-nin rəsmi məlumatında konkret olaraq qeyd edildi ki, "bank tərəfindn kapitalın adekvatlığı, məxsusi kapitalın ölçüsü üzrə tələblər yerinə yetirilmədiyindən, kreditorlar qarşısında öhdəliklər icra edilmədiyindən, prusendal normalar pozulduğundan və fəaliyyətin gerçəkləşdirilməsinə etibarın olmaması" üzündən bu, baş verib. 

"RoyalBank" Azərbaycan Əmanətlərin Sığortası Fondunun (ADIF) üzvüdür. Fondun tarixində bu, ilk dəfə onun üzvünün müflisliyidir. Həmçinin fondun belə hala sürətli reaksiya vermək qabiliyyətini və effektivliyini göstərmək üçün ilk səbəbdir və fond bunun öhdəsindən uğurla gəlib. 

25 iyulda AMB-nin qəbul etdiyi qərarı Azərbaycanın bank bölməsi üçün taleyüklü saymaq olar: işləməkdə olan bankların məcmu kapitalının minimum ölçüsü, həmçinin yeni açılan bankların nizamnamə kapitalına qoyulan tələb 5 dəfə artırılaraq 50 mln manata çatdırılıb. Məcmu kapitalın minimium ölçüsünə qoyulan yeni normativ 1 yanvar 2014-cü ildən qüvvəyə minir. 

AMB əmindir ki, yeni tələblərin tətbiqi Azərbaycan banklarının kapitala bağlı mövqelərini gücləndirməklə yanaşı, maliyyə vasitəçiliyinin effektivliyinin də artmasına səbəb olacaq ki, bu da bank sisteminin dayanaqlılığını və maliyyə sabitliyini daha da gücləndirəcək. Eyni zamanda, maliyyə bazarlarının inkişafına, o cümlədən banklararası bazara, iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə, bank xidmətlərinin çeşidinə müsbət təsir göstərəcək və onların qiymətinin ucuzlaşmasını dəstəkləyəcək. 

Və nəhayət, ilin sonuna yaxın AMB-nin qərarı ilə dekabrın 10-da uçot dərəcəsi 5,25%-dən 5%-ə qədər endirilib. Bu qərar faiz dərəcəsinin azaldılması yolu ilə ölkənin neftdənkənar bölməsində iqtisadi artımı dəstəkləmək məqsədi  ilə verilib ki, bu da inflyasiyanın optimal səviyyəsinin nəzərə alınması ilə mümkündür. 

 

Qızıl olan evin açarı 

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin idarə edilməsində də böyük dəyişikliklər baş verib. Beləliklə, ARDNF-nin investisiya siyasətinə uyğun olaraq ilk dəfə 2012-ci ildə sərmayə portfelinin 5%-ə qədəri səhmlərə, 5%-i əmlaka, 5%-i isə qızıla yatırıla bildi. 

Keçən il ərzində ARDNF Londonda və Parisdə əmlak alıb. Böyük Britaniya paytaxtında fond  177,35 mln funt-sterlinqə ofis kompleksi, Fransada isə 135 mln avroya bina alıb. Qeyd edək ki, bu əmlaklar ARDNF-nin öz investisiya siyasəti çərçivəsində xaricdəki aktivlərə sərmayə yatıra biləcəyi şərtlərə uyğun gəlir. Fonddan dəfələrlə qeyd ediblər ki, satın alınan əmlakın likvidliyi yüksək, qiyməti və gəlirliliyi sabit olmalıdır. Əsas kimi icarə haqqında uzunmüddətli sazişin olmasını, şəhərlərin iş mərkəzlərində yerləşməsini, vəziyyətinin əla olmasını, çağdaş texnika ilə təmin edilməsi və başqa şərtləri qoyublar.

Həmçinin  1 fevral 2012-ci il tarixdən ARDNF hər həftə 10 min unsiya qızıl almağa başlayıb. Neft Fondu London qiymətli metallar birjasında fiziki qızıl alır və müvəqqəti olaraq onu "JP Morgan" bankının Londondakı anbarında saxlayır. Ümumilikdə, iki il müddətində fond qiymət dəyişiklikləri risqinin olması səbəbindən mərhələli şəkildə 30 tona yaxın qızıl almağı planlaşdırır. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə ölkə ARDNF-nin ehtiyacları üçün qızıl idxalı gömrük rüsumu və əlavə dəyər vergisi (ƏDV) ödənişindən azaddır. 

 

Hər şeydən bir az 

Üç il müzakirələrdən sonra, nəhayət Milli Məclis Şəhərsalma və Tikinti Məcəlləsinin yekun variantını qəbul etdi. Tikinti fəaliyyətini tənzimləyən bütün qanun və qaydaların bu vahid normativ sənədə uyğunlaşdırılması ilə yanaşı, həmçinin tikinti şirkətlərinin fəaliyyəti vahid dövlət orqanı tərəfindən  də  tənzimlənəcək. 

Vergilər Nazirliyi isə keçən il nağdsız əməliyyatlar bazarının genişlənməsi üzrə işləri  xeyli  gücləndirib. 

Bu gün bütün respublika ərazisində, o cümlədən Bakıda, həmçinin turizm  mərkəzlərindəki otellərdə, ictimai iaşə obyektlərində, ticarət və əyləncə obyektlərində, avtomobil yanacaqdoldurma məntəqələrində, tibbi xidmət göstərən və əczaçılıq məhsullarının satışı ilə məşğul olan obyektlərdə, həmçinin taksilərdə POS-terminalların qoyulması təmin edilib.  Dövlət Yol Polisinin avtomobilləri də bu aparatlarla təchiz edilib. 2015-ci ilin sonuna kimi POS-terminallar ölkənin bütün kənd və qəsəbələrində quraşdırılacaq. 

AMB 2017-ci ilə kimi ölkədə nağdsız ödənişlərin inkişafı üzrə Dövlət Proqramının hazırlanmasını başa çatdırıb. Proqramın əsas istiqamətləri sırasına elektron ödənişlərin gerçəkləşdirilməsi üçün infrastrukturun genişləndirilməsi, institusional bazanın gücləndirilməsi, onların istifadəsinin effektivliyinin artırılması, əhali arasında maarifçilik işlərinin aparılması, əhalinin və iqtisadi subyektlərin bu xidmətlərdən istifadəyə daha fəal cəlb edilməsi daxildir. 

 

Gələcəyə baxış 

Və nəhayət, ilin sonunda qəbul edilən önəmli monumental sənəd - "Azərbaycan - 2020: gələcəyə baxış" inkişaf konsepsiyası qəbul edilib. 2020-ci ildə Azərbaycan iqtisadi və sosial baxımdan inkişaflı, bütün sahələrdə rəqabət qabiliyyətli ölkəyə çevriləcək.

Azərbaycanın, hətta ən uzaq kəndləri  vətəndaşların komfortlu yaşayışı üçün lazım olan bütün kommunikasiyalarla (rabitə,  internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və s. ilə), səhiyyə və təhsil xidmətləri ilə təmin ediləcək. Azərbaycan əhalisinin gəlirləri yüksək, işsizlik səviyyəsi minimum olan,  yüksək inkişaflı insan kapitalına, mühafizə olunan və sağlam ətraf mühitə malik, hər bir vətəndaşı üçün geniş imkanlar təqdim edən ölkəyə çevriləcək. 

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin gerçəkləşdirilməsi nəticəsində həmin dövrün sonuna kimi ölkədə adambaşına ƏDV göstəricisi iki dəfədən çox artaraq, 13 000 ABŞ dollarına çatacaq. Hədəf seçilib: 2020-ci ildə Azərbaycan Dünya Bankının "Adambaşına ümumi milli gəlir" təsnifatı üzrə "yüksək insan inkişafı olan ölkələr" qrupunun ilk sıralarının birində və BMT İnkişaf Proqramının insan inkişafı proqramının təsnifatı üzrə "yüksək ortagəlirli ölkələr" qrupunda olacaq. 

İqtisadi inkişaf baxımından Azərbaycan Respublikasının regionun lider dövləti statusu beynəlxalq iqtisadi münasibətlər sistemində  yüksək rəqabət qabiliyyətli iştirakçı mövqeyə malik ölkə statusuna qədər yüksələcək. Bu məqsədlə, əlverişli coğrafi vəziyyət və geniş potensial nəzərə alınaraq, ölkəni regionun ticarət mərkəzinə çevirmək, neftdənkənar bölmə üzrə adambaşına ixrac göstəricisini $1000-a  çatdırmaq nəzərdə tutulur.

Göstərilən məqsədlərə çatmaq üçün rəhbər prinsiplər kimi effektiv dövlət tənzimlənməsinə, iqtisadiyyatın enerjini rasional istifadə edən və yüksək izafi dəyər yaradan ixrac yönümünə keçirilməsinə, sosial-iqtisadi sahələrdə inkişafa kompleks yanaşmaya üstünlük veriləcək. Konsepsiya çərçivəsində qarşıya  ölkə iqtisadiyyatını faktorların ümumi məhsuldarlığının artımı hesabına məhsuldarlığa əsaslanan iqtisadiyyata çevirmək qoyulur. 

Ümid edək ki, müdrik İlan da  bu planların gerçəkləşdirilməsinə öz töhfəsini verəcək! 



MƏSLƏHƏT GÖR:

533