14 Mart 2025

Cümə, 10:56

2012-Cİ İLİN 12 ANI

Ötən il dünyada baş vermiş əsas siyası hadisələr haqqında

Müəllif:

01.01.2013

2012-ci il siyasi hadisələr və sarsıntılar baxımından zəngin oldu. Bəziləri seçki keçirdi, bir başqaları hakimiyyəti zorla ələ keçirməyə çalışdı, digərləri qonşuları ilə müharibə etdi, kimlərsə də böhrandan çıxmağa çalışdı. hamısını sadalamaq mümkün deyil. Baş verənlərə qiymət verilməsi də hələ ki, tezdir. Tarix özü hər şeyi yerbəyer edəcək. Amma başa çatmaqda olan ilin siyasi mənzərəsinə nəzər salmaq, yəqin ki, yerinə düşərdi. Gəlin baş verənlərə ardıcıllıqla nəzər salaq.

 

Putinlə yola davam

2012-ci ilin yazında Vladimir Putin üçüncü dəfə Rusiya prezidenti seçildi. Analitiklərin fikrincə, onun real alternativi olmadığından, seçkinin nəticələrini əvvəlcədən də proqnozlaşdırmaq mümkün idi.

Bununla yanaşı, Putin prezident postuna qayıtdıqdan sonra ölkəyə rəhbərlik etdiyi illər ərzində ilk dəfə artan sosial fəallıqla qarşılaşdı. Rusiya şəhərlərinin küçələrinə minlərlə narazı insanın axışması məhz bu fəallığın göstəricisi idi. Amma Putin hakimiyyətinin "güclü əli" ölkədə daxili siyasi sabitliyi qoruyub saxlaya bildi.

Daha mülayim xarici siyasət tərəfdarı kimi tanınan sələfi Dmitri Medvedevdən fərqli olaraq, Putinin dünyanın aktual problemlərinə sərt baxışı ölkənin beynəlxalq siyasətində yenidən həlledici amillərdən birinə çevrildi. Yeni-köhnə prezident dərhal postsovet məkanının Avrasiya İttifaqının himayəsi altında inteqrasiyası prosesini hərəkətə gətirdi. Bəzi analitiklər bunu Sovet İttifaqı nümunəsinin bərpası layihəsi hesab edir.

 

Au revoir, Sarkozy!

2012-ci ilin aprelində Fransada da prezident seçkisi keçirildi və nəticədə dövlət başçısı Nikola Sarkozi sosialist Fransua Ollanda məğlub oldu.

Bu, Fransa tarixində sosialistin prezident seçildiyi və hakimiyyətdə olan dövlət başçısının uduzduğu ikinci seçki idi. Sosialistlər isə nəinki prezident, həm də parlament seçkisində qələbə qazandılar.

Hələ seçki ərəfəsində Sarkozi 2007-ci ildəki ilk prezident seçkisi kampaniyasının Liviyanın gözdən düşmüş lideri Müəmmar Qəddafi tərəfindən maliyyələşdirildiyinə dair ittihamla üzləşmişdi. Sarkozi bu faktı təkzib etsə də, yayılmış xəbər öz işini görmüşdü.

N.Sarkozinin reytinqinin düşməsində onun Osmanlı Türkiyəsində baş vermiş "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna cəhdi də öz rolunu oynamışdı. Birincisi, prezidentin bu cəhdi Fransa-Türkiyə münasibətlərini pozmuş, Türkiyə ilə sıx əməkdaşlıq edən fransız sahibkarlar və sənayeçilərin ciddi narazılığına səbəb olmuşdu.

İkincisi, qanun layihəsi sonda Konstitusiya Komissiyası tərəfindən Fransanın Əsas Qanununa zidd olduğu üçün rədd edilmişdi. Bu isə Fransanın erməni diasporunda narazılıq yaratmışdı. Halbuki, Sarkozinin sözügedən təşəbbüsü məhz erməni diasporunun dəstəyinin qazanılmasına hesablanmışdı.

"Tuluzalı atıcı" - Əlcəzair əsilli Məhəmməd Meranın Fransa hərbçilərinə və yəhudi məktəbinə hücum edərək törətdiyi terror da ölkədə qüvvələr nisbətinə təsir göstərmişdi. Fransadakı antiemmiqrant və antiislam əhvalı millətçilərin lideri Marin Le Penin seçkidə üçüncü yeri tutmasına kömək etdi.

Ollandın Sarkoziyə qəlib gəldiyi seçkidən yarım il keçir və bu gün sosialist prezidentin reytinqi də çox aşağıdır. Olland Fransa tarixində ölkəyə rəhbərliyinin 100 günündən sonra əhalinin cəmi 43%-i tərəfindən dəstəklənən ilk dövlət başçısıdır. 

 

Obama 2:0

ABŞ-da Demokratlar Partiyasından olan hazırkı dövlət başçısı Barak Obama ilə Respublikaçılar Partiyasının namizədi Mitt Romninin mübarizə apardığı prezident seçkisinin nəticəsini son anadək proqnozlaşdırmaq çətin idi. İqtisadiyyatın pis durumda olması, artan xarici borc müxalifətin əlində kozır idisə, Obamanın ilk prezidentlik müddətində Amerika qoşunlarının Əfqanıstandan çıxarılması və Ben Ladenin fiziki məhvi, həmçinin Sendi qasırğası zamanı xilasedici tədbirlərin operativliyi son anda Barak Obamaya ikinci müddətə Ağ Evə rəhbər seçilməyə kömək etdi. Bundan başqa, əhalini iqtisadi böhrana görə Corc Buş administrasiyasının günahkar olduğuna inandıran demokratlar nəinki  seçkidə qalib gəldilər, Senatda da çoxluğu ələ aldılar. Amerikanın siyasi ənənələrinə əsasən, prezident ikinci səlahiyyət müddətində daha sərbəst olur. Çünki o, fəaliyyəti dövründə bir müddət sonra təkrarən prezident seçilməsinin qeydinə qalmalı olmur. Bu üzdən Barak Obamadan yeni administrasiyasının formalaşdırılmasında daha çox sərbəstlik, daha cəsarətli qərarlar gözləmək olar.

 

"Gürcü arzusu" gerçəkləşdimi? 

Gürcüstanda isə hakim partiya öz mövqeyini qoruyub saxlaya bilmədi və parlament seçkisində milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" partiyası qalib gəldi. Mixail Saakaşvilinin məğlubiyyəti onun tərəfdarları üçün sürpriz oldu. Çünki prezidentin administrasiyası hakimiyyətdə olduğu illər ərzində çox şeyə nail olmuşdu: Acarıstan üzərində nəzarət bərpa edilib, vergi yığımı dəfələrlə artıb, dövlət idarəçilik aparatı müasirləşdirilib, aşağı təbəqələrdə korrupsiya aradan qaldırılıb və kriminalitet susdurulub.

Amma əhalinin əsas hissəsi, xüsusilə orta və yuxarı yaş qrupları, həmçinin təhsil və ixtisas səviyyəsi aşağı olanlar üçün vəziyyət yaxşılığa doğru o qədər də dəyişməyib.

"Gürcü arzusu"nun parlament seçkisindəki qələbəsinə rəğmən, onun hakimiyyətdə möhkəmlənəcəyi haqda danışmaq tezdir. Saakaşvilinin silahdaşlarının həbsi, xarici siyasətdəki bəzi ziddiyyətli addımlar, həmçinin gürcü seçicisinin özünəməxsus ənənəsi - seçilmiş liderin xilasedici gözündə görülməsi, sonradan onun elə eyni şövqlə devrilməsi - Saakaşvili komandasının revanş şansının olduğunu düşünməyə əsas verir.

 

Vahid məkanın böhranı

Avropa İttifaqı üçün 2012-ci il kifayət qədər uğursuz oldu. Avrozonanın cənub təmsilçilərinə ayrılmış iki tranşın işə yaramamasından sonra yayda Mərkəzi Bank onlara yenidən yardım göstərməli oldu - milli valyutaların sabitliyinin təminatı olacaq zəmanət, problemli ölkələrdə hədsiz dərəcədə dövlət səhmlərinin alınmasına şərait yaratdı. Əsas olanı avronun istənilən yolla xilası idi.

2012-ci ildə Avropanın əsas ölkələri 700 milyard avro həcmində Sabitləşdirmə Fondu yaratmaq qərarına gəldilər. Dekabrda isə Bank İttifaqının yaradıldığı elan olundu. O, Avropa Mərkəzi Bankına avrozonaya daxil olan dövlətlərin banklarını nəinki dəstəkləmək, həm də onlara nəzarət etmək imkanı verəcək.

Nəticədə pat vəziyyəti yaranıb. Sanki Avropa tam olaraq güclülər və zəiflərə parçalanıb. Halbuki, nə vaxtsa məhz Köhnə dünya bərabərliyin beşiyi sayılırdı. Avropa hökumətlərinin xilaskarlıq təşəbbüslərilə bağlı mübahisələr siyasətçilər arasında qarşılıqlı inamın getdikcə daha da itməsinə səbəb olur. Onlar öz vətəndaşlarının maraq və inamını isə çoxdan itiriblər.

 

Bitmək bilməyən münaqişələr

Suriya vətəndaş müharibəsi alovunda yanmaqda  davam edir. Prezident Bəşər Əsədin hakim rejimi ilə müxalifət qüvvələri arasında artıq ikinci ildir ki, sürən silahlı münaqişə nəticəsində müxtəlif hesablamalara görə, 25-35 min insan həlak olub. Münaqişəyə xarici amillərin təsirisə getdikcə daha da artır. Bu təsir özünü yalnız siyasi dəstək və silah təchizatı şəklində deyil, həm də birbaşa hərbi hədələr formasında göstərir. Türkiyənin Suriya ilə sərhəddə yerləşən Akçakale şəhərinin raket atəşinə tutulmasından sonra bu iki ölkə arasında gərginlik pik həddə çatıb. Türkiyə parlamentinin orduya ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlar keçirməyə icazə verməsindən sonra hamı Türkiyə ordusunun Suriyaya daxil olacağı haqda danışmağa başlamışdı. Lakin NATO-dakı müttəfiqləri tərəfindən real dəstək almayan və ölkə daxilində ictimai etiraz dalğası ilə üzləşən Ankara belə riskli addım atmaqdan çəkindi.

Bunun əvəzində Türkiyə NATO-ya müraciət edərək, Rusiya və İranın narazılığına rəğmən, ərazisində "Patriot" raketlərinin yerləşdirilməsini istədi. Ankara bunu Suriya tərəfindən mümkün hücumların önlənməsi məqsədilə əsaslandırır. NATO-nun buna cavabı isə müsbət oldu. Almaniya, Niderland və ABŞ Türkiyə ərazisində sözügedən sistemin dislokasiya yerilə bağlı razılığa gəldilər. O, məhz Suriya ilə sərhəddə yaxın ərazidə yerləşdiriləcək.

 

İsrail-Fələstin: qalib yoxdur 

2012-ci ilin ən vacib hadisələrindən biri də İsrail ordusunun HƏMAS yaraqlılarına qarşı həyata keçirdiyi "Buludlu sütun" əməliyyatı oldu. İsraillilər əməliyyata ərazilərinin Fələstin tərəfindən raket atəşinə tutulmasından sonra başlamışdılar. Əməliyyat nəticəsində HƏMAS-ın bir neçə hərbi rəhbəri, çoxlu sayda silah-sursat anbarı məhv edildi. "Buludlu sütun" əməliyyatı 160-dan artıq fələstinlinin də həyatına son qoydu. Fələstin tərəfinin raket zərbələri isə 4 israillinin ölümü ilə nəticələndi. Ərəb-İsrail münaqişəsindəki son dalğanın xarakterik xüsusiyyəti hər iki tərəfin özünü qalib elan etməsidir.

Əslində fələstinlilərin sevinməsi üçün həqiqətən də müəyyən əsaslar var. Ən azı ona görə ki, regionun ən güclü ordusuna malik İsrail HƏMAS hərəkatını məhv edə bilmədi. HƏMAS isə münaqişə tarixi ərzində ilk dəfə Təl-Əviv və Qüdsə raket zərbələri endirməyə nail oldu. Bu, fələstinlilərin gücünü artırmağa davam etdiklərini göstərir. Üstəlik onlar heç də yalnız hərbi güclərini artırmaqla kifayətlənmir. Hər halda, 8 günlük müharibədən, demək olar ki, dərhal sonra BMT Baş Assambleyası Fələstin hökumətinin təşkilatdakı statusunu "mühaşidəçi ölkə" səviyyəsinə qaldırmaq haqda qərar qəbul etdi. Üstəlik qurum fələstinlilərin İsrailin 1967-ci ildə işğal etdiyi sərhədlər çərçivəsində öz müqəddəratını təyinetmə hüququnu da təsdiqlədi. 

 

İnqilabın sonu yoxdur

Görünən odur ki, İsrailin digər qonşusu - fundamental islam partiyası olan "Müsəlman qardaşlar"ın lideri Məhəmməd Musrinin prezidenliyə yiyələndiyi Misirlə də münasibətləri yaxşı olmayacaq. Musrinin hakimiyyətə gəlməsində böyük pay sahibi olan məqam əksər Misir seçicisinin dindar, mühafizəkar kənd əhalisi olmasıdır. Onlar seçkidə məhz Musrini dəstəkləyiblər. Şəhər sakinlərinin əksəriyyətisə daha liberal kursun, Qərb nümunəsində demokratik islahatların tərəfdarı idi. Onların ölkədə islamlaşdırma siyasətinin yürüdülməsindən narazılığı ilin sonlarına yaxın Qahirənin məşhur Təhrir meyhanında yeni prezidentə etiraz edən böyük kütlənin etirazlarına səbəb oldu. Xatırladaq ki, Misirdə təxminən iki il əvvəl Mübarəkin devrilməsilə nəticələnmiş inqilab da məhz bu meydandan başlamışdı.

Misir ictimaiyyətinin dünyavi, liberal baxışlı hissəsi Mursi və onun arxasında duran "Müsəlman qardaşlar"ın ölkədə islam diktaturası qurduğunu düşünür və onların belə düşünməsi üçün kifayət qədər əsas var.

 

"Günahsızlıq" günahı 

2012-ci ildə İnternetdə "Müsəlmanların günahsızlığı" filminin yayılması ilə islam dünyasının böyük bir hissəsində etiraz dalğası baş qaldırdı. Onlar filmdə islam Peyğəmbərinin təhqir olunmasına etiraz edirdilər. Filmə etiraz olaraq ən sərt toqquşmalar Liviyanın Benqazi şəhərində baş verdi. Nəticədə, sentyabrın 11-də Liviya inqilabının "atası", ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens və daha üç diplomat qeyri-müəyyən şəraitdə qətlə yetirildilər. Bu, ABŞ-a diplomatik nümayəndəliklərini mühafizə etmək üçün əsgərlərini dünyanın istənilən ölkəsinə göndərmək hüququ verdi, müsəlman dövlətlərində fundamentalistlər mövqelərini möhkəmləndirdi, Avropada isə millətçilər multikulturalizm ideyasının iflasa uğradığını sübut etmək imkanı qazandı.

 

"Şəhid qadınlar" 

Bu il bir çox pravoslavın da dini hissləri təhqir olundu. Buna Pussy Riot pank qrupunun Xilaskar İsa Kilsəsində gerçəkləşdirdiyi səs-küylü aksiya səbəb oldu.

"Pank ibadət" adlandırılan aksiya lazımi yerdə (Moskvanın mərkəzində), lazımi anda - prezident seçkisi ərəfəsində təşkil olunmuşdu. Həmin vaxt Moskva və Rusiyanın digər əsas şəhərlərində etiraz aksiyaları keçirilirdi; Qərb KİV Rusiyada görünməmiş ictimai fəallıqdan bəhs edir, müxalifət liderləri isə aralarındakı ziddiyyətləri unudaraq xalqı radikal əməllərə səsləyirdi. Amma bütün bu etirazçı hərəkatın hansısa rəmzə ehtiyacı var idi. Bu rəmz məhz Pussy Riot qrupunun Xilaskar İsa Kilsəsindəki əməlləri oldu. Üç həftə sonra qadınlardan ibarət bu qrupun 3 fəal üzvü saxlanıldı. Onlar Rusiyanın əsas kilsəsində yol verdikləri əməllərə görə dələduzluqda ittiham olunaraq müvafiq müddətlərə azadlıqdan məhrum edildilər.

Qərb mətbuatı və hüquq müdafiə təşkilatları isə bu məsələ ətrafında elə bir səs-küy və ajiotaj yaratdılar ki, bir anlıq populyarlıq üçün hər şeyə hazır olan qrup üzvləri adi marginallardan az qala tiraniyanın təqib etdiyi siyasi şəhidə çevrildilər. 

 

Breyvik  dərsləri

Avropada bəzən absurd həddə olan hüquqi paradokslar norveçli terrorçu A.Breyvikin məhkəməsində də özünü göstərdi. Məhkəmə onu cinayəti törətdiyi zaman anlaqlı elan etdi və 77 nəfərin qətlinə görə Breyvikin 21 il müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarıldı. Başqa sözlə, terrorçu hər öldürdüyü şəxsə görə 3 aydan bir qədər artıq həbs cəzası aldı. Sən demə, Norveç qanunları bundan artığına icazə vermir. Üstəlik, Breyvik əla şəraitdə saxlanılmalıdır: idman zalı və kabineti (yəqin ki, onun məşhur manifesti üzərində işləri davam etdirməsi üçün) olan üçotaqlı apartamentdə. Breyvikin məhkəmə prosesini faşist ideyalarını açıqladığı tribunaya və piar-kampaniyaya çevirməsi də təsadüf deyildi.

Ekspertlər isə xəbərdarlıq edir: dəhşətli cinayətə görə gülməli cəza almış Anders Breyvikin davamçıları peyda ola bilər. Təəssüf ki, onların bu narahatlığı düz çıxdı.

 

Dünyanın axırı deyil ki...

Və sonda. Xoşbəxtlikdən 2012-ci ildə proqnozlaşdırılan Apokalipsis, Üçüncü dünya müharibəsi baş vermədi. Qədim mayya sivilizasiyasına hörmətlə yanaşı, qeyd olunmalıdır ki, Yerin yastı olduğunu, onun böyük göldə üzən timsahın üzərində dayandığını düşünən tayfanın təqviminə inanmaq absurd olardı! 21 dekabrın və bütünlükdə ilin artıq geridə qaldığı bu gündə insanları bir sual düşündürür: bu, kimə lazım idi? Marketoloqlara, turizm operatorlarına, yoxsa fond bazarlarının oyunçularına? İstənilən halda, 2012-ci ildən əsər-əlamət qalmayıb və 2013-cü il - İlan ili başlayır. İlan isə məlum olduğu kimi, müdriklik və dəyişikliklər nişanəsidir.



MƏSLƏHƏT GÖR:

583