
QAPALI DAİRƏ
Qarabağ nizamlanmasi dalana dirənib: 2013-cü il üçün perspektivlər dumanli görünür
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
2012-ci il başa çatır. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu ilə dair verilən ən bədbin proqnozlar doğrulmaqdadır. Bu il ərzində münaqişənin nizamlanması prosesini nəinki irəli aparmaq mümkün olmadı, hətta proses iflasa uğradı. Tərəflər il ərzində yüksək səviyyədə danışıqları cəmi 1 dəfə - Rusiya prezidenti Dmitri Medvedevin səlahiyyət müddəti sona yaxınlaşarkən Soçidə apardılar. Azərbaycan və Ermənistanın XİN başçıları arasında baş tutan epizodik təmaslar da səmərəliliyi ilə yadda qalmadıb. Tərəflər hələ ki, müzakirə edilməli olan məsələlərin çevrəsini cızmağa, gələcək danışıqların konkret gündəliyini müəyyənləşdirməyə də nail ola bilmir. Bu il ərzində regiona bir neçə səfər etmiş Minsk qrupunun həmsədrləri də danışıqlara müsbət dinamika və konstruktivlik verməyə nail olmayıblar. Onlar bu dövrdə təmas xəttindən snayperlərin çəkilməsi və ya münaqişə tərəflərinin vətəndaş cəmiyyətləri arasında dialoqun qurulması tipli lokal təşəbbüslərlə kifayətlənməli olublar. Görünən odur ki, bu təkliflər reallaşdırılacağı təqdirdə belə, tərəflərin əsas məqamlarla bağlı bir-birinə tam zidd mövqelərində yaxınlaşma əldə etmək çox çətin olacaq.
Qarabağ nizamlanması dalana dirənib. Bu faktı Azərbaycan Prezidenti İlham Əliyev də yaxınlarda "Rossiya 24" telekanalına verdiyi müsahibədə təsdiqləyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi durğunluq mərhələsinə qədəm qoyub. Belə olan halda silahlanma yarışının vüsət alması, hərbi təlimlər və paradlar vasitəsilə güc nümayişlərinin bir-birini əvəzləməsi, cəbhə xəttində atəşkəsin pozulması hallarının artması təəccüblü deyil. Ermənistanla Azərbaycan arasındakı diplomatik mübarizə bütün mümkün beynəlxalq meydanlarda davam edir, informasiya müharibəsi isə son dərəcə sərt, konfrantasiyalı forma alır.
Ermənistana ABŞ və Avropa İttifaqı tərəfindən maliyyə yardımlarının göstərilməsinə, Rusiyanın güzəştli qiymətlərlə qaz, kreditlər, siyasi dəstək, geniş həcmdə silah-sursat (pulsuz və ya rəmzi xarakter daşıyan qiymətlərlə) verməsinə, həmçinin çoxsaylı, nüfuzlu erməni diasporunun mənəvi və maddi dəstəyinə baxmayaraq, İrəvan üçün Azərbaycanla münaqişə yükünü daşımaq getdikcə daha da çətinləşir. Ermənistan iqtisadiyyatı dur-ğunluq yaşayır. Ötən dövr ərzində 2008-2009-cu illərin 15%-lik tənəzzülünü aradan qaldırmaq və böhrandan əvvəlki vəziyyətə qayıtmaq mümkün olmayıb. Hakimiyyətə yaxın, oliqarxlar tərəfindən dolandırılan kiçik qruplar, onlara yaltaqlanan, nökərçilik edən zümrə istisna olmaqla, əhali aclıq içərisindədir. Rəsmi məlumata görə, ölkənin sürətlə azalan əhalisinin yarısını yoxsullar təşkil edir.
İnsanların Ermənistanı tərk etməsi yalnız ehtiyac və haqsızlıqlarla bağlı deyil. Yaxın gələcəkdə vəziyyətin yaxşılaşacağına heç bir ümidin olmaması da onları başqa ölkələrə üz tutmağa vadar edir. Maliyyə naziri Vaçe Qabrielyanın jurnalistlərlə dekabrın sonlarında keçirdiyi görüşdə bildirdiyi kimi, Ermənistan iqtisadiyyatına qoyulan onsuz da cüzi miqdarda xarici investisiyanın həcmi 2012-ci ildə daha 40% azalıb. "Gallup" təşkilatının 148 ölkədə keçirdiyi "Müsbət təcrübə indeksi" tədqiqatında iştirakçılara əhalinin sosial əhvalını müəyyənləşdirmək məqsədilə suallar ünvanlanıb. Məlum olub ki, müsbət əhvallı insanların ən az olduğu ölkə Ermənistandır - 49%. Gürcüstanda bu rəqəm 52%, Azərbaycanda 55%, Türkiyədə 57%, Rusiyada isə 59%-dir.
Prezident Serj Sarqsyan və onun korrupsiyalaşmış, kriminal ətrafı yaranmış ağır durumda edə biləcəklərini edir: hamıya meydan oxunur, daxilə hesablanmış vətənpərvər bəyanatlar bir-birini əvəzləyir.
Yerevanda Respublika Partiyasının fevralda keçiriləcək prezident seçkisinə namizəd göstərildiyi qurultayında çıxış edən S. Sarqsyan auditoriyaya çoxmənalı bəyanatla müraciət edib: "Ermənistan silahlı qüvvələri üzücü və passiv müdafiə ilə məşğul olmayacaq. Çünki o, imkanları və döyüş qabiliyyəti ilə regionumuzda və ondan kənarda təhlükəsizliyi təmin etməyə qadirdir". Bax belə. Amma loğva hərbi bəyanatları Sarqsyana "1915-ci il soyqırımı" mövzusundan istifadə etməklə ağlayaraq beynəlxalq maliyyə yardımı istəməyə mane olmur. Sarqsyan və hökuməti istəyinə nail olmaq üçün Moskvanı, Brüsseli və Vaşinqtonu banal siyasi şantaj etməkdən belə, çəkinmir, daha çox pul verənini yanında olacağını göstərir.
Bir şeyi əminliklə söyləmək mümkündür: nə qədər ki, Minsk qrupuna həmsədrlik edən hər üç paytaxtdan, ilk növbədə isə Moskvadan ermənilərə dəqiq və sərt siqnallar getməyəcək, onlardan danışıqlarda ağıllılıq və konstruktivlik gözləməyə dəyməz. Bundan başqa, müəyyən dəyişikliklər Serj Sarqsyan və ətrafındakılarda nikbin ümidlər yaradır. Onlar düşünür ki, bundan sonra da Azərbaycan ərazilərinin işğalını davam etdirməklə sonda Bakıdan arzulanan güzəştləri qoparmaq mümkün olacaq.
Rusiyada prezident Vladimir Putin sələfi Dmitri Medvedevdən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənarda olduğunu açıq-aşkar nümayiş etdirir. Prezident postuna qayıtdığı yarım il ərzində o, münaqişə tərəflərinin prezidentləri arasında görüşün təşkilinə maraq göstərməyib. Putinin bu yaxınlarda keçirdiyi mətbuat konfransında ona sual vermək istəyən jurnalistin bu istəyinin qarşısını almaq üçün istifadə etdiyi replika simptomatik sayıla bilər: "Siz yəqin ki, Qarabağ haqda soruşacaqsınız".
Bəllidir ki, prezident Putini daha çox maraqlandıran keçmiş sovet respublikalarının Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı layihələrinə cəlbi, onların Moskvanın himayəsi altında reinteqrasiyasıdır. Kremldən postsovet məkanındakı münaqişələrin həlli sahəsində hər hansı təşəbbüsü də məhz bu tərəfdən gözləmək olar.
Minsk qrupunun digər həmsədri ABŞ-dakı vəziyyət də Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını artıracağına dair nikbinliyə əsas vermir. Robert Bradkenin ABŞ-ın ATƏt-in Minsk qrupundakı həmsədri missiyasını başa vurduğu açıqlanıb. Bu postda son dərəcə fəal olmuş sələfi Metyu Brayzadan fərqli olaraq, Bratkenin fəaliyyəti o qədər də nəzərə çarpmırdı. İndi bu postda onu müvəqqəti olaraq səfir Yan Kelli əvəzləyəcək. Bu, ABŞ-ın yeni dövlət katibi vəzifəsinin icrasına başlaması və komandasının formalaşdırılması ilə bilavasitə məşğul olmasınadək davam edəcək.
Məlum olduğu kimi, prezident Obama dövlət katibi postuna senator Con Kerrinin namizədliyini irəli sürüb. O, ermənilərə simpatiyası və erməni lobbi təşkilatları ilə sıx əlaqəsilə məşhurdur. Kerri Konqresdə dəfələrlə "1915-ci il soyqırımı"nın tanınması tələbilə çıxış edib, Ankara və Bakıdan Ermənistanın "blokadasına" son qoyulmasını tələb edib, Ermənistan və Dağlıq Qarabağa yardımların artırılmasına dair çağırışlar səsləndirib. Kerrinin Azərbaycana münasibətini 1990-cı illərin əvvəllərində Senatda Azadlıq aktına 907-ci düzəlişin qəbulunu fəal şəkildə dəstəkləməsi də göstərib. Xatırladaq ki, bu düzəliş ABŞ-ın Azərbaycana yardımının azaldılmasını nəzərdə tutur. Amerika KİV Kerrinin senator olduğu dövrdə Azərbaycanın ünvanına səsləndirdiyi fikirlərin o qədər də diplomatik fikirlər olmadığını yazıb. Yeri gəlmişkən, Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri təyin edilməsi məsələsi Senatın məhz Con Kerrinin rəhbərlik etdiyi xarici məsələlər komitəsində iflasa uğrayıb. Bu işdə ona senatorlar Barbara Bokser və Robert Menendes də fəal şəkildə kömək ediblər.
Bütün bunlar erməni lobbi təşkilatlarında böyük ruh yüksəkliyi yaradıb və əlbəttə ki, baş verənlərin Azərbaycanın diqqətini çəkməyəcəyi də mümkün deyil. Amerikanın Bakıdakı sabiq səfiri Riçard Kozlariç belə narahatlığa əsasın olduğunu təsdiqləyir. O, senator Kerrinin erməni icmasının böyük və nüfuzlu olduğu Massaçusets ştatını təmsil etməsinin nəzərə alınmalı olduğunu bildirir. Bununla yanaşı, sabiq səfir Kerrinin dövlət katibi postuna təsdiqlənən kimi Amerika vətəndaşlarının ayrı-ayrı qruplarının təmsilçiliyinə son qoyacağını düşünür. Kozlariçin fikrincə, təyinatdan sonra Kerri ABŞ-ın milli maraqlarının müdafiəçisi kimi çıxış edəcək. Bu, həqiqətən də belədir. Amma ABŞ Dövlət Departamentinin yeni rəhbərinin dövründə Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarını boşaltması üçün İrəvana təzyiq göstərəcəyinə ümid etməyə də dəyməz. Necə ki, bütün digər vasitələrin işə yaramadığı təqdirdə Bakının ərazi bütövlüyünü bərpa etmək üçün hərbi yola əl atacağı təqdirdə Vaşinqtonun məsələyə təmkinlə yanaşacağını da gözləmək olmaz.
Amerikanın transatlantik münasibətlər üzrə Con Hopkins Mərkəzinin eksperti, əvvəllər ABŞ Dövlət Departamenti, Maliyyə Nazirliyi və Ağ Evdə yüksək vəzifələr tutmuş Devid Merkel "1news.az" saytına müsahibəsində deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ üçün prioritet olmayacaq. Çünki Obama dövründə kifayət qədər ciddi daxili iqtisadi problemlər, həmçinin Amerikanın iştirakının vacib olduğu xarici təhlükələr mövcuddur - İran, Suriya, Şimali Koreya".
Merkelin fikrincə, hazırkı şəraitdə yeganə doğru variant Amerika prezidentinin bu problem üzrə xüsusi elçisinin təyinatı olardı. Bu mümkündür. Amma həmin elçinin funksiyalarının ABŞ-ın Minsk qrupundakı həmsədrin funksiyalarından nə ilə fərqlənəcəyi bəlli deyil. Son nəticədə ABŞ-ın bu sahədəki nümayəndəsinin necə adlandığı yox, onun siyasi çəkisi, təcrübəsi və tutduğu mövqe önəmlidir. Hələliksə Ağ Ev və Dövlət Departamentinin bu sahədəki planları haqda heç nə məlum deyil.
Hazırda Minsk qrupunda əsas moderatorluq Fransa və Avropa İttifaqının əlinə keçib. Bu yaxınlarda məhz Parisdə Fransanın xarici işlər naziri Loran Fabiusun iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının Minsk qrupunun təşkil etdiyi görüşü baş tutub. Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişin olmamasından son vaxtlar Avropa İttifaqı narahatlığını ifadə etməkdədir. Birliyin nümayəndələri Brüsselin bu prosesdəki rolunu artırmaq niyyətlərini dilə gətirirlər. Yeri gəlmişkən, Aİ-nin bu sahəyə xüsusi nümayəndə təyin etməsi münaqişənin sülh yolu ilə həlli prosesinə yeni dinamika verə bilər. Amma bunun üçün sözügedən posta təyin ediləcək şəxs sıravi diplomat yox, hansısa Avropa dövlətinin sabiq baş naziri, prezidenti, yaxud xarici işlər naziri kimi böyük siyasi fiqur olmalıdır. Çünki bu halda onu yalnız İrəvan və Bakıda yox, Moskva, Paris və Vaşinqtonda da qəbul edəcəklər.
Danışıqlar platformasına gəlincə, çox guman ki, burada ermənilərin belə nifrət etdikləri «Madrid prinsipləri» yenə gündəmdə olacaq. İstənilən halda, Fransa prezidenti Fransua Olland belə deyib.
Azərbaycan XİN münaqişənin həlli üzrə baza prinsiplərinin formalaşdırılması ətrafındakı bitib-tükənməyən mübahisələrdən sülh razılaşmasının mətninin hazırlanması mərhələsinə keçilməsini dəfələrlə təklif edib. Çünki ortaya qoyulması vacib olan konkretlik, yəni fəaliyyət ardıcıllığı, konkret müddətlər, nəzarət mexanizmi və sair, başqa sözlə, problemin həlli üzrə real "yol xəritəsi" məhz bu sənəddə əksini tapacaq. İrəvan isə hələ də israrla bildirir ki, bütün baza prinsipləri razılaşdırılmadan sülh razılaşması üzərində real işə keçilməsi mümkün deyil. Erməni tərəfi bildirir ki, tərəflər arasında "hər şey razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb" formulu mövcuddur. Ancaq mən güman edirəm ki, Minsk qrupunun həmsədrləri heç kəsə elan etmədən elə həmin Madrid prinsipləri əsasında gələcək sülh razılaşması üzərində işə başlayıblar. Söhbət ABŞ, Fransa və Rusiya prezidentlərinin Akvil və Muskokdakı bəyanatlarında yer almış prinsiplərdən gedir. Xatırladaq ki, sonradan ATƏT-in Astanada keçirilmiş sammitində Azərbaycan və Ermənistan prezidentləri də həmin bəyanatlara qoşulmuşdular.
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tezliklə irəliləyişə nail olunacağına ümid yoxdur. Amma bu prosesin sonsuzluğadək uzanması da sülh və regional təhlükəsizlik üçün ciddi risklər yaradır. Prezident İlham Əliyev də "Rossiya 24" telekanalına yuxarıda xatırlatdığımız müsahibəsində bədbin proqnozlar səsləndirməsə də, bildirib ki, hazırkı status-kvo Azərbaycan üçün nə qədər ağırdırsa, Ermənistan üçün də bir o qədər təhlükəlidir. "Əgər onlar bölgədə qüvvələrin tarazlığı və ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa, ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaq. Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və müəyyən dərəcədə təhlükəli olacaq. Əgər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğalçı qüvvələrin bizim ərazidən çıxarılması prosesini başlamalıdırlar" - deyə İlham Əliyev qeyd edib. Ermənilərin və dünyada onlara himayədarlıq edən qüvvələrin sonradan itirilmiş zamana və imkanlara görə heyfsilənməmələri üçün məsələyə bir də bu tərəfdən baxmaları pis olmazdı.
MƏSLƏHƏT GÖR: