Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Enerji tədarükünün şaxələndirilməsinin yeni mənbələri, enerji təhlükəsizliyinin təmin olunmasında son dərəcə mühüm region, dünyanın enerji xəritəsinin dəyişməsi - bu ifadələr Bakıda keçirilən ənənəvi XXI "Xəzər neft və qaz" sərgi-konfransında əsas olub.
Bu, təəccüblü də deyil - konfrans Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması, qazın tədarük marşrutunun seçilməsi (bu, Transadriatik boru kəməri - TAP oldu), qazın satılması üzrə müqavilələrin bağlanmasından sonra keçirilib.
Yeni dəyişən dünyada isə təbii qaz mühüm əhəmiyyət kəsb edir. Onun enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu artır ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərginin açılışında qeyd etdiyi kimi, bu da bilvasitə dövlətlərin milli təhlükəsizliyi ilə bağlıdır.
Azərbaycan bu mənada artıq tamamilə enerji təhülkəsizliyini təmin edib - ölkədə hasil olunan neft və qaz tələbatı tamamilə ödəyir, ölkə elektrik enerjisi ilə təmin olunub. Bundan başqa, enerji təhlükəsizliyinin bütün bu üç mənbəsi istər həcmin, istərsə də coğrafiyanın genişlənməsi perspektivi ilə xaricə ixrac olunur.
Neftlə artıq hər şey kifayət qədər aydındır - üç neft kəməri - Bakı-Novorossisk, Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan mükəmməl fəaliyyət göstərir. Azərbaycan nefti təkcə Qara dəniz və Aralıq dənizi regionlarında deyil, Cənub-Şərqi Asiya və Amerikada da qiymətləndirilir.
Yeri gəlmişkən, "Wood Mackenzie" şirkətinin bu yaxınlardakı hesabatına əsasən, Azərbaycanın "Azeri Light" markalı neftin satışından 2008-2013-cü illərdə əldə etdiyi əlavə gəlirlər 1,7 mlrd. dollar təşkil edib. Bununla belə, 1,1 mlrd. dollar "SOCAR Trading SA" şirkətinin uzaq məsafələrə etibarlı və keyfiyyətli neftin daşınması hesabına yaranıb. Qalan məbləğ isə bazarın xarici təsirləri, xüsusilə "Azeri Light" markalı neftin "Brend" ilə müqayisədə daha yüksək keyfiyyətinin olması və Liviya böhranının təsiri hesabına əmələ gəlib. Halbuki hazırkı mərhələdə bütün dünyada əsas aparıcı rolu qaz oynamağa başlayır. Və təbii qazın 2,5-3 trln. kubmetr kifayət qədər böyük ehtiyatlarının olması, Azərbaycana böyük oyunda önəmli hədəflərə iddia etməyə imkan verir.
Eyni zamanda əsas yük, əlbəttə ki, dünyanda ən iri qaz ehtiyatlarından (1,2 trln. kumbetr) birinə malik "Şahdəniz" yatağına düşür. Yatağın istismarının ilk mərhələsinin sayəsində artıq ildə, təxminən, 9 mlrd. kubmetr qaz hasil edilir. "Mavi yanacaq"ı Gürcüstan və Türkiyəyə nəql etməyə imkan verən Bakı-Tiflis-Ərzurum qaz boru kəməri tikilib.
Lakin böyük iddialara, təsdiq edilən böyük imkanlara sahib ölkə üçün regional bazarlar azdır.
"Əlbəttə, Azərbaycan yeni bazarlara çıxmalıdır, çünki ölkədə olan böyük qaz potensialı ancaq regional bazarla məhdudlaşa bilməz. Bizim üçün böyük bazarlar lazımdır və o bazarlarda da Azərbaycan qazına tələbat var. "Cənub Qaz Dəhlizi"nin bu gün reallaşması böyük dərəcədə "Şahdəniz" yatağının işlənməsindən asılıdır... Qeyd etməliyəm ki, Transanadolu qaz boru kəməri (TANAP) və TAP layihələri Avropaya yeni mənbədən qazı gətirəcək. Bu, sadəcə olaraq, yeni marşrut deyil. Bu, həm yeni marşrutdur və yeni mənbədir. Bu layihənin xüsusiyyəti məhz ondan ibarətdir", - deyə prezident İlham Əliyev sərginin açılışında bildirib.
Məhz bu amil birgə reallaşdırılan sərgi-konfransın müzakirələrinin əsas mövzusu olub. Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistda ticarət məsələləri üzrə baş nazir elçisi Çarlz Hendrinin sözlərinə görə, yaxın 10 ildə Azərbaycan Avropa bazarını qazla təminetmədə həyati mühüm rol oynayacaq. "Azərbaycan regionun tam mərkəzində yerləşir və ölkənin iri enerji resursları, Avropa və dünya enerji bazarı üçün özül hesab olunur", - deyə o, bildirib.
Müşavir qeyd edib ki, Xəzər qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan "Cənub qaz dəhlizi" AB-yə tədarüklərin diversifikasiya olunmasında mühüm rol oynayacaq. ABŞ Dövlət Departamentinin enerji mənbələri üzrə baş müşaviri Daniel Ştayn isə qeyd edib ki, bununla belə, Rusiya və Ukrayna münasibətlərinin pisləşməsi və mümkün yeni qaz müharibəsi fonunda "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti daha da artıb.
"Enerji təhlükəsizliyi millətin təhlükəsizliyi deməkdir. Və Avropa milli təhlükəsizliyi ümumi təhlükəsizliklər ilə sıx bağlıdır", - deyə Ştayn qeyd edib. Müşavir qeyd edib ki, ötən ilin sonunda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı Avropa enerji təhlükəsizliyinin yüksəlməsi yolunda mühüm addım olub.
Eyni zamanda Ştayn qeyd edib ki, Azərbaycan qazının (ildə 10 mlrd. kubmetr) "Cənuz Qaz Dəhlizi" ilə kiçik tədarüklərinə baxmayaraq, gələcəkdə İraq və Türkmənistanın da qatıla biləcəyi yeni mənbənin və yeni marşrutun olması vacibdir. Bununla əlaqədar Ştayn Transxəzər qaz boru kəməri üçün hüquqi bazanın yaradılması üzrə Azərbaycan və Türkmənistan tərəfləri arasında danışıqlar çərçivəsində ABŞ-ın AB-nin səylərini tamamilə dəstəklədiyini bir daha təsdiqləyib.
Avropanın əlavə qaz mənbələrinə tələbatı Azərbaycana yeni bazara çıxmaq fonunda vacibdir. Xüsusilə Albaniyadan keçməklə TAP boru kəmərinin tikintisi bu ölkənin qazlaşdırılmasını mümkün edir. Gələcəkdə isə bu ölkə üzərindən Azərbaycan qazı Bosniya və Herseqovinaya, o cümlədən Xorvatiyaya çata bilər. Bu isə qazın Trans-Balkan bazarının yaranmasına kömək edəcək. Bununla belə, son nöqtəsi İtaliyanın cənubi olacaq TAP bu ölkəyə qaz tədarükünün istiqamətini dəyişə bilər. TAP-ın icraçı direktoru Kjetil Tunqlandın sözlərinə görə, İtaliyada ölkəni Qərbi və Mərkəzi Avropa ilə birləşdirən boru kəmərlərinin şaxələnmiş şəbəkəsi mövcuddur.
"İtaliyada indi qaz axını Şimaldan Cənuba gəlir. TAP axınının istiqamətini Qərbi Avropa və Avstriyaya və daha sonra Mərkəzi Avropaya çıxmaqla, Almaniyaya dəyişə bilər", - deyə K. Tunqland qeyd edib. O, əlavə edib ki, TAP layihəsinin reallaşması çərçivəsində Albaniya və Yunanıstanda məntəqlərin tikintisi, boruların tədarükü və s. bağlı yayda 15 tender keçiriləcək.
Avropanın ümumi enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazının hazırda bir mənbədən 80-100% asılı olan ölkələrə çıxması olduqca mühümdür. Bu mənada ilk fayda Yunanıstan və Bolqarıstana dəyəcək. Bu ölkələr müvafiq olaraq 66% və 100% Rusiya qazından asılıdır.
Bolqarıstan XİN nümayəndəsi Laçezar Matevin sözlərinə görə, məhz Cənub-Şərqi Avropa ölkələri daha zəifdir, çünki Şərqdən gələn nəqlə heç bir alternativ yoxdur. "Biz Rusiyadan asılı olmaq istəmirik, xüsusilə Ukraynada baş verən hadisələr fonunda", - deyə o, bildirib. Şərqi Avropa ölkələri asılılıqlarını azaltmaq üçün qazın nəql olunma şəbəkələrini vahid Cənub-Şərq dəhlizində birləşdirmək niyyətindədirlər. Bu, yeddi ölkənin - Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiya və Polşanın təşəbbüsüdür. Bu təşəbbüsdə daxili şəbəkələrin şaxələnməsindən başqa qazın yeni mənbələrdən alınması imkanları, qazsaxlama anbarları və mayeləşdirilmiş qazın qəbulu üçün terminalların tikilməsi imkanları da nəzərdən keçirilir. Bu mənada Xəzər regionu, xüsusilə də nəinki bu təşəbbüsə yeni mənbə verəcək, həm də daha sonra Baltik regionu, o cümlədən 100% Rusiya qazından asılı olan bazarlara çıxış qazandıracaq Azərbaycan strateji əhəmiyyət əldə edir. Bu fikirləri Litvanın energetika naziri Yaroslav Neveroviç ifadə edib. "Biz tədarükləri şaxələndirmək, yeni sistem yaratmağa çalışırıq. Klaypeddə mayeləşdirilmiş qaz terminalının tikintisi üzərində işləyirik. Bu isə qazı Litva, Latviya və Estoniyaya nəqlini diversifikasiya etməyə imkan verəcək. Bu məsələdə Azərbaycan da mühüm rol oynayır. Ölkə bu sistem vasitəsilə öz qazını regiona tədarük edə bilər", - deyə nazir bildirib.
Azərbaycan qazı üçün öz imkanlarını Ukrayna da təklif edib. Ukraynanın "Naftoqaz" şirkətinin rəhbərinin müavini Aleksandr Toduyçukun sözlərinə görə, Ukrayna həcmi 31 mlrd. kubmetr olan iri qazsaxlama anbarlarına malikdir. Onun yarısı, demək olar ki, istifadə olunmur. "Ukrayna qazın nəql olunma sistemi və qazsaxlama anbarlarının imkanlarını nəzərə alaraq, Şərqi qaz habı (mərkəzi) ola bilər. Azərbaycan qazın svop bazarının artması nöqteyi-nəzərdən bizim imkanlarımızdan yararlana bilər", - deyə A. Todiyçuk bildirib.
Göründüyü kimi, Avropa enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanı əsas mənbə qismində, "Cənub Qaz Dəhlizi"ni isə enerji resurslarının tədarükünün əsas marşrutu kimi qəbul edir. Bu marşrut Avropaya gələcəkdə Xəzərin şərq sahili, İraq və Yaxın Şərqdən qaz cəlb etməyə imkan verəcək. Ələlxüsus da boru kəməri qazı hər halda qiymət baxımından mayeləşdirilmiş qazla müqayisədə daha sərfəli olacaq. "Cənub Qaz Dəhlizi" təkcə Avropaya yeni qaz mənbələri gətirməyəcək, həm də qaz tədarükünü və deməli, enerji təhlükəsizliyinin də etibarlılıq sisteminin yaxşılaşmasına xidmət edəcək. Bu mənada Avropanın Azərbaycanın da təhlükəsizliyinin təmin olunması məsələsi üzərinə ciddi düşməsi lazımdır. Sirr deyil ki, Cənubi Qafqaz regionunda əsas sabitliyi pozan amil Dağlıq-Qarabağ münaqişəsi və Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunmasıdır. İxrac boru kəmərləri isə münaqişə zonasından cəmi bir neçə km aralıdan keçir. Bu amil Avropa qurumlarını münaqişənin tezliklə həll olunmasını öz təhlükəsizliyinin təmin edilməsi sisteminə daxil edilməsinə təkan verməlidir.
MƏSLƏHƏT GÖR: