
“NEFTÇİ” HƏDƏFLƏRİ ARTIRDI
Yeni mövsümdən klublarimiz avrokuboklarda mərhələ adlamaq yox, qrupa düşmək üçün mübarizə aparacaq
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Ölkə futbolunun 2012-ci il üçün ən önəmli hadisələrindən biri "Neftçi"nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması oldu. Bununla ağ-qaralar ölkə futbolunda yeni səhifə açdılar. Bir çoxları Böyükağa Hacıyevin yetirmələrinin uğur qazanacağına inanmasa da, "Neftçi" göstərdi ki, onlar yanılırlar.
Azərbaycan çempionu mübarizəyə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başladı. Yayda Kanales, Bertuççi və Ramos kimi futbolçularla güclənən "Neftçi"nin ilk sınağı Gürcüstanın "Zestafoni" klubuyla oldu. Həmin oyunda səhhətində problem olan baş məşqçi Böyükağa Hacıyev iştirak edə bilmədi. Komandanı Zestafoniylə görüşə köməkçisi Tərlan Əhmədov çıxardı. Bakıdakı oyunda İmamverdiyev, Vobay və Kanalesin qollarıyla "Neftçi" 3:0 hesablı qələbə qazandı. Gürcüstanda keçirilən görüş isə heç-heçə yekunlaşdı və "Neftçi" üçüncü təsnifat mərhələsinə çıxdı.
Burada futbolçularımız İsrailin "Hapoel" komandasına 0:4 hesabıyla məğlub oldu. Bakıda qeyd alınan 2:2 hesabı isə sadəcə təsəlli oldu. Üçüncü seçmə mərhələdə uduzan "Neftçi" mübarizəni Avroliqada davam etdirdi. Pley-off mərhələsində rəqibimiz yunan Kiprinın "APOEL" komandası oldu. Ötən mövsüm Çempionlar Liqasında 14 finala qədər irəliləyən Cənubi Kipr təmsilçisi arzuolunan rəqib deyildi. Amma bakılılar bu səddi layiqli keçdi.
Müalicəsini başa vuran Böyükağa Hacıyev komandaya dönməklə bəzi dəyişikliklər etdi. Evdə 1:1 hesabıyla başa çatan oyundan sonra çoxları "Neftçi"nin səfərdə "APOEL"ə qarşı heç bir şansının olmadığını düşünürdü. Lakin Hacıyev inanılmazı gerçəkləşdirdi. "Səfərə tarix yazmaq üçün gedirik", - deyən məşqçini İmamverdiyev,Vobay və Flavinyo sevindirdi. 3:1 hesablı qələbə sayəsində "Neftçi" Avroliqanın qrup mərhələsinə düşən ilk Azərbaycan klubu oldu.
Əslində, Avroliqanın əsas mərhələsinə vəsiqə alan "Neftçi" heyəti gücləndirməliydi. Baş məşqçı yeni oyunçulara ehtiyac olduğunu söyləsə də, klub rəhbərliyi heyətdə olan futbolçulara güvənməklə yeni transferlər etmədi. Nəticədə komandamız qrupda istədiyi kimi mübarizə apara bilmədi.
"Rubin"lə hər iki oyunda 1 qolla məğlub olduq. "Partizan"la səfərdə qolsuz bərabərliyə sevinmişdiksə, evdə 1:1 hesabıyla yekunlaşan görüşdən 2 xal itirdiyimizə görə heyfslənməli olduq. Qrupun aşkar favoriti İtaliyanın "İnter" komandasına Bakıda uduzsaq da (1:3), səfərdə qeydə alınan 2:2 hesabı uşaqdan-böyüyə hamını sevindirdi. Bu məqamda yaddan çıxarmayaq ki, "İnter" hər iki oyunda əsas heyətin bir neçə üzvünə istirahət verdi və komandamız yalnız səfərdə bundan istifadə edə bildi. Bununla komandamızın uğuruna kölgə salmaq istəmirik. İstənilən halda, "İnter"lə heç-heçə oynamaq Azərbaycan klubu üçün gözəl nəticədir.
Hələ püşkatmadan sonra "İnter"lə "Rubin"in pley-offa vəsiqə uğrunda yarışacağı məlum idi. Güclü rəqiblərlə eyni qrupa düşən "Neftçi" isə "Partizan"la qrup üçüncülüyü uğrunda yarışmalı oldu. Serbiya təmsilçisini evdə məğlub etməyə borclu olan komanda ənənəvi futbolundan imtina etdiyinə görə cəzalandı. Bakıda "Partizan"la bərabərə qalan "Neftçi" qrupda sonuncu yerlə kifayətlənməli oldu.
Ümumilikdə qrup mərhələsində 3 xal qazanan Neftçinin çıxışı yaxşı alındı. "Neftçi"nin İtaliyadakı tarixi heç-heçəsi isə ölkəmizin reytinqinə təsirsiz ötüşmədi. Belə ki, paytaxt klubu ümumi hesaba daha 0,250 xal yazdırmış oldu. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 32-ci pilləyə qalxıb. Ölkəmiz bu dəfə Finlandiyanı qabaqlayıb. İndi Azərbaycanın hesabında 8.541 reytinq xalı var ki, onun da 3.000 xalı cari mövsümdə qazanılıb. Bundan 1,625 xal "Neftçi"nin, 0,750 xal "İnter"in, 0,500 xal "Xəzər Lənkəran"ın, qalanı isə "Bakı"nın (0,125) payına düşür.
Azərbaycan həm də avrokuboklardakı ən yaxşı göstəricisini yenilədi. Qeyd edək ki, 2010-11 mövsümündə 2,000 xal toplamış klublarımız bundan artığına nail ola bilmədi. Amma bu mövsüm, nəhayət ki, daha ciddi irəliləyiş əldə etmək mümkün oldu.
"Neftçi"nin Avroliqada çıxışı komandanın gənc futbolçularına mötəbər yarışda mübarizə aparmaq imkanı verdi. Böyük təcrübə toplayan gənclərimiz gələcəkdə yığmanın heyətinə dəvət ala biləcək. Eyni zamanda futbolçularımız xarici klubların diqqətini cəlb edə bilər. Mövsümün sonunda yerli oyunçulardan kimsə legioner həyatı yaşaya bilər. Ən əsası isə hədəflərimiz də artdı. Artıq yeni mövsümdən klublarımız avrokuboklarda mərhələ adlamaq yox, qrupa düşmək üçün mübarizə aparacaq.
MƏSLƏHƏT GÖR: