
MÜASİR DÜNYANIN REALLIQLARI
Ermənistan xülyalardan nə qədər tez qurtularsa, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda irəliləyiş şansları bir o qədər çox olar
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Mayın ortalarında ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfəri zamanı Azərbaycan prezidentinin və xarici işlər nazirinin Asiyada təhlükəsizlik tədbirləri üzrə sammitdə iştirak etmək üçün Şanxayda olmasını bir çoxları vasitəçilərin missiyasına etinasızlıq, hətta onların fəaliyyətinin qeyri-məhsuldar olmasına görə narazılığın ifadəsi kimi qiymətləndirmişdilər. O zaman mən bu məsələ ilə bağlı şərhimdə bildirmişdim ki, nəticə çıxarmağa tələsmək lazım deyil. Eyni zamanda, onu da qeyd etmişdim ki, Minsk qrupu həmsədrlərinin Azərbaycan rəhbərliyinə, həqiqətən də deyəcək sözləri varsa, onlar prezidentin səfərdən qayıtmasını gözləyəcək, yaxud regiona qayıdacaqlar. Hər halda, ən azı bu, onların işidir.
Belə də oldu. Mayın 31-də Prezident İlham Əliyev onunla görüşmək üçün Azərbaycana gəlmiş Minsk qrupu həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), o cümlədən bu ölkənin yeni təyin olunmuş və yaxın zamanlarda fəaliyyətə başlayacaq təmsilçisi Pyer Andreni qəbul etdi. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də iştirak edirdi. Həmsədrlər İlham Əliyevi regiona son səfərlərinin nəticələri haqqında məlumatlandırdılar, yeni ideya və təkliflərini onunla bölüşdülər. Diplomatların fikrincə, onların bu yeni ideya və təklifləri tərəflərin müzakirəsinə çıxarıla bilər.
Minsk qrupu həmsədrlərinin regiona səfərlərindən, demək olar ki, dərhal sonra, iyunun 2-də Bakıya İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter səfər etdi. Azərbaycanın bu kiçik, lakin son dərəcə nüfuzlu Avropa ölkəsi ilə çox sıx əlaqələri var. Bunun İsveçrə prezidentinin son 6 ildə Azərbaycana sayca 3-cü rəsmi səfəri olması da deyilənləri təsdiqləyir. Prezident İlham Əliyev də İsveçrəyə rəsmi səfər edib, hər il Davosda keçirilən qlobal iqtisadi forum zamanı oraya yollanır. Amma Didye Burkhalter Bakıya budəfəki səfərini ATƏT-ə sədrlik edən ölkənin başçısı kimi reallaşdırdı. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən Minsk qrupu isə məlum olduğu kimi, məhz həmin qurumun strukturudur.
Didye Burkhalter Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair müzakirədən sonra açıqlama da verdi: "ATƏT-in fəaliyyətdə olan sədri kimi, mənim məsələyə yanaşmam çox aydındır. Biz əminik ki, addım-addım sülhə yaxınlaşmalıyıq. Demək, biz iki əsas məsələnin təbliği ilə məşğuluq. Birincisi, dialoqun intensivləşdirilməsidir və bu dialoq baş tutub. Amma Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirilməsinə ehtiyac yaranıb. Bu görüşün Parisdə təşkil olunmasına dair təklif var və bu təklifi biz də dəstəkləyirik. Biz həmin görüşün ən yaxın vaxtlarda təşkilini dəstəkləyirik. O, danışıqlar prosesinin yeni mərhələsinin başlanğıcı olmalıdır. Digər yandan, bu görüş sülh razılaşmasına aparıb çıxaracaq strukturlaşdırılmış danışıqlar prosesi də ola bilər. Danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır".
Bəyanatdan göründüyü kimi, ATƏT onun fəaliyyətdə olan sədrinin timsalında münaqişə tərəflərinin prezidentləri səviyyəsində dialoqun davam etdirilməsində israrlıdır. Nizamlanmanın əsası kimi isə o, məşhur və ermənilərin imkan daxilində yayınmağa çalışdıqları Madrid prinsiplərini göstərir. Vacibliyinə görə Burkhalterin diqqət çəkdiyi ikinci məqam atəşkəs rejiminin gücləndirilməsidir.
Didye Burkhalter İrəvana səfəri çərçivəsində prezident Serj Sarqsyanla keçirdiyi görüşdə Minsk qrupu formatının vacibliyini qeyd edib. O, status-kvonun perspektivinin olmadığını, addım-addım sülhə doğru getməyin vacibliyini vurğulayıb. İsveçrənin nizamlanma prosesinə mümkün töhfəsi haqda da danışan Burkhalter deyib: "Biz vasitəçilik edə, prosesdə ekspertlərin iştirakını təmin edə, ona siyasi və maddi kömək ola bilərik. Biz bu işləri İsveçrənin ATƏT-ə sədrliyi dövründə də, lazım gələrsə, ondan sonra da görə bilərik". Bununla yanaşı, İsveçrə prezidenti bildirib ki, onun ölkəsi münaqişə tərəfləri arasında inam atmosferinin gücləndirilməsi istiqamətində addımlar ata bilər - insanlar arasında birbaşa əlaqələr, ekoloji məsələlərin həlli. ATƏT-in fəaliyyətdə olan sədrinin dalana dirənmiş danışıqlar prosesini canlandırmaq niyyətində olduğunu göstərən daha bir məqamsa "DQR"in "prezidenti" Bako Saakayanın onunla görüşmək üçün İrəvana çağırılmasıdır. Hər halda, İrəvan Azərbaycan torpaqlarını işğaldan azad etmək istəməməsini tez-tez Qarabağ ermənilərinin güzəştə getmək istəməmələri ilə "pərdələyir".
ATƏT-in fəaliyyətdə olan sədri ilə yanaşı, vasitəçi ölkələrdə - Fransa, ABŞ və Rusiyada da fəallaşma hiss olunur. Mayın 31-də Fransanın Azərbaycandakı səfiri Paskal Monye jurnalistlərə bildirib ki, Fransa prezidenti Fransua Olland Cənubi Qafqaza bu yaxınldarda etdiyi səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret təkliflər irəli sürüb. Diplomatın sözlərinə görə, Paris danışıqların aparılması üçün Azərbaycan və Ermənistan prezidentlərini ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə qəbul etməyə hazırdır. "Biz Ermənistanla Azərbaycan arasında sülhə nail olunması məqsədinə sadiqik və iki xalqın gələcəkdə müharibə deyil, sülh şəraitində yaşaması üçün imkanlar yaratmaq istəyirik", - deyə Monye bildirib.
İrəvanda isə eyni mövzuda ABŞ səfiri Con Heffern çıxış edib. O, "Amerikanın səsi" radiosuna müsahibəsində bildirib ki, "...həqiqətən də nizamlama prosesi pat vəziyyətindədir". Səfirin sözlərinə görə, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dövlət Departamentindən münaqişə tərəfləri arasında yaxınlaşmaya nail olmaq üçün əlindən gələni etmək tapşırığı alıb. "Danışıqlar prosesində çox cüzi irəliləyiş var. Uorlikə isə tərəflər arasında danışıqların dərinləşdirilməsi üçün konkret tapşırıq verilib", - deyə səfir qeyd edib.
Rusiya ermənilərə bir qədər fərqli şəkildə öyüd verir. Ermənistanın ərazi iddialarını yumşaltması üçün Moskva Azərbaycana külli miqdarda müasir silah-sursat satır. Onların arasında onlarca hərbi vertolyot, 100 müasir T-90S tankı da var. Üstəlik, 100 tanklıq opsion da var: yəni, Azərbaycan tərəfi müvafiq sifariş verərsə, Rusiya onları Bakıya satacaq. Rusiyadan Azərbaycana 18 ədəd TOS-1A "Solnsepek" odsaçan raket kompleksinin gətirilməsi də gözlənilir. Ermənistan bütün bu silahların hücum xarakterli sistemlər olduğuna diqqət çəksə də, Moskvadan asılı durumda olduğu üçün etirazını açıq şəkildə bəyan edə bilmir. Məsələn, Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib: "Hərbi qurumun rəhbəri kimi, əlbəttə ki, mən bu məsələyə müsbət yanaşa bilmərəm. Amma bunları müzakirə etmək hüququm da yoxdur". Erməni jurnalistlərin hücumuna məruz qalmış Rusiyanın İrəvandakı səfiri İvan Volınkin isə söhbətdən bu cür yayınıb: "...Bu, siyasi yox, kommersiya məsələsidir. Məsələni qəlizləşdirməyə ehtiyac yoxdur".
Ermənistanı açıq şəkildə aşağılayan daha bir məqam Avrasiya İqtisadi İttifaqının (Aİİ) Astanada keçirilən təsis toplantısında qeydə alınıb. Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin Aİİ-nin yaradılmasına dair sənəd imzaladıqları toplantıya Serj Sarqsyan nəinki təsisiçi kimi buraxılmayıb, üstəlik, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevin məktubuna istinadla, İrəvanın Aİİ-yə yalnız ÜTT-yə qəbul olunduğu əsaslarla qoşula biləcəyini söyləyib. Söhbət Ermənistanın Aİİ-yə beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində üzv olmasından gedir. Nazarbayevin bu bəyanatı Serj Sarqsyanın və komandasının Dağlıq Qarabağı da Ermənistanla birlikdə Aİİ-yə sürükləmək planlarını pozub.
İrəvana qayıdarkən opponentlərinin və KİV-in sərt tənqidi ilə üzləşən S.Sarqsyan pərt olduğunu gizlətməkdən başqa yol tapmayıb. O bildirib ki, "Nazarbayevin Astanada dedikləri xoş olmasa da, bu bizə heç bir zərər verə bilməz". Bununla yanaşı, o, Erməenistanın əvvəldən Aİİ-yə Dağlıq Qarabağla birgə qoşulmaq planının olmadığını söyləyib: çünki "müstəqil dövlət" Aİİ-yə qoşulmaq üçün ərizə ilə müraciət etməyib.
Onun bu izahı, əlbəttə ki, heç kəsə inandırıcı gəlməyib. Xarici və yerli analitiklər güclənən Azərbaycanın fonunda Ermənistanın beynəlxalq mövqelərinin zəifləməsinə diqqət çəkirlər.
Bu arada Moskvanın regionda diplomatik fəallığını artırdığını göstərən daha bir məqam Rusiya prezidenti Sergey Lavrovun iyunda Bakıya səfərə hazırlaşmasıdır. Onun ardınca isə Rusiya baş nazirinin müavini Dmitri Roqozin də Azərbaycana gələcək. Xatırladaq ki, Rusiya hökumətində hərbi-sənaye kompleksi məhz Roqozinin kurasiyasındadır. Onlardan əvvəl isə Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukayev artıq Bakıda olub. Bu, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin inkişaf etdiyini göstərən amil sayıla bilər. Sankt-Peterburqda keçirilən İqtisadi Forumda dövlət neft şirkətləri olan "Rosneft"lə SOCAR arasında tərəfdaşlıq sazişinin imzalandığını unutmaq olmaz. Sənəd iki şirkətin Rusiya, Azərbaycan və üçüncü ölkələrin ərazisində birgə layihələr həyata keçirməsini nəzərdə tutur. Moskva-Bakı münasibətlərindəki maddi maraqların miqyasına görə, Ermənistan-Rusiya münasibətlərindəki maraqlarla müqayisə oluna bilməyəcəyi ortadadır.
Bu arada iyunun 1-də - bazar günü Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çoxlu sayda səfir və aparat əməkdaşı ilə birlikdə Dağlıq Qarabağa yollanıb. Rəsmi olaraq səfər erməni diplomatlarının Qarabax problemi ilə yaxından tanış olması üçün bilavasitə təmas məqsədi kimi göstərilib. Amma səfərdə məqsədin inadkarlığı ilə tanınan Qarabağ ermənilərinə müasir dünyanın reallıqlarının izah olunması məqsədi daşıdığı da istisna deyil. Çünki ermənilərin mövcud durum və onun hüquqi aspektlərinə dair təbliğ etdiyi versiyanı dünyada heç kəs bölüşmür. Azərbaycanın Dağlıq Qarabağın işğalı ilə qətiyyən barışmayacağını görən ermənilər indi danışıqlar prosesində mövqelərini yaxşılaşdırmaq üçün ərazi iddialarını daha da genişləndirmək qərarına gəliblər: indi onlar işğal etdikləri bütün Azərbaycan ərazilərinə - vaxtilə "təhlükəszlik üçün bufer zona" adlandırdıqları torpaqlara da iddialarını irəli sürürlər. Öz təbliğatının qurbanına çevrilmiş ermənilər beynəlxalq hüquqa zidd olan (BMT TŞ-nin məlum qətnamələrinə nəzər salmaq kifayətdir) bu iddialarına kiminsə anlayışla yanaşmasına nail ola bilməyiblər. Onlar Azərbaycanla müharibədə "qalib xülyası"ndan nə qədər tez azad olarlarsa, iqtisadi, demoqrafik, xarici siyasi və hərbi reallıqların onların xeyrinə dəyişmədiyini nə qədər vaxtında anlayarlarsa, bərpa olunmuş danışıqlar prosesində irəliləyiş şansları da o qədər çox olacaq.
MƏSLƏHƏT GÖR: