14 Mart 2025

Cümə, 21:39

SÖZDƏ DEYİL…

Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın sivilizasiyalararası dialoqa töhfəsinin daha bir təsdiqi oldu

Müəllif:

10.06.2014

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya səfərini, sözün əsl mənasında, tarixi əhəmiyyətli səfərlər kimi xarakterizə etmək olar. Onlar Azərbaycanın sivilizasiyalararası dialoqa vacib töhfəsinin daha bir təsdiqidir.

Mehriban Əliyeva Vatikana səfəri zamanı Roma Papası Fransisk ilə görüşüb. Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulayıb. Mehriban Əliyeva Heydər Əliyev Fondunun Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən də danışıb.

Vatikanın Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasını yüksək qiymətləndirib.

Mehriban Əliyevanın Vatikana səfərinin maraqlı məqamlarından biri onun məhz Müqəddəs katakombaları ziyarəti olub. Müqəddəs Marçellinio və Pyetro katakombalarının, o cümlədən Müqəddəs Yelena mavzoleyinin bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir. Mavzoley İmperator Konstantinin anası imperatriçə Yelenanın şərəfinə inşa etdirilib. Mavzoleydəki katakombalarda aparılan qazıntılar zamanı tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən qədim əşyalar tapılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan əsərlər arasında müdrikliyi ilə hətta heyvanları da sağaldan əfsanəvi Orfeyin əks olunduğu freska da var. Orfey insanlar arasında harmonik münasibətlərin rəmzinə çevrilib. Onun məlahətli melodiyası da buna çağrış edir.

Heydər Əliyev Fondunun özünəməxsus cəhəti onun məhz xalqlar və mədəniyyətlər arasında daha geniş, hər şeyi əhatə edən dialoqun qurulması cəhdləridir. Hələ 2 il əvvəl Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında razılaşmanın imzalandığı vaxt Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi bu hadisəni müsəlman dünyasının dünya xristianlığına hədiyyəsi kimi qiymətləndirmişdi. Həqiqətən də, bu, Vatikanın və katolik kilsəsinin tarixində müsəlman ölkəsində fəaliyyət göstərən xeyriyyə fondunun xristianlığın dini və maddi irsinin qorunmasına yardım göstərdiyi ilk haldır. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi işlər yalnız katakombaların bərpası ilə məhdudlaşmır. Fond hələ 1475-ci ildə yaradılmış Vatikan Apostol Kitabxanasında saxlanılan əlyazmaların bərpasına da öz töhfəsini verir.

Vatikan Apostol Kitabxanasında tarixin müxtəlif dövrlərinə aid 1 milyondan artıq kitab saxlanılır. Orada saxlanılan əlyazmaların bir çoxu Azərbaycana və Qafqaz regionuna aiddir. Hələ 2011-ci ildə Azərbaycanla Vatikan arasında imzalanmış saziş tədqiqatçılarımızın Apostol Kitabxanasının arxivinə yolunu açmışdı. O zaman Heydər Əliyev Fondunun Azərbaycan tarixinə aid 40-dək əlyazmanın bərpasına başladığı bəyan edilmişdi. Bərpa olunan əlyazmalar arasında qədim Quran da var.

2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılıb.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes "2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması"na dair yeni müqavilə imzalayıblar. Kitabxananın tərkib hissəsi olan Vatikan Məxfi Arxivi XVII əsrin əvvəllərində kitabxanadan ayrılaraq, müstəqil bir qurum kimi fəaliyyət göstərməyə başlayıb. Arxivdə 150 min nüsxə mövcuddur. 2012-ci ildə Vatikanın Məxfi Arxivində saxlanılan Azərbaycana aidiyyəti olan 60 əlyazmanın surəti və 100-dən artıq sənəd Bakıya təqdim edilib. Onlar əsasən azərbaycanlıların Atabəylər, Elxanilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və Qacarlar kimi dövlətlərinin hökmdarları tərəfindən Roma Papalarına yazılmış məktublar və onlara verilmiş cavablardır. Sənədlərin arasında missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları da var.

Azərbaycana təqdim edilmiş sənədlər arasında IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən nadir əlyazmalara da rast gəlinir. Onların arasında Nizaminin, Füzulinin, Nəsiminin və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri də  var.

Vatikana səfəri çərçivəsində Mehriban Əliyeva ilə Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqa arasında Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən "Sistina" zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb. Bu muzeydə antiklik və İntibah dövrünə aid qiymətli abidələr saxlanılır.

Azərbaycanın birinci xanımı İtaliya paytaxtı Romaya da baş çəkib. Romanın meri İqnatsio Marino Mehriban Əliyevaya Heydər Əliyev Fondunun dəstəyilə Əbədi şəhərin ən nəhəng abidələrindən olan Kapitoli Muzeyində aparılan təmir işlərinə görə minnətdarlıq  edib. Mehriban Əliyeva isə Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə merə təşəkkürünü bildirib, Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu söyləyib. Beləliklə, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın Azərbaycanın beynəlxalq əlaqələrinə töfhəsi bir daha təsdiqlənib. Şübhəsiz, Fondun əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərinin qorunub-saxlanılması, onların dünyada təbliğidir. Eyni zamanda, Fond ən müxtəlif ölkələrdə ümumbəşəri əhəmiyyət daşıyan abidələrin bərpasına da böyük töhfə verir.

Heydər Əliyev Fondunun Azərbaycanın dinlərarası və millətlərarası barış ölkəsi kimi təbliğində də əvəzsiz rolu var. Fond tərəfindən həyata keçirilən "Azərbaycan - tolerantlıq məkanı" layihəsi çərçivəsində istər müsəlman məscidləri və xristian kilsələri, istərsə də yəhudi məktəbi və mədəniyyət mərkəzi bərpa olunub. Bundan başqa, Fond Avropa ölkələrindəki memarlıq abidələrinin, məsələn, Fransadakı Versal sarayının bərpasında da fəal iştirak edir.

Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi bərpa işləri kimi işlər dünyada Azərbaycan haqqında əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi nadir dünyəvi dövlət təsəvvürünün formalaşmasına kömək edir. İnsanlar onun ümumbəşəri mədəni irsin qorunmasında iştirakının şahidi olurlar. Yəni, Azərbaycan yalnız islama deyil, həm də xristian və yəhudi sivilizasiyalarına aid mədəniyyət əsərlərinin qorunub-saxlanılmasında iştirak edir.

Bu mənada Vatikanın bir etirafı da maraqlıdır: o, çoxsaylı xristian fond və təşkilatlarına Roma Müqəddəs katakombalarının bərpasına yardım göstərilməsi xahişi ilə müraciət etsə də, Müqəddəs Taxt-Taca bu işdə ilk yardım göstərən, müsəlman ölkəsi olan Azərbaycanı təmsil edən Heydər Əliyev Fondu olub. Bu, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasındakı tarixi rolunun göstəricisidir. Bu mənada son illərdə Bakıda dünyanın dini liderlərinin sammitinin, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun, bir sıra beynəlxalq humanitar forumların keçirildiyini xatırlatmaq kifayətdir. Azərbaycan bu addımları ilə dialoqun, tolerantlığın, qarşılıqlı hörmətin, insanlar, xalqlar və dövlətlər arasında münasibətlərin nə qədər vacib olduğunu nümayiş etdirir.

Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dövlətlərarası əməkdaşlıq baxımından da vacibdir. Bu münasibətlərin tarixi hələ Azərbaycan Alban dövlətinin dövrünə gedib çıxır. Alban dövləti Roma və Bizans imperiyaları ilə sıx əlaqələrə malik olub. Azərbaycanın İslam dinini qəbul etməsi ilə, xalqımızın xristian dünyası ilə münasibətləri yeni mərhələyə qədəm qoyub. Azərbaycan Avropanın siyasətində hər zaman xüsusi yer tutub. Çünki Böyük İpək Yolu məhz Azərbaycan ərazisindən keçib. Papa hakimiyyəti bir sıra Azərbaycan dövlətləri ilə kifayət qədər sıx siyasi və iqtisadi əlaqələrə, hətta müttəfiqlik münasibətlərinə də malik olub. Bu fikri onun Şirvanşahlar, Atabəylər, Elxanilər, Ağqoyunlular, Səfəvilər kimi dövlətlərlə münasibətləri haqda söyləmək mümkündür. Azərbaycan dövlətlərinin Şamaxı və Təbriz kimi şəhərlərinin  girişində Roma-Katolik kilsəsinin səfirliyi olub. Yeri gəlmişkən, Vatikanın bir müddət əvvəl Azərbaycana verdiyi bəzi sənədlərdə Səfəvilər dövlətinin Romadakı səfirlərinin fəaliyyətindən də söz açılır. Məsələn, orada I Şah İsmayılın Papa VIII İnnokentiyə sarayı yanındakı səfiri Həsən bəyin taleyi haqqında yazılıb.

1919-cu ildə müsəlman Şərqinin ilk demokratik dövləti olmuş Azərbaycan Demokratik Respublikası (ADR) da Papa dövləti ilə diplomatik münasibətlər qurmuşdu. Vatikan arxivlərində ADR-in İstanbuldakı səfiri Yusif  Vəzir Çəmənzəminli ilə Roma Papası və kardinalı arasında yazışmalar bu günədək qorunub-saxlanılıb. Maraqlıdır ki, məhz Azərbaycan və Papa diplomatlarının apardıqları danışıqlar sayəsində İstanbulda Roma Papası XV Benediktə heykəl qoyulub (1914-1922).

Azərbaycanla Vatikan arasında münasibətlərə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra yenidən təkan verilib. Tərəflər arasında diplomatik əlaqələr hələ 1992-ci ildə qurulsa da, müstəqilliyin ilk 10 ilində Azərbaycanla Vatikan arasında fəal əməkdaşlığın olduğunu demək mümkün deyil. 2002-ci ildə ölkənin ozamankı prezidenti Heydər Əliyevin dəvəti ilə Roma Papası II İohann Pavel Bakıya səfər edib. Pontifik o zaman Azərbaycanı Şərqlə-Qərb arasında qapı, həmçinin tolerantlıq nümunəsi adlandırmışdı. II İohann Pavelin Bakıya səfəri zamanı Bakıda katolik kilsəsinin tikintisi haqda razılıq əldə olunmuşdu. Tezliklə tikilən həmin kilsə bu gün də fəaliyyətini davam etdirir.

2008-ci ildə Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenin, 2013-cü ildə isə Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazinin Azərbaycana səfərləri Vatikan-Azərbaycan münasibətlərinin intensivliyinin göstəricisi sayıla bilər.

2012-ci ilin noyabrında Vatikanda "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərginin açılışı da böyük rezonans doğurmuşdu. Azərbaycanla Vatikan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş sərgidə Azərbaycanın ən müxtəlif dövrlərinə aid, onu mədəniyyətlərin və sivilizasiyaların kəsişməsi kimi xarakterizə edən mədəni dəyərləri nü-mayiş olunub. Ən başlıcası isə Azərbaycan Vatikanda bu cür sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb. Elə həmin il o dövrün Roma Papası XVI Benediktin çıxışlarının birində Vatikan-Azərbaycan münasibətlərini digər dövlətlərə nümunə göstərməsi heç də təəccüblü deyildi.

Azərbaycanla Vatikan arasında əməkdaşlığın elmi baxımdan da böyük əhəmiyyəti var. Bu əməkdaşlıq və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri sayəsində elmi dairələr qarşısında (əlbəttə ki, yalnız Azərbaycanın deyil, həm də digər ölkələrin) Müqəddəs Taxt-Tacın maddi və mədəni irsinin araşdırılması üçün yeni imkanlar açılır. Bundan başqa, abidələrin bərpası başa çatdırıldıqdan sonra Vatikan yenidən turistlərin və zəvvarların hədəfinə çevriləcək. Bu,  islamla xristianlıq arasında uğurlu dialoqun, müxtəlif mədəniyyətlərə və dinlərə məxsus insanlar arasında əlaqələrin vacibliyinin ən yaxşı təsdiqi  deyilmi?



MƏSLƏHƏT GÖR:

700