24 Noyabr 2024

Bazar, 12:02

…YAXŞISI BUDUR, SİZ BİZƏ BUYURUN!

Azərbaycan xaricə əmək miqrantları göndərən ölkədən onlari qəbul edən ölkəyə çevrilib

Müəllif:

15.12.2012

Bu gün Azərbaycan yerli sakinlərin iş axtarmaq üçün xaricə üz tutduğu ölkədən xaricdən işçi axınını qəbul edən ölkəyə çevrilib. Bu axının ümumi mənzərəsinə baxdıqda, görmək olar ki, Azərbaycana da miqrantlar əsasən Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrindən, eləcə də Türkiyədən və hətta Avropadan gəlir. Əsas səbəb isə iş axtarışıdır.  

Şübhəsiz ki, əmək miqrasiyası insan haqlarının daha çox pozulduğu sahədir. İş axtarışında başqa ölkələrə üz tutanlar bir qayda olaraq miqrantların çox hissəsini təşkil edir. Məhz buna görə, dünya üzrə miqrantların sayının çox olması və gündən-günə artması nəzərə alınaraq, 12 il qabaq BMT Baş Assambleyası dekabrın 18-ni Beynəlxalq miqrant günü elan edib. 

Üzv dövlətlərə, həmçinin hökumətlərarası və qeyri-hökumət təşkilatlarına təklif edilib ki, həmin gün insan haqları və miqrantların əsas azadlıqları haqqında məlumatlar yayılsın, onların müdafiəsinin təminatı üzrə tədbirlər keçirilsin. 

 

Qorunan miqrantlar 

Beynəlxalq ekspertlər etiraf edirlər ki, MDB ölkələrində əmək miqrasiyası proseslərinə baxarkən, Azərbaycanda qanunsuz miqrasiyanın səviyyəsi  qonşuları ilə müqayisədə narahatlıq doğurmur. Üstəlik, son zamanlar ölkənin miqrasiya qanunvericiliyinə müəyyən dəyişikliklər edilib. 2009-cu il iyulun 1-dən Azərbaycan prezidentinin fərmanı ilə miqrasiya prosesinin idarə edilməsində "vahid pəncərə" prinsipi tətbiq edilib. Onun tətbiq edilməsi  əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda yaşamaq və işləmək icazəsinin verilməsi və onların qeydiyyatı  prosedurlarını sadələşdirdi, bu sahədə şəffaflığı təmin etdi. Miqrasiya prosesləri ilə bağlı məsələlərdə vahid dövlət orqanı səlahiyyətləri isə Dövlət Miqrasiya Xidmətinə (DMX) həvalə edildi. 

Bu, necə baş verir? Yaşayış yeri üzrə müraciət etmiş xarici vətəndaşın qeydiyyatından sonra ona müəyyən edilmiş nümunədə və müəyyən müddətdə keçərli olan şəhadətnamə verilir. Bu sənəd, pasportdan başqa, Azərbaycan ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün lazım olan bütün sənədləri əvəz etməklə yanaşı, sərhədi keçərkən həmin vətəndaşın səlahiyyətlərini də genişləndirir. Hətta ölkəyə viza əsasında gəldikdə belə. Başqa sözlə, əgər əvvəllər onun vizası çoxdəfəlik deyildisə, müxtəlif səbəblər üzündən vətəninə getməli olduqda geri - Azərbaycana dönərkən yenidən viza rəsmiləşdirməli idi. "Vahid pəncərə" prinsipi tətbiq ediləndən sonra isə yeni şəhadətnamə alımış xaricilər üçün giriş və qayıdış vizaları ləğv edilib. 

DMX-ə müraciətin rahat olması üçün bu təşkilatın rəsmi saytında bütün ərizə formaları, lazım olan sənədlərin siyahısı, həmçinin icazənin verilməsinə görə tutulan dövlət rüsumları barədə məlumat yerləşdirilib. Xaricilərdən elektron poçt vasitəsilə ərizə qəbulu da tətbiq edilib. Şəksiz, bu cür proseslər xarici təcrübədən istifadə etməklə milli qanunvericiliyin mövcud duruma uyğunlaşdırmasını tələb edir. Beləliklə, ölkə başçısı tərəfindən 2004-cü ildə təsdiq edilmiş dövlət miqrasiya siyasəti konsepsiyası nəzərə alınmaqla, ölkənin miqrasiya sahəsi üzərində nəzarətin artırılması əsas məsələlərdən birinə çevrilib. 

Bundan əlavə, miqrasiyaya nəzarətin gücləndirilməsi üçün 2009-cu ilin 6 fevral tarixində prezident İ.Əliyev tərəfindən Vahid Miqrasiya İnformasiya Sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Bunun vasitəsilə hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olduğu andan nəzarətə götürülür. Buraya onun olduğu yer və məşğuliyyəti barədə məlumatlar da daxildir. Bu ona görə edilib ki, son yeddi il ərzində iqtisadiyyatının, neft-qaz sektorunun və başqa seqmentlərin inkişafı hesabına Azərbaycan xaricə əmək miqrantları göndərən ölkədən onları qəbul edən ölkəyə çevrilib. 

DMX-nin mətbuat xidmətindən "R+"a bildiriblər ki, qurumun yaradılmasından sonra başqa ölkələrin mirqasiya işinin öyrənilməsinə böyük diqqət yetirilib ki, bu, sonradan ölkə daxilində tətbiq edilsin. "Beynəlxalq təcrübədən çox şey miqrasiya qanunvericiliyinə edilən dəyişikliklərin  əsasında durdu. O cümlədən, ölkəyə viza ilə, həmçinin vizasız qaydada girib-çıxan insanların ölkədə qalma müddəti 90 günə endirildi. Özü də ölkəyə bir aydan çox müddətə gələn xaricilər və vətəndaşlığı olmayan şəxslər üç gün ərzində yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydiyyatdan keçməlidirlər. Müddətin uzadılmasına və ya müvəqqəti yaşamağa icazə (konkret hallar bu qanunla müəyyən edilib)  DMX tərəfindən bir il müddətinə qədər verilir. Bu, hər il baş verə bilər və dörd ildən çox ola bilməz. Ölkədə qanuni əsaslarla iki ildən az olmayaraq yaşamış xaricilərə və vətəndaşlığı olmayan şəxslərə Dövlət Miqrasiya Xidməti beş il müddətinə daimi yaşamaq üçün hüquq, yəni mühacir statusu verə bilər. Beşillik müddət başa çatdıqdan sonra, icazə daha bu qədər müddətə uzadılır; qanuni əsaslar olduqda uzadılma sayı məhdudlaşmır".

Müəyyən yumşaldılmalarla yanaşı, bu sənəddə miqrasiya qanunvericiliyinin pozulmasına görə maddi məsuliyyətin yetərincə - 10 dəfə artırılması da nəzərdə tutulur. Bu həm ölkədə qanunsuz yaşayan xaricilərə, həm də qoyulmuş qaydaları yerinə yetirməyən vəzifəli şəxslərə, işə götürənlərə aiddir. Bundan başqa, xaricilərə yaşayış sahəsi verən, amma onların vaxtında qeydiyyatdan keçməsi üçün tədbir görməyən şəxslərə qarşı da cərimə sanksiyaları artırılıb. Belə olan halda cərimənin məbləği 300 manatdan 500 manata qədər dəyişir. "Dövlət rüsumu" haqqında qanuna edilən dəyişikliklərə görə, qastarbayterin işə götürülməsi üçün fərdi icazəyə görə rüsumun məbləği 1000 manata qədər artırılıb. İndiyə kimi isə bü məbləğ yalnız 45 manat idi. Ekspertlərin fikrincə, bu və ya başqa nəzərdə tutulmuş tədbirlər ölkədə yaranmış duruma uyğundur və bizim vətəndaşların əmək hüquqlarının qorunmasına yönəlib, bunun hesabına əmək hüququ qorunub. 

 

Rəqəmlər danışır

DMX-də bildirirlər ki, hazırda Azərbaycan iqtisadi cəhətdən çox cəlbedici sayılır və ölkəyə miqrant axını ildən-ilə artır. DMX ölkəyə qanunsuz miqrasiya faktlarının, xaricilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşama qaydalarını pozma hallarının qarşısını almaq üçün əlindən gələni etsə də, gəlmələri ölkədən çıxarmaq da lazım gəlir. 

Hazırda Azərbaycanda fərdi sosial sığorta hesabına malik 13,3 min xarici əmək miqrantı var ki, bunun 90,2% faizi kişilərdir. Azərbaycana miqrasiya axınının artmasını aşağıdakı rəqəmlər göstərir: 2006-cı ildə Azərbaycanda 1300 xarici rəsmi işləyib. İki il sonra isə onların sayı 3,5 dəfə çoxalıb. İşləyən xaricilər daha çox neft və tikinti sahələrində, nəqliyyatda çalışırlar. 

Bütünlüklə, DMX-nin məlumatına görə, Azərbaycanda 500 minə yaxın miqrant var ki, ölkəyə müxtəlif məqsədlərlə gəliblər. Onların sırasına Azərbaycan vətəndaşları ilə nikahda olanlar və yaxın qohumluq əlaqələrinə malik əcnəbilər, Azərbaycanda oxuyan tələbələr də yer alır. Azərbaycana gələn miqrantların bir qismi əmək miqrantlarıdır. Amma DMX-də bildirirlər ki, bu heç də ölkədə əmək fəaliyyəti gerçəkləşdirən qeydiyyatsız xarici vətəndaşların olmaması demək deyil. Qeydiyyatdan yayınma onunla izah edilə bilər ki, ölkədə "vahid pəncərə" tətbiq ediləndən sonra, daxili bazarın işçi qüvvəsinə tələbatı nəzərə alınaraq iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotaları müəyyən edilib. Bu ona görə edilib ki, cəlb edilən miqrantların sayı milli iqtisadiyyatın tələbatına dəqiq uyğun gəlsin - yerli vətəndaşların maraqları heç cür pozula bilməz. Buna görə də ölkədə əmək fəaliyyəti üçün icazə istəyən xarici vətəndaşların sayının çox olmasına baxmayaraq, onu hamı ala bilmir. 

 

Azərbaycan miqrantları

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan daxili miqrantların sayının ən yüksək olduğu ölkədir. Dünya üzrə miqrantların  97-98%-i başqa ölkələrin vətəndaşları olduğu halda, Azərbaycanda miqrantların 70%-i daxili miqrantlardır və onlar torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində yaşayış yerlərini tərk etməyə məcbur olan insanlardır. Azərbaycanda yerləşən miqrantların 90%-dən çoxu milliyyətcə azərbaycanlıdır. 

Amma bununla yanaşı iddia etmək olmaz ki, Azərbaycanda miqrasiya prosesi bütünlüklə dayanıb. Azərbaycanlıların öz ölkəsindən kənara miqrasiyasının coğrafiyası yetərincə genişdir. Ancaq üstünlük verilən ölkələr sırasında hələ  keçmişdən birinci yeri Rusiya tutur. Daha sonra xeyli fərqlə Türkiyə, Ukrayna və Qazaxıstan gəlir. Azərbaycandan kənara müvəqqəti qazanc üçün gedən insanların sayı barədə məlumatlar çox fərqlidir və bu, dövlət məmurları ilə müstəqil ekspertlər arasında mübahisələrin mövzusudur. Məsələn, ən aktual sualın - Rusiya Federasiyasında nə qədər azərbaycanlının yaşamasının dəqiq cavabı indiyə kimi bilinmir. Bəziləri Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsaslanaraq iddia edirlər ki, belələrinin sayı 2 milyona yaxındır və onların üçdəbiri artıq Rusiya vətəndaşıdır, başqaları isə hesab edir ki, belələrinin sayı 400-500 min nəfərdir. 

 

Nəticə 

Bütünlükdə, beynəlxalq ekspertlər hesab edirlər ki, Azərbaycanda son illərdə miqrasiya prosesləri sahəsində önəmli qərarlar qəbul edilməsinə baxmayaraq, bu, qarşıdan gələn 7 ildə onların yeniləşdirilməməsinə əsas vermir. Beynəlxalq miqrasiya daim dinamikada olan sahədir. Uyğun olaraq onu tənzimləyən qanunlar da çevik olmalıdır və durumun istənilən dəyişməsinə reaksiya verməlidir. Xüsusi diqqət trafikinqlə mübarizəyə ayrılmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, əmək miqrasiyası Azərbaycanın iqtisadi və sosial inkişafına yardım edən çox sayda müsbət effektlər verə bilər. Bunun üçün sadəcə miqrantların, o cümlədən xaricdə yaşayan azərbaycanlıların ölkəyə yolladığı pul köçürmələrini nəzərə almaq lazımdır. Bu, ölkə və onun dövlət büdcəsi üçün böyük dayaqdır. Eyni zamanda, Azərbaycanda miqrasiya sahəsində statistik məlumatların toplanılmasında iştirak edən bütün qurumların əlaqələndirilməsinin daha dəqiq mexanizmini yaratmaq lazım gəlir. Onda hökumətə konkret faktlara və rəqəmlərə əsaslanaraq, miqrasiya siyasətinin gələcək inkişafı və təkmilləşdirilməsi üzrə qərarları vermək daha asan olar. 

Ekspertlər Azərbaycan hökumətinin əmək miqrantlarının fərdi iş üçün icazə alınmasına tələb olunan dövlət rüsumunun ölçüsünün 1000 manata qaldırmasına da fərqli yanaşırlar. Çünki bu məsələdə ilk öncə diqqəti çalışan miqrantın kateqoriyasına yönəltmək lazımdır. Əgər xarici əmək miqrantı Azərbaycanda hansısa geniş fəaliyyət göstərən və bu məbləği ödəməyə qadir böyük şirkətdə işləməyə gəlirsə, bu tamamilə normaldır. 

Əgər söhbət kiçik və orta biznesdən gedirsə, bu sektor üçün belə verginin səviyyəsi yüksəkdir. Bu, miqrantı məcbur edə bilər ki, problemlərdən qaçmaq üçün qeyri-leqal vəziyyətə keçsin. Bu, həm işçinin özü, həm də işəgötürən üçün pis olacaq, çünki işəgötürənə də əmək miqrantını icazəsiz işə cəlb etməyə görə böyük cərimə kəsəcəklər. O, əmək hüquqlarının pozulması - normalaşdırılmamış iş gününə, aşağı əmək haqqında və s.-ə görə günahlandırıla bilər. 

Əlbəttə ki, bundan dövlət də zərər çəkir. Bir tərəfdən, ölkədə qanunsuz əmək miqrantlarının olması, o biri tərəfdən isə dövlət büdcəsinin  mümkün gəlirlərdən məhrum olması üzündən. Buna görə də bir çox ölkələrdə belə məsələlərin həllində differensial yanaşma tətbiq edilir. Əmək miqrantının maaşının səviyyəsi, onun işlədiyi şirkətin durumu, cəlb olunan mütəxəssisin səviyyəsi və başqa amillər nəzərə alınır. Dövlət rüsumunun artırılması müsbət effekt də verə bilər, çünki artıq şirkətlər işçini yerli bazarda axtarmağın, yoxsa xaricdən cəlb etməyin əlverişliliyi barədə düşünəcəklər. 



MƏSLƏHƏT GÖR:

508