25 Noyabr 2024

Bazar ertəsi, 12:36

BİR SAYLI HAZIRLIQ

"Orbital sciences corporation" şirkəti "AzerSpace" layihəsinın başa çatdığını elan edib

Müəllif:

15.12.2012

Azərbaycanın ilk milli rabitə peykinin iki il yarımdan artıq sürən buraxılışa hazırlıq dövrü finiş xəttinə yaxınlaşmaqdadır. Yığımı gerçəkləşdirən Amerika şirkəti rabitə peykinin bütün lazımi sınaq prosedurlarını bitirib və rəsmən layihənin başa çatdığını elan edib. 

 

Kuruya yol 

Azərbaycanın Rabitə və İnformasiya Texnologiya Nazirliyi (RİTN) və "Azərkosmos" ASC-nin həyata keçirdiyi kosmik peyklərin buraxılışı proqramı ölkənin kommunikasiya sektorunun inkişafında vacib və tamamilə yeni sahədir. Bu layihə xarici tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir və nəzərdə tutulan plan üzrə gedir. 

2010-cu ilin may ayında Bakıda Amerikanın "Orbital Sciences Corporation" şirkəti ilə böyük müqavilə imzalanıb və şirkət ötən iki il yarım ərzində milli rabitə peykinin yığımını və buraxılışa hazırlanmasını başa çatdırıb. İlk milli peyk rəqəmsal tele-radioyayım, İnternet şəbəkəsinə giriş, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkələrinin yaradılması, həmçinin qapalı hökumət rabitəsinin təmin edilməsi xidmətlərinin təqdim edilməsi üçün nəzərdə tutulub. Sözügedən funksiyaların yerinə yetirilməsi üçün "AzerSpace" peyki "Star-2 Bus" platformasının bazasında ən son texnoloji nailiyyətlər tətbiq edilməklə yığılıb. Bu baza üzərində dünyada 22 pek yığılıb, onlar çox etibarlıdırlar və uğurla istismar edilirlər. "AzerSpace" peykinin ilkin çəkisi 3,3 tondur, onun orbitdə istismar müddəti 15 ildən az olmayacaq. 

Peykin avadanlığının sonuncu sazlama prosedurları və testləşdirilməsi demək olar ki, bu günlərdə başa çatıb və kosmik aparat tamamilə raket daşıyıcısına quraşdırılmağa hazırdır. "AzerSpace"in  son hazırlığı ilə ətraflı tanış olmaq üçün "Azərkosmos" ASC-nin əməkdaşları və layihə üzrə texniki nəzarətə cavabdeh olan Kanadanın peyk servis operatoru "Telesat"ın təmsilçiləri "Orbital Sciences Corporation" zavodunda olublar. Rəsmi təhvil-təslim mərasimindən sonra peyk "Azərkosmos" təmsilçiləri tərəfindən fransız Qvianesində yerləşən Kuru kosmodromuna daşınacaq. Burada  fransız şirkəti "Airanespace"nin əməkdaşları "AzerSpace-1" peykini "Ariane 5-ECA"nın  üzərində quraşdırılmasını gerçəkləşdirəcəklər. Bundan sonra təxminən fevralın birinci ongünlüyündə peyk geostasionar orbitə çıxarılacaq. 

 

Rentabelli layihə 

"İlk milli peykimizin buraxılması layihəsinin ümumi dəyəri təxminən $230 mln təşkil edib. Bu məbləğə yerüstü idarəetmə stansiyalarının tikitlməsi və kosmik aparatın 100%-lik sığortası daxildir", - deyə bu yaxınlarda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, yaxın 4 il ərzində Azərbaycan kosmosa ən azı daha iki peyk göndərəcək. 2014-cü ildə Yerin səthinin zondlaşdırılması üçün aşağı orbitli peyk buraxılacaq, 2016-cı ildə isə ikinci telekommunikasiya aparatı işə salınacaq. 

Aşağı orbitli peykin düzəldilməsi, orbitə çıxarılması və sığortası üzrə keçirilmiş tenderin qalibini  "Azərkosmos" bu yaxınlarda elan edəcək. Bu məqsədlə biznes-plan tutulur və gələcəkdə Yer səthinin kosmosdan çəkilmiş optik və radar təsvirlərini almaq istəyəcək potensial müştərilərlə danışıqlar aparılır. Aşağı orbitli peykin buraxılması çərçivəsində Azərbaycanda unikal yerüstü stansiyaların yaradılması planlaşdırılır. Bu stansiyalar bizim regionun üzərindən keçən başqa peyklərin təsvirlərinin qəbulu üçün istifadə ediləcək. Bunun üçün ASC bu yaxınlarda optik peyk xidmətləri və sintez edilmiş apertura torlu (SAR - Synthetic Aperture Radar) radar sistemləri üçün universal yerüstü stansiyaların alınmasına dair tender elan edib. 

Bu gün Bakıda və Naxçıvanda əsas və ehtiyat uçuşu idarəetmə mərkəzlərinin (UİM) tikintisi üzrə bütün işlər, demək olar ki, başa çatdırılıb. Əsas UİM kompleksi paytaxtdan cənub-şərqdə yerləşən Güzdək ərazisində yerləşir. Orada inzibati bina, xüsusi avadanlıqlı mühəndislik qurğuları tikilib, antenna kompleksləri quraşdırılıb, həmçinin bütün lazımi kommunikasiyalar birləşdirilib. UİM-in bütün obyektlərinə yüksək voltajlı güc kabelləri, həmçinin zirehli optik-lif kabeli (FO-48) çəkilib, optik kabel əsas idarəetmə mərkəzini Xırdalan ATS ilə birləşdirir. 

Bu yaxınlarda isə Naxçıvan Muxtar Respublikasında ikinci ehtiyat UİM-in tikintisi başa çatdırılıb. Yaxın perspektivdə Malayziyanın əsas innovasiya və IT mərkəzi olan Saybercay şəhərində üçüncü UİM-in işə salınması da nəzərdə tutulub. Bu obyekt peykin kommunikasiya resurslarının kommersiya istismarı üçün nəzərdə tutulub. Üçüncü mərkəzin Cənubi-Şərqi Asiya regionunda yerləşməsi də bununla izah edilir. Məsələ bundadır ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi peykin resurslarının yalnız dörddəbirini ölkənin daxili ehtiyacları üçün işlətmək istəyir, qalan həcmlər isə beynəlxalq bazarda satılacaq. 

Bizim peyk üçün müvəqqəti orbital mövqe isə 46 dərəcə şərq uzunluq dairəsində müəyyən edilib. O, Malayziyanın peyk operatoru "MeaSat"dan icarəyə götürülüb. Uyğun olaraq Malayziya artıq çoxdan "Azərkosmos"un ilk müştərilərinin sırasındadır. Bu ölkə "AzerSpace"in komutasiya ehtiyatlarının təxminən 40%-nin satınalınması imkanını rezervləşdirib. Həmçinin "OnAir" şirkəti ilə də peykin bir hissəsinin icarəsi ilə bağlı danışıqlar aparılır. 

Kosmik aparatları Azərbaycan peyki ilə qonşu olan 30 dünya ölkəsi ilə sürən yeddiillik mövqelərin razılaşdırılması prosesinin başa çatmasından sonra peykimizin orbiti özünə məxsus 43.2, 58.5 və 96 dərəcə şərq uzunluq dairələrindəki mövqeyə çıxacaq. Azərbaycan peykinin tamamilə uğurlu orbital mövqeyi bir sıra dövlətlərin dünyanın daha tutumlu və dinamik inkişaf edən İKT bazarları ilə əlaqəyə girməsinə imkan verəcək. Konkret olaraq söhbət Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq dövlətlərindən gedir. 

Mərkəzi Asiya, Afrika və Yaxın Şərq telekommunikasiya bazarlarının əsas özəlliyi iri çətinkeçilən dağlıq və səhralıq ərazilərinin olması ilə yanaşı, yerüstü (optik) rabitə infrastrukturunun nisbətən zəif inkişaf etməsidir. Son illərdə məhz bu regionlarda geniş zolaqlı İnternet xidmətlərinə ifrat bazar tələbatı müşahidə edilir ki, texniki baxımdan bu tələbatı yalnız üçüncü ölkələrin peyklərindən transponderlərin icarəsi hesabına ödəmək mümkündür, "Azer-Space"in sərbəst resursları da bu işə xidmət edəcək. 

"Azərkosmos"da əmindirlər ki, tələbat belə olarsa, peyk layihəsinə qoyulan sərmayələri, ilkin hesablamalara görə,  5-7 ildən sonra geri qaytarmaq mümkün olacaq. "AzerSpace"in istismarı zamanı gəlirlərin həcmi 495 mln manat,  xalis mənfəət isə 176 mln manat səviyyəsində proqnozlaşdırılır.



MƏSLƏHƏT GÖR:

479