Müəllif: Abbas AXUNDOV Bakı
Azərbaycanın davamlı iqtisadi artımı, çox sayda müxtəlif miqyaslı infrastruktur layihələrinin gerçəkləşdirilməsi, sahibkarlığın getdikcə inkişaf etdirilməsi və onun tələbatının artması ölkədə lizinq bazarının inkişafı üçün böyük potensial yaradır.
Lakin Azərbaycanın bank sektoru bir il ərzində, demək olar ki, 18%, sığorta bazar isə nəzərəçarpacaq 58% artım nümayiş etdirdiyi halda lizinq bazarı ötən ilkindən nə irəli, nə də geri gedib.
Bazar iştirakçılarının fikrincə, başa çatmaqda olan 2012-ci il maliyyə sektoru üçün önəmli olan bu seqment üçün sabitləşmə və nisbi inkişaf ili olub ki, bu da problemlərin həlli ilə yox, ölkədəki əlverişli iqtisadi durumla bağlıdır.
Problemlər, çatışmazlıqlar, onların aradan qaldırılması
Lizinq şirkətlərinin əsas problemlərindən biri hələ də maliyyə vəsaitlərinin çatışmamasıdır. Bu gün onlar əsasən öz təsisçiləri olan bankların vəsaitlərini istifadə edir və özləri demək olar ki, maliyyə cəlb edə bilmirlər. Axı açıq desək, bu şirkətlər beynəlxalq maliyyə institutları, həmçinin xarici kommersiya bankları üçün xüsusi maraq kəsb etmirlər. Sərmayəçiləri lizinq şirkətlərinin ölçüləri, portfelləri və kapitallaşdırma dərəcəsinin kiçikliyi sadəcə mat qoyur. Bu da uzunmüddətli, ucuz və böyük vəsaitlər cəlb etməyə imkan vermir. Hətta özünün təsisçisi olan bankdan lazımi qədər maliyyə vəsaiti ala bilən şirkətləri də barmaqla saymaq olar. Nəticədə, lizinq verənlərə pul vəsatiləri çox baha başa gəlir və onlar müştərilərə rəqabətli şərtlər təqdm edə bilmirlər.
Bundan başqa, lizinq şirkətləri bu sahəni tənzimləyən qanunvericilikdə, o cümlədən vergi qanunvericiliyində olan boşluqlardan şikayət edirlər. Yada salaq ki, hazırda lizinq münasibətləri Azərbaycanın Mülki Məcəlləsi (fəsil 38, maddə 747-751) və Vergi Məcəlləsi (maddə 140) ilə tənzimlənir. Mülki Məcəllənin lizinq barədə maddəsinin genişləndirilməsi nəticəsidə bu sahəni tənzimləyən, 1994-cü ildə qəbul edilmiş qanun ləğv edildi.
Məsələn, bu gün lizinqverən lizinqalandan müsadirə etdiyi və ya lizinq alanın geri verdiyi obyekti yenidən lizinqə verə bilməz. Yəni müsadirədən sonra şirkət lizinq obyektini ya qıraqda saxlamalı, ya da onu satmalıdır ki, istənilən halda bu, şirkətin xərclərinin artmasına gətirir və maliyyə göstəricilərində əks olunur. Bugünkü qanunvericilik nə təkrar, nə də əməliyyat lizinqi üçün şərait yaratmır, halbuki inkişaf etmiş ölkələrdə bu istiqamətlər lizinq şirkətlərinin portfelində yetərincə önəmli paya malik olurlar.
Nə qədər qəribə olsa da, lizinq bazarının oyunçuları bu sahənin inkişafını əngəlləyən digər bir problem kimi əlavə dəyər vergisindən (ƏDV) azad olmalarını göstərirlər. Məsələ bundadır ki, hazırda lizinq şirkətləri ƏDV ödəyicisi olmadığı üçün lizinq alanla qarşılıqlı hesablaşma etmək mümkün olmur, bu da potensial müştəriləri çəkindirir. ƏDV ödəyicisi olan hüquqi şəxs lizinq şirkətinə müraciət edirsə, bu vergi növü üzrə xərclərini özü çəkməlidir. Bu isə həmin əqdi onun üçün bahalaşdırır. Nəticədə həmin şəxs avadanlığı almaq üçün bank kreditlərini və ya öz vəsaitlərini xərcləməyi lizinqdən daha əlverişli sayır. Lizinq şirkətlərində hesab edirlər ki, onları ƏDV ödənişindən azad etmək elə də ciddi güzəşt deyil. Üstəlik, bu güzəştə görə onlar iri müştərilərdən məhrum olurlar.
Bundan başqa, şirkətlərdə qeyd edirlər ki, bu gün Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il tarixdə lizinq sektorunun stimullaşdırılması üçün qəbul etdiyi 12 saylı qərarı yerinə yetirmək mümkün deyil - o, ölkəyə malların gətirilməsi zamanı ƏDV-dən azad edilmiş bir neçə əsas vəsait növlərini əks etdirir. Təəssüf ki, bu qərarın yerinə yetirilməsi üçün heç bir işçi mexanizm yoxdur və bundan həm lizinq şirkətləri, həm də uyğun olaraq iqtisadi subyektlər zərər çəkir.
Lizinq şirkətləri də banklar kimi lizinq obyektinin müsadirə olunması, pul vəsaitlərinin tələb olunması məsələlərində məhkəmələrə müraciət zamanı problemlərlə üzləşirlər. Adətən bu proseslər uzun çəkir və illərlə sürə bilər, həmçinin məhkəmə qərarlarının yerinə yetirilməsi ilə də bağlı vəziyyət mürəkkəbdir. Bu işdə daha effktiv və operativ sistemin yaradılması lizinq şirkətlərinin işinə yetərincə yardım edə bilər.
Beləliklə, maliyyə bazarının bu seqmentinin əlavə dəstəyə ehtiyacının olması göz qabağındadır. Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALCA) mütəmadi olaraq dövlət orqanlarına lizinq sahəsini tənzimləyən qanunvericiliyə əlavələr və dəyişikliklər edilməsi ilə bağlı təkliflər göndərir, ancaq hələlik bu cəhdlər nəticəsizdir. Bir çoxları əsas problemi bu sahəni tənzimləyən dövlət orqanının olmamasında görür. Lizinq bazarı iştirakçılarının fikrincə, bu səbəbdən 2009-cu ildə tətbiq edilən kapitallaşmaya yönəldilən mənfəətin vergidən azad edilməsi kimi vergi güzəştləri yalnız bank və sığorta şirkətlərinə şamil edilib. Halbuki, bununla bağlı Milli Məclisə lizinq şirkətləri də müraciət etmişdi. Bundan başqa, sistem risklərinin qarşısının alınması və problemlərin həlli ilə bağlı qərarların qəbul edilməsində dövlət tənzimlən-məsinin müsbət tərəfləri vurğulanır.
Ancaq heç də hər kəs bu sahəyə dövlət tənzimlənməsinin tətbiq edilməsinin vacibliyi barədə fikirləri bölüşmür. Məsələn, Azərbaycanın lizinq bazarında bir neçə il qabaq araşdırma aparmış Beynəlxalq Maliyyə Korporasiyası bu məsələni gündəmə gətirməməyi tövsiyyə edib. Bazar iştirkçıları düşünür ki, lizinq sektoru hələ gəncdir və hansısa normativlərlə məhdudlaşdırmadan onun inkişafı üçün imkan yaratmaq lazımdır. Məhdudiyyətlər yeni-yeni inkişaf edən, gələcəkdə yaxşı perspektivləri ola biləcək zəif oyunçuları boğaraq bazardan çıxara bilər.
Portfel üçün faizlər
Bununla yanaşı, bu gün lizinq şirkətləri üçün daha bir problemin yaranması nəzərə çarpır - bankların kapitallaşmasına tələblərin artması ilə bağlı Azərpbaycanın bank sektorunda önəmli dəyişikliklər gözlənilir. Yada salaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu ilin 25 iyul tarixində verdiyi qərarla fəaliyyətdə olan bankların məcmu kapitalının, həmçinin yeni yaranmaqda olan bankların nizamnamə kapitalının minimum ölçüsünə qoyulan tələb indiki 10 milyon manatdan 50 milyon manata qaldırılıb. Yeni normativ 1 yanvar 2014-cü il tarixdən qüvvəyə minir, gözlənildiyi kimi həmin tarixdən ölkənin bank bazarının iştirakçılarının sayı nəzərəçarpacaq səviyyədə azalacaq. Lizinq bazarının bank sektoru ilə güclü bağlı olduğu nəzərə alınarsa, yaranan narahatlıq tamamilə başa düşüləndir.
Ancaq ekspertlər hesab edir ki, Azərbaycanın bank bazarında gözlənilən dəyişikliklər lizinq şirkətlərinin işinə önəmli təsir göstərməyəcək. Səbəb aydındır: onlar ya artıq bu gün tələblərə cavab verən, ya da bu tələbləri yerinə yetirəcəkləri barədə açıqlama vermiş bankların törəmə qurumları kimi yaradılıblar. Buna görə də bu tədbir çətin ki, lizinq bazarı oyunçularının sayına təsir göstərsin.
Yeri gəlmişkən, Azərbaycanda 20-dən çox lizinq şirkəti qeydiyyata alınıb, bunların 11-i ALCA-nın üzvüdür. Ekspertlər potensial bazar üçün oyunçuların sayını normal saysalar da, onların çantaları barədə eyni sözləri demək mümkün deyil.
Bu gün dünya təcrübəsində real aktivlərə sərmayələrin 30%-ə qədəri lizinq yolu ilə gerçəkləşdirilir, şirkətlərin əsas vəsatilərinin yenilənməsi də lizinq yolu ilə aparılır. Qərbdə heç bir şirkət avadanlığı kreditə götürmür, bu işi lizinq yolu ilə həyata keçirir. Azərbaycanda əsas vəsaitlərə ümumi yatırımların bir faizindən bir qədər çoxu lizinq yolu ilə yatırılır, halbuki Rusiya və Qazaxıstanda bu göstərici 6%-ə yaxın təşkil edir.
Müxtəlif qiymətləndirmələrə görə, Azərbaycanda lizinq xidmətlərinə tələbat 0,8-1 mlrd. manat səviyyəsindədir, halbuki, lizinq şirkətlərinin portfellərinin toplam həcmi 200 mln manata yaxın təşkil edir. Ekspertlərin fikrincə, yuxarıda sadalanan problemlərin bir hissəsinin həlli üçün bazarın həcmləri, heç olmazsa, 400-500 mln manata qaldırılmalıdır.
Bu gün lizinq üzrə orta faiz dərəcəsi məhsuldan asılı olaraq ildə 18-22% ətrafında dəyişir. Lizinq bu göstəricisinə görə öz əsas rəqibinə - bank sektoruna uduzur. Amma bununla yanaşı şirkətlər 2013-cü ildə dərəcələrin düşəcəyini proqnozlaşdırırlar.
Hazırda lizinqə yalnız tikinti və nəqliyyat sektorları üçün avadanlıq, istehsal xətləri, yüngül avtomobillər, tibbi avadanlıq və əmlakın müəyyən seqmentləri verilir. Tikinti bazarında fəallığın davam etdiyini nəzərə alsaq, bu sektorda 2013-cü ildə lizinq xidmətlərinə daha çox tələbat olacaq.
Ancaq bazar iştirakçılarının fikrincə ki, Azərbaycanda lizinq bütün sektorlarda öz tətbiqini tapa bilər: onlar Azərbaycanda iri nəqliyyat layihələrində, dağ-mədən sənayesində, aviasiyada, ölkə yollarının təmirində, kommunikasiyaların dəyişdirilməsində, energetika sektorunda və s.-də iştirak edə bilərlər. Hazırda şirktələr bütün istiqamətlərdə məhsul təklif etməyə çalışırlar, ancaq müəyyən müddət keçdikdən sonra bazarda ixtisaslaşmış lizinq şirkətlərinin yaradılması gözlənilir ki, bu, hazırda Rusiya Qazaxıstanda baş verir.
Bir sözlə, Azərbaycanda lizinq şirkətlərinin fəaliyyət dairəsi çox genişdir və bu bazarın inkişafı üçün bütün imkanlar var, amma bu potensialın gerçəkləşdirilməsi üçün bu sektorun ciddi islahatı lazımdır.
MƏSLƏHƏT GÖR: