14 Mart 2025

Cümə, 03:23

LOYAL ÖDƏNİŞ

Kemal Uyan: "Biznes-effektə əsaslanmaq lazımdır, məhz bu, nağdsız ödənişlər bazarının sabit artımı üçün əsas ola bilər"

Müəllif:

15.12.2012

Hökumətin nağdsız ödənişlərin inkişafı ilə bağlı səyləri, görünür, hissedilən nəticələr verməyə başlayıb - ölkə banklarının plastik kartlarla ödənişlərin populyarlaşmasına marağı getdikcə artmağa başlayıb. KİV-də hərtərəfli reklam edilən yeni bonus proqramları, kredit kampaniyaları və başqa marketinq gedişləri son nəticədə alqı-satqıda və xidmət göstərilməsində bu çağdaş, əlverişli, təhlükəsiz ödəniş növünü populyarlaşdırmaq məqsədi daşıyır. 

Sözsüz ki, bu məhsullara alıcı marağının böyük olması bazara da müsbət təsir göstərəcək. Ancaq bir sıra problemləri həll etmək, Azərbaycanın nağdsız ödəniş sahəsini maksimum dünya standartlarına yaxınlaşdırmaq, çağdaş texnoloji yenilikləri tətbiq etmək lazımdır ki, nağdsız ödənişlərin sadə vətəndaşların həyatına daxil olmasında lazımi nəticələri əldə etmək mümkün olsun.  Axı nəticədə, iqtisadçıların hesablamalarına görə, nağdsız hesablaşmaların bir gün sürətlənməsi illik ümumi daxili məhsulun (ÜDM) 1,5-2% artması deməkdir. O cümlədən, ölkə iqtisadiyyatında nağd vəsaitlərin həcminin azaldılması nağd pullara xidmət xərclərinin azalmasına gətirir, gizli iqtisadiyyatın, vergidən yayınmanın miqyaslarını azaldır və bank dövriyyəsinin inkişafına təkan verir. 

"MasterCard" şirkətinin Cənub-Şərqi Avropada biznesinin inkişafı üzrə regional direktoru Kemal UYAN "Region plus"a eksklüziv müsahibəsində Azərbaycanda nağdsız ödənişlərin inkişaf perspektivlərindən, bu sahədə önəmli yeniliklərdən danışıb.  

- Son iki ildə Azərbaycanda nağdsız hesablaşmaların populyarlaşdırılması üzrə geniş proqram başlanılıb. Bu sahədə əldə olunan nəticələri bu gün necə qiymətləndirirsiniz, ölkəmizdə nağd-sız hesablaşmalar sahəsində inkişaf hansı səviyyədədir?

- Mən Azərbaycanda əvvəllər də dəfələrlə olmuşam. Son beş ildə isə ölkənizə  "MasterCard" biznesinin inkişafı üzrə menecer kimi gəlib-gedirəm və əminliklə deyə bilərəm ki, nağdsız ödənişlər sahəsində 10 il qabaqkı durumu indiki ilə müqayisə etdikdə böyük artım olduğunu açıqca görmək olar; həm infrastrukturun inkişafı, həm də biznesin genişlənməsi baxımından. Son 2-3 ildə isə bazarda xüsusi güclü sıçrayış müşahidə edilir - bu, emissiya edilmiş bank kartlarının sayına və onların qəbulu üçün yeni məntəqələrin yaradılmasına da aiddir. Buna görə də "MasterCard" bu gün bazarın tələblərinə uyğun şəkildə xidmət çeşidinin genişləndirilməsi sahəsində yerli banklarla və hökumət qurumları ilə əməkdaşlığını daha da fəallaşdırıb. 

- "Masterİndeks"in araşdırmalarına görə, Azərbaycanda kredit kartları debet kartlarına nisbətən daha az populyardır. Son aylarda ölkənin bir sıra aparıcı bankları ticarət əməliyyatlarının gerçəkləşdirilməsi üçün xüsusi kredit kartları, həmçinin bu məhsula marağın artmasını stimullaşdırmaq üçün bonus proqramları tətbiq etməyə başlayıb. Sizcə, Azərbaycan şəraitində hansı həvəsləndirmə növləri effektivdir?

-  Qeyd edim ki, 10 il qabaq Türkiyədə praktiki olaraq oxşar durum var idi -əhali arasında debet kartlarının geniş yayılması müşahidə edilirdi. Kredit kartları arxa planda idi. Onda biz kredit kartlarını nağd pullara nisbətən istifadə üçün daha cəlbedici etmək naminə banklarla əməkdaşlıqda loyallıq sistemi tətbiq etmək qərarına gəldik. Axı debet kartları bankomatdan nağd pul çıxarmaq üçün istifadə edilir ki, bu da öz növbəsində nağd ödənişlərə gətirir. Bu, ən qədim qarşılıqlı ödəniş üsuludur, bugünkü texnoloji innovasiyalar fonunda o, ən əlverişsiz və təhlükəsizlik səviyyəsi aşağı olan ödəniş yoludur, halbuki kredit kartları istifadə üçün xeyli sadədir. Bizim məqsədimiz adamlara nağdsız ödənişlərin bütün faydalarını çatdırmaqdır. Sadə misal: siz pul kisənizi itirmisiniz və onun içindəki nağd pul geri dönmədən "yoxa çıxır". Kart isə başqadır - əgər siz onu hardasa itirsəniz, istənilən halda başqa heç kim sizin PIN-kodunuzu bilmirsə, oradan pul çıxara bilməz və siz rahatlıqla onun içində olanları bərpa edə bilərsiniz. Bundan başqa, xaricə səfərlər zamanı kartlar çox rahatdır - valyutanın konvertasiyası üçün vaxt sərf etmək lazım gəlmir və s. Bu cür xırdalıqlar onlarladır. 

Stimullaşmaya qayıdaq. Azərbaycanda, həmçinin kredit kartlarının populyarlaşdırılması üçün loyallıq proqramı da tətbiq edilir. Bunlar bonus və kredit proqramlarıdır, kartın istifadəsi zamanı "xallar"ın yığılmasını və malın  faizsiz borca verilməsini nəzərdə tutur. 

- Ancaq etiraf etmək lazımdır ki, bu kampaniyaların incəlikləri çox vaxt istehlakçıya aydın olmur. Əksər hallarda insanlarda bu proqrama qoşulmuş ticarət obyektlərinin uzun siyahısını öyrənməyə nə vaxtı, nə də səbri çatır. Onların maksimum sadələşdirilməsi üçün hər hansı təklif varmı?

-  Bu proqramlar banklarla ticarət və xidmət obyektlərinin birgə məhsuludur. Bank bir obyektlə əməkdaşlığa başlaya bilər, sonra getdikcə tərəfdaşlar siyahısını genişləndirə bilər. Amma bizim  məqsədimiz, əlbəttə ki, istifadəçilər üçün əlverişli olan loyallıq proqramı qurmaqdır ki, onlar kredit kartını bir ticarət nöqtəsində istifadə etməklə, bonus aldıqdan sonra, onu başqa mağazada xərcləyə bilsin. Biz ona can atırıq ki, bu proqram vahid olsun. Bir proqram təminatı ilə idarə edilməklə maksimum sayda çox obyektdə işləsin. 

Azərbaycanda biz başqa ölkələrdə, məsələn, Türkiyədə əldə edilmiş təcrübəni tətbiq edirik, orada yuxarıda bəhs etdiyimiz loyallıq proqramı 10 il qabaq tətbiq edilib. Öz növbəsində banklar da ticarət sektorundakı potensial tərəfdaşları ilə bu proqramın əlverişliliyi barədə müəyyən iş aparmalıdır. Axı əslində, bunun hesabına satınalmaların sayı, deməli, öz növbəsində obyektin dövriyyəsi yetərincə arta bilər. 

- Bununla yanaşı, Azərbaycanda indiyə kimi nağdsız hesablaşmaların populyarlaşmasına əsas maneə ticarət obyektlərinin ödəniş zamanı bank kartlarını o qədər də həvəslə qəbul etməməsidir. Sizin fikrinizcə, bu sahədə prosesin stimullaşdırılması üçün xüsusi inzibati tədbirlərə, məsələn, vergilərin yumşaldılmasına, bankların kommissiya haqlarının azaldılmasına və başqa bu kimi tədbirlərə ehtiyac varmı? 

- Şübhəsiz, ticarətçilərin nağdsız hesablaşmalara üstünlük verməsi üçün  motivasiya lazımdır. Birincisi, artıq qeyd etdiyim kimi, maddi mənfəət - ticarət əməliyyatlarının artımı hesabına müəssisənin gəlirinin artmasıdır. Qısa müddətli əsasda, bəlkə də, müəyyən inzibati güzəştlərin tətbiqi əlverişli olar, amma burada uzunmüddətli effekt gözləməyə dəyməz. Yenə də təkrar edirəm: biznes-effektə əsaslanmaq lazımdır, məhz bu, nağdsız ödənişlər bazarının sabit artımı üçün əsas ola bilər. Belə deyək ki, bu gün Türkiyədə müştərilərə kartla ödəniş imkanı təqdim edilməyən ticarət obyektləri rəqabət baxımından çox geri qalırlar. Azərbaycanda bu loyallıq proqramları indi-indi fəaliyyətə başlayır və onların real nəticələri yalnız yaxın 1-3 il ərzində müşahidə edilə bilər. 

- "MasterCard"ın Azərbaycan bankları ilə əməkdaşlığını necə qiymətləndirirsiniz, bizim bazarda hansı yeni layihələr və texnologiyalar təqdim ediləcək?

- Bu gün artıq bir sıra ölkələrdə "MasterCard"ın texnoloji yenilikləri tətbiq edilir və biz yaxın aylarda Azərbaycanda da onları tətbiq etməyə hazırlaşırıq. Belə deyək ki, bu yaxınlara kimi bank kartı ilə ödəniş etmək üçün onu mütləq terminaldan keçirmək lazım idi. Bu gün isə biz elektron çiplərin istifadəsi ilə yeni texnologiyaya keçirik, bu zaman kartı sadəcə, terminalın üzərinə qoymaq yetərlidir. 

Həmçinin, kontaktsız ödənişlər aparılması texnologiyası - "Pay Pass" da işlənilib. Bu zaman kartı, hətta terminalın üzərinə qoymaq belə tələb olunmur, sadəcə, ödəniş etmək üçün, düzdür, müəyyən məbləğ çərçivəsində, onu aparata yaxınlaşdırmaq yetərlidir. Müəyyən edilmiş limitdən yuxarı əməliyyatlar isə əlavə dəqiqləşdirmə tələb edir. Bu texnologiya kitab mağazalarında, fast-fud obyektlərində, kafedə, taksidə, ictimai nəqliyyatda  çox lazımlı ola bilər, çünki ödənişi çox qısa zaman kəsiyində gerçəkləşdirməyə imkan verir, kassaların qarşısında növbələrin yetərincə  azalmasına yardım edir. Avropada ilk dəfə belə kartlar 2006-cı ildə Türkiyədə dövriyyəyə buraxılıb. Azərbaycanda onları yaxın zamanlarda almaq mümkün olacaq. 

Həmçinin, gələn il biz mobil ödənişlərin, yəni mobil telefon vasitəsilə nağdsız hesablaşmaların gerçəkləşdirilməsinin ən yeni texnologiyasını təqdim edəcəyik: "Pay Pass" çipi vasitəsilə telefonu terminala yaxınlaşdırmaqla aldığınızın pulunu ödəmək mümkün olacaq. Bundan başqa, hər hansı bir konkret ticarət obyektinə girən zaman sizin telefona məhz bu mağazada kredit imkanları və bonus proqramları barədə bildiriş gələcək. Bu, istehlakçılar üçün yuxarıda haqqında danışılan loyallıq proqramının ən yaxşı üsulu olacaq. Bu texnologiya artıq bir sıra ölkələrdə uğurla tətbiq edilir və istehlakçılarda böyük tələbat yaradıb, biz ümid edirik ki, Azərbaycanda da bu effekti əldə edəcəyik. 

Və nəhayət, "MasterCard"ın ən son layihəsi uzaq mobil ödənişlərlə bağlıdır, bu zaman ödənişin aparılması üçün terminalın yanında olmağa heç gərək yoxdur.  Başqa sözlə, söhbət mobil telefondan kommunal xidmət haqqının ödənilməsi, telefon hesabının doldurulması, bir hesabdan başqa hesaba pul köçürülməsi üçün mobil bankinq kimi istifadə olunmasından gedir. 

Yeri gəlmişkən qeyd edim ki,  bu yeniliklərin Azərbaycanda tətbiq edilməsi, həmçinin, nağdsız ödənişlərin populyarlaşması üzrə lokal layihələrin gerçəkləşdirilməsi üçün "MasterCard"ın bütün lazımi texnoloji və infrastruktur imkanlarına ölkəmiz malikdir. Amma biz ilk növbədə, təhlükəsizlik məsələlərinə böyük diqqət ayırırıq  və bütün  yuxarıda sadalanan yeniliklər onlara maksimum riayət etmək prinsipinə əsaslanır. 

Biz çox ümid edirik ki, bizim innovasiyalar Azərbaycanın nağdsız hesablaşmalar bazarında oturuşacaq və yaxın illərdə onun daha da artmasına səbəb olacaq. 


MƏSLƏHƏT GÖR:

576