
…MAVR GETMƏLİDİR?
Avropada miqrantlara iqtisadiyyatın bərpası üçün faydalı qüvvə kimi baxıldığı dövr arxada qalıb
Müəllif: Vəfa HÜSEYNQIZI Bakı
Bu gün dünya əhalisinin 3%-dən çoxu öz tarixi vətənlərində yaşamır. Hesabatının aparılması mümkün olmayan qeyri-leqal miqrasiya üzündən bu sahədə dəqiq rəqəm söyləmək mümkün deyil (müxtəlif məlumatlara görə, Avropada 5-7 milyon qeyri-leqal miqrant yaşayır). Bununla yanaşı, təxminən, 200 milyon insanın öz vətənindən kənarda yaşadığı bildirilir. Bu proses heç zaman dayanmır, dövlət sərhədlərini aşan insan axınının intensivliyi yalnız əmək miqrantları hesabına deyil, siyasi qeyri-sabitlik, münaqişələr və təbiət kataklizmləri üzündən də artır.
Qərbi Avropada kütləvi miqrasiya prosesinə XX əsrin 50-ci illərində iqtisadiyyatda qeydə alınmış sürətli inkişaf səbəb olub. Avropaya ucuz işçi qüvvəsinin əsas hissəsi islam dünyasından axıb. Bu, heç də öz-özünə əmələ gəlmiş axın deyildi: hələ "sivilizasiya" əsrinin ilk yarısında fövqəldövlətlər olan Fransa və Böyük Britaniya əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi müstəmləkələrinin olması bu məsələdə ciddi faktorlardan biri idi. İkinci Dünya müharibəsi bitdikdən sonra başı öz iqtisadiyyatlarını dirçəltməyə qarışan bu ölkələr keçmiş müstəmləkələrinin əhalisi üçün sərhədlərini açdı. 60-cı illərin əvvəllərində Almaniya da "qastarbayterlər"in xidmətindən yararlanmaq qərarına gəldi və 1961-ci ildə Türkiyə ilə xüsusi razılaşma imzaladı. Nəticədə fəhlələrə onların ailələri, siyasi immiqrantlar, Avropada təhsil almış tələbələr də qoşuldu. Zaman keçdikcə miqrantları qəbul edən dövlətlərin hakimiyyətləri və hökumətləri tədricən bu axını tənzimləməyə başladı və bu məqsədlə müxtəlif qanunverici aktlar qəbul olundu. 90-ci illərin sonlarında iqtisadi faktor qismən ikinci plana keçdi. Halbuki, ziyalı avropalının işləməyi özünə sığışdırmadığı bəzi sahələrdə çalışmaq üçün miqrantlara bu gün də ehtiyac qalmaqdadır. Təbiidir ki, iqtisadi faktorlar, həmçinin mühacirlərin yeni gəldikləri cəmiyyətə inteqrasiya və sosial adaptasiya faktorları aradan qalxandan sonra, miqrantlarla yerli əhalinin münasibətlərindəki problemlər siyasi, sosial və mədəni əhəmiyyət daşımağa başladı. Daim eyniliyini qorumağa çalışmış Avropa cəmiyyəti üçün effektiv miqrasiya siyasətinin təşkili bütünlükdə Avropa ərazisində sabitiliyin ən vacib şərtlərindən biridir.
Amma əksər Avropa ölkələrinin bəzən həyatlarını risqə qoyaraq belə, ən müxtəlif yollarla "Köhnə Dünya"ya üz tutan miqrantların üzünə sərhədlərini tam qapamamasında iqtisadi məqamlarla yanaşı, başqa səbəblər də var. Söhbət heç də az əhəmiyyət daşımayan, Cenevrə Konvensiyası və İnsan haqları üzrə Avropa Konvensiyası kimi beynəlxalq müqavilələrdə əksini tapmış insan haqlarından gedir. Bir qayda olaraq, məhz bu sənədlər əksər Avropa ölkələrinə milli mədəniyyətlərinin monolitini dağıdan "çat"ları bağlamaq imkanı vermir. Məhz insan haqları prinsipi sayəsində Avropaya miqrasiya postmüharibə dövründə əmək bazarının tam təmin olunmasından sonra da davam edib. Müəyyən müddət bu sahədə heç bir ayrı-seçkiliyə rast gəlinmirdi. Lakin ABŞ-da törədilmiş 11 sentyabr terrorundan sonra dövlətlərin antiterror siyasətilə əlaqədar olaraq güc strukturlarının fəaliyyətini sərtləşdirməsi həm yeni miqrantlara, həm də artıq bu ölkələrdə kök salmış diasporlara mənfi təsir göstərməyə başladı. Bu, qaçılmaz idi. Çünki dövlət siyasətinin prioritetlər iyerarxiyasında insan haqlarına hörmət standartlarına əməl olunması terror təhlükəsinin önlənməsinin vacibliyi qarşısında ikinci plana keçir. 2009-cu ilin aprelində Cenevrədə keçirilən İrqçilik üzrə Konfransda BMT-nin qaçqınlar üzrə ali komissarı inkişaf etmiş sənaye ölkələrində qaçqınlar və miqrantlara qarşı yol verilən ayrı-seçkilikdən, bu cəmiyyətlərdə rasist əhvalı və ksenofobiyanın kəskinləşməsindən dərin təəssüf hissi keçirdiyini bəyan edib.
Bu gün də miqrasiya axınının əsas hissəsi islam ölkələrindən Avropa İttifaqına üz tutur. Fərqli dinə məxsus, daha qatı dindarlığı ilə fərqlənən, başqa mədəniyyətə malik insanlar təbii ki, zavam keçdikcə onları qəbul edən ölkələrin real həyatında ciddi problemə çevrilir. Miqrant axını Qərbin demoqrafik strukturunu da pozur. Çünki müsəlman əhali arasında artım qeyri-müsəlmanlarla müqayisədə dəfələrlə çoxdur. Müxtəlif proqnozlara görə, artıq bu əsrin üçüncü rübündə Avropa İttifaqında müsəlman əhalinin sayı qeyri-müsəlmanlardan artıq olacaq.
İslam Avropa həyatının daxili faktoruna çevrilir və cəmiyyət bütün fəaliyyət sahələrində bununla hesablaşmalı olur. BMT ekspertlərinin məlumatına görə, hazırda Aİ-nin müsəlman icmalarında toplaşmış insanların sayı 20 milyondan artıqdır.
Qeyd etmək lazımdır ki, Avropada immiqrantlara münasibətdə iki model mövcuddur - fransız assimilyasiya modeli immiqrantların çoxluğun mədəniyyətini tam şəkildə qəbul etməsini, Britaniyanın multikulturalizm modeli isə immiqrantlara qanunlara hörmət etmək şərtilə öz mədəniyyətlərini qoruyub saxlamaq hüqununun verilməsini nəzərdə tutur. Artıq keçmişdə qalmış almanların qastarbayterlik modeli də var idi. O, perspektivdə immiqrantların böyük hissəsinin ölkəni tərk etməsini nəzərdə tuturdu.
Zaman göstərir ki, bu modellərin heç biri Qərbin (ilk növbədə, Aİ-nin) əsas əhalisi ilə müsəlman icmalarının münasibətlərində müşahidə olunan təhlükəli parçalanma simptomlarını aradan qaldırmağa kömək etmir. Bu isə onların arasında ziddiyyətin olduğunu ciddi şəkildə göstərən amildir.
Avropada miqrantlara ölkə iqtisadiyyatının bərpasına fayda verən qüvvə kimi baxılması dövrü arxada qalıb. İslamofobiya hərəkatları və əhvalı son illər Avropada geniş yayılıb. Əlbəttə ki, buna terror hücumları və siyasi islamın yayılması da öz təsirini göstərir. Bu, xüsusilə tarixi və iqtisadi fəlakətlər zamanı özünü göstərir.
Uzun dövr ərzində Qərbin əksər siyasi partiyaları nüfuzlu ictimai-siyasi qüvvəyə çevrilmiş müsəlman diasporlarından özlərinin potensial elektoratı kimi istifadə etməyə çalışırdılarsa, 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş hadisə və onun ardınca Avropada bir-birini əvəzləyən terror aktları sanki məqsədlərinə nail olmaq üçün islam əleyhinə ritorikadan istifadə edən çoxsaylı ultrasağçı və rasist siyasi partiyaları üçün siqnal oldu. Kəskin iqtisadi böhran fonunda miqrantlar, xüsusilə müsəlman ölkəsindən olanlar və onlarla əlaqəli problemlər hakimiyyət uğrunda aparılan siyasi mübarizədə ciddi, təsiredici alətə çevrildi.
Son illərdə yaşananlar göstərir ki, Avropada miqrantlara münasibət yalnız kütlənin əhvalında deyil, qanunvericilik sahəsində də pisləşməkdədir. Gəlmələrə KİV-in və ictimaiyyətin yanaşmasındakı təhlükəli stereotiplər qəbul olunan qunanlar və qərarlarda da əksini tapır. Məsələn, İsveçrədə keçirilmiş referendumun yekununda minarələrin inşası qadağan olunub, Finlandiyadakı parlament seçkisində populist, miqrantlara qarşı olan "Əsil finlər" partiyası liderlər arasında yer alıb. Danimarka hökuməti qonşu Almaniya və İsveçlə sərhəddə gömrük nəzarətinin bərpasına dair qərar qəbul edib və bu, açıq-aydın immiqrantlara qarşı atılmış addımdır. Fransa parlamentinin təsdiqlədiyi immiqrasiya haqqında qanunda isə üçüncü dünya sakinlərinin ölkəyə gəlməsi kəskin şəkildə əngəllənir.
Son illərdə müsəlmanlara qarşı incə fəndlərdən istifadə olunur. Antimüsəlman ritorikasında irq və dəri rəngi haqda fikirlərə rast gəlinmir. İndi müsəlmanların müqəddəs kitablarına diqqət çəkərək orada islamın şər dini olduğuna dair fikirlər tapmağa cəhd göstərilir.
"Həvəskar"lar səviyyəsində bu proses müsəlmanların dini heysiyyatının məlum karikaturalar və ya filmlər vasitəsilə təhqir edilməsi kimi çirkin formada həyata keçirilirsə, "peşəkar" səviyyə üçün Almaniya kansleri Angela Merkelin çıxışını nümunə göstərmək olar: "1960-cı illərin əvvəllərində ölkəmiz əcnəbi işçi qüvvələrini Almaniyaya dəvət etdi. Onlar indi də burada yaşayırlar. Bir müddət biz biz özümüz özümüzü aldadaraq deyirdik ki, "onlar burada qalmayacaq, nə vaxtsa çıxıb gedəcəklər". Amma bu, baş vermədi. Əlbəttə ki, bizim yanaşmamız multikulturalizm idi, düşünürdük ki, yanaşı yaşayacaq, bir-birimizi qiymətləndirəcəyik. Bu yanaşma iflasa uğradı, tamamilə iflasa uğradı".
Böyük Britaniyanın baş naziri Devid Kemeronun "əzələli liberalizm"ə keçilməsinin vacibliyinə dair bəyanatını da yada salmaq olar. Buraya Avropanın bir sıra ölkələrində müsəlman geyimlərinə, məscidlərin inşasına dair qəbul olunmuş qərarları əlavə etmək də mümkündür. Bu qanunlar yalnız qarşı tərəfin mövqeyinin sərtləşməsinə səbəb olur. Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişerin rəhbərlik etdiyi ekspertlər qrupunun hazırladığı məruzədə diqqətin "bütünlükdə Avropada immiqrantlara və müsəlmanlara münasibətdə dözümsüzlüyün artmasına" diqqət çəkilməsi də təsadüf deyil. Sənəddə o da bildirilir ki, avropalılar indi islamı daha çox təhlükə kimi qəbul etməyə başlayıb, çünki onlara elə gəlir ki, "islam avropalının müasir həyatı ilə bir araya sığmır". Məruzə müəllifləri Avropada müsəlmanlara qarşı ayrı-seçkiliyə yol verilməsini "insan haqları sahəsində ciddi problem" adlandırır, bu mövhumatın "rasist münasibətilə birlikdə" Türkiyə və ərəb ölkələrindən olan immiqrantlara yönəldiyini bildirir. "Bu ölkələrdən olan müsəlmanlar Avropanın bir sıra ölkələrində əmək bazarı və təhsil sistemində ayrı-seçkiliyə məruz qalır. Bəzi məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları da onlara qarşı qərəzli mövqedən çıxış edərək, mütəmadi olaraq sənət yoxlaması və axtarışlara əl atırlar", - deyə məruzədə bildirilir.
MƏSLƏHƏT GÖR: