14 Mart 2025

Cümə, 18:32

ZİDDİYYƏTLƏRƏ RƏĞMƏN MÜTTƏFİQLİK

Rusiya ilə türkiyənin ümumi maraqları daha çoxdur

Müəllif:

15.12.2012

Türkiyə-Rusiya münasibətləri ötən əsrin əvvəllərində olduğu kimi, yenə Yaxın Şərq və Cənubi Qafqazda yaşananlar fonunda xüsusi əhəmiyyət qazanıb. O zaman olduğu kimi, bu gün də bu regionlarda müəyyən geosiyasi maraqları olan qüvvələr var və onlar Rusiya-Türkiyə münasibətlərindəki bəzi ziddiyyətlərdən məharətlə istifadə edərək ciddi dividendlər qazanmağa çalışır. Qeyd etmək lazımdır ki, adıçəkilən regionların əsas oyunçularından olan Türkiyə və Rusiya bəzi hallarda bir-birinə tam əks olan geosiyasi maraqlar güdürlər. Amma xüsusilə Yaxın Şərq və Cənubi Qafqazda vəziyyətin sürətlə dəyişməsi fonunda, bu dövlətlərin maraqlarının üst-üstə düşdüyü məqamlar da az deyil. Odur ki, bəzi məsələlərə yanaşmadakı ziddiyyətlərə rəğmən, Moskva ilə Ankara ikitərəfli mehriban qonşuluq münasibətlərinin, qarşılıqlı səmərəli əlaqələrin dərinləşdirilməsi və möhkəmlənməsinə sadiqlik nümayiş etdirir. Rusiya prezidenti Vladimir Putinin bu ayın əvvəlində Türkiyəyə etdiyi səfər bu konteksdə xüsusi aktuallıq qazanır.

Oktyabrın 14-15-nə təyin edilmiş səfər 5 gün müddətinə təxirə salınmışdı. Buna rəsmi olaraq Rusiya prezidentinin gərgin iş qrafiki, həmçinin Rusiyanın dövlət başçısı və Türkiyə Baş nazirinin sədrliyilə keçirilən Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının ali səviyyədə üçüncü iclasının gündəliyinin formalaşdırılmaması səbəb göstərilirdi. Amma əksər ekspertlər əmindirlər ki, səfərin təxirə salınması bilavasitə Suriya-Türkiyə sərhədində vəziyyətin gərginləşməsi  ilə əlaqədar idi. Qeyd edək ki, həmin gərginlik nəticəsində Türkiyə ilə Suriya açıq müharibəyə başlamağın bir addımlığına çatmışdılar. Güman ki, belə gərgin vəziyyətdə Moskva Türkiyənin Baş nazirinin bu ilin iyulunda Rusiyaya səfəri nəticəsində iki ölkə münasibətində yaranmış xoş atmosferi korlamaq istəməyib. Həmin səfər zamanı iki ölkə liderləri diqqəti daha çox münasibətlərin strateji xarakterinə, ticarət dövriyyəsinin 35 milyard dollaradək artırılmasına, yaxın perspektivdə isə onun 100 milyard dollara çatdırılmasına yönəltmişdilər. Amma görünən odur ki, Suriya məsələsi Rusiya-Türkiyə münasibətlərində də özünə yer edib və nə qədər ki, münaqişə məntiqi sonluğuna çatmayıb, tərəflər bu ağır yükü çəkməli olacaqlar. Üstəlik, Putinin Türkiyəyə səfəri ərəfəsində Suriya məsələsi daha ciddi rezonansa səbəb olmuş, Türkiyə ilə Rusiyanın təhlükəsizliyinin təmini məsələsinə bilavasitə təsir göstərməyə başlamışdı.

Noyabrın son ongünlüyündə Ankara Suriyada davam etməkdə olan münaqişənin milli təhlükəsizliyinə problem və risklər yaratdığını əsas gətirərək, NATO-ya sorğu göndərmiş, alyansdan Türkiyə-Suriya sərhədinə "Patriot" havadan müdafiə sistemlərinin yerləşdirilməsini istəmişdi. Brüssel isə Ankaranın bu istəyini müsbət cavablandırmışdı. Məsələ Putinin Ankaraya səfəri zamanı da ciddi şəkildə müzakirə edilib. İstanbulda təşkil olunmuş mətbuat konfransında ölkəsinin Türkiyənin sərhədlərində baş verənlərdən narahatlığını bölüşdüyünü dilə gətirən Putin eyni zamanda Ankaranı təmkinli olmağa da çağırıb. Onun fikrincə, sərhəddə hansısa əlavə imkanların yaradılması vəziyyəti düzəltmir, əksinə, çətinləşdirir. Putinin fikrincə, "Patriot" raket kompleksləri dünyada bu sahəyə aid heç də ən yaxşı sistem deyil. Amma bu komplekslərin Türkiyənin 3 regionunda yerləşdiriləcəyi artıq dəqiqləşib. Bunlar Adana, Malatya və Diyarbəkirdir.

Ankara əmin edir ki, bu, sadəcə müdafiə xarakterli addımdır və Türkiyənin heç kimə hücum etmək niyyəti yoxdur. Türklər bildirir ki, bunu Suriya üzərində uçuşsuz zonanın yaradılması ilə heç cür əlaqələndirmək olmaz. Amma bu açıqlamalar, çətin ki, Moskvanın baş verənləri rahat şəkildə müşahidə etməsi üçün yetərli olsun. Moskvanın "Patriot" kompleksləri  ilə bağlı narahatlığı müəyyən dərəcədə Amerikanın Avropada raketdən müdafiə sistemi (RƏM) yerləşdirmək planı ilə də bağlıdır. Kremldə hesab edirlər ki, Ankaranın bu addımı Vaşinqtonun sözügedən planının tərkib hissəsi ola bilər.

Suriyadakı vəziyyət və problemin həlli yolları da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında ciddi müzakirə mövzusu olub. Onların İstanbulda keçirdikləri birgə mətbuat konfransında Ərdoğan bildirib ki, bu məsələdə həll edilməli olan ilk məqam Suriyada qan tökülməsinin önlənməsidir. Türkiyə və Rusiyanın XİN başçılarına bu istiqamətdə fəaliyyət göstərmələri tapşırılıb.

V. Putin isə Moskva və Ankaranın Suriyadakı vəziyyəti eyni cür qiymətləndirmələrinə rəğmən, problemin həlli yolları ilə bağlı fərqli düşündüklərini söyləyib. Konkret olaraq Bəşər Əsəd haqda danışan Putin Suriyanın hakim rejimindən bir qədər "aralı dayanmağa" çalışıb: "Biz Suriyanın hazırkı rəhbərliyinin vəkili deyilik. Bizi narahat edən başqa məsələdir: gələcəkdə nə olacaq? Yaxın kemişdə yol verilmiş səhvlərin təkrarlanmasını istəmirik".

Hər şeyə rəğmən, iki ölkə liderləri qarşılıqlı münasibətlərdə balansın qorunmasına çalışıblar. Bu gün Moskva ilə Ankaranın çoxsaylı investisiya və enerji layihələrinin uğurla reallaşdırılmasında maraqlı olduqları heç kəsə sirr deyil.

Bəzi rusiyalı ekspertlər əmindirlər ki, Rusiya ilə Türkiyənin ticarət-iqtisadi əlaqələrinin səviyyəsini Rusiya-Almaniya əlaqələri ilə müqayisə etmək olar. Buna görə də onlar hesab edir ki, Suriya məsələsindəki fikir ayrılığı Putinin Türkiyə səfərinin nəticələrinə kölgə sala bilməz. Türkiyəli analitiklər isə hesab edir ki, Rusiyanın Suriyadakı geosiyasi və iqtisadi maraqlarına baxmayaraq, Ankara ilə münasibətlər Kreml üçün Dəməşqdən daha vacibdir. Ən azı ona görə ki, Türkiyə Rusiyaya təbii qazının ən böyük istehlakçısı, Rusiya isə Türkiyənin inşaat şirkətləri üçün ən nəhəng bazardır.

V.Putinin Türkiyəyə səfəri çərçivəsində Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının ali səviyyədə üçüncü iclası da keçirilib. Onun yekununda 11 sənəd imzalanıb. İmzalanmış  sənədlər arasında iki ölkənin 2012-2015-ci illər üçün orta müddətli əməkdaşlıq proqramı, həmçinin energetika, maliyyə-kredit, iqtisadi-ticari və elmi-texniki sahələrdə əməkdaşlığa dair bir sıra razılaşmalar da var. Maraqlıdır ki, Ankaradan Rusiyanın "Cənub axını" qaz kəmərinin tikintisinə son razılığı da alınıb. Layihə gücü ildə 63 milyard kubmetr olan bu boru xətti Qara dənizdə Türkiyənin ərazi sularından keçəcək. Yəni, Türkiyə istisnasız olaraq özünə aid iqtisadi zonada "Cənub axını" qaz kəmərinin inşasına və istismarına razılıq verib. Moskva da çoxdan gözlədiyi bu işin startını ləngitmək istəməyib. Putinin Türkiyəyə səfəri bitdikdən bir neçə gün sonra Krasnodar vilayətinin Anapa şəhəri yaxınlığında boru xəttində ilk qaynaq işi aparılıb. Hətta bu təntənəli mərasimdə iştirak edən Türkiyənin enengetika naziri Taner Yıldızın ölkəsinin səhmdarı olduğu "Nabucco West" və "TANAP" layihələrilə məşğul olduğu üçün hazırda "Cənub axını"nda iştirak etmək niyyətində olmadığını söyləməsi belə, Moskva üçün hadisənin əhəmiyyətini azaltmayıb.

Türkiyənin "Cənub axını" layihəsinə belə xoş münasibətinin uzunmüddətli planlarla əlaqədar olması tamamilə mümkündür. Lazımi anda Ankaranın Moskvadan qarşılıq olaraq Transxəzər qaz kəməri layihəsinə maraq göstərməsini istəyəcəyi istisna olunmur. Bu layihənin reallaşmasında isə Türkiyə ilə yanaşı, onun strateji müttəfiqi olan ABŞ, həmçinin Avropa İttifaqı da maraqlıdır.

Putinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə münasibətlərində əldə edilmiş daha bir ciddi nailiyyət Moskvanın Türkiyədə "Akkuyu" AES-in inşasına təxminən 20 milyard dollar ayırmaq niyyətini təsdiqləməsidir. Plana əsasən, AES-in ilk bloku 2019-cu ilin sonlarına hazır olacaq. Ümumilikdə isə onun inşası 2022-ci ildə başa çatdırılmalıdır. AES inşasının maliyyələşdirilməsi və kadrların hazırlanmasını Moskva tamamilə öz üzərinə götürüb.

Daha bir uğurlu birgə layihə Maqnitoqorsk Mis Kombinatı tərəfindən Türkiyənin İsgəndərun şəhərində 2,3 milyon ton istehsal gücündə zavodun inşası ilə bağlıdır. Bundan başqa, QAZ maşınqayırma qrupu Putinin Türkiyəyə səfəri ərəfəsində bu ölkədə "Qazel"lərin yığılmasına başlayıb.

Maraqlıdır ki, Rusiya prezidenti mətbuat üçün bəyanatında rəhbərlik etdiyi nümayəndə heyətinin sadəcə tərəfdaşına, qonşusuna səfər etmədiyini, məhz dost ölkəyə gəldiyini bildirib. Putinin kompliment dolu ritorikası müəyyən dərəcədə həm də son illər Türkiyə ictimaiyyətində Rusiyaya simpatiyanın durmadan artması ilə əlaqələndirilir. "Milliyyət" qəzetinin yazdığına görə, hələ 5 il əvvəl Türkiyə əhalisinin 70%-i ABŞ-a müsbət yanaşırdısa, indi keçirilən sorğular eyni sayda insanın Rusiyaya üstünlük verdiyini göstərir. Rusiya prezidentinin mətbuat katibi D.Peskovun Moskvanın Ankaranın Rusiya, Qazaxıstan və Belarus tərəfindən Avropa İttifaqı çərçivəsində yaradılmış Gömrük İttifaqına qoşulmaqla bağlı mümkün arzusunu sevinclə qəbul edəcəyinə dair bəyanatı isə Ankara-Moskva münasibətlərinin inkişaf dövrünü yaşadığını düşünmək üçün əsas verir. Türkiyə Putinin mətbuat katibinin bu fikirlərinə heç bir münasibət bildirməyib. Amma güman ki, bu bəyanat bəzi postsovet ölkələrinə, xüsusilə Ermənistana ünvanlanmış özünəməxsus üstüörtülü mesajdır. Ola bilsin ki, Moskva Gömrük İttifaqının Türkiyə tərəfindən dəstəklənməsinin hipotetik olsa da, mümkünlüyünü İrəvanın nəzərinə çatdırmaqla onun bu layihədə Rusiyanın şərtlərini qəbul etməsinə nail olmağa çalışır. Ankara isə öz növbəsində belə ideyalara, çətin ki, müsbət reaksiya versin. Çünki bu, Türkiyənin xarici siyasətində Avropa istiqamətinin üzərində öz əli ilə xətt çəkməsi olardı. Üstəlik, bunlar ABŞ dövlət katibi Hillari Klintonun rusiyalı həmkarı Sergey Lavrova Rusiyanın postsovet məkanındakı inteqrasiya proseslərinə mane olmağa çalışdığını söylədiyi bir vaxtda baş verir. Klinton bu mövqelərini "Rusiyanın Sovet İttifaqının yeni versiyasını yaratmağa çalışması" ilə izah edib. ABŞ-ın sabiq müdafiə naziri Robert Geytsin dekabrın 6-da İstanbulda keçirilmiş Beynəlxalq Xəzər Forumunda Qərbin müttəfiqi kimi, Türkiyənin strateji rolunun getdikcə artdığını dilə gətirməsi də təsadüf deyildi: "Türkiyə unikal coğrafi mövqeyə malikdir. Onun qlobal sistemdəki rolu günbəgün artır. Müdafiə naziri təyin edildikdən sonra Vaşinqtonda etdiyim ilk çıxışımın Türkiyə ilə münasibətlərə həsr olunması da təsadüfi deyildi".

Bütün qeyd olunanlar bir daha göstərir ki, Yaxın Şərq və Cənubi Qafqazda ciddi geosiyasi maraqları olan bütün oyunçuların Türkiyə ilə müttəfiq münasibətlərinə ehtiyacı var. Və qonşuluq, tərəfdaşlıq və dostluq haqda təkliflər bundan sonra da tez-tez səslənəcək. Əsas seçim isə yenə də Türkiyənindir.



MƏSLƏHƏT GÖR:

582