Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Bakı - Tiflis - Qars (BTQ) dəmir yolunun kommersiya istismarına verilməsi və daha sonra "Yeni Bakı" Beynəlxalq Ticarət Limanının obyektlərinin birinci bölməsinin işə açılması ilə Xəzəryanı bölgədə yüklərin Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizi ilə tranzit ötürülməsinin prinsipcə yeni imkanları peyda olacaq. Transregional "Iron Silk Way" marşrutunun yeni seqmentinin böyük potensialı artıq bu gündən region ölkələrini dəmir yolu-bərə ötürmələrinin yeni logistik sxemlərinin işlənməsinə vadar edir.
Multimodal seqment
Bu gün Azərbaycanın tranzit potensialının inkişafı baxımından Avropa - Qafqaz - Asiya (TRACECA) nəqliyyat dəhlizinin önəmini danmaq mümkün deyil. Bu gün Çindən və Mərkəzi Asiya ölkələrindən Avropaya və əksinə gedən yüklərin illik tranzit ötürmə həcminin 4/5-ündən çoxu bu dəhlizin payına düşür. 2009-2010-cu illərdə region dövlətlərinin, o cümlədən Azərbaycanın nəqliyyat sektoru qlobal böhranın müəyyən təsirlərini hiss etsə də, şərq - qərb istiqamətində yük və sərnişin daşımalarının göstəriciləri bütünlüklə müsbət dinamikanı qoruyub-saxladı.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, cari ilin yanvar-sentyabr aylarında İpək yolunun Azərbaycan sahəsi ilə yükdaşımaların həcmi 42,1 mln tona qədər artıb ki, bu da keçən ilin göstəricisindən 5,4% çoxdur. Sərnişin daşımaları seqmentindən isə 194,9 mln insan yararlanıb ki, burada da 8,1 faizlik artım olub. Yük və sərnişin daşımalarının rentabelliyi nəzərəçarpacaq dərəcədə artıb, onların gəlirləri uyğun olaraq 318,6 mln manat və 61,3 mln manat təşkil edib. Beləliklə, pul ifadəsi ilə Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizinin Azərbaycan sahəsi ilə daşımalar yük bölməsi üzrə 19% və sərnişin bölməsi üzrə 8,9% artıb.
Diqqətəlayiqdir ki, keçən il və bu il hər şeydən öncə, TRACECA nəqliyyat dəhliziylə quru yüklərin ötürülməsinin artması ilə yadda qalan olub. Bu müsbət irəliləmə çox sahədə Azərbaycan, Qazaxıstan və Türkmənistan nəqliyyat qurumları arasında açıq-aydın yaxşılaşan əlaqələndirmə ilə, o cümlədən dənizlə yükdaşımaların həcminin artmasına mane olan bir çox aspektlərin, ilk növbədə, onların multmodal seqmentinin nizamlanması ilə bağlıdır. TRACECA-nın tariflər üzrə işçi qrupunun bir neçə iclasında əsas diqqət dəhlizin Xəzəryanı seqmentində endirimləri nəzərdə tutan yeni tarif siyasətinin işlənməsinə, quru və konteyner yüklərinin ötürülməsinə güzəşt əmsallarının tətbiqinə yönəldilmişdi. Sadələşdirilmiş transsərhəd prosedurlarının qəbul edilməsi ilə və yük-sərnişin daşımalarının fasiləsizliyinə nail olmaqla, həmçinin daha sonra cənubi-şərq xəttini yaradıb Transavropa nəqliyyat sisteminə çıxmaq da nəzərə alıranaraq yerli infrastukturun modernləşdirilməsi ilə bu hədəflərə çatmaq mümkündür.
TRACECA iştirakçısı olan ölkələrdən qurumun tövsiyələrinin yerinə yetirilməsi üzrə ilk addımı Ukrayna atıb - bu ölkə liman rüsumlarını və tarifləri 50 faiz aşağı salıb. 2012-ci ildən Ukrayna limanlarında tranzit yüklərin yükləmə-boşaltma işləri 18%-dən 50%-ə qədər güzəştlə gerçəkləşdirilir. Universal konteynerlərlə liman işləri zamanı isə güzəşt ödənişin son akkord dərəcəsinə, ən azı, 50% güzəştlə yerinə yetirələcək. Aydındır ki, yaxın zamanlarda bu təşəbbüs Xəzəryanı dövlətlərin limanları tərəfindən də qəbul ediləcək: Xəzəryanı dövlətlərin limanlarının müdiriyyətlərinin bu yaxınlarda Aktau şəhərəində gerçəkləşdirilmiş 4-cü birgə beştərəfli iclasında bu cür imknalar müzakirə olunub. Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan təmsilçiləri yük dövriyyəsinin artırılması və tranzit yüklərin cəlb edilməsi üzrə tədbirləri, o cümlədən xətti gəmiçiliyin inkişaf etdirilməsi tədbirlərini müzakirə ediblər. Xüsusi diqqət qeyri-kommersiya informasiya sistemi "Caspian logic"in işlənməsinin gerçəkləşdirilməsi ilə bağlı məsələlərə ayrılıb: bu veb-resurs yükgöndərənlərlə Xəzər dənizi hövzəsində fəaliyyət göstərən gəmiçilik, liman və nəqliyyat təşkilatları arasında birbaşa çıxışın və məlumat mübadiləsinin təmin edilməsi üçün nəzərdə tutulur.
Əlverişli marşrut
Nəqliyyat seqmentinin milli əlaqələndirilməsinin gücləndirilməsi, həmçinin Xəzəryanı regionda logistika qurumlarının fəaliyyətinin genişləndirilməsi hər şeydən öncə Çindən Avropaya yeni kəsə multimodal konteyner marşrutlarının yaradılmasının vacibliyi ilə diqtə edilir. Artıq gələn ilin sonlarında Bakı - Tiflis - Qars dəmir yolu trassının kommersiya istismarına başlanılacaq, bir ildən sonra isə "Yeni Bakı" limanının birinci növbəsinin tikintisi başa çatacaq. Təxminən, həmin müddətə Bosfor boğazı altından dəmir yolu tunelinin tikintisini nəzərdə tutan "Marmaris" layihəsinin gerçəkləşdirilməsi də başa çatacaq. O, Türkiyə və Avropanı birbaşa sürətli dəmir yolu nəqliyyatı ilə birləşdirəcək ki, bu da yüklərin BTQ dəhlizi ilə Avropa ölkələrinə daşınmasını daha da sürətləndirəcək. Bunun hesabına TRACECA layihəsi çərçivəsində yaradılmış yeni nəqliyyat dəhlizi "Iron Silk Way" yüklərin Avropadan Asiyaya daşınmasının ən rentabelli və qısa marşrutunu təmin edəcək.
Bu gün Cənub-Şərqi Asiyada yüklərin önəmli mənbəyi Çindir və o, hər şeydən öncə BTQ marşrutu ilə konteyner tipli yüklərin daşınmasına maraq ifadə edib. Yeni dəhlizə Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistan rəhbərliyi də az maraq göstərmir. O cümlədən bu yaxınlarda Nəvai - Türkmənbaşı - Bakı - Tiflis - Qars nəqliyyat layihəsini gerçəkləşdirməyə hazır olduğunu ifadə edən Özbəkistanı da unutmaq olmaz, bunun hesabına pambığın və başqa aqrar məhsulların beynəlxalq bazarlara çıxarılması nəzərəçarpacaq dərəcədə asanlaşacaq. Layihəyə Qazaxıstan da maraq göstərir, o, BTQ-nin vasitəsi ilə dünya bazarlarına buğda, filiz konsentratları, kömür və başqa quru yüklər çıxarmaq istəyir. BTQ-nin üstünlüyü ondadır ki, bütün yuxarıda sadalanan ölkələr TRACECA nəqliyyat dəhlizinin üzvləridirlər. TRACECA-nın vahid meydançası çərçivəsində tərəfdaşlar yüklərin daşınması üzrə xüsusi azaldılmış tariflər və başqa güzəştlər barədə anlaşa bilərlər.
Əks istiqamətdə isə BTQ dəhlizi Mərkəzi Asiya ölkələri, ilk növbədə isə Əfqanıstan üçün sənaye yüklərinin və istehlak məhsullarının önəmli həcmdə daşınması üçün çox cəlbedicidir. Bu gün Əfqanıstan yükləri Rusiya və Pakistan ərazisindən keçməklə alır. Amma bu ölkələrlə mütəmadi yaşanan problemlər NATO və ABŞ-ı təchizat üçün yeni marşrut aramağa məcbur edir. Bundan başqa, uzaq perspektivdə Əfqanıstan böyük, amma hələlik işlənməmiş təbii potensiala malik dövlət kimi maraqlıdır. Bu dövlətdə ümumi qiyməti $900 mlrd olan nəhəng litium, dəmir, kobalt, qızıl, mis yataqları aşkarlanıb ki, bu yataqların işlənməsi əlverşili nəqliyyat sisteminin olmasını tələb edir ki, Bakı - Tiflis - Qars dəhlizi də bu rolu uğurla oynaya bilər.
Dəyişikliklər küləyi
İlkin ekspert qiymətləndirmələrinə görə, BTQ dəhlizinin işə salınması ilə bizim ölkə artıq yaxın illərdə əlavə olaraq ildə 6-8 mln tonluq yük dövriyyəsi qazanacaq, Avropa ilə Asiya arasında konteyner tranzitinin artıq imkanlarından isə danışmağa dəyməz. Yeni marşrutun işə salınması ilə açılan pers-pektivlərin anlaşılması region ölkələrini yeni nəqliyyat loqistika sxemlərinin razılaşdırılmış işlənməsi üçün birləşməyə yönəldir.
Söhbət o cümlədən, "İpək küləyi" (Silk Wind) layihəsinin gerçəkləşdirilməsindən gedir. Onun gerçəkləşdirilməsinə gələn il Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə başlamağı planlaşdırır. Astana tərəfindən təşəbbüs qaldırılan layihə Çin - Qazaxıstan - Xəzər dənizi - Cənubi Qafqaz - Türkiyə - Avropa marşrutu ilə dəmir yolu - bərə-konteyner qatarının işə salınmasına yönəlib. ""Silk Wind" çərçivəsində multimodal yüklənmə sxemli sürətli blok-qatarın hərəkətini nizama salmaq, həmçinin Avropa - Qafqaz - Asiya dəhlizi çərçivəsində yük axının cəlb edilməsi üçün təkmilləşdirilmiş ilkin məlumat mübadiləsi sistemini formalaşdırmaq üçün nəzərdə tutulub. Bu layihə gələn ilin ikinci yarısında işə salınması planlaşdırılan Bakı - Tiflis - Qars dəmir yolu dəhlizinin məntiqi davamıdır", - deyə TRACECA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev bildirib.
Qeyd edək ki, cari ilin noyabr ayının son günlərində Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanın nəqliyyat nazirliklərinin rəhbərləri "Silk Wind" layihəsinin gerçəkləşdirilməsi üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar. "Silk Wind" konteyner daşımalarının inkişafı üçün hökumətlərarası sazişin bağlanması isə TRACECA-nın hökumətlərarası komissiyasının 2013-cü ilin may ayında Düşənbədə keçiriləcək onuncu iclasına nəzərdə tutulub.
Avropa Birliyinin TRASEKA "Logistika mərkəzləri və dəniz magistralları" layihəsinin rəhbəri Andreas Şenin sözlərinə görə, "Silk Wind" marşrutunun tam keyfiyyətli fəaliyyət göstərməsi üçün həll edilməsi lazım gələn ən vacib problem region ölkələrinin arasında gömrük və sərhəd əməliyyatlarının qeyri-sinxron olmasıdır. Çünki Avropanın çox ölkəsində çoxdan və uğurla işləyən bir sıra texnologiyalar Xəzəryanı regionda hələ tam keyfiyyətlə işləmir. Onların sırasında hərəkət edən yüklərin xüsusiyyəti və həcmi barədə sərhədin o biri tərəfindəki gömrük xidmətinin qabaqcadan məlumatlandırılması da var.
Hələ ki, yük axınının fasiləsizliyi zəif təmin edilib - təkərli avtonəqliyyatdan RO-RO tipli gəmilərə və iriyüklü nəqliyyatın bərə ötürmələrinə kimi təmin edilib. Standart xəttin iki və ya daha artıq heyətindən ibarət "Silk Wind" blok-qatarın mütəmadi hərəkətini təmin etmək üçün dəhliz dövlətlərinin sərhədlərinin keçilməsində vaxtı minimuma qədər endirmək lazımdır. Həmçinin, bir neçə nöqtədə heyətlərin yenidən formalaşmasına və yenidən yüklənməsinə sərf edilən vaxt optimallaşdırılmalıdır: bu, Çin sərhədinin keçilməsinə və ya Aktau limanına aiddir. Bu limanda yük ya RO-RO tipli gəmilərə və ya bərələrə doldurulur, oradan Bakıya, daha sonra isə Tiflisə aparılır. Burada heyətləri yenidən formalaşdıracaqlar və yeni BTQ xətti ilə Avropaya göndərəcəklər. "Bu eşelon sərnişin eksperssi kimi qrafik üzrə getməlidir, sərhədləri sanki yoxmuş kimi keçməlidir, bütün gömrük prosedurları isə qabaqcadan rəsmiləşdirilməlidir", - deyə Andreas Şen vurğulayıb.
"Silk Wind" sxeminin əlavə variantı Qara dənizin limanları arasınıda bərə ötürmələrini nəzərdə tutur. Belə ki, Çindən gələn konteynerlər dəmir yolu ilə Aktauya göndəriləcək, oradan bərə ilə Bakıya gətiriləcək, daha sonra isə dəmir yola ilə Gürcüstanın limanlarına daşınacaq, oradan da Türkiyə və Ukrayna limanlarına aparılacaq. Sonuncu halda "Silk Wind" Litva-Ukrayna nəqliyyat dəhlizi "Viking"lə birləşəcək.
İstənilən halda, yeni nəqliyyat marşrutunda coğrafi gerçəkliklər səbəbindən əsas qovşaq rolu məhz bizim ölkənin payına düşür. Bununla da Azərbaycan nəqliyyat sektoru uzun illər boyu rentabelli sifarişlərlə və az olmayan gəlirlərlə təmin edilmiş olacaq.
MƏSLƏHƏT GÖR: