25 Noyabr 2024

Bazar ertəsi, 12:51

YAXIN QONŞU UZAQ QOHUMDAN YAXŞIDIR?

Azərbaycan İrana tətbiq olunan sərt sanksiyalar fonunda bu ölkə ilə iqtisadi-ticari münasibətləri genişləndirməyə hazırdır

Müəllif:

01.12.2012

Qonşunu seçmirlər. Məşhur məsəlin bu formada interpretasiyası Azərbaycanın tarixən və ya taleyin hökmü ilə həmsərhəd olduğu ölkələrlə münasibətlərini xarakterizə etməyə tam imkan verir. Bununla yanaşı, mövcud vəziyyətdə Azərbaycanı xeyirxah, qonşuları ilə duz-çörəyi bölməyə, onların çətin anlarında maddi və mənəvi dəstəyə hazır olan, kiçik mübahisələri dərinləşdirməyən və kin saxlamayan qonşu kimi təqdim etmək olar. Bu, təbii ki, müxtəlif hiylələrə əl atmaqla, həyasızcasına onun ərazisinə soxularaq, orada "məskunlaşmağa" çalışmayan qonşulara aiddir. Azərbaycanın qonşuları arasında başqa tipli, məşhur "Dost dost olmayanda/." mahnısında deyildiyi "dostlar" da var. Yəni, əslində guya o, sizinlə dostluq edir, amma gizlincə düşməninizi yemləyir. Bir sözlə, qonşular müxtəlif olur.

Praktik olaraq artıq yarım ildir ki, Azərbaycanın iqtisadiyyatın müxtəlif sahələrinə aid regional layihələrdəki əsas tərəfdaşlarından biri - İran ətrafında vəziyyət ciddiləşməkdədir. İyulun 1-dən İran neftinin Aİ ölkələrinə idxalına qadağa qoyulub. Oktyabrda isə yenə Aİ Qərbin Tehrana nüvə proqramını dayandırmağa məcbur etmək üçün tətbiq etdiyi ümumi sanksiyalara əlavə olaraq, İranla ticarətə sərt məhtudiyyətlər qoyub. Nəzərə alsaq ki, hazırda İranla bağlı BMT Təhlükəsizlik Şurasının daha 4 sanksiya qətnaməsi, həmçinin bir sıra digər qətnamələr qüvvədədir, təbii ki, bütün bunlar Azərbaycanın cənub qonşusunun iqtisadiyyatına mənfi təsirini göstərir. İran Azərbaycanın ən vacib iqtisadi tərəfdaşlarından biridir və ölkənin xarici ticarət dövriyyəsinin müəyyən hissəsi məhz İrana bağlıdır. Bunu, eyni zamanda bir sıra nəhəng layihələrin reallaşdırılmasının İranla bağlı olduğunu nəzərə alsaq, yaranmış vəziyyətin Azərbaycan iqtisadiyyatına da müəyyən təsir göstərməməsi mümkün deyil.

 

Tehranda hər şey qaydasındadır?

Rəsmi Tehran üzləşdiyi sanksiyaların onun iqtisadiyyatının inkişafına mane olmadığını dünyaya sübut etmək üçün səylərini nə qədər artırsa da, açıqlanan statistik məlumatlar və KİV-ə sızan xəbərlər bunun əksini göstərir.

Məsələn, "Mehr informasiya" agentliyi İran parlamentinin iqtisadiyyat üzrə komitəsinin rəhbəri Qulamrza Mesbahi-Moqaddama istinadən xəbər verir ki, İran təqviminə görə martın 20-də başa çatacaq bu ildə islam respublikası 540 trilyon riallıq (təxminən, 44 milyard dollar) büdcə kəsri ilə üzləşə bilər. Xatırladaq ki, hələ bir müddət əvvəl elə həmin Mesbahi-Moqaddam İranın neft gəlirlərinin azaldığını, ölkədə arzuolunmaz iqtisadi vəziyyətin yarandığını bildirmişdi. Onun sözlərinə görə, hazırda İran sutkada təxminən 1,03 milyon barel neft satır, halbuki, hədəf 2,5 milyon barel idi. Qeyd edək ki, İran qanunvericiliyinə əsasən, karbohidrogenlərdən gələn gəlirin 37,5%-i neft və qaz yataqlarının inkişafına, yaxud Milli İnkişaf Fonduna, 62,5%-i isə büdcənin cari xərclərinə yönəldilir.

Bununla yanaşı, İran rəsmiləri iddia edir ki, sanksiyalara və ixracın azalmasına cavab olaraq ölkə 2013-cü il martın 21-dən başlanacaq gələn təqvim ilində neft gəlirlərindən asılılığı minimuma endirməyə çalışır. ShanaNews agentliyi ölkənin planlaşdırma və nəzarət üzrə vitse-prezidenti Behruz Moradiyə istinadən xəbər verir ki, hökumət beşillik inkişaf proqramı əsasında bu il büdcənin neft gəlirlərindən asılılığını 2 dəfə azalt-mağa nail olub. Təhlillər göstərib ki, İranın dövlət büdcəsinin gəlirləri əsasən ənənəvi mənbələrdən gələcək. Belə mənbələrdən biri də vergilərdir. Proqnozlara əsasən, bu il İranın dövlət büdcəsinə vergilərdən 37 milyard dollar daxil olacaq. Bununla yanaşı, İran hökumətinin bütünlükdə ölkə iqtisadiyyatını dağıdan mövcud sanksiyalar fonunda bu il büdcəyə daxilolmaları necə təmin edəcəyini təsəvvür etmək çətindir. Beynəlxalq Valyuta Fondunun oktyabrın 9-da açıqladığı məruzəsində bildirilir ki, 2012-ci ildə İran iqtisadiyyatının inkişafı ötən illə müqayisədə 9% geri gedib, inflyasiya isə 25% artıb.

Tehranda isə iddia edirlər ki, sanksiyalar ölkənin ticarət əlaqələrinə heç bir təsir göstərməyib və ümumilikdə İran dünyanın 160 ölkəsinə sənaye məhsulları ixrac edir. IRNA agentliyinin Ticarətin İnkişafı Təşkilatının İxracın və xidmətlərin inkişaf departamentinin rəhbəri Söhrab Səlimiyə istinadən verdiyi məlumata görə, bu ilin ilk yarısında ölkə qiyməti 16 milyard dollardan artıq qeyri-neft məhsulları (kondensat istisna olmaqla), həmçinin 2,2 milyard dollar dəyərində texnika və maşınqayırma sahəsinə aid məhsullar ixrac edib. O, ixracın böyük hissəsinin kənd təsərrüfatı, sənaye, həmçinin xidmət sahəsinə aid olduğunu bildirir. İran böyük həcmdə neft məhsulları da ixrac edir.

Bununla yanaşı, İranın İstehlakçıların və istehsalçıların müdafiəsi cəmiyyəti ölkənin Ticarət Nazirliyinə məktub ünvanlayaraq təxminən 50 adda məhsulun ixracına qadağa qoyulmasını istəyib. Cəmiyyətdə hesab edirlər ki, "müqavimət iqtisadiyyatı" çərçivəsində daxili ehtiyatları artırmaq üçün bu, olduqca vacibdir.

İran müvəqqəti olaraq bəzi "cah-cəlal əhyaları"nın ölkəyə gətirilməsini də qadağan edib. Söhbət əcnəbi avtomobillərdən, mobil telefonlardan gedir. Hökumət bununla sanksiyalar fonunda ilkin təlabat mallarının alınması üçün milyardlara qənaət etməyi düşünür. Amma bu günlərdə ölkədə baş qaldırmış narazılıqlar kompyuterlər və digər texnikalara qoyulmuş anoloji qadağanın aradan qaldırılmasına səbəb olub.

Bütün bunlarla yanaşı, Tehran sanksiyalara "qana qan" prinsipi - karbohidrogen ixracının dayandırılması ilə cavab verəcəyini istisna etmir. İran parlamentinin sentyabrın sonlarında verdiyi bəyanata görə, qurum ölkənin neft sektoruna sanksiyalar tətbiq etmiş dövlətlərə qış aylarında neft ixracının dayandırılmasını nəzərdə tutan qanun layihəni müzakirəyə çıxarmaq fikrindədir.

Avropa ixracatçılarının iddiasına görə isə dünya bazarı İran neftinin itirilməsinə sinə gərmək iqtidarındadır. Onlar hesab edir ki, hətta Aİ İran neftindən tam imtina etməlidir. Tamamilə aydındır ki, bu addım neft hasil edən ölkələrə, həmçinin 2013-cü ildə büdcəsinin 79%-ni neft gəlirləri hesabına formalaşdıracaq Azərbaycana sərf edir. Amma bu gəlirlər ölkəmizin iqtisadiyyatına faydalı olacaqmı və İran qazının Avropaya nəqlinə embarqonun qoyulması bizə nə vəd edir? 

 

Təməl daşı

Dünya bazarlarına İran neftinin nəqlinin azalmasının iqtisadi effekti bu yanacaq növünün qiymətinin artmasında, yaxud ən azı yüksək qiymət həddinin daha uzun müddət qorurunb saxlanmasında olacaq. Neftə olan bugünkü qiymətə baxdıqda, etiraf olunmalıdır ki, bu qiymətin təxminən 30%-i geosiyasi səbəblərlə bağlıdır. (bareli 90-100 dollar). 

İlk baxışdan artıq qeyd edildiyi kimi, bu, şübhəsiz ki, Azərbaycana sərf edir - dövlət büdcəsinin doldurulacağından narahat olmağa dəyməz. Amma medalın digər üzü də var.

Bakı Nobel İrsi Fondunun rəhbəri, Moskva Beynəlxalq Neft Klubunun prezidenti və BMT-nin enerji məsələləri üzrə eksperti Toğrul Bağırovun fikrincə, "İrandakı vəziyyətlə bağlı neftin qiymətinin artımından neft hasil edən ölkələrin həmin an əldə edəcəkləri qzanc tez bir zamanda aradan qalxacaq. Prinsipcə, bu, neft asılılığından qaçmağa, büdcəsini balanslaşdırmağa, qeyri-neft sektorunu fəal şəkildə inkişaf etdirməyə çalışan Rusiya və Azərbaycan kimi ölkələrə ziyandır".

Bununla yanaşı, ekspert hesab edir ki, İran böyük ehtimalla Avropaya neft ixracına (sutkada təxminən 800 min barel) əvəz tapacaq və Hindistanla Çin onun əsas ticarət tərəfdaşlarına çevriləcək. Bundan başqa, ciddi beynəlxalq təzyiqlərə baxmayaraq, İran neft ixracında kəskin azalmanın olduğuna dair deyilənləri inkar edir. Belə ki, İranın özəl sektorunun təchizatı hesabına, sanksiyalardan yan keçərək beynəlxalq bazara çıxarılan neftin həcmi 20 milyon barel təşkil edir. Qaz ixracına gəlincə, bu sahədə də Avropa böyük ölçüdə heç nə itirməyəcək: bu gün İran qazının əsas istehlakçısı Türkiyədir. Avropaya isə onun hasil etdiyi qazın cüzi hissəsi ixrac olunur. Türkiyənin dövlət boru kəməri şirkəti olan "Botas"dan verilən məlumata görə, 2011-ci ildə Türkiyə 39,7 milyard kubmetr qaz idxal edib. Türkiyənin qaz ixracatçıları arasında ilk yeri Rusiya tutur. Sonra İran, daha sonra isə Azərbaycan gəlir.

Bu gün İran qiymətdə güzəştlər və digər vasitələrlə bu bazarı əlində saxlamaq üçün çox çalışır. Çünki prinsipcə, Türkiyə gələcəkdə digər ölkələrdən, məsələn, Rusiya və Azərbaycandan qaz idxalını artırmaqla İran qazından ümumiyyətlə imtina edə bilər. Hazırda qüvvədə olan müqaviləyə əsasən, Türkiyə Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsində 6,6 milyard kubmetr qaz almalıdır. Amma Türkiyə hər il Azərbaycandan müqavilədə nəzərdə tutulduğundan az qaz qalır. Onun İran qadından mümkün imtinası Ankaraya Azərbaycan qarşısındakı müqavilə öhdəliyinə əməl etmək, həmçinin "Şahdəniz" yatağının işlənməsinin ikinci fazasında tam həcmdə - 6 milyard kubmetr qaz almaq imkanı verəcək.

Beləliklə, İran qazına embarqonun qoyulması Azərbaycan qazının Avropa bazarlarının alternativ enerji mənbəyi kimi əhəmiyyətini daha da artıra, Avropanın enerji təhlükəsizliyinin təminində onun rolunu daha da yüksəldə bilər.

Bunları nəzərə alsaq, İranın Türkmənistan qazının Transanadolu qaz kəməri (TANAP) vasitəsilə nəqlinin təmini üçün Xəzərin dibilə boru xəttinin çəkilməsinə qəti etiraz etməsi təəccüblü deyil. Tehran bu mövqeyini layihənin ekoloji baxımdan təhlükəli olması ilə izah edir. Doğrudur, İran TANAP layihəsinin tam əleyhinə deyil. İranın Milli Qaz İxracı Şirkətinin (NIGEC) direktoru Hüseyn Bidarmeqz bildirib ki, bu layihə İran qazının ixracına heç bir təhlükə yaratmır və o, reallaşdırılarsa, həmin boru xətti vasitəsilə 16-20 milyard kubmetr "mavi yanacaq" nəql olunacaq. "İran öz coğrafi mövqeyi hesabına öz qazını ixrac etmək üçün müxtəlif variantlara və bazarlara malikdir", - deyə H.Bidarmeqz blildirib.

Amma Türkmənistan qazın TANAP-a yalnız İran vasitəsilə vurula bilər. Bu, daha dəqiqi, İranın Avropanın enerji təhlükəsizliyinin təmini zəncirində əsas bəndlərdən birinə çevrilə biləcək bu layihəyə hansısa dərəcədə cəlbini isə Qərb qətiyyən arzulamır. Bu, tamamilə başadüşüləndir.

Danışıqlar davam edir və əlbəttə ki, etdiriləcək. Amma vəziyyət çıxılmazdır. Bundan başqa, TANAP Türkmənistan qazı olmadan da rentabellidir və bu vəziyyətdə Azərbaycanın itirəcəyi heç nə yoxdur - o, yalnız tranzitdən əlavə gəlir əldə edə bilər.

İrana qarşı sanksiyaların vura biləcəyi daha bir ziyan bu ölkəyə Naxçıvan Muxtar Respublikası üçün Azərbaycan qazının nəqlilə bağlıdır. Lakin Azərbaycanın sənaye və ener-getika naziri Natiq Əliyev jurnalistləri əmin edib ki, bu işdə heç bir ləngimə olmayacaq: "İrana tətbiq olunan sanksiyalar səmt qaz tədarükünə və Azərbaycanla İran arasında elektrik enerjisi axınına heç bir təsir göstərməyəcək".

Qeyd edək ki, Azərbaycan hər il İrana təxminən 350 milyon kubmetr qaz nəql edir və bu, İranın qaz xətti sistemilə Naxçıvana qaytarılır. Bununla yanaşı, İrana NMR-ə ixrac etdiyi elektrik enerjisinin əvəzində elektrik enerjisi də nəql olunur.

 

Dostluğumuz kimə qarşıdır?

Hər halda, sanksiyalar Azərbaycanla İranın ticarət əlaqələrinə müəyyən dərəcədə təsirini göstərib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin ilk yarısında Azərbaycan İrana mal ixracını ötən ilin analoji dövrü ilə müqayisədə 35,3%, yəni, 60,359 milyon dollaradək azaldıb. İrandan Azərbaycana idxalın həcmi isə 9,6% artıb. Rəqəmlər başadüşüləndir: İran "iqtisadi müqavimət"lə əlaqədar olaraq, ümumilikdə bütün ölkələrdən mal idxalının həcmini azaldıb.

Beləliklə, İran Azərbaycanın əsas ixracatçılarının siyahısında ilk 15 ölkə arasına düşmür, lakin idxalçı ölkələr sırasında 12-ci yeri tutur. Ümumilikdə bu ilin ilk yarısında İranla Azərbaycan arasında ticarət dövriyyəsi 149,697 milyon dollar təşkil edib. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə iki ölkə arasında ticarət dövriyyəsinin 500 milyon dollar olduğunu deyir. "İki ölkənin həmsərhəd əyalətləri arasında çıxış-girişi və ticarəti nəzərə alsaq, ticarət dövriyyəsinin 1 milyard avroya yaxın olduğunu söyləmək mümkündür. Əlbəttə, bu rəqəm bizi qane edə bilməz və planlaşdırılmış işlər nəticəsində onun artacağına ümid edirik", - deyə diplomat qeyd edib.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov isə qarşı tərəfin ticarət dövriyyəsini 10 milyard dollaradək artırmaq təklifilə çıxış etdiyini söyləyib. Yəni, İran Azərbaycanla iqtisadi-ticari münasibətləri yaxşılaşdırmaq niyyətindədir və biz vəziyyətdən istifadə edərək qarşılıqlı səmərəli layihələrin reallaşdırılmasına başlaya bilərik.

C.Axundovun sözlərpinə görə, "İranla Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün tərəflər ilk növbədə nəqliyyat infrastrukturunu, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizini İran ərazisində Rəşt-Qəzvin-Astara dəmir yolunun inşası ilə yaxşılaşdırmalıdır. Zəncan-Miyanə-Ərdəbil-Muğan dəmir yolunun inşası da vacibdir".

Diplomatın fikrincə, çox böyük potensiala sahib həmsərhəd rayonlar ticarət dövriyyəsinin inkişafına ciddi töhfə verə bilər. Məsələn, artıq Astara Sərhəd Buraxılış Məntəqəsində bazarın açılması layihəsi mövcuddur. İran Gilan əyalətindəki Astara limanı ilə Bakı Beynəlxalq Dəniz Limanı arasında sərnişinlərin daşınması üçün yeni dəniz reysi də açır. Gələcəkdə Bakıdan İranın digər limanları - Əmirabad və Nouşəhrə də daşımaların həyata keçirilməsi planlaşdırılır. Şərqi Azərbaycan əyaləti - Urmiya şəhərindən Naxçıvana (Naxçıvan MR) yeni avtobus reysi də işləyəcək.

Başqa sözlə, Azərbaycan İranla iqtisadi-ticari əməkdaşlığın yalnız genişləndirilməsinə tərəfdardır. Yalnız qonşuluğu deyil, tarixi, mədəni və dini əlaqələri, həmçinin İranda, təxminən, 25-30 milyon etnik azərbaycanlının yaşadığını nəzərə alsaq, başqa cür ola da bilməz. Məhz bu faktorlar bəzən Bakını İranın digər qonşu dövlət, amma bu dəfə Azərbaycana düşmən olan Ermənistan iqtisadiyyatındakı artan roluna göz yummağa məcbur edir. Nəhəng enerji layihələri, yeni dəmir yolunun çəkilişi, bank sektorunda iştirakın genişləndirilməsi və bir çox digər məqamlar son nəticədə Azərbaycan-İran iqtisadi münasibətlərində qara ləkə rolu oynayır.

Belə ikili standartlar İranın sanksiyalarla üzləşdiyi bir şəraitdə yaşamaq uğrunda göstərdiyi standart cəhdlərdir, yoxsa o, geosiyasi maraqları naminə Ermənistanla daha möhkəm dost olmaq arzusundadır? Sual kifayət qədər ritorikdir. Çünki rəsmi Tehran həm Azərbaycana, həm də Ermənistana açıq "sevgi etirafı" edir. Yaranmış vəziyyətdəki siyasi məqamları kənara qoyaraq bir şeyi demək mümkündür - bu gün İran üçün Ermənistanla müqayisədə sürətlə inkişaf edən iqtisadiyyata və dəfələrlə geniş imkanlara malik Azərbaycanla münasibətləri inkişaf etdirmək daha sərfəli olardı. 



MƏSLƏHƏT GÖR:

510