Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Dünya maliyyə meydanlarında sakitləşməyən böhran dalğaları bazar iştirakçılarını çətin durumdan çıxmaq üzrə birgə yolların axtarılması, həmçinin fərdi göstəricilərin və bütünlükdə iqtisadi durumun yaxşılaşdırılması məsələlərində əməkdaşlığa meyillənməyə daha çox məcbur edir. Çox vaxt ümumi maliyyə inkişafının zəif tərəflərini məhz birgə səylər nəticəsində düzəltmək olur - bu, iqtisadiyyatı sıx əlaqəli ölkələrin bazar təmsilçilərinin əməkdaşlığına aid olanda xüsusilə məhsuldar alınır.
Bununla bağlı son bir neçə ildə MDB-nin bir sıra ölkələrinin bank sektorunda aydın müşahidə olunan yaxınlaşma əlamətlərini yerli maliyyə qurumlarının və bütünlükdə maliyyə bazarının möhkəmlənməsinə töhfə saymaq olar. MDB dövlətlərinin bu günlərdə Bakıda keçirilimiş V beynəlxalq "MDB maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzulu bank konfransında gəlinmiş ümumi nəticə budur.
MDB bankirləri, birləşin?!
MDB Maliyyə- Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakovun sözlərinə görə, MDB-nin bank sistemi artmaqda davam edir. Son bir ildə onun aktivlərinin həcmi $1 trln.-dan $1,5 trln.-a kimi, yəni 50 faizə qədər artıb. "Ancaq sistem hələ də zəifdir və onun inteqrasiyası da lazımi səviyyədə deyil. Baxmayaraq ki, milli valyutalarla əməliyyatlarda müsbət artım meyilləri müşahidə olunur", - deyə rusiyalı bankir hesab edir. Onun fikrincə, MDB-nin maliyyə bazarının böyük potensialı var və onu bütünlüklə fəaliyyətə keçirmək üçün pensiya pullarını, islam maliyyələşdirməsini, uzunmüddətli resursları cəlb etmək, MDB-nin maliyyə mərkəzləri arasında əlaqələri möhkəmləndirmək lazımdır.
Bildirmək gərəkdir ki, bank bazarları arasında koordinasiyanın gücləndirilməsi barədə bu cür çağırışlar, demək olar ki, MDB Bank Şurasının hər bir konfransında səslənir. Dünya maliyyə sahəsində 2008-ci ildən müşahidə olunan böhran meyilləri dirəniş üçün yeni variantlar axtarmağa məcbur edir və bazarların yaxınlaşması da müəyyən mənada qlobal çağırışlara qarşı tutarlı cavab ola bilər. Vahid iqtisadi keçmişə malik MDB ölkələri sanki bu ideyanın gerçəkləşdirilməsi üçün çox uyğun gəlir. Özü də MDB-nin icraçı katibi Sergey Lebedev bildirir ki, MDB ölkələrində ticarət dövriyyəsinin artımı və başqa meyillər Birlik ölkələrinin istehsal kooperasiyası və sərmayə əməkdaşlığı üçün yeni tələbləri şərtləndirir.
Onun sözlərinə görə, Rusiya Federasiyasının bir sıra təşəbbüsləri, o cümlədən Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması MDB ölkələrinin birləşməsinə, o cümlədən Birliyin maliyyə-bank və investisiya sistemlərinin, habelə birja fəzasının birləşməsinə xidmət edir. Və bu gün MDB ölkələrinin sahibkarlıq təşkilatlarının, maliyyə qurumlarının və digər institutların resurslarını cəmləşdirmək vacibdir.
Mərkəzi və Şərqi Avropa ölkələri bank assosiasiyalarının (BACEE) baş katibi İştvan Lendel də hesab edir ki, MDB-də güclü infrastrukturun yaradılmasına və inkişafına ehtiyac var. "MDB-də infrastruktur layihələri üçün maliyyə cəlb etmək elə də asan deyil, ancaq imkanlar var, o cümlədən beynəlxalq maliyyə institutlarını cəlb eləmək imkanları genişdir", - deyə o bildirib.
Bu baxımdan qeyd etmək lazımdır ki, son illərdə qlobal maliyyə sisteminin təkmilləşdirilməsinə böyük diqqət verilir. "Bu baxımdan, Rusiyada MDB ölkələrinin beynəlxalq maliyyə mərkəzinin yaradılması mühüm rol oynaya bilər, bu, inteqrasiya prosesinə yeni təkan verəcək", - deyə Lebedev bildirib. A. Kazakov isə əlavə edib ki, MDB-nin Maliyyə və Bank Şurasının inkişafında sonrakı addım onun Maliyyə-Bank İttifaqına çevrilməsi ola bilər. "Biz gələn il birgə əməkdaşlığa daha çox bankların cəlb edilməsi üçün hansı tədbirlərin gücləndirilməsi üzərində düşünəcəyik, çünki bizə ümumi iqtisadi məkan lazımdır", - deyə o vurğulayıb. Bu gün, həmçinin MDB ölkələrinin vahid maliyyə mərkəzi yaradılması məsələsi də müzakirə olur, ilkin olaraq o, Moskvada düşünülür.
Və nəhayət, maliyyə-bank mühitində çoxdan gündəmdə olan MDB-də vahid valyuta məkanının yaradılması məsələsi, o cümlədən vahid valyuta yaratmaq məsələsi də gündəmdədir və onun Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqı çərçivəsində yaradılması təklif edilir, çünki burada iri qarşılıqlı hesablaşmalar daha tez-tez aparılacaq. Kollegiya üzvü, Avrasiya İqtisadi Komissiyasının iqtisadiyyat və maliyyə siyasəti naziri Timur Suleymenovun sözlərinə görə, bu, MDB çərçivəsində vahid valyuta məkanı yaradılması ilə bağlı qlobal ideyanın həyata keçirilməsinə də yaxınlaşdıra bilər.
Qarşılıqlı əlverişli dostluq
Bir tərəfdən, bütün bu təkliflər perspektivlidir, böyük faydalar vəd edir və A. Kazakovun "Bakı Asiya və Avropanın axınları keçən ciddi, dinamik artan maliyyə mərkəzinə çevrilir" sözləri əlbəttə çox xoşdur. Digər tərəfdən, MDB bank strukturlarının qeyri-bircins inkişafı, siyasi sahələrdə fikir ayrılığının mövcudluğu Azərbaycan tərəfini belə təkliflərə müəyyən ehtiyatla baxmağa vadar edir. Axı Azərbaycan, demək olar ki, bank sektorunun yeni inkişaf mərhələsinə daxil olur və bir il sonra burada vəziyyətin indikindən çox fərqli olacağı mümkündür.
Beləliklə, bəllidir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kapitallaşması ilə bağlı tələbləri əhəmiyyətli dərəcədə sərtləşdirib (onlar 5 dəfə artırılaraq 50 milyon manata qaldırılıb). Bununla bağlı olaraq bazar iştirakçılarının sayında nəzərəçarpacaq azalma gözlənilir. AMB baş direktoru Rəşad Orucovun sözlərinə görə, banklar artıq konsolidasiya üzrə danışıqlara başlayıblar. "Hazırda müxtəlif banklar arasında müxtəlif kombinasiyalarda danışıqlar aparılır. Bu mərhələdə, əlbəttə, heç kim planlarını açıqlamayacaq. Biz nəticələr gözləyirik. Bu asan proses deyil. Bu qərar bazarda əhəmiyyətli dəyişikliklərlə nəticələnəcək", - deyə R.Orucov bildirib. Ölkənin ən böyük bankı - Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyevin fikrincə, Azərbaycanda bank xidmətlərinə olan tələbi 20 bank tam əhatə edə bilər.
Başqa sözlə, bu dəyişikliklərin baş verməsi vacibdir. Bazar, onun iştirakçıları və istehlakçılar bunları mənimsəyərdi, bundan sonra qloballaşma addımları atmaq olar. Ümumiyyətlə, müəyyən dərəcədə AMB tərəfindən irəli sürülən dəyişikliklər buna səbəb ola bilər. A.Kazakov etiraf edir ki, Azərbaycanda bir sıra banklar öz işini dayandıracaq; "amma başqa tərəfdən, bu, MDB banklarının gəlməsi üçün yaxşı şərtlər yaradır, çünki burada yaxşı işgüzar mühit var".
Bundan başqa, bu gün dünyada çox populyar olan islam-bankinq də Azərbaycanda inkişaf edir. Rusiyada və MDB-nin başqa ölkələrində bu alətə artan tələb nəzərə alınarsa, təcrübə mübadiləsi, bankların qarşılıqlı münasibətləri də nizamlana bilər və s.
Başqa sözlə, böyük hesabda əməkdaşlıq üçün səbəb həddindən çoxdur. Tərəflərdən birinin asılılığı olmayan, diqtəsiz, qarşılıqlı faydalı şərtlərə əsaslanan dostluq bütün sahələrdə və bütün səviyyələrdə yaxşıdır. Başlıca məsələ, öz ölkəndə maliyyə bank sisteminin inkişafının kövrək, amma artıq dəqiq tərtib edilmiş meyillərinə zərər vurmamaqdır.
MƏSLƏHƏT GÖR: