14 Mart 2025

Cümə, 21:43

BİR GÜNÜN XRONİKASI

Avropa ideyası sınaq qarşısında

Müəllif:

01.12.2012

İspaniya - Iberia, Air Nostrum, Vueling, Air Europa və EasyJet aviaşirkətləri 600-dən artıq daxili və beynəlxalq reysləri təxirə salıb. Bundan başqa, qatarların, şəhərlərarası elektrik qatarlarının hərəkətində də ciddi məhdudiyyətlər var, xəstəxanalarda həkimlər yalnız təxirəsalınmaz yardımları göstərir.

Portuqaliya - ən nəhəng yerli aviaşirkət olan TAP reyslərinin, təxminən, yarısını təxirə salmalı olub, Lissabonda metro işləmir, qatarların hərəkətində məhdudiyyətlər var. Son dərəcə əsəb keçirən insanlar asayiş keşikçilərilə toqquşmalara gedir.

Analoji xəbərlər Belçika, Fransa, Almaniya, Avstriya, Danimarka, Niderland və Avropanın digər ölkələrindən də gəlməkdədir - bütün bunlar proqnozlaşdırılan dünyanın sonu ilə bağlı filmin süjeti deyil. Söhbət "Köhnə Dünya"nın 23 ölkəsində eyni vaxtda sosial ödənişlərin azaldılması və vergilərin artırılmasına etiraz kimi keçirilən aksiyalara dəstək olaraq Hərəkat və həmrəylik günü nəticəsində baş verənlərdən gedir. Böhranın yaşandığı Avropa bu nəhəng tətil nəticəsində daha bir neçə milyard avro itirib. Şimalda tətillər sakit, xüsusi gərginlik olmadan keçibsə, Avropanın iqtisadi problemləri daha kəskin olan cənubda - böhranın sakinlərə daha ciddi toxunduğu, dövlət sektorlarında işçilərin vəzifədən kütləvi şəkildə kənarlaşdırılmasına, işsizliyə, sosial təzminatların ixtisarına, maaş və pensiyaların azaldılmasına səbəb olmuş İspaniya, Yunanıstan, Portuqaliya və İtaliyada, eləcə də ayrı-ayrı yerlərdə etirazlar polislə sərt toqquşmalara yol açıb. Bu yaxınlaradək sakit və özünə inanan avropalılar indi öz iqtisadi maraqlarının müdafiəsinə qalxıblar. Belə də olmalı idi.

Proqnozlara görə, Fransada dekabradək ən azı 300 000 iş yerinin ləğv edilmə təhlükəsi var. Söhbət yalnız nəhəng yox, həm də kiçik və orta müəssisələrdən gedir. 2013-cü ilin ilk yarısında isə ləğv edilmiş iş yerlərinə daha 200 000-i əlavə oluna bilər.

İspaniyada vəziyyət daha ağırdır - işsizlik 24% təşkil edir. Yunanıstan və Portuqaliyada da vəziyyət buradakından heç də yaxşı deyil. Ümumilikdə isə avrozonada işsizliyin səviyyəsi sentyabrda rekord həddə çataraq 11,6% təşkil edib. İşsizlik xüsusilə gənclər arasında daha yüksəkdir (təxminən 22%). Bu üzdən iş yerlərinin itirilməsi təhlükəsi qarşısında çaxnaşmaların və tətillərin güclənəcəyi tamamilə gözlənilən idi.

Bu etiraz aksiyalarının dağıdılmasının detallarına diqqət çəkməyə ehtiyac yoxdur. İtaliya, İspaniya, Yunanıstan şəhərlərində baş verənləri əks etdirən videomaterialları bir çoxumuz görmüşük. Baş verənlərdən belə təəssürat yaranır ki, adətən, dünyada "demokratiya"nın, "söz azadlığı"nın qeydinə qalan Avropa institutları iqtisadi böhran üzündən məhz Avropanın mərkəzində insan haqlarına nəzarət edən şöbələrdəki ştatları ixtisar edib. Aydın olur ki, "demokratiya", "qanunun aliliyi", "azadlıq" və "insan haqları" kimi anlayışlar bütün sivil dünya üçün universaldır və  onun "avropasayağı" forması mövcud deyil. Amma...

Böhranın dərinləşməsi tendensiyasının zəifləyəcəyini göstərən əlamətlər yoxdur. Vahid Avropa valyutasının dövriyyədə olduğu zonada istehlak qiymətləri 2012-ci ilin oktyabrına illik hesablamaya görə, 2,5% artıb. Bu rəqəm Avropanın "Eurostat" statistika agentliyinin bu yaxınlarda açıqladığı hesabatda yer alıb. Bundan başqa, ilkin məlumatlara görə, 2012-ci ilin üçüncü rübündə avrozonada ÜDM əvvəlki rüblə müqayisədə 0,1% azalıb. Bütünlükdə Avropa İttifaqında inflyasiyaya gəlincə, 2012-ci ilin oktyabrında Aİ-nin 27 ölkəsində istehlak qiymətləri 2,6% artıb.

23 ölkənin zəhmətkeşlərinin sanki K.Marksın "Bütün ölkələrin proletariatları, birləşin!" şüarını əsas götürərək küçələrə çıxdıqları vaxtda bu dövlətlərin rəhbərləri Aİ-nin 2020-ci ilədək büdcəsini müzakirə etmək üçün bir araya gəliblər. Amma Brüsseldə məhz birliyə üzv dövlətlərin şəhərlərində keçirilən nümayəişlərdəki həmrəylik yox idi. Aİ-yə üzv 27 ölkənin dövlət və hökumət başçılarının Brüsseldə keçirdikləri sammitdə müzakirə olunan əsas məsələlərdən biri məhz qurumun 2020-ci ilədək olan büdcəsi idi. Bu məsələnin sammitdə çox sərt qoyulacağı və həll edilməmiş qalacağı əvvəlcədən də bəlli idi. Avropa Komissiyası trilyon avrodan artıq büdcəyə tərəfdardırsa, Böyük Britaniya bu məbləğin, təxminən, 200 milyard dollar azaldılmasını tələb edir. Toplantıda kompromis variant kimi Avropa İttifaqının rəhbəri Herman van Rompey büdcənin 75 milyard dollar azaldılmasını təklif edib.

Sammitdən bir qədər əvvəl isə Böyük Britaniyanın baş naziri Devid Kemeron vətənində keçirdiyi mətbuat konfransında Avropa İttifaqının maliyyə strukturlarını sərt tənqid atəşinə tutmuşdu: "Mən bəzi bonusları ləğv etməli, əməkhaqlarını dondurmalı, bəzi büdcələri 30% azaltmalı, həmçinin polisin büdcəsini 20% ixtisar etməli oldum. Amma söhbət Aİ-nin büdcəsindən gedən zaman o, durmadan artmalı, artmalı və artmalıdırsa, bütün bu sərt qərarlara nə ehtiyac var idi?".

Reuters xəbər verir ki, sammitin sonundakı çıxışında Kemeron jurnalistlər qarşısında mövqeyini detallarınadək xırdalayıb: "Brüssel sanki paralel dünyada yaşayır. Komissiyanın ştatlarında 200-dən artıq insan mənim maaşımdan artıq məvacib alır. Belçikaya Aİ-nin digər ölkələrindən gələn əməkdaşların heç də az olmayan əməkhaqlarına guya yeni məkanda onların dəstəklənməsi üçün daha 16% əlavə olunur. Onlar Brüsseldə 3 ildən artıq yaşasalar belə, bu məbləğin ödənişi davam etdirilir. Aİ institutlarının bu işə heç bir töhfə verməməsi vergiödəyicilərinə təhqirdir".

Büdcə layihəsini Kemeron qədər sərt olmasa da, donorlar və yardım gözləyənlər də tənqid edib. Xüsusilə iqtisadiyyatı nisbətən az zərər görmüş iştirakçılarla ciddi tənəzzül yaşayanlar arasında gələcəyə baxışla bağlı ciddi fikir ayrılığı yaşanıb. Əlbəttə, büdcə razılaşmasının əldə olunması üçün son müddət müəyyənləşdirilməyib. Amma 2014-cü il yaxınlaşdıqca, yeni inkişaf proqramlarının hazırlanması və qəbulu vaxtı da azalır.

Müşahidəçilərin fikrincə, son sammit Avropa İttifaqındakı parçalanmanı daha da dərinləşdirib və eyni zamanda qurumun vahid iqtisadi-siyasi birlik kimi gələcək taleyilə bağlı narahatlıqları artırıb. Qeyd edək ki, büdcə məsələlərilə bağlı növbəti sammit 2013-cü ilin yanvar-fevral aylarında keçiriləcək.

Brüsseldəki büdcə savaşı müxtəlif iqtisadiyyatlara malik "böyük" və "kiçik" qardaşları "bir damın altında birləşdirən" belə dövlətlər ittifaqının nə dərəcədə effektiv olması məsələsini bir daha gündəmə gətirib.

Avropa İttifaqı ideyası lap əvvəldən siyasi proqram olub. O, etibarsız, hətta Aİ üzvlərindəki separatizm problemlərini nəzərə alsaq, utopik konsepsiya üzərində qurulub: hesab olunurdu ki, ittifaqın institutları qitənin bütün sakinlərinin vahid milli şüurunu formalaşdıracaq, inteqrasiyanın vəd etdiyi iqtisadi üstünlüklər isə bütün avropalıların xeyrinə işləyəcək. Nə qədər ki, Avropada hər şey qaydasında gedirdi və onun dünyadakı nüfuzu yüksək idi, hər şeyin əvvəlcədən düşünüldüyü kimi getdiyi zənn olunurdu. Getdikcə dərinləşən iqtisadi böhran isə nəinki büdcə problemlərini meydana çıxardı, ümumi ev ideyasının əsassız olduğunu da göstərdi. İttifaqda geniş müzakirə olunan vahid Konstitusiya ideyası isə bundan da əvvəl dəfn olunmuşdu. 

Bəzi politoloqların fikrincə, iqtisadi böhranın əsasında da daha çox iqtisadi məqamlar yox, milli eynilik, etnik ziddiyət kimi faktorlar dayanır. Bu səbəbdən də böhran Brüsseli üzv dövlətlərdə görünməmiş makroiqtisadi və büdcə intizamları tədbirlərinə əl atmağa vadar etdikdə xüsusilə Avropanın cənubu bunu böhrandan çıxmaq üçün atılan iqtisadi addımlar kimi yox, milli maraqların sıxışdırılması kimi qəbul etdi. Xüsusilə bir məqam tam aydın şəkildə görünməyə başlayıb: Avpropa İttifaqında böhranın dərinləşməsi ilə etnik qarşıdurmalar daha kəskin xarakter alır, nümayiş və piketlərdə düşmən axtarışları ən populyar şüara çevrilir. Yunanlarla almanlar arasında gər-ginlik açıq-aşkar artır. Cənub epidemiyanın mənbəyi adlandırılır, bu səbəbdən Yunanıstanın avrozonadan çıxarılmasına çağırışlar edilir, onlar isə əvəzində almanları "nasist" adlandırır. Millətçi partiyalar və separatçı hərəkatlar regionun bir sıra ölkələrində mövqelərini gücləndirir. Fransanı yada salaq: bu yaxınlarda keçirilmiş prezident seçkisində bu ölkənin Aİ-ni tərk etməsinə tərəfdar olan Milli Cəbhə seçicilərin 18%-nin səsini qazanıb. Kataloniyada isə bütün proseslər onun İspaniyanı tərk etməsinə doğru gedir.

Böhran sarsıntısı Aİ-ni geosiyasi güc kimi də zəiflədir. Şübhəsiz ki, iqtisadi baxımdan dirçəlmək üçün həyata keçirilən tədbirlərlə yanaşı, siyasi addımlara da ehtiyac var. Avropa əhalisi arasında Aİ-nin dövlət strukturları üzərində faydasız və bahalı üstqurum olduğuna dair fikirlər getdikcə daha çox yayılmaqdadır, onların rəsmi strukturlara effektli təsir rıçaqları yoxdur, çünki qurumun yeganə birbaşa seçilmiş orqanı Avropa Parlamenti olsa da, blokun siyasətini o müəyyənləşdirmir. Real hakimiyyət Avropa Komissiyasının əlindədir, taleyüklü qərarları isə nəhəng dövlətlərin siyasi liderləri qəbul edir. Böhran əvvəllər dilə gətirilməyən və ya ikinci dərəcəli hesab olunan bir çox problemləri üzə çıxarıb. Əgər daha çox şüura malik avropalı böhrandan Avropa İttifaqında genişmiqyaslı yenidənqurmaya başlanıması üçün yararlana biləcəksə, ona, həmçinin Avropanın özünə ikinci nəfəs gələcək. Bu gün "The NewYorkTimes" qəzetinin "Doğrudanmı "Avropa" layihəsi iflasa uğradı?" başlığı kiməsə qəribə görünə bilər. Amma vaxt gedir və bəlkə də nə vaxtsa bu sualın müəllifinə gələcəyi görən adam kimi yanaşılacaq. Məgər belələrinə indi az-az rast gəlinir?..



MƏSLƏHƏT GÖR:

556