14 Mart 2025

Cümə, 21:43

ABŞ DÜYÜNÜ SIXIR

Barak Obamanın təkrar prezident seçildikdən sonra ilk xarici səfərləri nələrdən xəbər verir?

Müəllif:

01.12.2012

Barak Obamanın yenidən prezident seçildikdən sonra etdiyi ilk xarici səfəri həm Amerika, həm də dünya KİV-i tərəfindən "tarixi səfər" kimi qiymətləndirilir. Bunun bir neçə səbəbi var.

ABŞ prezidenti seçkidən dərhal sonra Cənub-Şərqi Asiyanın 3 ölkəsinə baş çəkib - Tailand, Myanma və Kamboca. Son iki ölkəyə ABŞ prezidentinin ayağı ilk dəfə dəyirdi. Myanma ilə münasibətlərdə isə yumşaq desək, bir gərginlik də var idi.

İlk baxışdan Obamanın  adları dünya KİV-nin xəbərlər bö-lümündə o qədər də tez-tez çəkilməyən ölkələrə səfər etməsində maraqlı heç nə yoxdur. Lakin məhz Obamanın Yaxın Şərqə səfəri zamanı İsraillə Fələstin arasında döyüşlər şiddətləndi və vəziyyət kritik həddə çatdı. Buna baxmayaraq, sanki əvvəlcədən planlaşdırılmamış bu səfərlər yarımçıq kəsilmədi.

Nəhayət, prezidentin seçkidən sonra baş çəkdiyi region ABŞ-ın xarici siyasi prioritetlərinin nümayişi nöqteyi-nəzərindən nümunə də hesab olunur.

Yeri gəlmişkən, Obama birinci dəfə prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etmişdi. Budəfəki səfəri isə yaxın 4 ildə dünyanın "1 nömrəli dövləti"nin xarici siyasi prioritetlərini və ABŞ-ın xarici siyasətində cənub-şərqə marağın artmasını müəyyənləşdirmək kimi qəbul etmək olar.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tomas Donilon bu prioritetlərin məğzini bilavasitə Obamanın səfəri ərəfəsində açıqlayıb. "Ümid edirik ki, bu, regionda yeni qüvvələr mövqelərini möhkəmləndirəcək, eyni zamanda dəniz, hava, kosmik və kiberməkanlara azad çıxış olacaq. Bu, ticarətin sürətlə inkişaf etməsinə köməklik göstərərdi", - deyə Obamanın məsləhətçisi bildirib. T.Donilonun "yeni qüvvələr" haqda danışarkən Myanma və Kambocanı nəzərdə tutduğunu anlamaq çətin deyil. Çünki Tailandla ABŞ administrasiyasının münasibətləri Yaponiya, İndoneziya, Vyetnam, Hindistan, Cənubi Koreya və Filippinlə olduğu qədər möhkəmdir. Vəziyyəti daha diqqətlə təhlil etdikdə isə bütün bu dövlətlərin bir sıra başqa məqamlarla yanaşı, bir ümumi cəhətinin olduğunu da görmək mümkündür: onların hər birinin ABŞ-ın əsas rəqibi olan Çinlə problemi var.

Şübhəsiz ki, ABŞ-ın Asiya-Sakit okean regionu (ASR) ilə bağlı xarici siyasətinin yeni xətti orada öz mövqelərinin bərpası və Çinin artan qüdrətinə sinə gərməyə yönəlib. Tomas Donilon Obamanın regiona səfəri haqda danışarkən bunları da deyib: "Prezidentin səfəri xarici siyasətimizin yenidən balanslaşdırılmasında növbəti mərhələnin başlanğıcıdır. Prezident ABŞ-ın regionda daha əhəmiyyətli və uzunmüd-dətli rol oynayacağını deyirsə, demək, biz bu öhdəliklərə əməl etmək niyyətindəyik". ABŞ-ın eyni vaxtda bir neçə müharibə aparmaqla dünyanın müxtəlif bölgələrində ordu saxlamaq iqtidarında olmadığını anlayaraq tədricən Yaxın Şərqi tərk etməsini, lakin oradan tam çıxmayaraq funksiyalarını regional müttəfiqlərinə ötürməsini məhz bununla izah etmək olar. Prezident Obamanın sevimli strategiyası olan "yumşaq güc" strategiyasından istifadə etməklə, Vaşinqton Yaxın Şərqə nəzarəti mümkün qədər əldə saxlamağa çalışır və itirilmiş mövqelərinin bərpası, daha sonra isə Çinin qarşısının alınması niyyətilə əsas qüvvələrini ASR-ə atır.

Geoiqtisadi planda da ABŞ-ın qüvvələrini Asiyanın nisbətən sabit bazarlarına yönəltməyə ehtiyacı var. Avrozonada bitmək bilməyən böhran amerikalıları Transsakit okean tərəfdaşlığına yönəlməyə vadar edir. Məqsəd yeni Asiya-Sakit okean azad ticarət qrupunun yaradılmasıdır. ABŞ-ın Şərqi Asiya ölkələri sammitində və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitlərində fəal iştirakı da Amerika rəhbərliyinin alternativ bazarlarda möhkəmlənmək cəhdlərinin göstəricisidir.

Amma burada da ABŞ qarşısında Çini görür. Analitiklərin fikrincə, rəsmi Vaşinqtonun Asiya-Sakit okean azad ticarət qrupundakı siyasəti Çinin iştirakı olmayan azad ticarət zonasını nəzərdə tutur. Onun iqtisadi gücü və fövqəldövlət kimi hərbi-siyasi inkişafı yəqin ki, hələ seçkiqabağı kampaniya dövründə ABŞ-ın hər iki prezidentliyə namizədinin eyni fikirdə olduqları yeganə mövzu idi. Hətta qalib gələcəyi təqdirdə Çinlə ticarət müharibəsinə başlayacağını vəd edən Romnidən fərqli olaraq, Obamanın mövqeyi bir qədər mülayim idisə belə, onun son bəyanatından yalnız bir nəticə çıxarmaq olar: Çin xarici siyasətdə izin verilən həddi aşıb! Seçkiqabağı debatlar zamanı ABŞ-ın xarici siyasəti və təhlükəsizliyi haqda danışan prezident dəfələrlə Çini həm rəqib, həm də potensial tərəfdaş kimi göstərib, lakin onun tərəfdaş olması üçün qaydalara əməl etməsinin, yəni "ikinci rolda" olmasının vacibliyini vurğulayıb. 

Bəs Pekin ona verilən bu rola razılaşacaqmı?

ÇXR Kommunist Partiyasının liderləri özünü yetirmiş dərin iqtisadi problemlərdən, sosial qeyri-sabitlikdən və hərbi potensiallarının ABŞ-la müqayisədə geri qaldığından yaxşı xəbərdar olsalar da, xalq kütləsinə arxalanaraq, onların güclü tərəfini nümayiş etdirərək, onlarda vətənpərvərlik ruhunu yüksəldərək mövqelərini qorumağa çalışır. Belə çıxır ki, ABŞ və Çin açıq qarşıdurmaya getməsələr də, artıq bir-birlərini düşmən gözündə görürlər. Hələlik Pekin ABŞ-ın hücumlarını çətinliklə də olsa önləyə bilir. Liviyadakı vətəndaş müharibəsi və Qəddafinin devrilməsi Çini əsas neft ixracatçılarının birindən məhrum edib. O, ikinci neft ixracatçısı qismində Sudanı itirib. Bu, ölkənin Şimali və resurslarla zəngin Cənubi Sudana parçalanması zamanı baş verib. Axı cənublular açıq şəkildə qərbpərəst siyasi kurs yürüdür. Hörmüz boğazı ətrafındakı vəziyyət və hərbi əməliyyatların başlanması isə Çinin maraqlarına daha ciddi zərbə vura bilər. Amma iki ölkə arasındakı əsas "döyüş meydanı" isə Cənub-Şərqi Asiya və Asiya-Sakit okean regionudur. Bu regionda dövlətlər artıq "özününkülər və yadlar"a bölünüb. Bəzən burada az qala xəritədə güclə sezilən kiçik ada uğrunda da sərt mübarizə gedir.

Hind okeanı və Sakit okeandakı boğazlar da son dərəcə ciddi geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir. Onlar ötürmə qabiliyyətlərinə və coğrafi ölçülərinə görə Hörmüz boğazı və Süveyş kanalını üstələyir. Artıq qeyd etdiyimiz kimi, ABŞ hər şeydən əvvəl Çinin iqtisadi inkişaf tempinin qarşısını almaq istəyir. Nəzərə alsaq ki, bu boğazlar vasitəsilə Çin üçün enerji daşıyıcıları ilə dolu tankerlər və strateji yüklər daşıyan gəmilər keçir, onlara nəzarətin strateji əhəmiyyəti aydın olur. Obamanın bu yaxınlarda səfər etdiyi 3 Cənub-Şərqi Asiya ölkəsinin geosiyasi əhəmiyyətinə məhz bu konteksdə baxmaq olar. Bu mənada Myanmanın yerləşdiyi coğrafi mövqe isə xüsusi maraq doğurur.

Ərazisinə görə, İsveç, Fransa, hətta Almaniyadan böyük olan Myanma bir tərəfdən Çin, digər yandan Hind okeanı ilə həmsərhəddir. Sanki çoxdan belə strateji mövqeyə sahib və son dövrlərədək dünyada adından çox az bəhs edilən Myanma yalnız indi - XXI əsrin əvvəllərində ABŞ və Çinin diqqət mərkəzinə düşüb. Myanmanın Çin üçün əhəmiyyətini daha yaxşı anlamaq üçün bir məqamı qeyd etmək kifayətdir: Çinə enerji resurslarının iki okeanı birləşdirən əsas nəqliyyat yolu - Malaka boğazından yan keçməklə daşınmasında alternativ yol kimi yalnız ondan istifadə edilə bilər. Boğazın illik ötürücülük qabiliiyyəti təxminən 50 min gəmidir. Bu, bütün dünyadakı dəniz ticarət dövriyyəsini həyata keçirən gəmilərin dörddə biri deməkdir. Beynəlxalq Statistika Agentliyinin məlumatına görə, 2030-cu ilə Malaka boğazı vasitəsilə neft daşıyan tankerlərin sayı ikiqat artacaq. Malaka boğazının nisbətən ensiz olmasına baxmayaraq (Sinqapur sahili boyunca cəmi 2,5 kilometr), sutka ərzində bu boğazdan supertankerlərlə Çinə daşınan neftin həcmi 12 milyon bareldən artıqdır. Bu dəhlizi bağlamaq son dərəcə sadədir. Bu, o deməkdir ki, Malaka boğazı üzərində nəzarəti ələ alacaq donanma Çinin enerji təchizatına da nəzarəti ələ keçirəcək. Hazırda bu donanma yalnız ABŞ Hərbi Dəniz Qüvvələri ola bilər.

Amma Çin öz Hərbi Dəniz Qüvvələrini sürətlə inkişaf etdirməyə başlayıb və proqnozlara görə artıq 2015-ci ildə bu ölkə gəmiqayırma sahəsində dünya liderinə çevrilə bilər.

Xaricdən enerji daşıyıcılarının tədarükünə ciddi ehtiyacı olan rəsmi Pekin ilk növbədə dəniz yollarının mühafizəsini təmin etməlidir. Digər variant dəniz və okean boğazlarından mümkün qədər az istifadə edilməsi üçün alternativ təminat yolları ola bilər. Belə variantlardan biri Hind okeanı sahillərindən Çinə uzanan yol və boru xətləri şəbəkəsindən istifadədir. Məsələn, Myanma öz yerüstü nəqliyyat vasitələrilə yük və enerji daşıyıcılarının tədarükünü sürətləndirə və ucuzlaşdıra bilər.

Mütəxəssislər dəniz yollarının xəritəsini dəyişəcək yeni kanalların tikintisini də mümkün sayır. Myanma ilə Tailand öz ərazilərində birgə belə kanallar tikməyi planlaşdırır. Lakin onların bu problemin həllinə yanaşmalarında fərqlər mövcudlur.

Çətinləşməkdə olan vəziyyətdə Çin üçün ən sərfəlisi neft terminallarının və Myanmanın dəniz sahillərində boru xətləri şəbəkəsinin yaradılmasıdır. Onlar neftin Çin ərazisinə nəqlinə şərait yaradacaq.

Xatırladaq ki, Pekin bunadək artıq Yaxın Şərqdən neft nəqli variantını hazırlayıb. 90-cı illərin sonlarında ÇXR neftin şimal qonşusu Pakistan ərazisilə nəqlinə dair razılıq əldə etmişdi. O zaman birgə səylər nəticəsində Ərəbistan dənizindəki Qvadar limanının dibinin dərinləşdirilməsi layihəsinə start verilmişdi. Neft kəmərinin inşasına başlanılması ərəfəsində isə ölkənin şimalı ilə cənubunu birləşdirən avtomobil yolunun tikintisi başa çatdırılmışdı. Lakin hər iki tərəf üçün həyati əhəmiyyətli bu məqamda qəribə şəraitdə 2001-ci ilin sentyabr hadisələri baş verdi və ABŞ terrorçuları zərərsizləşdirmək adı altında Əfqanıstana daxil oldu. Koalisiya qüvvələrinin bombardmanına Pakistanın məhz Çinin boru xətti tikmək istədiyi ərazisi tuş gəldi.

Çinə Myanmanın liman terminallarından çəkilə biləcək boru xətlərinə gəlincə, bu perspektiv əsaslı olaraq ABŞ rəhbərliyinin də diqqətini çəkib. Amerikalılar hesab edir ki, bu, Afrika və Yaxın Şərqdən gətirilən karbohidrogenlərin Malaka boğazından kənar keçməklə daşınmasına imkan yaradacaq. Bu, o deməkdir ki, Amerika HDQ-nin Malaka boğazına nəzarət edəcəyi halda, Myanma Vaşinqtonun gələcək addımlarından asılı olmayaraq Çini karbohidrogen tədarükçüsü ölkələrilə bağlayan əsas bəndə çevriləcək. Analitiklərin fikrincə, hadisələrin belə gedişi ABŞ-ın Çinin qarşısını almaq siyasətinin iflası demək olacaq.

Bu məqamda ABŞ-ın yadına, əlbəttə ki, Myanmada insan haqları, ləğv edilmiş demokratik institutlar düşüb. Məşhur iqtisadçı, ABŞ-ın sabiq demokrat prezidenti Bill Klintionun məsləhətçisi olmuş Nobel mükafatçısı Cozef Stiqlis bununla bağlı tam aşkar başlıqlı məqalə yazıb: "Növbə Myanmanındır. Növbəti tvitter-inqilabını harada gözləməli?". Məqalədə deyilir: "Beynəlxalq ictimaiyyətin Myanmanı yalnız yardım təklif etməklə deyil, bu gün ölkədə dəyişikliklərə mane olan sanksiyaları aradan qaldırmaqla gündəmdə ilk yerə qoymasının vaxtıdır".

ABŞ Myanmaya qarşı sanksiyaları 1990-cı ildə -  hərbi hakimiyyətin çevriliş yolu ilə hökumət başına keçməsindən, müxalifət lideri, Oksford Universitetinin məzunu Aunq San Su Çjini ev dustağına çevirməsindən sonra tətbiq edib. 2008-ci ildə Aunq San Su Çji XIV Dalay Lama ilə birlikdə ABŞ-ın ən ali mülki mükafatı - Konqresin Qızıl Medalına layiq görülüb. 2007-ci ildə ölkədə Dalay Lamanın tərəfdarlarının rəhbərliyilə kütləvi nümayişlər baş qaldırıb, toqquşmalar nəticəsində 100-dən artıq insanın ölümü ilə "zəfəran inqilabı" yatırılıb. O zaman Myanma rəhbərliyi KXDR-in köməkliyilə nüvə silahı əldə etməyə çalışmaqda günahlandırılırdı. Qonşuları ilə demək olar ki, heç bir problemi olmayan bu dövlət birdən-birə kütləvi qırğın silahından istifadə edərək ABŞ-ı məhv etməyi planlaşdırmaqda günahlandırılmağa başlanmışdı. Myanma hökumətinin Aunq San Su Çjini ev dustaqlığından azad etməsindən və ötən ilin sonlarında oraya əvvəlcə ABŞ-ın dövlət katibi Hillari Klintonun, daha sonra Qərb dövlətləri liderlərinin işgüzar səfərlərindən sonra, dünyanın bütün informasiya agentlikləri Myanmadan danışmağa başladı. Aunq San Su Çji tiraniya ilə fədəkarcasına mübarizə aparan şəxs ranqına qaldırıldı, Qərb liderləri onunla qucaqlaşaraq şəkillər çəkdirməyə başladı. Aunq San Su Çjinin Qərbə hər səfəri "tarixi" səfəri kimi işıqlandırılır, belə fikir yaranır ki, bəzi qüvvələr sadəcə onu hakimiyyətə hazırlayır. Amma hələlik o, müxalifətdədir, ölkəni isə hətta dini zəmində belə çalxalamaq çox çətindir. Bu üzdən Qərb bu yaxınlaradək nüvə silahı əldə etməyə cəhd də daxil olmaqla, bir sıra bağışlanmaz cinayətlərdə ittiham etdiyi Myanma hökumətilə birbaşa əlaqə yaratmaq qərarına gəlib.

Birləşmiş Ştatlar Myanma prezidenti Teyn Seynə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb, onun hökumətini ölkədə demokratik dəyişikliklərə meylləndirmək üçün cəhdləri davam etdirməyə başlayıb. ABŞ hökuməti Myanmaya tətbiq etdiyi iqtisadi sanksiyaları da ləğv edib. Bundan dərhal sonra bir çox ölkələr və beynəlxalq institutlar bu yoxsul ölkəyə böyük yardımlar göndərməyə başlayıb. Aİ Myanmaya demokratik dəyişikliklərin dəstəklənməsi üçün sanksiyaları aradan qaldırmaqla yanaşı, 150 milyon avro yardım da ayarmağı planlaşdırır; Dünya Bankı 85, Avstraliya hökuməti 80 milyon dollar yardım hazırlayır. Nəhayət, prezident Obama Myanmaya səfəri zamanı bildirib ki, bu ölkədə yaxın 2 il üçün 70 milyon dollarlıq büdcə ilə USAID ofisi fəaliyyətini bərpa edəcək.

"Filantropiya"nın nəticəsi özünü çox gözlətməyib. Myanma hökuməti xarici siyasi kursuna yenidən baxacağını bəyan etməklə yanaşı, Çin kimi dövlətlərdən asılılığının aradan qaldırılması niyyətini də açıqlayıb!

Beləliklə, Çinlə geosiyasi mübarizənin bu partiyasında ABŞ-ı qalib saymaq olar. Amma oyun hələ bitməyib və onun nə ilə nəticələnəcəyini təxmin etmək isə çox çətindir. 



MƏSLƏHƏT GÖR:

634