
QEYD-ŞƏRTSİZ SÜLH…
""Sülh qarşılığında ərazi" prinsipi bir çox parametrlərə görə problematik prinsipə çevrilib"
Müəllif: Ağa QASIMOV Bakı
-Ötən ay Fələstin-İsrail münaqişəsində yeni gərginlik dalğası ilə yadda qaldı. Ehtiraslar bir qədər sakitləşsə də, yeni toqquşmaların olması ehtimalı istisna edilmir. Hazırda Qəzzada nə baş verir?
- İsrail ilə HƏMAS arasında Misirin vasitəçiliyilə sülh əldə olunub. Qahirə atəşkəsin əldə olunmasında vasitəçilik edib.
- İsrail tərəfinin fikrincə, ərəb-İsrail münaqişəsinin növbəti dalğasına nələr səbəb oldu?
- İsrail üçün Qəzza zolağından ərazilərinin atəşə tutulması qəbuledilməzdir. Orada peyda olmuş İran raketləri ölkənin mərkəzi, hətta şimal rayonlarınadək çatır. Nəticədə İsrail hərbçiləri bu raketlərin yığıldığı anbarlara zərbələr endirməli oldu. HƏMAS-ın bütün fəaliyyəti dinc sakinlərin məhvinə yönəlmişdi və bu, son iki həftədə İsrailin hərbi əməliyyatlar aparmasının əsas səbəbidir.
- Qəzzadan reportajlarda tez-tez dinc sakinlər arasında ölənlərin olduğu, dağıdılmış evlər və binalar nümayiş olunur...
- Ondan başlayaq ki, Qəzzadan atılmış bütün raketlər İsrailin yaşayış məntəqələrinə və dinc sakinlərinə tuşlanıb. İsrail ordusunun zərbələri isə hərbi obyektlərə, HƏMAS-ın hərbi birləşmələrinə və Qəzzadakı digər terrorçu qrupların mövqelərinə endirilib. Yaraqlıların qadınların, uşaqların, dinc sakinlərin arxasında gizlənmələri isə onların qorxaqlığından, Qəzza sakinlərinin həyatına hörmət etməmələrindən xəbər verir. İsrail Fələstin Muxtariy-yətindəkı bütün terror şəbəkəsinə ciddi zərbə vura bilib və bu, onları növbəti dəfə İsrailə hücum etməmişdən əvvəl yaxşıca düşünməyə vadar edəcək. Biz bu təşkilatlara göstərdik ki, İsrail ərazilərinə edilən hücuma dözməyəcək. Bu, onların qarşısının alınması üçün əla faktordur.
- Yaxın vaxtlarda muxtariyyətin mərhum lideri Yasir Ərəfatın qalıqlarından götürü-lmüş analizin nəticəsi bəlli olacaq. Ərəfatın zəhərləndirilərək öldürüldüyü üzə çıxsa nə baş verəcək?
- Yasir Ərəfatın qalıqlarının ekshümasiyası başa çatıb. Bilavasitə ekspertizaya gəlincə, Beynəlxalq Fizika İnstitutundan olan istənilən nüvə alimi bu halda ekspertizanın obyektiv və real keçirilməsinin mümkünsüz-lüyünü təsdiqləyər. Bu işdə indi inanılması mümkün olan real faktlardan çox konspirasiya və populizm var. İsrailin bu məsələ ilə heç bir bağlılığı yoxdur. Odur ki, ekspertizanın nəticələrinin regiondakı vəziyyətə hansısa təsir göstərəcəyinə inanmıram.
- Necə düşünürsünüz, bəlkə İsrailin Yaxın Şərqdə sülh və dostluğa nail olmaq üçün 1967-ci ildəki sərhədlərə çəkilməsinə dəyər?
- "Ərazi qarşılığında sülh" prinsipi bir çox parametrlərinə görə problemli prinsipə çevrilib. İsrail dəfələrlə Fələstin Muxtariyyətinə ilkin şərt irəli sürmədən sülh danışıqlarına başlanılmasını təklif edib. Lakin Fələstin tərəfi danışıqlara başlamazdan əvvəl şərtlər irəli sürür və bu şərtlər nəzarətdə olan ərazilərlə bağlıdır. Başa düşmək lazımdır ki, Fələstin Muxtariyyəti bölünüb: bir tərəfdə HƏMAS və digər terror təşkilatlarının nəzarət etdiyi Qəzza, digər tərəfdə isə FƏTH-in rəhbərlik etdiyi Samariyə. Bu gün İsrailin danışıqlar aparacağı vahid tərəfdaşı yoxdur. Bütün fələstinliləri təmsil edən təşkilat da mövcud deyil. Bununla yanaşı, FƏTH İsrail ilə əldə olunmuş bütün razılaşmaları ləğv edib. Halbuki, biz əldə olunmuş razılaşmaların bütün maddələrinə dəqiqliklə əməl edirdik. Həmin razılaşmalarda bildirilirdi ki, fələstinlilər birtərəfli addım ata bilməzlər. Amma onlar birtərəfli şəkildə Fələstin dövlətini elan edir, BMT-də status davası açır və s.
Bu gün fələstinlilərin muxtariyyətdə müəyyən qayda-qanun yaratmaları vacibdir ki, iqtisadi sahənin inkişaf etdirilməsi mümkün olsun. İsrail bu məsələdə onlara köməklik göstərməyə hazır olduğunu bəyan edib. Amma görünür, onlar fələstinlilərin yaşayış səviyyəsini yaxşılaşdırmaqdan çox siyasi və fiziki terrorçuluqla məşğul olmaq haqda düşünürlər.
Fikir verin, Fələstin liderləri tez-tez muxtariyyətdəki yoxsulluq, məmurların əməkhaqlarının verilməməsi haqda danışır, eyni zamanda şəxsi səfərlər üçün təyyarələr alır, Avropa banklarında onların hesablarının olduğu üzə çıxır.
İsrail muxtariyyətdə infrastruktur tikintisinə, iqtisadiyyatın inkişafına daim yardım təklif edib. Amma oraları idarə edən şəxslər üçün prioritet təxribatçılıq, yoxsul əhalinin qonşularına qarşı qaldırılmasıdır. Bütün bunlara baxmayaraq, bir daha deyirəm ki, İsrail ilkin şərt irəli sürülmədən danışıqlara hazırdır.
- Bəs İsrail kiminlə əlaqə yaratmalıdır - HƏMAS-la, yoxsa FƏTH ilə?
- HƏMAS-la heç bir danışıqlar mümkün deyil. Bu təşkilatın nizamnaməsində onun hədəfi açıq göstərilib - İsrail dövlətini məhv etmək. FƏTH-ə gəlincə, bu təşkilat sülh quruculuğu ilə məşğul olmalıdır. Onların hazırda getdikləri yolu keçmiş liderləri də onilliklər ərzində gedib və məlum olduğu kimi, bu, heç bir nəticə verməyib. İsrailin mövqeyi beynəlxalq təşkilatlara, ABŞ-a və digər dövlətlərə bəllidir. Fələstin Muxtariyyəti hazırkı durumunda şərt diktə edə bilməz.
MƏSLƏHƏT GÖR: