14 Mart 2025

Cümə, 20:53

"BULUDLU SÜTUN" DAĞILDI

Növbəti atəşkəs müqəddəs torpaqda çoxdan gözlənilən sülh yolunda dönüş nöqtəsi olacaqmı?

Müəllif:

01.12.2012

Yaxın Şərqdə, FƏLƏSTİN-İSRAİL MÜNAQİŞƏSİ  zonasında daha bir müharibə başa çatdı. Onun tezliklə növbəti qarşıdurma ilə əvəzlənməyəcəyinə heç bir zəmanət olmasa da, atəşkəs haqda razılaşmanın Müqəddəs Torpaqda çoxdan gözlənilən sülh yolunda dönüş nöqtəsi olacağına ümid etmək üçün əsaslar var.

İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar 8 gün davam etdi. Münaqişəyə Fələstin tərəfinin İsrailə raket hücumu səbəb olmuşdu. Fələstinlilər isə bu hücumlarının HƏMAS hərəkatının hərbi qanadının lideri Əhməd Cabarinin öldürülməsinə cavab olduğunu bildirirdi.

Bunun ardınca artıq onilliklərdir davam edən Fələstin-İsrail münaqişəsi üçün xarakterik olan hadisələr yaşandı. Fələstinlilər İsrail ərazilərini atəşə tutdu, yəhudi dövlətinin Hərbi Hava Qüvvələri və artilleriyası isə Qəzzaya zərbələr endirərək, Fələstinin  6 ildən bəri radikal HƏMAS-ın əlində olan idarəetmə orqanlarını məhv elədi. İsrail ordusunun "Buludlu sütun" adlı əməliyyatı nəticəsində 160-dan artıq fələstinli həlak oldu. Fələstin tərəfinin raket zərbələri isə 4 israillinin həyatına son qoydu.

Noyabrın 21-də tərəflər atəşkəs haqda razılıq əldə etdilər. Sülh prosesində Misir prezidenti Məhəmməd Mursi və danışıqlar prosesinə yardım etmək üçün regiona səfər etmiş ABŞ-ın dövlət katibi Hillari Klinton böyük rol oynadılar. Barışığın şərtlərinə əsasən, İsrail və HƏMAS bir-birlərinə qarşı istənilən əməldən çəkinmək haqda öhdəlik götürdülər. Xüsusilə İsrail dənizdən, qurudan və havadan bütün hərbi əməliyyatları dayandırmalı, Fələstin tərəfi isə İsrail ərazisinə raket atmamalıdır.

Fələstin tərəfi atəşkəs razılaşmasını öz qələbəsi kimi qəbul edib. HƏMAS lideri Xaled Maşal bildirdi ki, "Qəzza zolağındakı İsrail avantürası iflasa uğradı". Noyabrın 22-si Qəzzada Milli Qələbə bayramı elan edildi.

Fələstinlilərin şadlanmasına həqiqətən də müəyyən əsaslar var. Ən azı, ona görə ki, regionda ən güclü orduya malik olan İsrail HƏMAS hərəkatını darmadağın edə bilmədi. HƏMAS isə öz növbəsində münaqişə tarixində ilk dəfə Təl-Əviv və Qüdsə raket zərbələri endirməyə nail oldu. Əgər əvvəllər israillilər üçün Qəzza zolağına bitişik 40 kilometrlik ərazi təhlükəli zona idisə, indi fələstinlilərin raketləri 75 kilometrədək məsafəni vura bilir. 8 gün davam etmiş müharibədə İsrail ərazisinə 1500-dən artıq raket atıldı. Bu, onu göstərir ki, İsrailin yenə də Fələstinin radikal qruplaşmalarının infrastrukturunu məhv etmək məqsədilə keçirdiyi "Ərimiş qurğuşun" əməliyyatından ötən 4 ildə HƏMAS hərbi potensialını daha da artırıb və artıq nizami orduya müqavimət göstərmək iqtidarında olduğunu sübut edib.

Amma bütün bunlar fələstinlilərin qələbəsi haqda danışmaq üçün əsas verirmi? Qismən! Çünki "Buludlu sütun" əməliyyatı zamanı İsrail HHQ Fələstinin 1500 obyektini bombardman etdi. Bunlar yeraltı tunellər, raket arsenalları, mənzil-qərargahlar, yaraqlıların evləri və sair idi. Əməliyyat zamanı dinc sakinlər arasında da çoxlu sayda tələfat qeydə alındı.

Daxildə parçalanmanı aradan qaldıra bilməyən Fələstin Muxtariyyətinin bundan sonrakı taleyi də böyük sual altındadır. İsrailin hərbi əməliyyatları yalnız radikalların mövqelərini möhkəmləndirir, münaqişənin siyasi həllinə tərəfdar olan Fələstin lideri Mahmud Abbasın kürsüsünü isə əksinə, laxladır. Digər yandan, Qəzza sakinləri də HƏMAS-ın hakimiyyəti illərində yaşadığı 2 müharibədən başqa nəyə nail olduqlarını yaxşı götür-qoy etməlidilər.

İsrail üçün son toqquşmaların nəticəsi daha düşündürücüdür. Bu ölkənin rəhbərliyi də hərbi əməliyyatlar nəticəsində qarşıya qoyulmuş bütün vəzifələrə nail olunduğunu rəsmən bəyan edib. Əsas hədəf kimi isə raket arsenallarının ciddi şəkildə azaldılması və HƏMAS silahlı birləşmələrinin zəiflədilməsi göstərilir. Amma İsrail hökuməti  ictimaiyyətin məyusluğunu da gizlədə bilmir. Onlar əmindirlər ki, qarşıda növbəti və ola bilsin ki, daha sərt müharibə qaçılmazdır, HƏMAS isə bu atəşkəsdən yalnız qüvvələrini yenidən səfərbər etmək üçün yararlanacaq.

Atəşkəs razılaşmasının dəstəkləməsinə haqq qazandırmağa çalışan İsrailin baş naziri Benyamin Netanyahu deyib: "Bilirəm ki, bəzi vətəndaşlarımız daha irimiqyaslı hərbi əməliyyatlar gözləyirdi. Ola bilsin ki, buna ehtiyacımız sonra yaransın".

İsrail rəhbərliyində müəyyən təlaşın olduğunu müdafiə naziri Ehud Barakın istefa vermək, hətta ümumiyyətlə siyasətdən getmək niyyətini açıqlaması da bir daha göstərir. O, bu addımı 2013-cü il yanvarın 22-nə təyin edilmiş parlament seçkisindən dərhal sonra atacağını bəyan edib. Güman etmək olar ki, bunun səbəbi son sosioloji sorğuların Barakın rəhbərlik etdiyi "Asmaut" partiyasının parlamentə düşə bilməyəcəyini göstərməsidir. Lakin Barakın siyasətdən gedəcəyini İsraildə çoxlarının, az qala, məğlubiyyət kimi qiymətləndirdiyi "Buludlu sütun" əməliyyatının başa çatmasından dərhal sonra açıqlaması yəqin ki, nələrdənsə xəbər verir.

Ümumiyyətlə, İsraildə seçkiqabağı vəziyyət faktoru yəhudi dövlətinin Fələstinə qarşı növbəti hərbi əməliyyatlara başlamasında az rol oynamayıb. Şübhəsiz, bu əməliyyatlara başladıqda baş nazir Netanyahu və onun rəhbərlik etdiyi "Likud" partiyası fələstinli radikallara daha ciddi zərbələr endirilməsinə və bununla da onsuz da zəif olmayan elektoratlarını daha da artırmağa ümid edirdilər. 4 il əvvəl də o zamankı hakim partiya "Kadima" analoji yola əl ataraq, siyasi reytinqini "Ərimiş qurğuşun" əməliyyatı ilə qaldırmağa çalışmışdı. Amma əlbəttə ki, o zaman "Kadima"nın reytinqi Netanyahunun hazırkı reytinqi ilə müqayisədə çox zəif idi. İsrail hökumətlərinin mübariz motivasiyasının izahında geosiyasi məqam ilk plana çıxır. ABŞ-da keçirilmiş prezident seçkisinədək İsrail Barak Obama administrasiyasını Təl-Əvivin özünə ən ciddi təhlükə saydığı İrana hərbi zərbələrin endirilməsinə razı salmaq üçün əlindən gələni edirdi. Lakin Birləşmiş Ştatlar prezidenti mövqeyinə sadiq qalaraq ən azı indiki mərhələdə İranın nüvə proqrammı ilə bağlı problemin sülh yolu ilə həllinə çalışacağını göstərdi. Obamanın ikinci müddətə prezident seçilməsindən sonra isə İran böhranının tezliklə hərbi yolla həllinə hazırlaşan Netanyahu hökuməti yığılıb- qalmış hərbi enerjisindən istifadə etməyə qərar verdi. Hədəf kimi isə HƏMAS-ın seçilməsinin səbəbi bir tərəfdən, Qəzza hökumətilə mübarizənin İsrail üçün heç zaman aktuallığını itirməməsindən irəli gəlirdisə, digər yandan da Təl-Əviv Tehrana göstərmək istəyirdi ki, o, istənilən an istənilən düşmənə zərbə endirməyə hazırdır.

Amma bu məsələdə daha bir son dərəcə vacib məqama diqqət yetirmək lazımdır: Fələstin-İsrail münaqişə zonasında qarşıdurmanın qızışmasına bu və ya digər dərəcədə məhz İran təsir göstərib. Məsələ ondadır ki, "Buludlu sütun" əməliyyatı İsrail ordusu ilə Fələstində ən radikal olan "İslami cihad" qruplaşması arasında döyüşlərə səhnə olub. Əgər HƏMAS-ın simpatiyası İran, Yaxın Şərqdəki yeni ərəb rejimləri (ilk növbədə Misir), ərəb dünyasında vacib maddi və siyasi oyunçuya çevrilmiş Qətər, həmçinin qismən Türkiyə arasında bərabər bölünübsə, "İslami-cihad" birmənalı şəkildə İranpərəstdir. Bu üzdən Tehran Fələstinin bu hərəkatının artmış gücünü nümayiş etdirməkdə maraqlı idi. Bununla Tehran İsraildə İrana mümkün hücumun hansı nəticələr verəcəyi haqda təsəvvürün yaranmasına çalışıb. Bütün bu hadisələrdə daha bir İranpərəst qüvvə - "Hizbullah"ın da iştirak etdiyinə heç bir şübhə yoxdur. Livanın bu hərəkatı HƏMAS və "İslami-cihad"dan dəfələrlə güclüdür və İsrailin bütünlükdə şimal hissəsini daha uzun müddətə bombardman etmək iqtidarındadır. Vəziyyətdən çıxış yolu kimi İsrail öz qüdrətini artırmaq və qonşu Livanla Fələstinə güc nümayiş etdirməklə bərabər, ABŞ-ın yardımı ilə hava hücumundan ideal müdafiə sistemi qurmaqda  görür. 

İsrail "Buludlu sütun" əməliyyatı zamanı Qəzza ərazisindən buraxılmış raketlərin əksəriyyətinin havada vurulmasına görə məhz ABŞ-a minnətdar olmalıdır. Bu məsələdə həlledici rolu İsrailin Vaşinqton tərəfindən maliyyələşdirilən "Dəmir günbəz" raketdənmüdafiə sistemi oynayıb.

Benyamin Netanyahunun fələstinlilərlə barışığa getməsindən razılığını ifadə edən ABŞ prezidenti Barak Obama bildirib ki, Vaşinqton "Dəmir günbəz"in təkmilləşdirilməsi məqsədilə İsrailə əlavə maliyyə ayıracaq. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton isə Vaşinqtonun İsrailin təhlükəsizliyinin təmin olunmasına sadiqliyini birmənalı şəkildə dilə gətirib. Amma Amerikada onu da anlayırlar ki, onların sadəcə "sadiqliyi" israillilərin dinc şəkildə yaşaması üçün kifayət deyil. Bunun üçün yalnız və yalnız Fələstin xalqı ilə mehriban qonşuluq şəraiti lazımdır. Odur ki, Klintonun bu fikirlərini təsadüf saymaq olmaz: "Yaxın günlərdə ABŞ İsrail xalqının təhlükəsizliyinə zəmanət verəcək, Qəzzada yaşayış səviyyəsini yüksəldəcək, Yaxın Şərqdə ümumi sülhə doğru addım sayılacaq nəticə əldə etmək üçün İsraildə və regionun digər dövlətlərindəki tərəfdaşları ilə işə başlamaq niyyətindədir".

Fələstin-İsrail münaqişəsinin davam etməsi ABŞ-a həm də o səbəbdən sərf etmir ki, Vaşinqton daim beynəlxalq təşkilatlarda, ilk növbədə BMT-də beynəlxalq ictimaiyyətin əksəriyyətinin mövqeyinin əksinə olaraq, yəhudi dövlətini himayə etməli olur. Bu isə sonda Barak Obamanın dəstəklədiyi sivilizasiyalararası dialoq və ABŞ-ın islam dünyası ilə münasibətlərinin yaxşılaşdırılması ideyası kontekstində amerikalılara dividend gətirmir. Əksinə, İsraili dünya səviyyəsində tənqid etməkdən digər dövlətlər qazanır. Onların arasında ABŞ-ın Türkiyə kimi müttəfiqlərilə yanaşı, Yaxın Şərqdəki geosiyasi rəqibləri, xüsusilə Rusiya da var.

Münaqişə tərəflərinin özlərinə gəlincə, Hillari Klintonun dilə gətirdiyi tam əhatəli sülh üçün Yaxın Şərq münaqişəsinin çözülməyə-cəyi təqdirdə növbəti toqquşmaların qaçılmaz olduğunu anlamaq lazımdır. Hazırkı siyasi və hüquqi status-kvonun saxlanması sülh prosesinə tam ziddir. Çünki hazırkı şəraitdə İsrail Fələstinin beynəlxalq aləm tərəfindən tanınmış ərazilərinin bir hissəsini işğal altında saxlayır, fələstinlilər, ən azı onların radikal hissəsi isə İsrail dövldətinin yaşamaq hüququnu tanımır.

Sevindirici haldır ki, münaqişə tərəflərinin ictimaiyyəti arasında perspektivdə problemin həlli üçün hazırkı vəziyyətin qəbuledilməz olduğunu anlayanların sayı artır. Ola bilsin, sülhə inamı nüfuzlu fələstinli dini xadim, Qəzzadan olan imam Süleyman əl-Dayyanın son fətvası yaradıb: "Hər bir fələstinli anlamalıdır ki, misirli qardaşlarımızın köməyilə əldə edilmiş barışığa əməl olunması hər birimizin borcudur. Onun pozulması günah hesab olunacaq".



MƏSLƏHƏT GÖR:

392