25 Noyabr 2024

Bazar ertəsi, 00:36

MİLYARDLARIN GERİ QAYITMASI

Azərbaycan nəinki regional, həm də daxili əhəmiyyətli nəqliyyat layihələrinin inkişafını davam etdirəcək

Müəllif:

17.06.2014

Bu gün Azərbaycan regionda, demək olar ki, bütün iri nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Və tranzit ölkə potensialını səylə artırır. Bu sahəyə iri sərmayələr, şübhəsiz ki, özünü doğruldur  -  Azərbaycanın coğrafi mövqeyi ona Asiya və Avropanın qovşağında mühüm regional hab olmağa imkan verir. Bununla yanaşı, qlobal layihələrlə bərabər dövlət ölkə daxilində yol-nəqliyyat infrastrukturunun bərpasına da böyük vəsaitlər ayırır. 

Bu istiqamətlərin inkişaf nəticələrini nəqliyyat sektorunun bütün sahələrinin təqdim olunduğu "TransCaspian" və "Road&Traffic" sərgilərində daha əyani surətdə müşahidə etmək olardı. Sərgilərin böyüklüyü haqda iştirakçılarının sayına görə fikir söyləmək olar - bu il dünyanın 16 ölkəsindən 104 şirkət iştirak edirdi. İştirakçıların ümumi sayının 50%-ni xarici eksponentlər təşkil edirdi. 

 

Vüsətlə  inkişaf  etmək 

Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahovun sərgilərin açılış mərasimində dediyi kimi, son 10 ildə ölkənin nəqliyyat sektoruna 20 mlrd. dollar sərmayə yatırılıb. Bu vəsait yol-nəqliyyat infrastrukturunun inkişafına, körpülərin, keçidlərin, kəsişən yolların üstündən salınan körpülərin, hava limanlarının, yeni limanın tikintisinə, nəqliyyat vasitələrinin alınmasına yönəldilib. Nəqliyyat sektoruna sərmayələr, təkcə dövlət vəsaiti hesabına deyil, həm də iri beynəlxalq maliyyə institutlarından kreditlərin cəlb olunması yolu ilə həyata keçirilir. Bu isə onların ölkəyə olan etimadından irəli gəlir. 

Nəticədə, bu müddət ərzində Azərbaycanda 9 min km-dən artıq avtomobil yolları, 250 tunel, körpü və kəsişən yolların üstündən salınan körpülər, 6 hava limanı tikilib, o cümlədən başqa işlər görülüb. Beynəlxalq layihələrin inkişafı və ölkənin nəqliyyat dəhlizlərində iştirakı üçün mühüm addımlar atılıb. Nəqliyyat sektorunun nailiyyətlərindən danışarkən iri beynəlxalq layihələrin, xüsusilə də Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun reallaşmasındakı irəliləyişi qeyd etmək lazımdır. Bu layihə  Azərbaycanın tranzit potensialının inkişafına misilsiz töhfə verəcək. "Bakı-Tiflis-Qars" layihəsi çərçivəsində dəmir yolu magistralının yeni 105 km-lik qolunun tikilməsi planlaşdırılır. Bundan başqa, Gürcüstanda "Axalkalaki-Marabda-Tiflis" dəmir yolunun məntəqəsi yenidən bərpa ediləcək. Dəhlizin yüksək buraxılış qabiliyyəti ildə 17 mln. ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 mln. sərnişin və 6,5 mln. ton yük səviyyəsində  olacaq. 

M.  Pənahovun sözlərinə görə, Bak-Tiflis-Qars layihəsi çərçivəsində işlər sürətli templə gedir və bu ilin oktyabr ayında ilk işçi qatar Türkiyə ilə sərhədə qədər yola salınacaq. Azərbaycan, Türkiyə Gürcüstanın dəmir yolları sistemini birləşdirəcək dəmir yolunun buraxılışı gələn il gözlənilir. BTQ ilə sərnişinlərin daşınmasına gəlincə isə nazir müavini qeyd edib ki, hava nəqliyyatı ilə müqayisədə burada daha sərfəli və rəqabətli tariflər müəyyən ediləcək. Bu isə dəmir yolu nəqliyyatı ilə səyahət etmək istəyənlər üçün münasib şərtlərin təmin olunmasına şərait yaradacaq.

 

İctimaiyyət  üçün  nəqliyyat

Yuxarıda artıq qeyd edildiyi kimi, dövlət ölkə daxili nəqliyyat infrastrukturunun da inkişafına böyük diqqət ayırır. Məsələn, paytaxtda sərnişin avtobuslarında kartla ödəmə sisteminin tətbiqini götürək. Məlum olduğu kimi,  2014-cü ilin sonu - 2015-ci ilin əvvəllərində Bakıda ictimai nəqliyyat sistemində fəaliyyət göstərən bütün 2 500 sərnişin avtobusları tamamilə nağdsız ödəmə sisteminə keçəcəklər. Artıq satışa 400 min gediş kartları daxil olub. Bunun, təxminən, 200 minini vətəndaşlar alıblar və onlar müntəzəm olaraq, bu kartların bir hissəsini istifadə edirlər. Hələlik kartlar elə də fəal istifadə olunmur. Bu, sərnişinlərin tam məlumatlı olmamaları, bəzən isə avtobus sürücülərinin sərnişinlərə gediş haqqının nağdsız ödənilməsi  imkanını təqdim etməkdən imtina etməsi ilə bağlıdır. Layihənin təşəbbüskarları hesab edirlər ki, layihə inkişaf edən kimi bu çatışmazlıqlar da aradan qaldırılacaq. 

Gediş haqqının nağdsız ödənilməsi sisteminə keçid marşrut sahiblərinə də sərfəli olacaq. Çünki bu onlara vəsaitləri birbaşa, vasitəçi kimi çıxış edən sürücüdən yan keçərək əldə etməyə şərait yaradacaq. Uyğun olaraq bazarda avtobus sürücülərinə maaş verə və sərnişindaşımanın yüksək keyfiyyətini təmin edə biləcək sahibkarlar qalacaq. Bundan başqa, Bakıda avtobuslarda gediş haqqının tamamilə nağdsız ödənilməsinə keçid  plan doldurma sistemindən və gəlirin verilməsindən imtina etmək, eləcə də avtobus sürücülərinə əməkhaqqının ödənilməsi sisteminə keçidə avtomatik olaraq zərurət yaradacaq. 

Hazırda avtobus sürücüləri mümkün qədər çox pul qazanmaq üçün yol hərəkəti qaydalarını pozurlar, sürəti artırırlar ki, bu da çox vaxt YNH-yə (yol-nəqliyyat hadisələri) gətirib çıxarır və sərnişinlərin həyatını təhlükəyə atır. Nağdsız sistemin tətbiqi ilə isə sürücü sərnişinin gediş haqqını ödəmə prosesində iştirak etməyəcək. Bu isə hərəkət qrafikinə və avtobusların marşrutuna müsbət təsir göstərəcək. 

Sərnişindaşımalarının keyfiyyətinin və təhlükəsizliyinin yaxşılaşmasına dair mübarizədə Nəqliyyat Nazirliyi sərt tədbirlər həyata keçirir. Belə ki, M. Pənahovun sözlərinə görə, təkcə ötən il sərnişin marşrutlarında işdən 130 sürücü kənarlaşdırılıb.

Vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, Nəqliyyat Nazirliyi bu nailiyyətlə kifayətlənmək niyyətində deyil. Paytaxtın ictimai nəqliyyatının inkişaf etdirilməsi məqsədilə metro xətlərinin təkmilləşdirilməsi və inkişafı, avtobus marşrutlarının optimallaşdırılması, respublikaya yeni avtobus və avtomobillərin (taksi) gətirilməsi istiqamətində fəal işlər görülür. Böyük sərnişin axınını nəzərə almaqla, hazırda Nəqliyyat Nazirliyi Bakı ilə Sumqayıt arasında sərnişindaşımanın həlli variantları nəzərdən keçirilir. İki şəhər arasında yüngül elektrik nəqliyyatının olması planlaşdırılır. 

Hər şeyə əlavə olaraq, Nəqliyyat Nazirliyi "2014-2018-ci illərdə Bakıda nəqliyyat problemlərinin həllinə dair Dövlət Proqramı" hazırlayır. Bakıda keçirilən "Yol və yeraltı infrastruktur - urbanizasiya problemlərinin həlli yolları" konfransında Nəqliyyat Nazirliyinin nəqliyyatın siyasəti və iqtisadiyyatı sektorunun müdiri Heydər Turabovun dediyi kimi, "dövlət proqramı mövcud yolların bərpası və yeni avtomobil yollarının, qovşaqlarının, körpülər və piyada keçidlərinin tikintisini nəzərdə tutur".

Nəqliyyat Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Dövlət proqramına uyğun olaraq Bakıda  ərazi  parkinqlərin yerinin və sayının  müəyyən edildiyi 3 parkinq zonası müəyyənləşdirilib.  Bundan başqa, sektor müdirinin sözlərinə görə, hazırda nazirlikdə 71 parkinqin tikilməsini nəzərdə tutan nəqliyyatın hərəkətinin nizamlanmasına dair dövlət proqramı hazırlanır. "Ölkənin nəqliyyat axınının 60%-i Bakının payına düşür. Hazırda paytaxtda avtomobil yollarının uzunluğu 1 550 km-dirsə, bu axının təmin olunması üçün onların uzunluğu 4-5 min km-ə qədər artırılmalıdır", - deyə H. Turabov bildirib. O, əlavə edib ki, 2015-ci ilin sonuna qədər ölkənin əsas magistral yollarının müasirləşdirilməsi və yenidən bərpası prosesinin yekunlaşması planlaşdırılır. 



MƏSLƏHƏT GÖR:

663