Müəllif: Nigar HÜSEYN Bakı
Avtomobillər üçün yanacaqdoldurma məntəqələri şəbəkəsi, neft emalı və boru zavodlarının olması bir şirkətə hələ neft şirkəti statusu qazandırmır. Bunun üçün şirkətin neft və qaz hasilatı ilə məşğul olması da lazımdır. Beynəlxalq neft şirkəti statusunun qazanılması üçün isə xaricdə yataqların işlənilməsi ilə məşğul olunmalıdır.
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) son 5 ildə xaricdə fəal investisiya fəaliyyəti həyata keçirir. Şirkət Gürcüstanda, Ukraynada, İsveçrədə, Rumıniyada yanacaqdoldurma məntəqələri açıb, Türkiyənin neft emalı zavodunun, liman və elektrik stansiyasının inşası perspektivi də olan "Petkim" neft-kimya kompleksini alıb, Gürcüstanın qazpaylayıcı sisteminə sahib olub, Cənub-Şərqi Asiya ölkələrində neft anbarları alıb və s.
Şirkətin Azərbaycandakı fəallığı haqqında eyni sözləri söyləmək olar. Ölkə ərazisində fəal şəkildə kəşfiyyat işləri aparılır, qaz hasilatı artırılır, neft hasilatında sabitlik əldə edilib, yanacaqdoldurma məntəqələri şəbəkəsi yaradılıb və getdikcə genişləndirilir. Şirkət 2020-2023-cü illərə böyük müasir kompleksi işə salmağı da planlaşdırır. Kompleksdə əsas diqqət qaz emalı, neft emalı və neft-kimya zavodlarına yönəldiləcək.
SOCAR-ın statusu, perspektivli layihələrin mövcudluğu, üstəlik də, beynəlxalq iqtisadi və reytinq təşkilatlarının Azərbaycanın iqtisadi inkişafına verdiyi yüksək qiymət maliyyə bazarlarına vəsait cəlb etmək məsələsində heç bir problem qoymur.
Beləliklə, SOCAR artıq elə inkişaf mərhələsinə qədəm qoyub ki, keyfiyyətcə yeni səviyyəyə yüksəlmək üçün onun xaricdə əlavə istehsal obyektlərinə ehtiyacı var. Bu, SOCAR-a beynəlxalq neft-qaz şirkəti kimi tanınmaq imkanı verəcək..
Şirkət inkişafının bu mərhələsinə keçmək üçün dünyanın hasilat səviyyəsinə görə ən nəhəng neft şirkəti olan "Rosneft"lə əməkdaşlıq etmək qərarına gəlib. Onun bu yaxınlarda Rusiyaya məxsus sözügedən şirkətlə imzaladığı saziş birgə müəssisənin yaradılmasını nəzərdə tutur. Bu, iki quruma qarşılıqlı səmərəli birgə fəaliyyət üçün geniş imkanlar açır.
SOCAR üçün, ilk növbədə, Rusiya ərazisindəki hasilatın çətin neft yataqlarının işlənilməsi layihələri maraqlıdır.
"Rusiya Federasiyası ərazisində çoxlu sayda hasilatı çətin neft yataqları var. Hazırda onlarda heç bir iş aparılmır. Həmin yataqlardakı neft ehtiyatları milyardlarla tona çata bilər. Bu layihələr üzərində işləmək üçün imkanlarımız və komandamız var. Ümumilikdə Rusiyada perspektiv və imkanlar genişdir", - deyə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Bundan başqa, Azərbaycan tərəfi birgə infrastruktur layihələrinə də maraq göstərir. Onların arasında "Rosneft" şirkətinə məxsus neftin Bakı-Novorossiysk boru xətti ilə nəqli, Bakı neft emalı zavodlarında emalı, yaxud Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqli də var.
Dinamik inkişaf edən şirkət olan SOCAR üçün dünyanın istənilən nöqtəsində ehtiyatların artırılması prioritetdir. Bununla yanaşı, şirkət Sibirdə hasilatı çətin neft yataqlarına da sərmayə qoymağa hazırdır.
Azərbaycan neftçiləri üçün bu, uzun illərdən bəri davam edən əməkdaşlığın davamı olacaq. Azərbaycan neftçilərinin Sibirdəki yataqların kəşfinə, işlənməsinə verdikləri böyük töhfələr heç kəsə sirr deyil. Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun və SSRİ-nin qaz sənayesi naziri olmuş Sabit Orucovun adlarını çəkmək kifayətdir.
SOCAR-ın dünyanın ən nəhəng neft şirkəti ilə əməkdaşlığa göstərdiyi maraq aydındırsa, "Rosneft"i beynəlxalq miqyasda o qədər də böyük olmayan Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığa nəyin cəlb etdiyi sualı istər-istəməz meydana çıxır.
Bu məsələdə əsas amil Azərbaycan qazıdır. Hazırda Avropanın enerji mənbələrini şaxələndirmək baxımından əsas ümidlər məhz Azərbaycan qazınadır. Bəyan edildiyi kimi, "Rosneft" "Abşeron" yatağının işlənilməsi layihəsinin birinci mərhələsinə maraq göstərir. Bu yataqda, ən azı, 350 milyard kubmetr qazın olduğu məlumdur. "Rosneft" Azərbaycanın digər perspektivli strukturlarında kəşfiyyat işlərinin aparılmasına da maraq göstərir.
Qeyd edək ki, 2013-cü ilin yekunlarına görə, Rusiyanın bu neft şirkəti ölkədə qaz hasilatının həcminə görə üçüncü yeri tutub - 38 milyard kubmetr. Amma şirkətin hasil etdiyi qazı müstəqil şəkildə nəql etmək imkanı yoxdur. Çünki bu sahə "Qazprom"un monopoliyasındadır. "Rosneft" bu monopoliyanı qırmaq üçün dəfələrlə cəhd göstərsə də, hələ ki, istəyinə nail ola bilməyib. Onun mübarizəsi yalnız mayeləşdirilmiş qaz ixracı hüququ əldə etməsi ilə nəticələnib.
Rusiyanın "AVG Capital Partners" təşkilatının böyük analitiki Yelena Yuşkovanın fikrincə, "Rosneft"in Azərbaycanın qaz layihələrində iştirakı onun üçün Avropanın qaz bazarına çıxması üçün geniş imkanlar açacaq.
"Bu gün Avropa tamamilə Rusiya qazından asılı vəziyyətdədir. Odur ki, Azərbaycanda qaz yataqlarının işlənilməsi avropalı istehlakçıları onun "Qazprom"a real alternativ olması baxımından cəlb edir. Amma Azərbaycan qazı Rusiya şirkətinin iştirakı ilə hasil olunarsa, bu həm Rusiyaya, həm də Azərbaycana sərf edəcək. Çünki bu halda siyasi məqsədlərlə qiymət dempinqindən qaçmağa imkan verəcək", - deyə Y.Yuşkova "R+" jurnalına açıqlamasında bildirib.
Bununla yanaşı, "Rosneft"in marağı yalnız qaz layihələri ilə məhdudlaşmır. Şirkət qaz hasilatı ilə yanaşı, neft hasilatı sahəsində də diversifikasiyaya, karbohidrogenlərin ixracında yeni yolların tapılmasına da çalışır.
Azərbaycan neftinin keyfiyyəti yüksək olduğundan, Avropada ona tələbat daimidir. Bundan başqa, Azərbaycandan neftin Avropa bazarlarına nəqli ilə bağlı müxtəlif variantlar mövcuddur. Analitik hesab edir ki, bu, istehlakçılara neftin çatdırılması işində nisbətən ucuz logistika və etibarlılıq deməkdir.
Ümumilikdə, "Rosneft"lə SOCAR arasında anlaşma Azərbaycanla Rusiya arasında istər iqtisadi, istər siyasi mənada qarşılıqlı səmərəli əməkdaşlığın özülünə daha bir vacib daşın əlavə olunması sayıla bilər. Y.Yuşkovanın fikrincə, bu əməkdaşlıq Xəzər regionunda sabitliyin pozulması hallarının qarşısının alınmasının qarantı olacaq.
SOCAR hazırkı maddi və texniki imkanlarına görə, xaricdə yeni layihələrin icrasına başlamaq iqtidarındadır. Amma qurumda şirkətin imkanları və risklər də nəzərə alınır və bu üzdən neft-qaz bazarında nəhəng oyunçularla əməkdaşlığa üstünlük verilir. "Rosneft" bu mənada hələ ilk nümunə olsa da, SOCAR kifayət qədər tanınmış Qərb şirkətlərindən əməkdaşlıq təklifləri alır. "Hələlik bu əməkdaşlığın miqyası işlənir və o, məhduddur. Hər halda biz, dünya miqyasında kiçik şirkətik. Öz regionumuzu əla tanıyırıq. Başqa regionlarda isə yalnız kommersiya və texniki risklər deyil, siyasi risklər də meydana çıxır. Bu işlər ciddi şəkildə qiymətləndirilməlidir", - deyə SOCAR-dan "R+"a bildiriblər.
Karbohidrogen resurslarının hasilatı məsələsində SOCAR-la əməkdaşlıqda Vyetnam da maraqlıdır.
"Tarixi təcrübəyə əsaslanan vyetnamlılar bizi ölkələrinə dəvət edirlər. Bizə ölkənin neft hasilatı bazarına daxil olmaq təklif olunur. Bu, offşor (dəniz) layihələridir. Onlar bahalı layihələr olsa da, dənizdə hasilatın maya dəyəri çox aşağıdır və bu işlərdən böyük fayda götürmək olur. Üstəlik bu, yeni regiondur, Vyetnamda offşor son onillikdə sürətlə inkişaf edir", - deyə SOCAR-dan bildiriblər.
Bununla yanaşı, Azərbaycanda yataqların işlənilməsi planları və perspektivlərini qətiyyən məhdudlaşdırmır. Əksinə, bu işlərə xarici şirkətlərin cəlbi daha fəal şəkildə davam etdirilir.
Məsələn, Norveçin "Statoil" şirkəti "Əfşari" və "Qarabağ" dəniz yataqlarının işlənilməsinə maraq göstərir. Bu haqda SOCAR-ın Sərmayələr İdarəsinin rəhbəri Vaqif Əliyev məlumat verib.
1990-cı illərin sonlarında həmin yataqlar PSA müqaviləsi çərçivəsində ayrı-ayrı xarici şirkətlər konsorsiumları tərəfindən işlənilib. Lakin aparılmış kəşfiyyat işlərinin yekununda onların işlənilməsi məqsədəuyğun sayılmayıb.
"Hazırda biz "Statoil" şirkəti ilə birlikdə "Qarabağ" və "Əfşari" yataqlarını araşdırırıq. Gələcəkdə əsas kommersiya prinsipləri haqqında razılaşma imzalana bilər", - deyə V.Əliyev qeyd edib.
V.Əliyevin sözlərinə görə, SOCAR üçün həmin yataqlar hər zaman cəlbedici olub, çünki həmin strukturlarda ehtiyatlar "çox olmasa da, hasilat nöqteyi-nəzərindən, bizim üçün əhəmiyyət daşıyır". V.Əliyev SOCAR və "Statoil" şirkətlərinin Zəfər-Marşal strukturunda kəşfiyyat və işlənmə üzrə qarşılıqlı anlaşma memorandumuna əsasən işləri davam etdirdiklərini də söyləyib.
Bundan başqa, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi nəhəng yataqların işlənməsində iştiraka rəğmən, Britaniyanın "bp" şirkəti də Azərbaycanda fəallığını davam etdirir. Şirkət SOCAR ilə Abşeron yarımadasının dayaz sulu hissələrində neft və qaz yataqlarının kəşfinə dair kompleks tədqiqatın aparılması ilə bağlı razılığa gəlib.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, "bp" 4 il ərzində bizdən Xəzərin dayaz sulu ərazilərində neft axtarışı üçün icazə ala bilib. Nəhayət, bu il şirkətlə müvafiq müqavilə imzalanıb".
Deyəsən, artıq "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz layları məsələsində də müəyyən irəliləyişlər əldə olunub. Qeyd edək ki, orada ərazinin işlənilməsinə dair mövcud müqavilələrə aid olmayan 300 milyard kubmetr qaz ehtiyatı var.
SOCAR qaz laylarının işlənilməsi məsələsini ayrıca müqavilə ilə həyata keçirməyə çalışır. Lakin onun bu cəhdi bir sıra həll olunmamış problemləri üzə çıxarıb.
"İndi bu məsələyə ayrıca müqavilə nöqteyi-nəzərindən baxmırıq. Uzun müzakirələrdən sonra belə qənaətə gəldik ki, bir müqaviləyə aid ərazidəki ayrı-ayrı yataqların işlənilməsilə bağlı yeni müqavilələrin bağlanması həlli mümkün olmayan bir sıra problemləri meydana çıxarır. Odur ki, böyük ehtimalla ona "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsilə eyni kontekstdə baxacağıq", - deyə SOCAR nümayəndəsi bildirib.
O, şirkətin "bp" və "Azəri-Çıraq-Günəşli" üzrə digər tərəfdaşları ilə birlikdə layların işlənilməsi üzrə uzunmüddətli proqramı müzakirə etdiyini də söyləyib. Proqram blokdakı karbohidrogen yataqlarının oradan maksimum həddə çıxarılmasını nəzərdə tutur.
"Azəri-Çıraq-Günəşli" yatağındakı neft və qazın maksimum həddə hasil olunması həm dövlətin, həm də SOCAR-ın maraqlarına uyğundur. Bu həm neftə, həm də dərində və dayazda olan qaz laylarına aiddir. Hazırda bu cür işlənməsinin konsepsiyasına, bu işdə hansı texniki qərarlardan istifadə edilə biləcəyinə dair müzakirələr aparırıq", - deyə SOCAR nümayəndəsi qeyd edib.
SOCAR "Ümid-Babək" dəniz blokunun işlənilməsinə də ciddi bir xarici tərəfdaşın cəlbini planlaşdırır. 200 milyard kubmetr qaz ehtiyatı olan "Ümid" yatağı aşkarlandıqdan sonra, hələ də yalnız SOCAR-ın öz gücü hesabına işlənilir. Amma bu layihəyə bir sıra şirkətlər maraq göstərir və onlar eyni zamanda perspektiv strukturu olan "Babək"də kəşfiyyat işlərinin aparılmasında da maraqlıdırlar.
Hazırda dünyanın əsas nəhəng neft şirkətlərinin əksəriyyəti biznesin zirvəsinə gedən yola hələ XIX əsrin sonları, XX əsrin əvvəllərində başlayıblar. "ExxonMobil", "bp", "Royal Dutch Shell", "Total" və digərlərini buna misal göstərmək olar. SOCAR isə artıq yaxın onillikdə onların cərgəsinə qoşulmaq üçün bütün imkanlara malikdir.
MƏSLƏHƏT GÖR: