14 Mart 2025

Cümə, 22:41

OBAMA AMERİKA KƏŞF ETMƏDİ

Qlobal miqyaslı Amerika paternalizmi

Müəllif:

17.06.2014

ABŞ prezidenti Barak Obamanın Vest-Poynt Hərbi Akademiyasındakı çıxışını yaxın 2,5 il, yəni onun prezidentlik səlahiyyətlərinin başa çatmasınadək olan vaxt üçün Vaşinqtonun xarici siyasi kursunu müəyyənləşdirən bəyanat kimi xarakterizə etmək olar.

Ölkə liderinin Hərbi Akademiyada bu formatda çıxışı köhnə ənənədir. Bu, geniş auditoriyaya, siyasi opponentlərə,  hətta beynəlxalq birliyə ünvanlanan çıxışdır. Məsələn, ABŞ-ın 40-cı prezidenti məhz bu akademiyanın divarları arasındakı çıxışında SSRİ-ni "Şər imperiyası" adlandıraraq, "soyuq müharibə"nin əsasını qoymuşdu.  Oğul Corc Buş isə Vaşinqtonun 2002-ci ildən həyata keçirməyə başladığı preventiv müharibə konsepsiyasının əsasını qoymuş xarici siyasətdəki baş planını, məhz, buradakı çıxışında açıqlamışdı.

Obamanın çıxışına gəlincə, daha sərt ritorikası ilə fərqlənən respublikaçı prezidentlərdən fərqli olaraq, demokrat, Nobel Sülh Mükafatı laureatı olan dövlət başçısı, əsasən, bu tezislərlə yadda qalıb: beynəlxalq münasibətlər sistemində "yumşaq güc" tətbiqi, ABŞ-ın xarici siyasətinə iki ziddiyyətli yanaşma - müdaxilə və izolyasionizm arasında ölçülüb-biçilmiş, ağıllı kompromisin tapılması.

ABŞ prezidentinin çıxışı 4 əsas komponentə həsr olunmuşdu: 1) digər dövlətlərin daxili işlərinə hərbi müdaxilə; 2) alternativ təsir imkanlarından istifadə ilə qeyri-hərbi müdaxilə (diplomatiya, qrantlar, sanksiyalar, beynəlxalq və regional təşkilatların alətləri); 3) terrorçuluqla mübarizə; 4) ABŞ-ın dünya liderliyi.

Obama son 20 ildə Qərbin demokratiya modeli və dəyərlərinin yayılmasında, o cümlədən beynəlxalq terrorçuluqla mübarizədə Vaşinqtonun müstəsna rolunu və böyük uğurlarını qeyd edib. Bununla yanaşı, o bildirib ki, ABŞ-ın dünya liderliyinin əsas komponenti kimi, heç də hər zaman hərbi əməliyyatlar yeganə, hətta əsas vasitə sayılmamalıdır. Prezident hesab edir ki, dünyanın ən yaxşı çəkici Vaşinqtonun əlindədirsə belə, bu, hər bir problemin mismar olduğu anlamına gəlmir: "Baxmayaraq ki, ABŞ hərbi-iqtisadi baxımdan bu gün daha güclüdür, bu, belədir". Ağ Ev sahibi belə siyasəti ölkəsinin İraq və Əfqanıstanda yaşadığı 2 əsas səhvlə əsaslandırır.

Birincisi, terror təşkilatlarının tüğyan etdiyi istənilən ölkəyə hərbi müdaxiləni tələb edən strategiya nəinki sadəlövhlük və mümkünsüzdür, həm də qeyri-effektivdir. Çünki bu halda istər hərbi kontingent arasında, istərsə də maliyyə resursları baxımından ciddi itkilər yaşanır. Məhz bu üzdən, Vaşinqton ABŞ-ın milli maraqlarına, onun vətəndaşlarına, Amerika və onun müttəfiqlərinin dövlətçiliyinə təhlükə yaranmayacağı təqdirdə, hər hansı ölkəyə birtərəfli hərbi müdaxilədən qaçacaq. Amma bu, heç də Vaşinqtonun izolyasionizm siyasətinə üstünlük verərək, özünü beynəlxalq problemlərdən kənarda tutacağı anlamına gəlmir. Sadəcə, Amerikanın ayrı-ayrı ölkələrə, regionlara müdaxiləsi, oradakı mövcudluğu üçüncü sektor, demokratik institutların inkişafı və möhkəmlənməsi üzrə sponsor fondları, "Amerikanın dostları" vasitəsilə həyata keçiriləcək. Məqsəd ciddi hərbi və maliyyə itkilərindən qaçmaqdır. Barak Obamanın fikrincə, bu cür müdaxilələr (Liviya və Misirin timsalında) həmin ölkələrin vətəndaşlarına da vətəndaş azadlığı, demokratik seçki və demokratik dəyərlər bəxş edə bilməz. Qərbin demokratiya modelinə nail olunması, ilk növbədə, yalnız həmin ölkələrin hökumətlərindən yox, həm də bu modeli dəstəkləyən adi insanlardan asılıdır.

Əslində, Barak Obamanın Vest-Poynt bəyanatı orijinallığı ilə fərqlənmir. Bütün bu fikirlər ABŞ-ın hələ 2010-cu ilin mayında açıqlanmış milli təhlükəsizlik strategiyasında  yer alıb. Bu, ABŞ-ın beynəlxalq arenadakı müstəsna rolu və liderliyi haqqında tezisə də aiddir: "Mən əminəm: Amerika dünya arenasında liderlik etməlidir. Bunu biz etməsək, heç kəs etməyəcək... Mən Amerikanın müstəsnalığına bütün varlığımla inanıram". Bu fikir göstərir ki, Amerika yeni dünya düzəninin formalaşdırılması və qorunub-saxlanılması işini özü üzərinə götürəcək yeni güc mərkəzinin yaranmasına imkan vermək niyyətində deyil. Başqa sözlə, Vaşinqton "soyuq müharibə"dən sonra yaranmış birqütblü dünyada liderlik mövqeyini əldən verməyi qətiyyən düşünmür və ən azı, ikiqütblü geosiyasi modelin yaradılmasının qarşısını sərt şəkildə almağı düşünür.

Sələflərinin (R.Reyqan və oğul C.Buş) ənənəsinə sadiq qalan B.Obama çıxışında iqtisadi və hərbi-siyasi baxımdan güclənəcəyi təqdirdə, ABŞ-ın milli maraqları üçün təhlükə yarada biləcək və sərt rəqabət aparacaq ölkələri də nəzərdən qaçırmayıb. Onların güclənməsi, həqiqətən də, ABŞ-ı və Avropanı ciddi şəkildə narahat edir: "Keçmiş sovet respublikalarına münasibətdə Rusiyanın aqressiyası Avropa paytaxtlarını narahat edir. Çinin iqtisadi və hərbi baxımdan qüdrətlənməsi isə onun qonşularında narahatlıq yaradır. Braziliyadan Hindistanadək olan bir çox ölkədə bizimlə rəqabət aparan orta sinif güclənir. Onların hökumətləri isə beynəlxalq arenadakı rollarını artırmağa çalışırlar". Barak Obama, bununla da, ölkəsinin yaxın perspektivdə xarici siyasi mübarizə cəbhəsini aydın şəkildə ortaya qoyub: a) postsovet məkanında inteqrasiya layihələrinin təşəbbüskarı kimi çıxış edən və onları sürətlə reallaşdırmağa başlayan Rusiya; b) hərbi-iqtisadi baxımdan dinamik inkişaf edən, bu yaxınlarda Rusiya ilə nəhəng qaz müqaviləsi imzalamış, Asiya-Sakit okean regionunda mövqelərini gücləndirən Çin. Bununla yanaşı, Çin Vaşinqtonun ənənəvi müttəfiqlərinə qarşı ərazi iddiaları da irəli sürür. İndi bu yaxınlarda ikitərəfli ticarət sövdələşmələrində Amerika valyutasından imtina etməyə dair razılığa gəlmiş bu 2 dövlət dünya liderliyi məsələsində ABŞ-ın əsas rəqibinə çevrilib. Üstəlik, Rusiya prezidenti Vladimir Putin bunu ötən həftə Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında açıq şəkildə dilə gətirib: "Birqütblü dünya  modeli baş tutmadı. Bu gün bunu hamı, o cümlədən hələ də adət etdiyi sistemlə işləməyə çalışanlar, monopoliyanı qoruyub-saxlayanlar, siyasətdə, ticarətdə, maliyyədə öz oyun qaydalarını diktə edənlər, hər kəsə öz mədəni və əxlaq standartlarını qəbul etdirməyə çalışanlar da görürlər".

B. Obamanın Vest-Poyntdakı çıxışının V. Putinə özünəməxsus cavab olduğu heç də istisna deyil. Hər halda, ABŞ prezidenti Ukrayna böhranı üzündən Moskvanın məhz Vaşinqtonun siyasəti ilə hansı beynəlxalq təzyiqlərlə üzləşdiyini son dərəcə məmnunluqla dilə gətirib: "Ukraynada yaşanan son hadisələr Şərqi Avropada sovet tanklarının dolaşdığı dönəmi xatırladır. Amma indi "soyuq müharibə" dövrü deyil. Bizim ictimai rəyi formalaşdırmaq bacarığımız Rusiyanı bir andaca təcrid duruma salmağımıza imkan verib. Məhz Amerikanın liderliyi sayəsində dünya Rusiyanın əməllərini dərhal pisləyib. Avropa və "Böyük yeddilik" Moskvaya qarşı birlikdə sanksiyalar tətbiq edib".

Açığı, ciddi analitiklər Rusiyanın təcrid duruma salınması və ona sanksiyaların tətbiqi məsələsinə şübhə ilə yanaşırlar. Çünki, hətta ABŞ-ın Rusiya ilə sıx iqtisadi əlaqələri olan avropalı müttəfiqləri belə, Vaşinqtonun bu siyasətinə qoşulmağa ciddi həvəs göstərmirlər. Bundan başqa, Avropanın aparıcı dövlətləri ABŞ-ın birləşmiş Avropa ilə siyasi cırtdan kimi davranmasından, hətta beynəlxalq terrorçuluqla effektiv mübarizə bəhanəsi ilə müttəfiq dövlətlərin liderlərinin telefon danışıqlarını dinləməsindən heç də məmnun deyillər. Yeri gəlmişkən, bu məsələni bir qədər "söndürməyə" çalışan Obama Vest-Poyntdakı çıxışında ölkəsinin kəşfiyyatını maksimum aşkarlığa çağırıb. "Bizim kəşfiyyat orqanlarımız mükəmməl iş görüb və bundan sonra da öz mənbələrimizi, üsullarımızı qoruyub-saxlamalıyıq. Amma nə vaxt ki, hərəkətlərimizi aydın, açıq izah edə bilmirik, terrorçuların təbliğatı qarşısında gücsüz vəziyyətə düşür, qonşularımızın bizə şübhə ilə yanaşmasına səbəb olur, tərəfdaşlarımızın, xalqımızın imicini korlayır, öz hökumətimizin hesabat vermək qabiliyyətini azaldırıq", - deyə Barak Obama qeyd edib. Onun sözlərinə görə, şəffaflıq problemi də beynəlxalq hüquq normalarına əməl olunması məsələsi kimi, Amerikanın dünya liderliyi ilə birbaşa  əlaqəlidir. Razılaşın ki, ABŞ-ın xarici siyasəti hələ ki, bu qaydalara tam əməl etməsi ilə öyünə bilməz, hətta əksinə belə. Hazırda Vaşinqtonun siyasətində dominatlıq edən beynəlxalq  miqyasda Amerikanın himayəçiliyi prinsipidir və Birləşmiş Ştatlarda hesab edirlər ki, onların bu hüququna heç kim etiraz edə bilməz. Barak Obamanın Vest-Poyntdakı çıxışında da bu tezis ana xətti təşkil edib. O, birmənalı  şəkildə bildirib ki, hansısa problemi mismar hesab etmək yalnız ABŞ-ın müstəsna hüququdur və dünyada ən yaxşı çəkic də, məhz, Vaşinqtonun əlindədir. 



MƏSLƏHƏT GÖR:

770