
"ŞƏRQ TƏRƏFDAŞLIĞI"nda YENİLƏNMƏ
Aİ-nin Azərbaycanla münasibətlərin perspektivindən ciddi gözləntiləri var
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ötən həftə Azərbaycana səfər etdi. Onun Bakıda səsləndirdiyi bəyanatlar göstərdi ki, Avropa İttifaqının məsuliyyətində olan zonada çoxlu sayda beynəlxalq problemlərin, təşkilatda daxili mübahisələrin olmasına baxmayaraq, Brüsselin Azərbaycanla münasibətlərin perspektivindən hələ də kifayət qədər ciddi gözləntiləri var.
Səfərin belə demək mümkünsə, maddi bəhrəsi Bakı ilə Aİ arasında Tərəfdaşlıq və əməkdaşlığa dair sazişin imzalanması oldu. Sənəd Azərbaycanın Avropada bir sıra yeni proqramlarda iştirakını genişləndirməsinə imkan verəcək.
Daha sonra Azərbaycan prezidenti və Avropa Komissiyası sədrinin mətbuat üçün verdikləri birgə bəyanat göstərdi ki, Bakı ilə Brüssel arasında qarşılıqlı maraqlara cavab verən, dünyada dəyişən vəziyyəti nəzərə alan yeni əməkdaşlıq formatının hazırlanmasına dair razılaşma əldə edilib.
Söhbət, təbii ki, ilk növbədə, enerji sahəsindən gedir. Avropada enerji böhranının yarandığı, Rusiya qazının qiymətinə dair bir tərəfdən Aİ ilə Moskva, digər yandan Ukrayna ilə Brüssel arasında yaşanan fikir ayrılıqları nəzərə alınaraq, bu məsələyə xüsusi diqqət yönəldilir. İlham Əliyev və Joze Manuel Barrozu Avropa Komissiyası sədrinin Bakıya ilk səfəri zamanı Cənub Qaz Dəhlizinə dair Enerji sahəsində əməkdaşlıq Bəyannaməsini imzaladıqlarını xatırladıblar. Həmin sənədin tələblərinə uğurlu şəkildə əməl olunması prosesinə artıq start verilib: 2012-ci ildə Azərbaycan Türkiyə ilə TransAnadolu qaz kəmərinin (TANAP) inşasına dair saziş imzalayıb. 1 il sonra tərəflər arasında TransAdriatik boru xəttinin (TAP) çəkilməsi razılaşdırılıb, nəhayət, elə həmin il «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarı qəbul olunub. Bütün bu layihələrin məqsədi Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin etməkdir. Onlar bu gün Avropanın ən nəhəng infrastruktur layihələridir və bu layihələrin ümumi dəyəri ən azı 45 milyard dollardır. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanla Aİ-nin maraqları üst-üstə düşür - Bakı enerji resurslarının tədarükü marşrutlarının, Avropa isə enerji mənbələrinin şaxələndirilməsində maraqlıdır.
Barrozu bildirib ki, Aİ Cənub Qaz Dəhlizi layihəsinin uğurla inkişaf etməsi üçün əlindən gələni edəcək. Bu layihə Avropa Komissiyasının Aİ-nin enerji təhlükəsizliyilə bağlı strategiyasının əsasını təşkil edir. Yeri gəlmişkən, sözügedən strategiya tezliklə - iyunun 27-də şurada müzakirəyə çıxarılacaq.
«Biz Cənub Qaz Dəhlizi layihəsinin sürətləndirilməsi və genişləndirilməsi məsələsinə də toxunduq və razılığa gəldik ki, qarşıdan gələn illər ərzində bu məsələ bizim qarşılıqlı prioritetimiz olsun. Mən bu layihənin inkişafı ilə bağlı əlavə imkanların müzakirəsini nəzərdə tuturam», - deyə Avropa Komissiyasının sədri bildirib.
Yeri gəlmişkən, görüşdən sonra Barrozu ilə Əliyev «Şahdəniz» yatağından avropalı istehlakçılar üçün nəzərdə tutulmuş qazın göndərilmə nöqtəsi olan Səngəçal terminalına da baş çəkiblər.
Bununla yanaşı, ikitərəfli əməkdaşlığın strateji istiqamətlərindən birinin enerji sahəsi olmasına rəğmən, Bakı ilə Brüssel yalnız bu sahədə əməkdaşlıqla kifayətlənmək niyyətində olmadıqlarını bildiriblər. Məsələn, Azərbaycanla Avropa İttifaqı və onun ayrı-ayrı üzvləri həm də vacib ticarət tərəfdaşıdırlar. İlham Əliyevin sözlərinə görə, Azərbaycandan ixracın 80%-i məhz Aİ-nin payına düşür. Barrozu da çıxışında bundan heç də az əhəmiyyət daşımayan rəqəm açıqlayıb: ötən il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 17,9 milyard avroya çatıb. Üstəlik, tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün praktiki işlər də aparılır: bu yaxınlarda Azərbaycan avropalı istehsalçılarla bir sıra vacib müqavilələr imzalayıb. Enerji və qeyri-enerji sektorlarına aid bu müqavilələrin ümumi dəyəri milyardlarla dollar təşkil edir.
Humanitar sahədə də əlaqələr genişlənir. Bu mənada Barrozu artıq yuxarıda qeyd olunan sazişin imzalanmasını nümunə göstərib. Onun fikrincə, həmin razılaşma elm, təhsil, ətraf mühit sahələrində, istehlak siyasətində və səhiyyədə əməkdaşlığın inkişafına təkan verəcək.
İlham Əliyev isə qarşıdakı aylarda tərəflərin yeni əməkdaşlıq formatı üzərində fəal iş aparacaqlarına ümidini dilə gətirib: «Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu, bizim üçün strateji mahiyyəti olan məsələdir».
Barrozu da əməkdaşlığın genişləndirilməsi istəyini ifadə edən bəyanat səsləndirib. O, çıxışındakı ən önəmli fikri də elə həmin mövzuda danışarkən işlədib. Avropa Komissiyasının sədri bildirib ki, Azərbaycanla münasibətləri genişləndirməyə çalışan Aİ-nin Bakıya assosiativ üzvlüklə bağlı dəvəti qüvvədədir: «Eyni zamanda, biz anlayırıq və bunu açıq şəkildə də müzakirə etdik ki, “Şərq tərəfdaşlığı” çərçivəsində vahid modelin bütün dövlətlərə şamil edilməsinə çalışmamalıyıq».
Göründüyü kimi, Brüssel Ukraynanın nümunəsində anlayıb ki, ölkələrin Aİ-nin «Şərq tərəfdaşlığı» proqramına cəlbinin onların xüsusiyyətlərini və geosiyasi əhatəsini nəzərə almadan sürətləndirmək ciddi fəsadlara yol aça bilər. Azərbaycan isə lap əvvəldən aydın şəkildə göstərib ki, Aİ-nin şərq qonşularının onunla strateji tərəfdaşlığı genişləndirmələri üçün heç də Brüssellə Rusiyanın geosiyasi mübarizəsinin girovuna çevrilmək vacib deyil. Çünki Rusiya Qərbin onun ənənəvi maraq zonasına - postsovet məkanına girmək cəhdlərini son dərəcə qısqanclıqla qarşılayır.
Azərbaycan Aİ ilə assosiativ üzvlüklə bağlı saziş imzalamaq niyyətində olmadığını çoxdan bəyan edib və bu mövqe dəyişməz qalır. Amma avropalılar tərəfindən bu cür siyasi məqsədlər güdməyən digər təkliflə, təbii ki, qəbulolunandır. Bu üzdən də, Bakıda tərəflər strateji modernizasiya istiqamətində tərəfdaşlığa dair sənəd üzərində işin sürətləndirilməsi ilə bağlı yekdillik nümayiş etdiriblər. Barrozu bu danışıqların yaxın aylarda başa çatdırılacağına, Azərbaycan Prezidentinin onların imzalanması üçün Brüsselə səfər edəcəyinə ümidini dilə gətirib.
Avropa Komissiyası sədrinin mətbuat üçün birgə bəyanatda Azərbaycan Prezidenti ilə Ukraynadakı vəziyyətə dair də müzakirələr apardıqlarını ötəri qeyd etsə də, onun Bakıya səfərinin konteksti aydındır. Brüssel postsovet məkanında siyasətin getdikcə iqtisadiyyatın üzərinə çıxdığı, yaxşı düşünülməmiş ekspansiya taktikasının nələrə gətirib çıxardığını görməyə bilməz. Ukraynadakı böhran, daha doğrusu, qanlı vətəndaş müharibəsi Avropanın təbii qazla təchizatı problemini daha da dərinləşdirib, Qərblə Rusiya arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub və bütün bunların nəticəsində Aİ-nin postsovet məkanında rolu zəifləyib, Moskvanın liderlik rolu isə daha da güclənib (Aİİ). Yəqin ki, indi Brüssel şərqli tərəfdaşlarının Aİ ilə yaxınlaşmaya görə Ukrayna qədər baha «ödəniş» etməyə razı olmadıqlarını başa düşür. Brüsselin Bakı ilə son təması da göstərdi ki, Aİ artıq şərqli tərəfdaşlarına, ilk növbədə, Azərbaycana münasibətdə taktikasını ciddi şəkildə dəyişmək qərarına gəlib. Bu yeni yanaşmanın şüarı da bəllidir - biznesdən başqa, şəxsi heç nə. Azərbaycan da elə lap əvvəldən belə deyirdi...
MƏSLƏHƏT GÖR: