Müəllif: Oksana BULANOVA Bakı
İsti Qafqaz qonaqpərvərliyi deyilən bir anlayış var. Sovet hakimiyyəti dövründə bunu yeri gəldi-gəlmədi o qədər işlətmişdilər ki, məsələnin özü unudulmuşdu və öz gözəlliyini itirmişdi. Amma Qafqaz qonaqpərvərliyi kommunist ideologiyası tərəfindən biçimlənmiş kino obrazı, yaxud azərbaycanlıların öz cəhətlərini gözə soxmaq istəyi deyil. Bu, Azərbaycanda termin də deyil, alışılmış davranış forması, insani ünsiyyət normasıdır. Bu, yerli sakinlər üçün səhər yuxudan oyanmaq, daha bir günü yaşamaq və ya su içib yanğını söndürmək kimi normal, adi bir işdir.
Yerli qonaqpərvərliklə mən Azərbaycana birinci səfərimin elə ilk günündəcə rastlaşdım. Həmin vaxt bu ölkə haqqında bildiklərim sıravi, amma bir az savadlı adamın bildikləri qədər idi: orta məktəb dərsliklərindən coğrafiyası və tarixi, neft buruqları, uşaq vaxtı sevdiyim "Qorxma, mən səninləyəm!" filmi, Müslüm Maqomayev, Nizami Gəncəvi və Nobel qardaşları barədə məlumatım vardı. Biliklərimdəki "boşluqları" jurnalist həmkarlarım doldurmağa çalışırdılar və səfərqabağı mənə çox sayda maraqlı şeylər danışırdılar: "Nədir, sənin ağlın çaşıb?! Orda güllə atırlar, ümumiyyətlə, rusları görməyə gözləri yoxdur, hara gedirsən?! Onların məşhur qonaqpərvərliyi barədə deyilənlər isə nağıldır və gözdən pərdə asmaq üçündür". Amma mən inadkar insanam və hər şeyə özüm əmin olmalıyam.
Ümumiyyətlə, hər şey dəqiqliklə əksinə oldu! Bizi yerləşdirib-yedizdirdikdən sonra, həmkarlarımdan ayrılaraq şəhərdə gəzməyə getdim. Belə öyrəşmişəm, haçan yeni şəhərə düşürəmsə, mütləq bu şəhəri yanımda müşayiətçim olmadan öyrənməyə başlayıram. Mənim fikrimcə, naməlum yerin sirrini yalnız bu yolla "əldə etmək" olar.
Ayaqlarım məni sahilə doğru apardı - dənizi çox sevirəm, sanki orada doğulmuşam. Bakıda keçirdiyim həmin ilk və soyuq gecədə dəniz kənarında, demək olar ki, heç kimi görmədim, amma onda bu məni təəccübləndirmədi. Bu, insanların gecə yarısına qədər dəniz kənarında gəzdiyi indiki günlərdə mənim üçün təəccüblü görünərdi. Həmin ilk gecəmdə isə Bakı sanki özünü mənə intim və sirli şəkildə təslim etmişdi, təkcə mənə. Məhəccərin kənarında dayanmışdım, dənizin eyni ölçülü titrəməsindən və ulduzların sayrışmasından başım hərlənirdi. Birdən yanımdan maşın keçdi. Saxladı və geri döndü; sahil boyunca yeriməyə başladım. Maşın da yayaş-yavaş məni izləməyə başladı.
"Budur, başlandı", - deyə düşündüm. - "Axı Moskvada məni xəbərdar etmişdilər: gecələr tək gəzmə!". Maşın yenidən dayandı və yaxın məsafədən polis maşını olduğunu gördüm. Maşından bığlı adam başını çıxarıb soruşdu: "Xanımın problemi yoxdur ki?". "Yox!". Onda gəzin!" - deyərək sakitcə uzaqlaşdı. "Belə!" - özüm-özümdən utandım. - "Evə dönəcəyəm, əgər kimsə, haradasa mənə desə ki, Azərbaycanda təhlükəlidir və ya pisdir - öldürəcəyəm!". Amma həmin vaxt Azərbaycanın necə olduğunun heç yüzdəbirini də bilmirdim!
Ertəsi gün bələdçimiz Əli bizə alman jurnalistlərinin başına gəlmiş yaddan çıxmayan bir əhvalat danışdı. Əli bu almanlara danışıb ki, Azərbaycanda istənilən evə girmək və gecələmək üçün yer istəmək olar - yemək, çay verəcəklər, yatmaq üçün şərait yaradacaqlar və hətta sənin haradan olduğunu belə soruşmayacaqlar. Onda Əli onlara eksperiment etməyi təklif edib - xoşlarına gələn istənilən evin qapısını döysünlər. Seçib, qapını döyüblər. Hər şey əvvəl deyilən kimi cərəyan edib! Azacıq rusca danışan qonaqları otağa aparıb yerləşdiriblər və masa açmağa başlayıblar. Almanlar şoka düşüblər! Çox keçməyib ki, yemək də yeyiblər. Onlara gecələmək üçün yer də təklif ediblər. Bu zaman onlar imtina ediblər - istənilən halda utanıblar! Otelləri artıq sifariş verilibmiş. Onlar hər şeyi olduğu kimi izah edib, vidalaşıblar; ev sahibləri yol üçün onlara əllərindən gələni qoyublar! Meyvələr, müxtəlif ev fətirləri və ayran. Sonra bizim qrup da belə inanılmaz qonaqpərvərliklə qarşılaşdı və hər dəfə də heyran qaldıq. Küçələrdə, mağazalarda və muzeylərdə tanış olduğumuz insanlar bizləri evlərinə qonaq çağırmağa başladılar. Bizi çay içməyə dəvət edirdilər, bizsə vaxtımız olmadığını söyləyib imtina edirdik, onda maşının açıq pəncərəsindən içəri öz bağçalarında yetişdirdikləri meyvələri soxurdular. Yəqin ki, bizim uzun yol getdiyimiz maşınlardan mandarin və yetişmiş heyva iyi hələ də getməyib.
Yeri gəlmişkən, bu almanlar kimi digər xaricilər də artıq çoxdan anlayıblar ki, Azərbaycan turistlər üçün, demək olar ki, Məkkədir, bu ölkə öz qonaqpərvərliyini qoruyub. Xaricilər üçün bu, ekzotikadır, belə şeyi Avropanın heç yerində görmək olmur. Rusiyadan Azərbaycana hələ ki, elə də çox gəlmirlər - qorxurlar. Nədən - aydın deyil. Buna görə də qərara aldım: Rusiyaya qayıdan kimi Azərbaycanın turistlər üçün necə əlverişli yer olduğunu hamıya danışacam (bunu qonaq kimi oxuyun. Çünki turist azərbaycanlılar üçün əziz qonaqdır - bütün mənalarda).
Azərbaycan qonaqpərvərliyi barədə düşünəndə yadıma bizim çoxsaylı Rusiya tok-şoularından birinin mövzusu düşür: qəfil gəlmiş qonaqlardan və ya Moskvaya alış-verişə, yaxud iş üçün gəlmiş uzaq qonaqlardan necə və hansı üsullarla yaxa qurtarmaq etibarlıdır. Verilişin qonaqları həvəslə, hərisliklə öz fənd və üsullarından danışırdılar: çamadanları ortaya düzürmüşlər ki, guya ev yiyələri təcili harasa gedirlər; metodik olaraq müxtəlif qadağalar qoymaqla qonaqları mənzildən uzaqlaşdırırmışlar; uşaqlardan istifadə edirmişlər - onları öyrədirmişlər ki, dalaşsınlar və səs-küy salsınlar, nəticədə qonaqlar bu cür tərbiyəsiz uşaqları olan evdən başlarını götürüb qaçırmışlar. Bu iyrənc hiylələr onunla izah edilirdi ki, Moskva rezin deyil ki, onları da yerləşdirsin, qonaqlar başı işə qarışmış ev yiyələrinin vaxtını alırlar, gəlmələri saxlamaq ağır xərc tələb edir və s. Bütün bunları mən proqram iştirakçılarından iyrənə-iyrənə dinləmişəm. Azərbaycanda bu cür mövzu qəzəbli zənglər, məktublar yaylımından tutmuş, televizor ekranına tərəf uçan xarab pomidor atəşlərinə qədər hər şey gətirə bilər.
Sadəcə, belə mövzu Azərbaycan televiziyasında yarana bilməzdi! Bu zaman studiyaya zəng gəldi. Bir qadın danışdı ki, Bakıya gedib və onu orada çox isti qarşılayıblar, qayğı göstəriblər və gəlişinə çox seviniblər. "Utanın!" - dedi o. - "Sizin mövzu iyrəncdir, utanmırsınız?! Oturub ciddi-ciddi qonaqlardan necə yaxa qurtarmaq barədə danışırsınız - bu alçaqlıqdır və əclaflıqdır! Azərbaycandan nümunə götürün - orada qonaqlara hörmət edirlər və onları sevirlər, çünki orada xeyirxah və qayğıkeş insanlar yaşayır". Təbii ki, ona sona qədər danışmağa imkan vermədilər, zəng "kəsildi".
Sonradan Bakıda yaşayan zaman Moskvadakı həmkarlarım arasında hamının qəbul etdiyi "azərbaycanşünas"a çevrildim. Azərbaycanlıların mentalitetini, yerli adətlərini dərindən və ciddi öyrənməyə başladım. O cümlədən qonaqpərvərliklərinin mənbəyini də öyrəndim. O, yetərincə dərinlərə bağlıdır. Qonaqpərvərliyin mənbəyini izah edən versiyalardan biri də aşağıdakı kimidir. Deyirlər, Məhəmməd Peyğəmbər (s.ə.s) insanlara deyib: "Mən gedirəm, amma qayıdacam. İstənilən insanın görkəminə düşə bilirəm, siz məni istənilən cür, hətta yolda gəzən və gecələməyə yer axtaran qərib kimi də görə bilərsiniz". Həmin vaxtdan bu yana müsəlman üçün istənilən qonaq əzizdir: birdən Peyğəmbər özüdür? Sonuncu toyuqlarını qonaq üçün kəsə bilərlər, masa arxasında qonağı ən hörmətli yerdə oturdarlar, ən işıqlı və isti otağa yerləşdirərlər, ən yaxşı yatağı verərlər. Bu insanın tanış adam və ya sadəcə yoldan keçən olması önəmli deyil. Bəli, mümkündür ki, Peyğəmbərin hədisinin təsiri olub, amma mənə elə gəlir ki, bu, sadəcə əsasdır. Bundan sonra isə xeyirxahlıq və gülərüzlülük milləti təmsil edən cəhətə ona görə çevrilib ki, bu cəhətlər azərbaycanlılar üçün daha səciyyəvidir. Bunlar heyrətamiz dərəcədə dinc və kinsiz insanlardır, hətta ağır milli münaqişə barəsində ürək ağrısı ilə danışsalar da, aqressiv yox, dəqiq və ziyalı söhbətləri edirlər.
Qonaqpərvərliyin başqa mənbəyi isə ölkənin təbii və coğrafi şəraitindədir. Əsrlərboyu Azərbaycanda azmış və ya karvandan qalmış yolçulara sığınacaq vermək adət olub. Sərt dağ şəraitində yolçunu evə buraxmamaq onun ölümünə fərman vermək demək idi. Bundan başqa, xüsusilə də indiki kommunikasiya vasitələrinin olmadığı köhnə vaxtlarda yolçular məlumat daşıyıcıları idilər. Azərbaycanlılar dağ aşırımlarında yorulmuş və azmış yolçular üçün xüsusi sığınacaqlar tikiblər, orada yemək, yataq vasitələri və odun qoyublar. Bu sığınacaqlar bu günə kimi Azərbaycanın dağlarında qədim dövrlərin abidələri kimi qorunub-saxlanılıb. Bu, o deməkdir ki, azərbaycanlılar yalnız öz evlərində deyil, həm də evdən kənarlarda qonaqpərvərlik göstəriblər.
Azərbaycanın məşhur dastanı "Kitabi-Dədə Qorqud"da belə bir deyim var: "Qonaqsız ev dağılsın". Bu, bir növ atalar sözü və qaydadır. Bu barədə dahi Azərbaycan şairi Füzuli də yazıb: "Əgər mənim masama qonaq gəlsə, onun türk, ərəb və ya başqa dindən birisi olmasından asılı olmayaraq, utanmayacağam". Azərbaycanlıların heyrətamiz qonaqpərvərliyi bütün Yaxın Şərqdə və qonşu ölkələrdə o qədər məşhur olub ki, öz əksini səyyahların xatirələrində və qonşu xalqların ədəbi abidələrində də tapıb. Qafqaz ölkələrində olmuş Aleksandr Düma Azərbaycan qonaqpərvərliyi barədə çoxsaylı sübutlar qoyub gedib. Həm də o, qeyd edib ki, Azərbaycandakı qonaqpərvərlik Tiflis və Dərbənd evlərindəki qonaqpərvərlikdən müqayisəolunmaz dərəcədə güclüdür.
Azərbaycandakı qonaqpərvərliyin sübutlarından biri kimi, hətta evdə yataq dəstlərinin sayının ailə üzvləri üçün tələb olunandan dəfələrlə çox olmasıdır. Evin varlı və ya yoxsul olmasından asılı olmayaraq, bu belədir.
Maraqlıdır ki, Azərbaycanda qonaqların öz təsnifatı olub - sadəcə, kənar adamlara, qohumlara, dostlara, qonşulara və məmurlara bölünürmüş. Hər bir qrupun qəbulu fərqli imiş: qonşuların ayaqlarının altına, əlbəttə ki, bahalı xalçalar salmırmışlar, amma onları bol və dadlı yeməklərə qonaq edirmişlər, sovqatsız yola salmırmışlar.
Qonağa yeməyi də müəyyən adətlərə uyğun şəkildə verirmişlər, bunun da kökləri qədimlərə gedir. Hesab edilirdi ki, qonağın süfrəsinə ən yaxşı yeməkləri - cürbəcür şirniyyatlar, çeşid-çeşid kabablar və mütləq plov vermək lazımdır. Plov da müxtəlif cür ola bilərdi: ətlə, göyərti ilə, meyvə ilə. Spirtli içkilər istisna idi. İslam, ümumiyyətlə, spirtli içkiləri qadağan edir - Quranda belə yazılıb (düzdür, indi bu qadağana az fikir verirlər - hər halda, dünyəvi ölkədir).
Keçmişdə olduğu kimi, Azərbaycanda indi də adət kimi qalıb - ev yiyəsinin qohumları və qonşuları növbə ilə qonağı evlərinə dəvət edirlər. Keçmişdə əgər hansısa səbəb üzündən ev yiyəsi evdə olmurdusa, gələn qonağı evin xanımı və ya evdəki yaşca böyük kişi qəbul edirdi.
Qonaq qalan evə qonşuların gəlməsi hörmət əlaməti sayılırdı, bu, hətta adət imiş. Üç-dörd saatlıq geniş söhbət gedirdi. Axı qonaq həmişə xəbər və ümumiyyətlə məlumat daşıyıcısı idi.
Qonaqpərvərlik Azərbaycanın atalar sözlərində və deyimlərində də öz əksini tapıb. Məsələn: "Qonaqpərvər adamın süfrəsi boş qalmaz", "Qonaq bolluq gətirir", "Qonağa, onu gətirən yola da qurban olum", "Qonaqsız ev, susuz dəyirman kimidir", "Qonaq özü gəlir, amma onu ev yiyəsi yola salır", "Çağırılmış yerə ar eləmə, çağırılmamış yeri dar eləmə", "Qonağa "ye" deməzlər", "Verən əl həmişə alan əldən yuxarıdadır", "Evin bəzəyi uşaqdır, süfrənin bəzəyi qonaq" və s. Yeri gəlmişkən, Azərbaycanda qonaqpərvərlik barədə atalar sözləri, başqa şeylər barədə olanlardan xeyli çoxdur. Bu özü də çox şeydən xəbər verir!
MƏSLƏHƏT GÖR: