Müəllif: Nurlanə QULİYEVA Bakı
Endirimlər!!! Bu tək kəlmə o qədər həyə-canlandırıcı, o qədər narahatedici və həm də çox gözləniləndir ki... Amma o bizim həyatımıza o qədər möhkəm daxil olub ki, bəzən təsəvvür etmək olmur ki, insanlar indiyə kimi bunsuz necə yaşayıblar?! Qocaman alış-verişçilər əmin edirlər: elə də baha olmayan, amma arzuolunan əşyanın satınalınması yalnız bir neçə dəfə az pul xərcləmək şansı olmaqla qalmır, həm də daha dərin yanaşdıqda mənəvi həzz prosesidir. Gerçəkdən, nadir adam deyə bilər ki, endirimləri sevmir. Bu, ona bənzəyir ki, siz hədiyyələri və sürprizləri sevmədiyinizi etiraf edəsiniz. Əlbəttə, endirim hədiyyə deyil, ancaq onun olması sürprizdən başqa bir şey deyil, özü də xoş sürprizdir.
Bizim ölkə bazar iqtisadiyyatına keçməsini elan edəndən bəri, ticarət sektoru bu elana çox həssas və sürətlə reaksiya verib. Ölkəyə o qədər də tanınmayan geyim, ayaqqabı, aksessuar, mebel, məişət texnikası brendlərini gətirdilər ki, mövsümi və birdəfəlik endirim aksiyaları sadə azərbaycanlıların da həyatına möhkəm daxil oldu.
Ümumiyyətlə, bizim xalq bu sistemlə çoxdan tanış idi - bazarda qiymət sövdələşməsi aparmadan mal almağın nə ləzzəti var? Amma yuxarıda bəhs edilən tədbirlər bir az başqa cürdür. Burada hansı malın qiymətinin dəqiq neçə faiz endirildiyi və bunun nə ilə bağlı olduğu göstərilir. Amma endirimlər zamanı saç ağartmış bakılılar, xüsusilə də bakılı qadınlar əminliklə sizə deyə bilərlər: diqqətli olun, hətta ən tanınmış brendlər belə yetərincə tez-tez, necə deyərlər, endirim kampaniyaları həvəskarlarına qarşı vicdanlı davranmırlar.
Endirim endirimə bənzəməz
İlk başdan endirimlər ticarətçilərə artıq lazımsız olan malların sürətlə satılmasına xidmət edirdi. Məsələn, Paris çörəkçiləri XVIII əsrin sonlarında müştərilərin diqqətini cəlb etmək üçün axşam enidirimləri tətbiq edirmişlər ki, həmin vaxt çörək 20% ucuz satılırmış. Bu, həm satıcılara, həm də alıcılara əlverişli imiş: ertəsi gün köhnə çörəyi heç kimə sata bilmirdilər. Bu üsuldan yavaş-yavaş ticarətin başqa sahələrində də istifadə etməyə başladılar. Hazırda iqtisadiyyatı inkişaf etmiş ölkələrdə, demək olar ki, noutbuklardan tutmuş, alt paltarına və şokolada qədər hər şeyə endirim tətbiq edilir.
Azərbaycanda da endirimlərin əlverişli olduğunu çoxdan an-layıblar. "Malı çox götürsən, qiyməti endirərəm", "Axşam bazarına gəl, qiymətlər çox ucuzdur!" və "Bu gün bayramdır, əlbəttə, malı ucuz sataram" kimi ifadələr azərbaycanlıların gündəlik həyatında hələ bizim ulu babalarımız vaxtından populyardır. Amma bu gün endirimlər daha sivilizasiyalı görkəm alıb və ən çağdaş, ən elit butiklər belə ondan kənar durmurlar.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da endirimlər satışların başlıca katalizatoru rolunu oynayırlar. Xüsusilə də söhbət əyləncə-ticarət mərkəzlərindən gedirsə. Belə yerlərdə insanlar endirimə uyaraq çox vaxt elə mallar alırlar ki, adi vaxt ona heç fikir belə verməzdilər. Bu gün bizdə demək olar ki, bütün populyar endirim növlərinə rast gəliniir. Yeri gəlmişkən, onların sayı az deyil.
İlk öncə, əlbəttə ki, mövsümi endirimlər gəlir. Yəni məsələn, qış gödəkcəsini yayda xeyli ucuz almaq mümkündür. Mövsümi endirimlər müxtəlif cür ola bilər. Məsələn, payızda qış ayaqqabıları üçün endirim tətbiq edə bilərlər. Yayda qış mallarına, qışda isə yay mallarına ciddi endirim mümkündür.
İkinci endirim növü - hansısa hadisə ilə bağlı endirimlər edilməsi də geniş yayılıb. Burada yetərincə çox variant var. Onların sırasını sadalaya bilərik: bayramlar, alıcının ad günü, mağazanın, şirkətin yaranma günü və s.
Daha bir endirim növü isə köhnəlmiş kolleksiyalar və ya zay məhsullara endirim tətbiq edilməsidir. Bir çox şirkətlərin xüsusi discount-mağazaları var ki, orada xeyli ucuz satılan keçənilki kolleksiyaları tapmaq olar. Burada bir önəmli məqam da var ki, mala tətbiq edilən endirim özünü doğruldur - köhnəlmiş mal satılır.
Son illərdə daha bir, amma Azərbaycan üçün qədimlərə dayanan endirim növü populyarlıq qazanmağa başlayıb - daimi müştəriləri həvəsləndirirlər. Çox vaxt endirimlər şirkətlərin daimi müştəriləri üçün tətbiq edilir (bunun üçün müştəriyə xüsusi yığım kartı verirlər). Bu gün hər bir dəbli xanımın çantasında azı üç belə kart var. Birincisi, bu həm də prestijlidir, kisədə olan bu əlvan plastik kart göstərir ki, yiyəsi hörmətli bir dükanın daimi müştərisidir. Həm də ki qanunla qazanılmış "yığımlar"ın hesabına ilin istənilən dövründə satıcıdan 5-10% endirim tələb etmək mümkündür.
Amma bizim alış-veriş sevənlər üçün nə qədər kədərli də olsa, bəllidir ki, biznes, xüsusilə də birbaşa "alıcı-satıcı" münasibətləri üzərində olan biznes çox vaxt öz gəlirlərini vicdansızlıq üzərində qurur. Yəni gəlir hər şeydən üstündür. Bu şüardan, əsasən, aldadılan alıcılar əziyyət çəkirlər. Endirimlər isə bunun gerçəkləşdirilməsi üçün ən əlverişli vasitələrdən biridir.
Endirim qarmağında
Endirim vaxtı geyim seçilməsini və alınmasını alıcıların yüksək fəallıq dövrü, həm də təqdim edilən çeşidə diqqətlərin azaldığı dövr saymaq olar. Çox vaxt böyük endirimlər vəd edən sehrli rəqəmlər sanki alıcının gözlərini örtür. Və alıcılar həmin vaxt bu alış-verişin vacib olub-olmamasını unudurlar. Hamıya bəlli bu fenomen mağazaların əsas hiylələrindən biridir. Satışların artırılması üçün mağazanın vitrinində sadəcə göstərmək lazımdır ki, mağazada endirimli mallar satılır.
Alıcılarsa ucuz qiymətə öz qarderobları üçün 2-3 əşya almaq naminə bəzən həvəslə özləri aldadılmağa doğru gedirlər, amma düşünmürlər ki, bunun əvəzinə bir ədəd bahalı, amma çox keyfiyyətli mal ala bilərdilər. Buna görə də ekspertlər məsləhət görürlər: yeni geyimlər almağa yollanmazdan öncə, müəyyən etmək lazımdır ki, alıcı iqtisadi cəhətdən əlverişli alış-veriş edərək qarderobu üçün endirimli mallar almaq istəyir, yoxsa vitrinlərdə təqdim edilən yeni kolleksiyalardan əldə etmək niyyətindədir.
Necə deyərlər, bu, hələ ziyanın yarısıdır. Məsələ bundadır ki, endirimlər zamanı bir sıra mağazalar son kolleksiyaların qiymətini bilərəkdən qaldırırlar ki, alıcılar endirimli malları daha həvəslə götürsünlər. Həm də son kolleksiyalarda daha öncəkilərdən üslubuna və fasonuna görə kəskin fərqlənən əşyalara nadir hallarda nast gəlmək olur.
Təbii ki, endirim vəd edən mağazalar heç də həmişə onları alıcılara təqdim etmirlər. Ən sadə üsul qiymət yarlığının üzərinə elə əvvəlki qiyməti yenidən yapışdıraraq, malı endirimlə satılan malların sırasına yerləşdirməkdir. Bəzən hiyləgər satıcılar, hətta yeni qiymət kağızında bir qədər artırma apararaq müştərinin daha çox aldadılmasına səbəb olurlar.
Malların üzərindəki qiymət yarlıqlarının üzərində alıcı üçün başqa bir təhqiredici məqam da gerçəkləşdirilir. Endirim tətbiq edilmiş malı alan alıcı ümid edir ki, ona son kolleksiyadan və ya bir il qabaqkı kolleksiyadan mal satıblar, amma bunun əvəzinə onun qismətinə iki li qabağın qarderobunun malları düşə bilər. Qiymət kağızının üzərinə yapışdırılmış bir cür rəngli stiker bir neçə il əvvəlin kolleksiyasına məxsus əşyanı, az qala, yeni mala çevirir.
Mağazaların həvəslə əl atdığı başqa bir üsul isə 50-70%-lik böyük endirim barədə elan vermək, əslində isə bunu bir-iki köynəyə şamil etmək, ya da satılmayan ölçülər üçün qiymətləri yarıbayarı endirməkdir. Amma ən çox tələb edilən modellərin qiyməti əvvəlki kimi qalır. Müştərini cəlb etmək üçün tətbiq edilən başqa bir üsul isə 70%-ə kimi endirim elan etmək, amma həqiqətdə isə bütün kolleksiyanı 20-30% ucuzlaşdırmaqdır. Alıcıların məntiqli "Niyə bu belədir?" sualına isə cavab verirlər ki, "Bu elə 70%-ə qədər endirim deməkdir. 70%-dən çox yazmamışıq ki...".
Satıcıların ən sevdiyi üsullardan biri də bir sıra modellərin 50 faiz ucuz satılması barədə elan vermək, amma həmin modellərə yeni qiymət yarlıqları vurmamaqdır. Gərək tədbirli müştəri özü ilə kalkulyator gəzdirsin ki, malı neçəyə ala biləcəyini hesablaya bilsin.
Endirimlər zamanı müştərilərin ən çox aldadıldığı üsul isə mağazalarda endirimli malların geri qaytarılmaması barədə yazılan elandır. Yəni müştəri geyimdə kiçik cırığı, düymənin olmamasını, televizorun korpusunda cızığı görməyə bilər. Belə olan halda, satıcı malın qiymətinə "zay" sözü yazmalı və alıcıya bu malın qiymətinin endirilməsinin səbəblərini izah etməlidir.
Vicdansızlığa görə cərimə
İstehlakçıların endirimlə aldadılması barədə çox sayda nümunələr gətirmək olar və buna görə də əhali bu cür endirimlərə inanmır.
İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən endirim kampaniyaları ilə bağlı monitorinqlər aparılmasından və qanunu pozanlara qarşı cərimələr tətbiq ediləndən sonra vəziyyət bir qədər düzəlib. İİN bildirir ki, yoxlamalar "Reklam haqqında" qanun əsasında gerçəkləşdirilir; həmin qanuna görə, malın qiyməti ilə bağlı qeyri-dəqiq reklam kampaniyası gerçəkləşdirmək qadağan edilir. Bundan başqa, "Ədalətsiz rəqabət haqqında" qanuna görə, alqı-satqı zamanı alıcının qanunsuz reklam vasitəsilə aldadılması ədalətsiz rəqabətin səbəbidir.
Bu cür pozuntulara görə bazar iştirakçıları ilk aşkarlanma zamanı dövriyyənin 10%-i səviyyəsində cərimə oluna bilərlər, daha sonrakı aşkarlanmalar zamanı cərimə 20%-ə qalxır. Məhz bu cür cərimə ticarət obyektlərinin yiyələrini endirim zamanı qiymət yarlığında mal barədə lazım olan bütün məlumatı - adını, növünü, endirimdən əvvəlki və sonrakı qiymətlərini yazmağa vadar edir.
Bundan başqa, endirim barədə elan verən ticarətçi bunun bütün məhsullara, yoxsa müəyyən mal qrupuna adi olduğunu göstərməli, mağazadakı malları endirim faizinə görə qruplaşdırmalıdır ki, alıcı rahat seçim edə bilsin. Həm də endirim tətbiq edilən mallar üçün geri qaytarılma və dəyişdirilmə üçün müddət müəyyən edilməlidir (adətən, bu müddət tam qiymətə satılan mallar nisbətən aşağı olur) və s.
Endirim kampaniyaları zamanı alıcılar hər hansı bir qanun pozuntusuna rast gələrlərsə, inamla İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilərlər. Yeri gəlmişkən, qurum daim KİV vasitəsilə bəyanatlar verərək alıcılara xəbərdarlıq edir: "Mal alan zaman diqqətli olun!".
MƏSLƏHƏT GÖR: