14 Mart 2025

Cümə, 21:00

ƏSƏDDƏN SONRAKI SURİYA

Suriya müxalifətinin birləşmə cəhdləri onların gələcək siyasi konturlarını müəyyənləşdirəcək

Müəllif:

15.11.2012

Suriyada qanlı toqquşmalar davam edir və bu ölkədə baş verənlərin dinc yollarla  sonuclanması mümkün olmayan arzu kimi görünür. Dialoqa çağırışlar demək olar ki, daim səsləndirilsə də, reallıqda tərəflərdən heç biri güzəştə getməyə hazır deyil.

İndi Əsəd rejiminin "siyasi yaşam" perspektivi xəyala bənzəyir. KİV müntəzəm olaraq Əsədin generalitetinin Türkiyəyə qaçmaqda olduğuna dair xəbərlər yayır.

Regim müqavimətini var qüvvəsilə davam etdirir və hazırda Suriyadaxili qırğınların ciddi dini münaqişəyə çevrilmək riski böyükdür. Analitiklər hesab edir ki, ən ağır vəziyyət Türkiyə-Suriya sərhədində yaşanır - Suriya ordusu Türkiyə ərazisini "təsadüfən" atəşə tutur (belə hallar heç də həmişə təlafatsız ötüşmür), Əsəd rejimi PKK terrorçularına açıq dəstək verir. Məlum olduğu kimi, Türkiyə parlamenti oktyabrın 4-də hökumətə transsərhəd hərbi əməliyyatlarının aparılması üçün bir illik mandat verib. Ankara bildirir ki, bu, hələlik müharibənin elan edilməsi demək deyil. Amma ekspertlər məsələyə fərqli yanaşır: bu "hələlik" həmişəlik ola bilməz - xüsusilə Əsəd rəftarını dəyişməzsə. Onun belə dəyişikliyə gedəcəyini göstərən əlamətlər isə yoxdur.

Bütün bunların fonunda bir çox ölkələr əsaslı olaraq regional təhlükəsizliklə bağlı narahatlıq keçirərək hadisələrin gedişinə təsir göstərməyə çalışır. Bu zaman Əsəd rejiminin şərəfi onları maraqlandırmır. Məsələ o yerə çatıb ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron ərəblərin Al Arabiya peyk telekanalına müsahibəsində Bəşər Əsədin postunu dərhal tərk edəcəyi təqdirdə ona beynəlxalq təhlükəsizlik zəmanətinin verilə biləcəyini açıq şəkildə dilə gətirib. "Bu adamın Suriyanı tərk etməsi, ölkədə firəvan keçid dövrünün yaşanması üçün hər şeyə hazırıq", - deyə Kemeron Abu-Dabidə bildirib: "Şübhəsiz ki, mən ona  Böyük Britaniyaya qaçmaq planını təklif etmirəm. Amma getmək istəyərsə, gedə bilər - bunu təşkil etmək olar".

Dünya ekspertlərini və aparıcı siyasətçiləri daha çox narahat edən isə başqa məqamdır: Əsəd rejiminin devrilməsindən sonra Suriyanın siyasi mənzərəsi necə olacaq? Bu yerdə potensial "gizli minalar"ın" sayını qiymətləndirməmək olmaz. Xüsusilə Tunis və Misirdə "ərəb baharı"nın nəticələrinin kədərli sonucu belə düşünməyə əsas verir.

 

"Acı" təcrübə

Təhrir meydanının adının dünyanın aparıcı KİV-lərinin səhifələrindən düşmədiyi günlərdə Avropa və ABŞ-da Tunis və Qahirədəki hadisələrin "demokratik irəliləyiş" olduğuna, insanların siyasi islahatlar, avtokratik rejimlərin dəyişməsi və sair tələb etdiyinə çox az adamın şübhəsi var idi. Aparıcı ekspertlər insan haqları haqda danışır, "Feysbuk inqilabı" kimi terminlər icad edir,  mətbuat azadlığı və Forbes jurnalında Mübarəkin milyarderlər sırasında göstərilməsindən bəhs edirdi.

Realda isə "demokratik irəliləyiş" kimi qiymətləndirilən proseslər İran senarisinin özünəməxsus rimeykinə çevrildi. Hakimiyyətə qarşı kütləvi mitinqlər zamanı son dərəcə geniş müxalifət cəbhəsi vahid mövqedən çıxış edirdisə, bir il sonra  əsas "yüksəkliklər" islamçıların əlinə keçdi. Ola bilsin ki, onlar heç də ən populyar qüvvələr deyildilər. Amma ən mütəşəkkili və aqressivi də məhz onlar oldular.

Suriyada da eyni senari ən azı istisna deyil. Bundan başqa, xüsusilə Liviyada qeyri-sabitliyin getdikcə dərinləşməsi fonunda ekspertləri narahat edən daha bir məqam var - ölkə qalib gəlmiş müxalifət qruplaşmaları arasında müharibəyə səhnə ola bilər. Hər halda, BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi nümayəndəsi Lahdar Brahimi "Əl-həyat" qəzetinə müsahibəsində Suriyanın yeni Somaliyə, yəni dövlət hakimiyyətinin olmadığı, səhra komandirləri və "Əl-Qaidə" ilə əlaqəli yaraqlılar arasında daim döyüşlərin getdiyi bir ölkəyə çevrilmək riskinin olduğunu bəyan edib. "Suriyada vəziyyət çox təhlükəlidir. Hesab edirəm ki, böhran aradan qaldırılmasa "somaliləşmə" təhlükəsi yaranacaq", - deyə Brahimi bildirib: "Bu, dövlətin birdəfəlik iflası, səhra komandirləri və silahlı qruplaşmaların güclənməsi olacaq".

Rusiya KİV isə Somalidə mərkəzi dövlət hakimiyyətinin demək olar ki, 1991-ci ildə diktator Səid Barre rejiminin devrilməsindən sonra  mövcud olmadığını xatırladır. Bu müddətdə Somali hökuməti ölkənin yalnız paytaxtına nəzarət edir, artıq 20 ildir ki, silahlı qruplaşmalar arasında döyüşlər səngimir, Somali sahillərində isə dəniz quldurluğu gün-gündən daha da çiçəklənir.

Belə vəziyyətdə Qərb ölkələrinin Suriya müxalifətilə əməkdaşlığı artırmaq cəhdləri  təbiidir. Mütəmadi olaraq Türkiyədə, İordaniyada və ya Qətər paytaxtı Dohada onlarla keçirilən görüşlər Qərbin bu niyyətini sübut edir. Noyabrın ilk həftəsində KİV-də Qərbin Suriya müxalifətilə fəal iş apardığını göstərən xəbərlər də yer alıb. Bundan başqa, Rusiya ekspertləri də daxil olmaqla, əksər ekspertlər ABŞ-ın Türkiyədə fəaliyyət göstətən Suriya Milli Şurasının (SMŞ) fəaliyyətindən məyus olduğunu bildirir: o, "Bəşər Əsəd rejimi ilə mübarizədə daxili və xarici müxalifəti birləşdirməyə nail olmayıb". "Biz artıq SMŞ-nin müxalifətin aşkar lideri olmadığına işarə etmişik", - deyə KİV-in məlumatına görə, ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib.

İndi Dohada keçirilmiş görüşdə yeni təşkilatın - Suriya Milli Təşəbbüsünün yaradılmasına start verilib. France Press xəbər verir ki, onun əsas vəzifəsi "Əsəd hökumətilə mübarizə üçün koalisiya yaratmaq, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq və digər dövlətlərin yardımlarından istifadə sahəsində səyləri birləşdirmək" olacaq. İlk gündən yeni təşkilatın lideri postunu tutmağa namizəd kimi Suriya parlamentinin sabiq deputatı, 66 yaşlı dissident Radi Seifin, avqustda ölkədən qaçmış sabiq baş nazir Riad Hicablın, Suriyanın "Müsəlman qardaşlar" təşkilatının yaradıcılarından və liderlərindən olan Əli Sədrəddin əl-Bayanuninin və suriyalı filosof, dini ideologiyanı tənqid edən Sadiq Calal əl-Azmanın adları çəkilir.

Ekspertlər isə hesab edir ki, iclas zalında koalsiiya yaratmaq hələ "meydanda" uğur qazanmaq demək deyil. Çünki indi "Azad Suriya ordusu" silahlılarından təşəbbüsü ələ almaq lazım olacaq. Onların arasında isə islamçıların böyük nüfuzu var.

Bu yerdə bəzi dəqiqləşdirmələrə ehtiyac duyulur. Suriya inqilabının dinc nümayişlərdən ibarət olduğu dövrdə orada "ümumdemokratiya" çağırışları üstünlüyə malik idi. Lakin silahlı mübarizəyə keçilməsilə vəziyyət köklü şəkildə dəyişdi: avropalı hüquq-müdafiəçilərindən fərqli olaraq, islamçıların beynəlxalq cihadçı şəbəkədən olan himayədarları dərhal silahla yardım yolunu seçdi, Suriyaya real müharibə təcrübəsi olan yaraqlılarını göndərməyə başladı.

 

Silahlandırmalı, yoxsa yox? 

Bu vəziyyətdə Qərb dövlətlərinin strategiyasının dəyişməsi tamamilə gözləniləndir. Rusiyanın "Vesti" telekanalı xəbər verir ki, Böyük Britaniya hökuməti böhrana yanaşmasını sərtləşdirmək niyyətindədir. Britaniyanın baş naziri Devid Kemeronun Yaxın Şərqə səfərinin yekununda onun dəftərxanası bəyan edib ki, ölkə hökuməti Suriya müxalifətinin silahla təchizatının mümkünlüyünü nəzərdən keçirir. Silah təchizatı Suriya ərazisində hökumət aviasiyasının uçuşunun qadağan olunduğu zonanın yaradılması ilə müşayiət oluna bilər.

"Birləşmiş Krallıq Devid Kemeronun rəsmi şəxslərə bütün variantların öyrənilməsinə dair tapşırıq verməsindən sonra Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılması və qan tökülməsinin qarşısının alınması üçün Suriya qiymaçılarını silahlandıra bilər", - İTAR-TASS-ın məlumatına görə, bəyanatda belə deyilir. Kemeron isə Yaxın Şərqə səfəri zamanı bildirib ki, ölkəsi hazırda Suriya müxalifətini silahlandırmaq niyyətində deyil. O, bunu Aİ-nin embarqosu ilə əsaslandırıb. Amma sözügedən embarqonun müd-dəti dekabrın 1-də bitir və KİV-in məlumatına görə, Britaniya hökuməti embarqonun şərtlərinin dəyişdirilməsi məsələsini öyrənir.

Müxalifət  liderlərindən olan Riyad Seif isə Fransanın da Suriya müxalifətinə silah vəd etdiyini bildirir. Paris bunun üçün Süuriya müxalifətindən birlik tələb edir. Guardian Al-Jazeera telekanalına istinadən xəbər verir ki, Seif bunu Suriya Milli Şurasının Dohada keçirilmiş toplantısında bəyan edib. Onun sözlərinə görə, Fransa prezidenti Fransua Olland Suriya müxalifətinin birləşəcəyi təqdirdə onları silahla təchiz etməyə söz verib.

Bu xəbərə heç də hamı inanmayıb. Üstəlik bir müddət əvvəl Avropa İttifaqının diplomatiyasına rəhbərlik edən Ketrin Eşton beynəlxalq ictimaiyyəti hökumət qüvvələrilə qiyamçılar arasında toqquşmaların bitmədiyi Suriyaya silah verməməyə çağırıb.  "Aİ münaqişənin getdikcə daha da hərbiləşməsindən narahatdır. Biz bütün dövlətləri israrla Suriyaya silah verməkdən çəkinməyə, toqquşmaların daha da genişlənməsinə yol açan silah təchizatının dayandırılmasında Aİ kimi davranmağa çağırırıq", - deyə o, qeyd edib.

Londonun "sızdırdığı" xəbərlər fonunda isə guman etmək olar ki, Qərb mövqeyini dəyişir və artıq onlar Suriya münaqişəsi regional müharibəyə çevrilməmiş daha sərt addımlar atmağa hazırdır.

Maraqlıdır ki, indiyədək Əsəddən başqa heç bir qüvvə ilə iş görmək istəməyən Rusiya da Suriya müxalifəti ilə əlaqə axtarmağa başlayıb. Almaniyanın "Tageszeitung" qəzeti yazır ki, Rusiyanın xarici işlər naziri İordaniyada Suriyanın sabiq baş naziri, müxalifətin tərəfinə keçmiş Riyad Hicabla görüşüb. Lavrovun məqalədə qeyd olunmuş sözlərinə görə, o, Suriya müxalifətinin vətəndaş müharibəsindən çıxış yollarını necə gördüyünü "birinci əldən" öyrənməyə çalışıb. Bundan başqa, Lavrov bildirib ki, bu görüş müxalifətlə münasibətlərin  yollarının müəyyənləşdirilməsi, Suriya xalqının necə xilas edilməsinə dair planın qurulması baxımından vacib idi. Lavrov Bəşər Əsəd rejimi olmadan ölkənin xaosa sürüklənəcəyini əsas gətirərək Rusiyanın rəsmi Dəməşqi dəstəkləməyə davam etdiyini söyləsə də, sözügedən görüşün Əsəd rejimi üçün pis əlamət olduğuna şübhə yoxdur.

Əksər ekspertlərin fikrincə, Suriya müxalifətinə belə  beynəlxalq diqqət ciddi təhlükə də yaradır. Potensial "xarici oyunçular"ın hər birinin Suriyada müxalifətçilər arasında öz adamının olması müxalifətin birləşməsini daha da çətinləşdirəcək, demək, hakimiyyətin ötürülməsi prosesinin idarə olunması da dəfələrlə çətin olacaq. Bu halda Suriya həqiqətən də xaosa sürüklənəcək.

Amma görünür, bu oyunda geosiyasi "stavkalar" da  çox yüksəkdir.



MƏSLƏHƏT GÖR:

492