14 Mart 2025

Cümə, 21:51

OBAMA 2.0

Abş yaxın 4 ildə dünyada hansı siyasəti yürüdəcək?

Müəllif:

15.11.2012

ABŞ-da sayca 57-ci prezident seçkisi arxada qaldı. Seçkinin nəticələrinə əsasən, ölkənin 45-ci prezidenti Barak Obama yenidən Ağ Evə rəhbər seçildi və qarşıdakı 4 ildə də iqtisadi və hərbi baxımdan dünyanın ən qüdrətli ölkəsi olan Birləşmiş Ştatlara yenə də  rəhbərlik edəcək. Arxada qalmış seçki kampaniyası ölkə tarixinin ən bahalı seçki kampaniyası kimi tarixə düşdü. Prezidentliyə əsas iddiaçıların hərəsi seçki kampaniyasına təxminən 1 milyard dollar xərclədi. Namizədlərin Konqresə də xərclədiyi məbləği nəzərə alsaq, onların ümumi xərci 6 milyard dollara çatır.

Seçki kampaniyasında gərginliyin son anadək davam etməsi və son günlərədək namizədlərdən hər hansının aşkar üstünlük qazana bilməməsi seçicilərin səsinin demək olar ki, yarı bölündüyünü söyləməyə əsas verir. ABŞ-da qalibin xüsusi seçicilərin səsilə müəyyənləşdiyi fərqli seçki sistemi üzündən hər kəs tərəddüd içində olan ştatlardan gələcək nəticələri gözləyirdi, Barak Obamanın 303 seçicinin səsini qazandığı bəlli olduqda (qələbə üçün 270 səs tələb olunur) respublikaçı namizəd Mitt Romni yekun nəticələrin elan olunmasını gözləmədən məğlubiyyətini etiraf, rəqibini isə  təbrik etdi və ona uğurlar dilədi.

Barak Obamanın seçkidən qalib çıxacağını əksər analitiklər də proqnozlaşdırırdı və bu qələbə kifayət qədər gözlənilən idi. Ölkədəki ağır iqtisadi durum onu dəstəkləyənlərin sayını bir qədər azaltsa da, əhalinin əksəriyyəti hələ də hesab edir ki, yaşanan iqtisadi böhranın səbəbkarı oğul Corc Buşun administrasiyasıdır. Hazırkı prezidenti dəstəkləyənlərin fikrincə, Obama və administrasiyası maddi böhranın önlənməsi və iqtisadi tənəzzülün qarısının alınması üçün əlindən gələni edib. Üstəlik, son dövrlərdə durğunluqdan qurtulmanın əlamətləri də hiss olunur, əmək və daşınmaz əmlak bazarlarında canlanma müşahidə edilir.

Gənc və xarizmatik Barak Obama yaşlı və darıxdırıcı Mitt Romni fonunda daha faydalı təsir bağışlayırdı. Üstəlik hazırkı prezidentin vəziyyəti ona əlavə üstünlüklər də qazandırırdı. Obama seçki kampaniyasını yarımçıq kəsərək ABŞ-ın şərq sahillərini dağıtmış qasırğanın nəticələrimnin aradan qaldırılmasına rəhbərliyi şəxsən öz üzərinə götürməklə, bu vəziyyətdən effektiv yararlana bildi. Müşahidəçilərin fikrincə, son anadək kimi dəstəkləyəcəyini müəyyənləşdirməməmiş seçicilərin seçimlərini Obamanın xeyrinə etməsində məhz bu amilin böyük rolu olub.

Ənənəvi olaraq amerikalı seçicilər üçün prezidentliyə namizədin təmsil etdiyi partiyanın proqramı yox, onun görünüşü, kameralar qarşısında duruşu daha vacibdir. Teledebatlar göstərdi ki, rəqiblər ölkə üçün aktual problemlərin həllinə yanaşmalarını, bununla bağlı mövqelərini müzakirə etməyə yox, bir-birlərinə şəxsən hücum etməyi üstün tutublar. Bununla yanaşı, seçki platformalarına əsasən demək olar ki, Demokratlar Partiyası sosial təminatı, təhsilə xərclərin artırılmasını, Əfqanıstan müharibəsinin bitməsini, immiqarsiya sahəsində islahatları, zənginlər üçün vergilərin artırılmasını təklif edir. Respublikaçılar isə vergilərin azaldılmasını, sosial xərclərin ixtisarını, hərbi büdcənin artırılmasını, qeyri-leqal immiqrantların ölkədən çıxarılmasını, abortun tam qadağan olunmasını vacib sayır.

Sonda demokratların hədəfləri seçiciləri daha çox qane etdi və onlar nəinki Ağ Evə rəhbərliyi əldə saxladılar, üstəlik ABŞ Senatında da çoxluqda qaldılar. İndi Senatda demokratlar 52, respublikaçılar isə 45 yerə malikdir. Bununla yanaşı, iki müstəqil senator da adətən demokratlarla eyni mövqedən çıxış edir. Əvəzində Nümayəndələr Palatasında çoxluq respublikaçılardadır. Qeyd edək ki, seçkiylə eyni vaxtda bəzi ştatlarda referendum da keçirilib. Müşahidəçilərin bildirdiyinə görə, həmin referendumlar nəticəsində son dərəcə liberal yeniliklər qüvvəyə minib: məsələn, Kolorado ştatında marixuananın leqallaşdırılması, yaxud Men və Merilend ştatlarında eyni cinslərin nikahına icazə verilməsi.

Əvvəlki illərdən fərqli olaraq, ənənəvi fəal və çığır-bağır salan erməni lobbisi bu seçki kampaniyasında nəzərə çarmpayıb. Bunun səbəbi var. Dələduz əməllərilə Amerika büdcəsinə yüz milyonlarla dollar ziyan vurmuş və eyni zamanda ermənilərin lobbi təşkilatlarını maliyyələşdirmiş erməni kriminal qrupları ilə bağlı qalmaqallar ABŞ siyasətçilərində onlarla bağlı ehtiyatlılıq yaradıb. İndi amerikalı siyasətçilər bu qüvvələrlə assosiasiya olunmaq istəmir.

Kampaniya dövründə namizədlərdən heç biri erməni təşkilatlarının ABŞ-ın "1915-ci il soyqırımı"nı tanıması məsələsinə münasibət bildirməsilə bağlı çağırışlarına reaksiya verməyib və bu, qətiyyən təəccüblü deyil. Məhz bu üzdən həmin təşkilatlar tərəfdarlarını bu və ya digər prezidentliyə namizədi dəstəkləməyə çağırmayıb və Konqresə namizədlərlə işləməyə üstünlük verib.

Vaşinqtonun hökumət dəhlizlərində erməni lobbisinin nüfuzunun zəifləməsi həm də onunla bağlıdır ki, Yaxın Şərq və Əfqanıstandakı hazırkı vəziyyətdə Türkiyə və Azərbaycanın müttəfiq dəstəyi, amerikalı siyasətçilərin ənənəvi olaraq "əzabkeş ermənilər"ə nümayiş etdirdikləri "ürək yanğısı"nı üstələyir. Amma "1915-ci il soyqırımı"nın 100 illiyinin yaxınlaşması ilə əlaqədar ermənilərin yenidən fəallaşacağı istisna deyil. Bu baxımdan Sürix protokollarının Azərbaycanın zi-yanına yenidən bu və ya digər formada "canlandırılacağı" istisna edilmir. Odur ki, həm bizim diplomatlarımız, həm də türkiyədəki dostlarımız diqqətli olmalıdırlar.

Amerikanın siyasi ənənələrinə əsasən, bir prezident ikinci səalahiyyət müddətində əməllərində daha sərbəst olur. Çünki bu zaman o, təkrar seçilməsinin qeydinə qalmır. Odur ki, Barak Obamadan administrasiyasının formalaşdırılmasında daha böyük müstəqillik və daha cəsarətli qərarlar gözləmək olar. Artıq yaxın həftələrdə o, maliyyə "uçurum"undan qurtulmaq üçün Konqreslə razılığa gəlməlidir. Çünki bir sıra vacib və təcili həll edilməli olan məsələlərin çözümü seçki üzündən təxirə salınmışdı.

Aktual beynəlxalq məsələlərə gəlincə, ABŞ-dan Suriyadakı böhranın aradan qaldırılması və İranın nüvə proqramı ilə bağlı problemin həlli istiqamətində qəti addımlar gözlənilir. Barak Obamaya səs vermiş amerikalı seçicilər ABŞ Silahlı Qüvvələrinin uzaqdakı münaqişələrə cəlb olunmasını dəstəkləmədiklərini nümayiş etdiriblər. Bu üzdən güman etmək olar ki, Suriyaya hərbi müdaxilə və ya İranın nüvə infrastrukturuna bombaların atılması kimi təhlükəli hərbi planlar yaxın vaxtlarda həyata keçirilməyəcək. Güman ki, bu problemlərin dünyanın və regionun fövqəldövlətlərinin iştirakı, ikitərəfli və çoxtərəfli danışıqlar yolu ilə həlli üçün yeni cəhdlər ediləcək.

ABŞ-ın xarici siyasətinin məzmunu olmasa da, üslubu böyük ölçüdə Barak Obamanın Dövlət Departamentinə rəhbərliyi kimə tapşırmasından asılı olacaq. Hazırki dövlət katibi Hillari Klinton istefaya getmək niyyətində olduğunu çoxdan açıqlayıb. Onun yerini tutmağa əsas namizədlər sırasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Raysın, Senatın beynəlxalq məsələlər komitəsinin rəhbəri Con Kerrinin və prezidentin mili təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tomas Donilonun adları çəkilir.

Xatırladaq ki, Kerri 2004-cü ildə demokratların ABŞ prezidentliyinə namizədi olub. Lakin seçkidə oğul Corc Buşa qalib gələ bilmədi. Hazırda Senatın nüfuzlu komitəsinə rəhbərlik edən Kerri xarici siyasi problemlərdən yaxşı xəbərdardır. Senator yalnız Demokratlar Partiyasında yox, Kapitolidə də böyük nüfuz sahibidir. Məsələnin pis tərəfi senator Kerrinin erməni lobbiçilərinin ciddi təsiri altında olmasıdır. Senatın sözügedən komitəsi məhz onun rəhbərliyi dövründə Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna təyinatını təsdiqləməyib.

Syuzan Rays da kifayət qədər tanınmış şəxsdir. O, Moskvanın Suriya və İranla bağlı mövqeyinə qarşı son dərəcə sərt çıxışları ilə yadda qalıb. Azərbaycanın BMT TŞ-yə üzvlüyü dövründə onunla yaxşı işgüzar əlaqələrimiz qurulmalıdı. Rays bir qadın kimi müəyyən üstünlüklərə də malikdir. Çünki son dövrlərdə ABŞ-da dövlət katibi postuna daha çox qadınlar təyinat alır (Madlen Olbrayt, Kondoliza Rays, Hillari Klinton).

Tomas Donilona gəlincə, geniş ictimaiyyət onu o qədər də tanımır. Amma Obamanın özünə ən yaxın şəxslərdən biri kimi, məhz Donilona üstünlük verəcəyi istisna deyil.

Amma dövlət katibi nə qədər vacib rola malik olsa da, beynəlxalq siyasətdə, beynəlxalq arenadakı əsas tərəfdaşlarla münasibətlərdə dövlətin mövqeyini müvafiq nazirlik və qurumların rəhbərləri, aparıcı əməkdaşlarla müzakirələrdən sonra, bilavasitə Ağ Evin sahibi müəyyənləşdirir. Prezident Obama hələ ilk səlahiyyət müddətində beynəlxalq arenada birtərəfli addımlar atmağa meyilli olmadığını, həmçinin hər hansı məsələnin həlli zamanı diplomatik vasitələrə üstünlük verdiyini nümayiş etdirib. Obama bir çox dövlətlərin liderlərilə şəxsi münasibətlər qurub, ona görə də şübhəsiz ki, onun yenidən prezident seçilməsi bütün dünyada müsbət qarşılanıb.

Azərbaycan Prezidenti İlham Əliyev də Barak Obamanı qələbə münasibətilə səmimiyyətlə təbrik edib: "İnanıram ki, Sizin növbəti prezidentliyiniz dövründə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan strateji tərəfdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək, ölkələrimiz birlikdə beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar sahəsində sıx əməkdaşlığı uğurla davam etdirəcəklər. 

Azərbaycan, həmçinin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir".

Azərbaycan liderinin sözlərində ümidlə yanaşı, ABŞ prezidentinə Qarabağ münaqişəsinə diqqəti artırması ilə bağlı bir çağırış da var. Çünki Vaşinqton son illərdə bu məsələdə əsas rolu Rusiyaya verib və Moskva bu prosesdə özünü heç də tam qərəzsiz aparmır. Rusiyanın daha çox erməni müttəfiqinin maraqlarına cavab verən həll variantını işə keçirmək cəhdləri danışıqlar prosesinin dalana dirənməsinə səbəb olub. Amma nüfuzlu analitiklər, "Politico" nəşrinin redaktoru Bill Nikols və Milli İctimai Radionun (NPR) redaktoru Ron Elvinq hesab edirlər ki, hələlik Vaşinqtonun regionla bağlı siyasətində ciddi dəyişikliklər gözləmək olmaz. Postsovet ölkələri üzrə amerikalı ekspert Yuri Siqov da Day.Az saytına müsahibəsində bildirib ki, Cənubi Qafqaz Vaşinqtonun maraq dairəsindədir və burada ona "yalnız bir şey lazımdır - sabitlik və Amerikanın maraqlarına hörmət; burada müharibələr olmasın, Amerika şirkətləri özlərini burada rahat hiss etsin, onun burada illərdir fəaliyyət göstərən boru xətlərini heç kim narahat etməsin. Qalan hər şey yenə də xüsusi nümayəndələr, Dövlət Departamenti və Pentaqonun orta səviyyəli məmurları, həmçinin ciddi Amerika biznesi səviyyəsində həll olunacaq. Amma vəziyyəti İran ətrafında hadisələrin gedişi, xüsusilə bu münaqişəyə yaxınlıqdakı postsovet ölkələrinin qismən də olsa cəlbi dəyişə bilər".

İranda və ya Qarabağda hərbi əməliyyatların başlanması Vaşinqtonun regiondakı vəziyyətə, buradakı həll olunmamış münaqişələrə diqqətini artırması üçün heç də ən yaxşı vasitə deyil. Əfqanıstana tranzit daşımaları, nəhəng enerji layihələrinin reallaşdırılması kimi məsələlərdə ABŞ-ın vacib tərəfdaşı olan Azərbaycan müasir dünyəvi dövlət modelinə üstünlük verən azsaylı müsəlman ölkələrindəndir. Sürətlə müasirləşməkdə olan Azərbaycanın Ağ Ev və Dövlət Departamenti tərəfindən daha böyük anlayış və dəstək gözləməsi onun haqqıdır. Azərbaycan rəhbərliyi və diplomatları isə öz növbələrində Azərbaycan-Amerika münasibətlərinin inkişaf etdirilməsinə, möhkəmləndirilməsinə hazır olduqlarını göstərirlər.



MƏSLƏHƏT GÖR:

411