
CITY CHALLENGE VƏ “FORMULA-1” BAKIDA
Bütün dünyadan milyonlarla insanın diqqəti yenidən Bakıya cəmləndi
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycanda sürəti çox sevirlər. Lakin ən adi avto-motoyarışlar belə ölkəmizdə, demək olar ki, keçirilmirdi. Həmişə televiziya ekranlarında izlədiyimiz "Formula-1" yarışlarının canlı tamaşaçısı olmaq isə ümumiyyətlə əlçatmaz bir arzu sayılırdı. Və nəhayət, bu baş verdi. Qurban Bayramı günlərində sürət həvəskarlarımız Bakıda "Formula-1"in canlı tamaşaçısına çevrildilər. Oktyabrın 26-28-də paytaxtımızda dünya səviyyəli möhtəşəm idman şousu - "City Challenge GT3" seriyası və “Formula-1" klassik avtomobillərinin yarışı keçirildi.
Müxtəlif ölkələri təmsil edən 10 komanda və "Porsche", "Aston Martin", "Audi", "BMW", "Ferrari", "Lamborghini", "Mercedes Benz" kimi tanınmış markalara aid 35 avtomobilin qatıldığı yarış 32 ölkənin 65 telekanalı vasitəsilə bütün dünyaya canlı yayımlanırdı. Hələ yarışdan əvvəl gözlənilirdi ki, onu dünyanın 120 ölkəsindən 300 milyonadək insan izləyəcək. Bu barədə "City Challenge"in icraçı direktoru Helmut Beyer məlumat vermişdi. Yeri gəlmişkən, "yarışın keçiriləcəyi yeri "City Challenge"in rəhbəri özü seçmişdi", - deyə mətbuatla iş üzrə əlaqələndirici Rene de Boer bildirib.
Uzunluğu 2,1 km.-ə çatan və 14 döngədən ibarət olan yarış zolağı Hökumət Evi ətrafında quraşdırılmışdı. Proqrama 1960-cı il nümunəli "Formula-1" avtomobillərinin Hökumət Evi ətrafına xüsusi dövrələri və avto-şou daxil idi.
Bakı sakinləri həmçinin “Formula-1" çempionları Jak Vilnev və Yos Ferstappenin çıxışlarını izləmək imkanı qazanmışdı. Keçmiş "Formula-1" pilotları Azərbaycan paytaxtında özlərini "Porsche 911 GT3-R" avtomobillərində sınadılar.
Hələ Azərbaycana gəlməzdən öncə J. Vilnev bu səfəri səbirsizliklə gözlədiyini demişdi. "İndiyədək Bakıda olmamışdım, böyük maraqla mənim üçün naməlum olan bu mədəniyyətlə tanışlığımı gözləyirəm. Eşitdiyimə görə, Azərbaycanda avtomobil idmanı o qədər də inkişaf etməyib. Bu səbəbdən yerli sakinlərə nəsə yeni bir şey göstərə biləcəyəm. Orada başgicəlləndirən yarış gözləyirəm. Hər halda bu yarışa "Formula-1" mərhələsinə hazırlaşdığımdan pis hazırlaşmıram", - deyə kanadalı avtopilot, 1995-ci il "İndikar" seriyası və 1997-ci il "Formula-1" üzrə dünya çempionu bildirmişdi.
Yos Ferstapen isə öz növbəsində Bakıya dəvəti "maraqlı çağırış" adlandırmışdı. "Mənə düşünmək üçün vaxt razım gəldi, lakin baxdım ki, təklif çox maraqlıdır. Hazırda "GT-3" yarışları sürətlə beynəlxalq səviyyəyə qalxır. Buna görə də burada iştirak mənə yaxşı perspektivlər vəd edir. Xoşum gəlsə, yəqin ki, nəsə alınacaq. Hərçənd bu mənim üçün ilk belə təcrübədir, çünki bu maşınla tanış deyiləm", - deyə 40 yaşlı hollandiyalı pilot "1news.az" saytına bildirib.
Yarışın nəticələrinə gəldikdə isə, "GT3" finalının qalibi "McLaren MP4" yürüş avtomobilinin pilotları Frederic Makovieski və Stef Düsseldorf olub. Qaliblər HEXIS komandasının üzvləridir. Yarışda ikinci yerə "BMW Z4" avtomobilinin pilotları Keçele və Lauda, üçüncü yerə isə daha bir "BMW Z4" avtomobilinin pilotları Yelmer Buurman və Nikolas Mayer-Melnhoff sahib çıxıblar.
"Gymkhana city drift" üzrə final mərhələsinin qalibi isə "BMW M5" avtomobilinin pilotu Rohan van Riel oldu. Qeyd edək ki, "Gymkhana city drift" yarışları pilotlardan şəhərin küçələrində sürətlə hərəkət etdikləri zaman müxtəlif manevrləri yerinə yetirməyi tələb edir. Manevrləri daha peşəkar və rəngarəng edən sürücü qalib elan olunur.
Yüksək sürət olan yerdə qəzasız ötüşmək real görünmür. Bakıda keçirilən tarixi "Formula 1" yarışmasının final mərhələsi zamanı braziliyalı Abba Kogan idarə etdiyi "March 761" avtomobili ilə qəzaya uğrayıb. Qəza zamanı yanğın baş verib. Pilot vaxtında avtomobili tərk etdiyindən xəsarət almayıb. Ümumilikdə, turnir zamanı ciddi texniki problem və ya qəza qeydə alınmayıb. Yarışın texniki direktoru Jan Kralın "Region+"a verdiyi məlumata görə, yarışma zamanı yalnız 3 avtomobil yüngül qəza törədib.
Yarışdan sonra “Formula-1” çempionu məşhur Yos Ferstappenlə görüşüb söhbətləşdik. Məşhur pilot Azərbaycana ilk səfərindən razı görünürdü. Məlumat üçün xatırladaq ki, Hollandiyadan olan Ferstappen keçmiş "Formula-1" pilotudur. O, "Benetton", "Simtek", "Footwork", "Tyrrell", "Stewart", "Arrows", "Minardi" komandalarının tərkibində çıxış edib. 1999-cu ildə "Honda" komandasının "Formula-1" yarışlarına qayıtması layihəsində test-pilot olub. 2005-2006-cı illər Qran-prisində A1 seriyasının birinci pilotu kimi Hollandiya komandasını təmsil edib, Durban trasında keçirilən əsas yarışın qalibi olub. 2008-ci ildə Hollandiyanın "Van Merksteijn Motorsport" komandasının tərkibində Le-Man seriyasında ikinci kateqoriya prototipləri sinfində (LMP2) çempion olub. Hazırda Le-Man seriyasında çıxış edən Ferstappen 2009-cu ildə bu seriyada 24 saat zavod istehsallı LMP 1 kateqoriyalı Aston Martinlə iştirak edib.
- Bakıya xoş gəlmisiniz. Doğrusu, bu qədər məşhur pilotu eyni vaxtda paytaxtımızda görmək bir qədər gözlənilməz oldu...
- Etiraf edim ki, təşkilatçılar mənə müraciət edəndə özüm bir qədər təəccüblənmişdim. Amma onların keçirdikləri yarış diqqətimi cəlb etdi. Səbirsizliklə Bakıya gələcəyim günü gözləyirdim. İndi əminliklə deyə bilərəm ki, paytaxtınızdan yalnız xoş xatirələrlə ayrılacağam.
- Bakı sakinləri ilk dəfə belə möhtəşəm şou izləyirdi. Sizcə, onlar bu yarışmanı bəyəndi, yoxsa...
- "Formula-1" yarışmasını hamı sevə bilməz. Risk xoşlayan, adrenalin axtaran insanlar bu şounu hələ çox xatırlayacaq. Kənardan baxanda hər biriniz bu maşınları idarə etmək istəyirsiniz. Amma bu mümkün deyil. Peşəkar pilotlar bu maşınları istədiyi kimi sürə bilər, adi insanlar üçün bu təhlükəlidir. Yarışma zamanı tamaşaçılar özlərini sükan arxasında hiss etməyi bacarmalıdır. Maşını idarə edən biz olsaq belə, seyrçiləri yanımızda təsəvvür edirik. Yalnız bu halda sürət adama xoş gəlir.
- Sizcə, azərbaycanlı sürət həvəskarlarından kimsə "Formula-1"də iştirak edə bilər? Bakı küçələrində saatda 100-120 km sürətlə maşın sürənlər az deyil...
- (Gülür) Hər bir insanın öz işi var. Adi həyatda maşın idarə etmək tam başqadır. Siz bizim sürdüyümüz maşınlara baxın. Adam sükan arxasına əyləşəndə artıq həyəcanlanır, o ki qaldı onu sürməyə. Lakin hər bir şeyi öyrənmək mümkündür.
- Çoxlu sayda məşhur yarışlarda iştirak etmisiniz, Bakıdakı mübarizə nə ilə yadınızda qalacaq?
- Adətən, "Formula-1" yürüşləri onlar üçün ayrılan xüsusi yerlərdə keçirilir. Bakıda biz şəhərin ən gözəl yerində maşın sürdük. Bu çox gözəl hisslərdir. Ətraf gözəl binalar, parklar oldu. Belə gözəl yerdə yarışda iştirak etmək adama müsbət enerji verir. Küçə dairələrində yarışmaq hər zaman xüsusi məqam olur. Bu cür turnirləri ABŞ-da çox izləmişəm və orada iştirak da etmişəm. Bu, yerli insanlar üçün yeni təcrübə olacaq. Təşkilatçılıqdan razı qaldım. Hər şey yüksək səviyyədə həll edilmişdi.
- Bakı gələcəkdə "Formula-1" kimi mötəbər yarışın mərhələsini keçirə bilərmi?
- Çətin sualdır. Onun üçün hərəkət zolağı daha uzun olmalıdır. Məsafədən asılıdır. Lakin fikrimcə, Bakı artıq dünyaya istənilən yarışı keçirə biləcək gücdədir. Sadəcə işləmək lazımdır. Ola bilər, "Formula-1"i mərkəzi küçələrdə deyil, başqa yolda keçirəsiniz. Şəhərinizi yaxşı tanımadığımdan, dəqiq fikir söyləməkdə çətinlik çəkirəm. Əgər təşkilatçılar dünya çempionatı kimi rəsmi turnirin mərhələsini keçirmək istəsələr, yəqin, çıxış yolu taparlar.
- Bakı tamaşaçılarından razı qaldınızmı?
- İstənilən halda, sürəti Bakıda sevirlər. Bu yarış zamanı adi insanların emosiyalarını, hərəkətlərini gördüm. Sürəti sevirlərsə, deməli "Formula-1"ə azarkeşlik edirlər. Avtoralli Bakı sakinlərinə xoş anlar yaşatdı. Biz də belə tamaşaçılar qarşısında çıxış etməkdən zövq aldıq.
MƏSLƏHƏT GÖR: