25 Noyabr 2024

Bazar ertəsi, 13:22

BÖYÜK TİKİNTİ

"Bakubuild-2012" göstərdi ki, Azərbaycanın inşaat bazarında nəzərəçarpacaq istehsal artımı hiss olunur

Müəllif:

01.11.2012

Azərbaycanın tikinti bazarı artıq bütünlükdə tələbatın aşağı düşməsi pikini arxada qoyub və son iki ildə dəqiq şəkildə istehsalatın artması meyli hiss edilməyə başlanıb. Hökumətin nəhəng şəhərsalma və infrastruktur planları nəzərə alındıqda, böyük ehtimalla yaxın iyirmi ildə bu meyil aparıcı olaraq qalacaq. 

Oktyabrın  ortalarında Bakıda  keçirilmiş 18-ci beynəlxalq "BakuBuild-2012" sərgisi də bunu açıqca göstərdi. "Iteca Caspian" şirkəti tərəfindən hər il keçirilən tikinti sərgisi xarici şirkətlərin göstərdiyi maraq baxımından neft və telekommunikasiya forumları ilə birlikdə ilk üçlüyə daxildir. 

 

Sərgi göstəricisi 

 "BakuBuild-2012" sərgisinin gedişində tikinti sektorunun miqyasını və inkişaf səviyyəsini aydın görmək mümkün idi, sərgi çərçivəsində həm də iki başqa ənənəvi forum keçirildi. Bu, dördüncü "İsitmə, ventilyasiya, soyutma, su təchizatı, santexnika, hovuzlar, ətraf mühitin mühafizəsi texnologiyaları, bərpa olunan enerji" sərgisi - "Aqua-Term Baku-2012",  həmçinin artıq beşinci dəfə keçirilən  "Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri - CIPS-2012" sərgisidir. 

Bütünlükdə bütün bu tematik istiqamətlərdə 31 dövlətdən 455 şirkət iştirak edib və özü də onların üçdəbiri öz məhsullarını Bakıda ilk dəfədir nümayiş etdirib. İştirakçı sayına və ümumi ekspozisiya sahəsinin artmasına görə indiki forum 20%-lik artım təmin edib. Sərgi iştirakçılarının 35%-nə qədəri yerli şirkətlərdir ki, onların çoxu artıq bir neçə ildir  sərgini öz məhsullarını MDB ölkələrinin bazarına çıxarmaq  üçün effektiv meydan kimi istifadə edirlər. 

Azərbaycanın tikinti bazarına yetərincə artmış marağı xarici ölkələrin ildən-ilə çoxalan kollektiv stendləri də nümayiş etdirir. Bu il "BakuBuild"in işində yeddi kollektiv ekspozisiya nümayiş etdirilib: onların içində sərginin daimi iştirakçıları - Finlandiya, Almaniya, İtaliya, İran, İspaniya və Portuqaliyadan olan milli qruplar da var idi. Forumun debütantı isə yunan milli qrupu olub və o, Bakıya Yunanıstanın ticarət-sənaye palatası "HEPO"nun dəstəyi ilə gəlmişdi. Azərbaycan bazarına əvvəlki kimi Çin və Türkiyə tikinti materialları istehsalçıları böyük maraq göstərirlər, onlar sərgidə ən böyük meydançaları rezervləşdirmişdilər.

Özü də tikinti sektoruna xarici maraq yalnız sərgilərdə iştirakla, burada öz məhsul və xidmətlərinin satılması ilə  məhdudlaşmır.  "Keçən ilin üç rübünün yekununa görə, ölkə iqtisadiyyatına bütün maliyyə mənbələrindən $16 mlrd.-a yaxın sərmayə yatırılıb ki, özü də yatırımların önəmli bölümü son illərdə yenidən böyük vüsət almış tikinti sektorunun payına düşür", - deyə "BakuBuild-2012" sərgisinin açılışında Azərbaycanın Dövlət Tikinti və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəisi Cahangir Qocayev bildirib. Bütünlükdə, son on beş ildə bizim ölkə iqtisadiyyatına yönəlmiş birbaşa xarici sərmayələrin 18-20%-i tikinti sektorunun payına düşüb. 

Təəccüblü deyil ki, təxminən, 1500 şirkətdən və 64 min işçidən ibarət yerli tikinti sektoru 2008-2009-cu illərdə sahə tənəzzülünə səbəb olmuş qlobal iqtisadi böhranın təsirlərini uğurla aradan qaldırıb və son iki ildə uğurla müsbət inkişaf dinamikası nümayiş etdirib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il ölkədə istifadəyə verilən tikinti sahəsi 1,922 mln kv.metrə çatıb ki, bu da ötən ilin göstəricisini 7% geridə qoyub. Bu pozitiv meyli cari ildə də qorumaq mümkün olub: 2012-ci ilin yanvar-avqust aylarının nəticələrinə görə, tikintidə keçənilki göstərici ilə müqayisədə 34,9 faizlik artım müşahidə edilib. Tikinti sektorunun inkişaf templərinə görə Azərbaycan artıq ikinci ildir, böhrandan əvvəlki göstəriciləri arxada qoyub. Sevindiricidir ki, görülən işlərin dörddəüçü özəl bölmənin payına düşür. Tikinti işlərinin strukturuna baxaraq vurğulamaq olar: bütün kapital qoyuluşlarının 73,2%-ə qədəri yenitikililərin payına düşüb və bu rəqəmlər açıq-aydın göstərir ki,  mənfi qlobal meyillərə baxmayaraq, yerli tikinti sənayesi istehsal həcmlərini artırmaq imkanındadır. 

 

Maddi məsələ 

Aydındır ki, məhz tikintidəki yüksək templər Azərbaycanda şaxələndirilmiş tikinti materialları istehsalının yaradılmasında katalizator rolunu oynayıb. Bunun daha aydın şəkildə tikinti sektorunun fundamental bazasının - sement istehsalının inkişafı göstərir. Ölkənin bu vacib tikinti materialına illik tələbatı 4-4,5 mln ton arasında dəyişir və yaxın illərdə bu göstərici 6 mln tona çatacaq. Artan tələbatın təmin edilməsi üçün ölkədə  yeni sement müəssisələri tikilir və mövcud müəssisələr modernləşdirilir. Yaxın bir-iki ildə Azərbaycan bölgədə sementə olan tələbatını artıqlaması ilə yerinə yetirən və ixracı təmin etməyi bacaran ilk dövlət olacaq. Artıq gələn ilin sonuna Azərbaycan özünü sementlə tam təmin edəcək, sənaye müəssisələrinin güc rezervləri isə ildə 1,5 milyon tona yaxın sementin və klinkerin ixrac edilməsinə  imkan yaradır. Tikintidə geniş istifadə  olunan armaturların və başqa metal konstruksiyaların istehsalında da az uğurlar qazanılmayıb. 

Quru qatışıqlar və örtük materiallarının aparıcı istehsalının fəaliyyəti də ölkənin tikinti sektorunun inkişafı ilə bağlı optimizm sərgiləyir. Tikinti sektorunu müxtəlif ölçülü polimerlərlə, güc kabelləri ilə və mürəkkəb metal konstruksiyaları ilə təminat edən yeni müəssisələr Sumqayıt texnoparkında açılıb. Çox sayda şirkət lak-boya məhsullarının, isitmə və izolyasiya materiallarının istehsalını mənimsəyiblər. 

Tikinti materialları istehsal edən müəssisələrin siyahısı ildən-ilə artır və bu artım inamlı şəkildə  böhrana davamlı olduğunu və mənfi qlobal meyillərə baxmayaraq, istehsal həcmini artırmağa qadir olduğunu işdə sübut etmiş yerli tikinti sənayesi tərəfindən dəstəklənir. 

 

Böyük planlar 

Əlbəttə, Azərbaycanın tikinti bazarında sabitlik və artım daha çox hökumət tərəfindən gerçəkləşdirilən irimiqyaslı layihələrdən asılıdır. Dövlətin planlarına görə, bu artım gələcəkdə də dəstəklənəcək. O cümlədən indiki tikinti sərgisi iştirakçılarının çoxunu 2030-cu ilə qədər gerçəkləşdiriləcək Böyük Bakının regional inkişaf planı maraqlandırıb. 

Keçən iki il ərzində Azərbaycanda praktiki olaraq paytaxtın və onun ətraf qəsəbələrinin Baş inkişaf planının işlənməsi başa çatdırılıb. MDB dövlətlərinin tikinti sahəsində əməkdaşlıq üzrə hökumətlərarası şurasının bu yaxınlarda baş tutmuş 35-ci iclasının gedişində Böyük Bakının 2030-cu ilə kimi regional inkişaf planının əsas parametrləri təqdim edilib. Bu planın gerçəkləşdirilməsi  şəhər məhəllələrinin irimiqyaslı yenidən qurulmasını, istirahət zonalarının yaradılmasını tələb edir ki, bunun üçün köhnə yaşayış fondunun bir hissəsinin sökülməsi, həmçinin sənaye, inzibati, tədris, başqa bina və qurğuların şəhər kənarına çıxarılması lazımdır. 

Yaxın illərdə Azərbaycan paytaxtında 1990-cı illərin sonunda və 2000-ci illərin əvvəllərində baş vermiş tikinti bumunun həmin illərə xarakterik olan xaotik işlərin  və Bakının şəhərsalma planlaşdırılmasının çoxsaylı pozuntularının mənfi nəticələri aradan qaldırılmalıdır. "Artıq keçən əsrin 70-ci illərində Bakı amfiteatrının tikilməsinin praktiki olaraq başa çatması ilə şəhərin gələcək inkişaf konsepsiyasının mövcud sərhədlərdən kənarda axtarılmasının vacibliyi ortaya çıxmışdı. Bununla bağlı olaraq hələ 1987-ci ildə paytaxtın bütün Abşeron yarımadasının ərazisini əhatə edən  beşinci Baş planın işlənməsinə başlamaq barədə qərar qəbul edilmişdi", - deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin başçısı Abbas Ələs-gərov MDB ölkələrinin tikinti fəaliyyəti üzrə şurasının iclasında bildirib. Onun sözlərinə görə, obyektiv səbəblər üzündən bizim ölkə paytaxtın Baş planının işlənməsinə yalnız son üç ildə qayıtmaq mümkün olub. 

Böyük Bakının memarlıq görkəmi və şəhər alqomerasiyasının genişlənməsi perspektivləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən necə görünür?

Son 10-12 ildə Azərbaycanın inkişafı torpaq fondunun kompleks qiymətləndirilməsinin, planlaşdırılmasının və istifadəsinin önəmini xeyli artırıb. Bu aspektlər Azərbaycan əhalisinin 36%-nin cəmləşdiyi, sıx tikilili paytaxt üçün xüsusilə aktualdır. Özəlliklə də ekspertlərin qiymətləndirilməsi nəzərə alınarsa, onda 1990-cı illərdə peyda olmuş təşkiledilməmmiş ərazilərin sahəsi 10 min hektardan artıqdır. Buna görə də yeni planın əsas vəzifəsi şəhərsalma prosesini elmi əsaslandırılmış, rasional, effektiv, əlaqələndirilmiş axına almaqdır ki, şəhər torpaq istifadəsinin stixiyalı əlamətlərinin qarışısı alına bilsin. 

Şəhərsalmanın vəzifələri isə ilk öncə vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması prinsipinə əsaslanır: bu, komfortlu tikinti mühiti, bütün ərazinin ekoloji durumunun yaxşılaşdırılması, dünya üzrə qəbul edilmiş mühəndislik təminatı standartlarına qədər qaldırılması, çağdaş sərnişin nəqliyyatının təkmilləşdirilməsi və s. deməkdir. 

Bu məqsədə çatmaq üçün Böyük Bakının sənaye, yaşayış, inzibati, əyləncə və başqa zonalarının planlaşdırılması üzrə işlər bütün Abşeron yarımadası, o cümlədən, Sumqayıt və Xırdalan şəhərlərinin əraziləri, həmçinin Abşeron inzibati rayonunun bir hissəsi də daxil olmaqla 250 min hektarlıq bir ərazini əhatə  edəcək. Bu ərazilərin Böyük Bakının vahid şəhərsalma planı çərçivəsində birləşdirilməsi ilk öncə iqtisadi-ərazi inkişafının templəri, həmçinin demoqrafik göstəricilərin yüksəlməsi ilə bağlıdır. 

O cümlədən, son illərdə əhalinin paytaxta və onun ətraf qəsəbələrinə miqrasiyasının artması paytaxtda əhalinin təbii artımı ilə birləşib. Daha bir fakt təqdirəlayiqdir: Böyük Bakının layihə ərazisi ölkə ərazisinin ümumi sahəsinin cəmi 6%-ni əhatə edir, amma dövlətin ümumi daxili məhsulunun, demək olar ki,  85%-i burada yerləşir. 

Gözlənilir ki, 2030-cu ilə qədər paytaxt ərazisində əhalinin artımı 745  min olacaq və bütünlükdə 3,35 mln insana çatacaq. Uyğun olaraq yaşayış fondunun da iki dəfə artması gözlənilir - o, 64,147 mln kv.metr təşkil edəcək. Bu zaman bölgədə bir adamın mənzil sahəsi ilə təminat göstəricisi indiki 17,3 kvadratmetr göstəricisindən 25 kv.metrə çatacaq. 

Yeni yaşayış massivlərinin yaradılması ilə yanaşı, yeni ərazilər, həmçinin paytaxtdakı sənaye müəssisələrinin çıxarılması üçün də işlədiləcək. Bu müəssisələr hazırda Bakı amfiteatrının mərkəzində yerləşirlər, heç bir ekoloji və funksional  tələblərə uyğun gəlmirlər. Dəniz limanının Bakı buxtasından çıxarılması və həmçinin perspektivdə iri ali məktəblərin şəhərətrafı universitet kampuslarına köçürülməsi də oxşar məsələnin həllidir. 

Təxminən, 2030-cu ilə kimi 22 min hektara yaxın neft-mədən ərazisi rekultivasiya ediləcək, onların böyük bölümündə meşə-park zolağı salınacaq. Ən azı 34 min hektar indi istifadə olunan və ya tərk edilmiş ərazinin yaşıllaşdırılması lazımdır: burada parklar, bağçalar peyda olacaq ki, bu əraziləin abadlaşdırılması zamanı da yol-küçə şəbəkəsi yüzlərlə kilometr uzanacaq. Təşkil edilməmiş birmərtəbəli tikililərin və keçən əsrin 60-70-ci illərində tikilmiş eynitipli binaların yenidən qurulması da nəzərə alınır. Çirkli göllərin sayı kəskin azalacaq, həmçinin şəhərsalma prosesinə Abşeron yarımadasının bu gün istifadə edilməyən kənd təsərrüfatı torpaqları da cəlb edilə bilər.  

 

Yüksək templər

Böyük Bakının regional inkişaf planının təsdiqi və gerçəkləşdirilməsinə başlanılması yaxın gələcəyin işi olsa da, bu sənəddə nəzərdə tutulan layihələrin çoxu artıq son illərdə uğurla gerçəkləşdirilib. Belə ki, 2006-cı ildən başlayaraq Bakıda yol şəbəkəsi üzrə nəhəng layihələr gerçəkləşdirilir: qısa müddət ərzində yüz kilometrlərlə yeni avtomobil yollarının tikintisi gerçəkləşdirilib və daha çox uzunluqlu yollar təmir edilib. Onlarca avtomobil körpüsü, tunellər və piyada keçidləri, iri nəqliyyat qovşaqları  tikilib, özü də onların sayı sovet illərində tikilənlərdən nəzərəçarpacaq dərəcədə çoxdur. 

Son bir neçə il ərzində əhəmiyyətli dəyişikliklər paytaxtın əsas görməli yerlərindən biri olan Dənizkənarı bulvardan da yan keçməyib. Onun uzunluğu iki dəfədən çox artırılaraq, 6,5 km.-ə çatdırılıb. Perspektivdə isə Bakı buxtasının şimal-şərq sahilinin Zığ qəsəbəsinə qədər olan hissəsi də cəlb edilməklə, bulvarın uzunluğu 11-12 kilometrə çatdırılacaq. 

Paytaxtda sadalanan yol və istirahət zonası layihələri və şəksiz ki, öz miqyasına görə nəhəng olan mənzil və inzibati tikinti fəaliyyəti yerli tikinti şirkətlərinin və Azərbaycanda tikinti materialları istehsalına meyilli olan müəssisələrin dinamik inkişafına,  həmçinin xarici şirkətlərin Azərbaycana diqqətinin artmasına imkan yaradan vacib amillərdəndir. 



MƏSLƏHƏT GÖR:

648