25 Noyabr 2024

Bazar ertəsi, 12:50

BÜDCƏ-2013

Azərbaycanın əsas iqtisadi qanununun başlıca parametrləri nə vəd edir?

Müəllif:

01.11.2012

Ənənəvi olaraq noyabr ayında Azərbaycan Parlamentində ölkənin 2013-cü il üçün Dövlət Büdcəsi layihəsi ətrafında müzakirələr başlayacaq. Son illərdə belə alışılıb ki, əsas iqtisadi sənədin başlıca rəqəmləri yenidən rekord vurur - proqnozlara görə, Dövlət Büdcəsinin gəlirləri 12,4%, xərcləri 12,1%, kəsr 3,5% artacaq. 

Bu zaman Dövlət Büdcəsinin gəlirləri 19,2 mlrd manat, xərcləri isə 19,8 mlrd manat səviyyəsində proqnozlaşdırılır. 2013-cü il üçün Azərbaycan ümumi daxili məhsulunun (ÜDM) 56,1 mlrd manat, iqtisadi artımının isə 5,3% manat səviyyəsində olacağı proqnozlaşdırılır.   

 

İqtisadiyyata əsaslanan siyasət 

Beləliklə, prinsipcə yuxarıda göstərilən rəqəmlər nə deməkdir? Hər şeydən öncə, 2013-cü il Azərbaycanın Dövlət Büdcəsinin gəlir hissəsinin artım dinamikasının yüksəldilməsi göstərir ki, fiksal siyasət ölkədə iqtisadi artımı dəstəkləmə mexanizmi kimi çıxış etməkdə davam edəcək.  Yeri gəlmişkən, dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə vergi-büdcə siyasəti iqtisadiyyatın artım templərinin azalmasının qarşısını almağa və ya eyni səviyyədə saxlamağa yönəlib. Azərbaycanda elə bir meyil müşahidə edilir ki, fiskal siyasət ölkənin iqtisadi artımının dəstək mexanizmi rolunu oynayır. 

2013-cü il Dövlət Büdcəsinin əsas cəhəti gəlirlər və xərclər arasında balansın olmasıdır ki, bu da büdcə kəsrinin saxlanılmasına və azaldılmasına təsir göstərir. Azərbaycanın maliyyə imkanları büdcəni kəsrsiz gerçəkləşdirməyə imkan verdiyi halda, ölkənin maliyyə sisteminin sabitləşməsi məqsədi ilə hökumət onu kəsrlə formalaşdırmaqda davam edir və bu, gələn il üçün ÜDM-in 1,17% səviyyəsində proqnozlaşdırılır. Məsələ bundadır ki, Dövlət Büdcəsinin kəsiri maliyyə, ilk növbədə isə bank sistemi və sığorta şirktələri üçün çox vacib elementlərdən biridir. Çünki dövlət dövriyyəyə dövlət qiymətli kağızlarını buraxır ki, banklar sərəncamlarında olan artıq likvid vəsaitlərini yerləşdirmək imkanı qazansınlar. 

Başqa ölkələrdən fərqli olaraq, Azərbaycan ildən-ilə büdcə kəsrini artırmır və onu yerləşdirilmiş qiymətli kağızlardan gələn pullar hesabına genişləndirmir, uyğun olaraq Avropanın çox sayda dövlətlərinin üzləşdiyi problemlərdən uğurla yan keçə bilir. 2013-cü ildə  misal üçün büdcə kəsrini özəlləşdirmədən və dövlət qiymətli kağızlarının yerləşdirilməsindən (o cümlədən, dövlət istiqrazlarının xaricdə yerləşdirilməsindən) gələn gəlirlər hesabına maliyyələşdirilməsi təklif edilir. Büdcə kəsrinin örtülməsinin başqa mənbəyi kimi isə 1 yanvar 2014-cü il durumuna Dövlət Büdcəsinin vahid xəzinədarlıq hesabında qalmış qalıq vəsaitlər göstərilir. 

 

Neftdən rifah üçün 

Bununla yanaşı, büdcənin effektivliyinin vacib meyarlarından biri də onun dünya iqtisadiyyatında baş verən proseslərdən asılılıq dərəcəsidir. Dünya bazarlarında neft qiymətləri dəyişdiyi halda, Azərbaycan büdcəsində neftin qiymətinin barrel üçün sabit $100 səviyyəsində saxlanılması bu meyarın ölkə üçün əlverişli səviyyəsindən xəbər verir. Və bu, həddindən vacibdir: 2013-cü ildə Azərbaycanın Dövlət Büdcəsinin  79%-i neft bölməsinin birbaşa ödənişləri əsasında formalaşacaq. 

Bu zaman Azərbaycanın Dövlət Büdcəsinin 59,3%-i ölkənin Dövlət Neft Fondunun transfertləri əsasında təmin ediləcək. Vergi daxilolmalarının ümumi həcminin də 41,2%-i də neft sektoru hesabına təmin ediləcək. 

Maraqlıdır ki, gələn ildə ölkə ÜDM-də neft sektorunun xüsusi çəkisi 38,6% səviyyəsində proqnozlaşdırılır, halbuki 2012-ci il üçün bu, 43,4% səviyyəsindədir. Proqnozlara görə, gələn il neft ÜDM-nin 2,9%, bu il isə 4,5% azalması, həmçinin neftdənkənar ÜDM-in isə uyğun 11,7% və 9,6% artması gözlənilir. 

Neft sektorunun ÜDM-də xüsusi çəkisinin azalmasına baxmayaraq, Azərbaycan neft-qaz hasilatının artırılmasına qayıdır. 2013-cü ildə 43,2 mln ton neft  və  28,8 mlrd kubmetr səviyyəsində qaz hasilatı gözlənilir. 

 

Sosialdan sərmayə yönüllüyə 

Həmçinin, ənənəvi olaraq, büdcə proqnozlarının hazırlanması zamanı onların sosial və investisiya yönümlü olmasına, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə, ölkənin müdafiə potensialının və iqtisadi gücünün artırılmasına, energetika və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafının dəstəklənməsinə, prioritet istiqamətlər üzrə və dövlətin inkişaf strategiyasına uyğun olan məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilirdi. 

Başqa sözlərlə, büdcənin prioritetləri əvvəlki kimi qalacaq. Birinci yerdə sosial xərclər, ikinci yerdə investisiya xərcləri, üçüncü yerdə isə ölkənin müdafiə qabiliyyəti gəlir. Sosial xərclər qanunla müdafiə edilir, buna görə də onların azaldılması mümkün deyil. Ölkə ərazisinin 20%-nin qonşu Ermənistan tərəfindən işğal edildiyi bir şəraitdə müdafiə xərclərini də azaltmaq olmaz. Buna görə də neftin dünya qiymətlərinin azaldılması kimi fors-major hallarında dəyişikliklər yalnız investisiya xərcləri ilə bağlı aparıla bilər. 

Rəqəmlərin dili ilə deyilsə, Azərbaycanın 2013-cü il üzrə Dövlət Büdcəsində sosial sahənin maliyyələşdirilməsi üzrə xərclər 5 mlrd manatdan çox nəzərdə tutulub ki, bu, 2012-ci il göstəricisindən 7,1% çoxdur. Maliyyə Nazirliyinin məlumatına görə, 2013-cü ildə 700 min büdcə işçisinin və dövlət qulluqçusunun əməkhaqqının qaldırılması planlaşdırılıb ki, buna 240 mln manat xərclənəcək. Beləliklə, 2013-cü il üçün orta aylıq maaşın həcmi 440,3 manat səviyyəsində nəzərdə tutulur ki, illik hesablamada bu, 3,9% deməkdir.

Ümumiyyətlə, 2013-cü ildə sosial yönümlü xərclərin xüsusi çəkisi Dövlət Büdcəsi xərclərinin 25,4%-inə bərabər olacaq. Özü də sosial layihələr yalnız büdcə işçilərinin əməkhaqqının artırılmasını nəzərdə tutmur. O cümlədən, 2013-cü ildə ipoteka kreditləşdirilməsinin maliyyələşdirilməsinin, həmçinin təhsil xərclərinin önəmli şəkildə artırılması da planlaşdırılır. 

Həmçinin, Azərbaycan hökuməti 6915,2 mln manat səviyyəsində və ya xərc hissəsinin 34,9%-i qədər dövlət sərmayələri planlaşdırmaqla, Dövlət Büdcəsinin investisiya fokusunu qoruyacaq. 2013-cü il üzrə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş əsas inkişaf istiqamətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ilin 9 ayı üzrə ölkənin sosial-iqtisadi inkişafının nəticələrinə həsr edilmiş iclasda səsləndirilib. Bu zaman o qeyd edib ki,  inkişafın əsas prioritet istiqamətlərindən biri əvvəlki kimi nəqliyyat sektoru olaraq qalır. Dövlət başçısı ölkədə sürətli dəmir yollarının işə salınmasına nail olmağa çağırıb. "Nəzərə alınsa ki, yaxın zamanlarda Azərbaycan nəqliyyat sahəsində iri tranzit ölkəyə çevriləcək  və Bakı - Tiflis - Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir, deməli, Azərbaycanın dəmir yolları yüksək dünya standartlarına cavab verməlidir", - deyə dövlət başçısı bəyan edib. 

Gələn il həmçinin turizm və kənd təsərrüfatı sektorlarının inkişafı gözlənilir. Hökumətdə ümid edirlər ki, Azərbaycanda aqrar sektorun inkişafı üzrə intensiv tədbirlər öz bəhrəsini 2013-cü ildə verəcək, onda iri fermer təsərrüfatları işə düşəcək və onları hektar üzrə taxıl məhsuldarlığı 50 sentnerdən çox olacaq, halbuki hazırla məhsuldarlıq 26 sentner səviyyəsindədir. 

Başqa sözlə, neft gəlirləri tikintinin inkişafına, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı infrastrukturunun, sosial-mədəni təyinatlı qurumların və s.-in bərpasını davam etdirməyə imkan verəcək. 

Bundan başqa, ilk dəfə gələn ildən başlayaraq, Azərbaycanın siyasi partiyalarına maliyyə vəsaitləri də ayrılacaq. Bütünlükdə, par-tiyalara iki milyon manat ayrılacaq. Rəsmi məlumatlara görə, başqa partiyalar seçkilərdə 3 faizlik baryeri keçə bilmədiklərindən, bu vəsaitlər Milli Məclisdə təmsil olunan 11 partiya arasında paylanacaq. Vəsait partiyaların deputat sayına uyğun olaraq bölünəcək. 

Proqnoz göstəricilərindən də müşahidə olunur ki, Azərbaycanda ölkə iqtisadiyyatının artımına imkan verən amillər dəyişir və Azərbaycan iqtisadiyyatının inkişafı prosesində daha çox keyfiyyət dəyişiklikləri müşahidə edilir. Ümumiyyətlə, hökumətdən həm də bildirirlər ki, zaman keçdikcə iqtisadiyyatın neftdənkənar bölməsinin artım templəri təbii şəkildə azalacaq, çünki fasiləsiz olaraq neftdənkənar ÜDM-in 10 faizlik artımını təmin etmək mümkün deyil. 

Ölkənin İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, dövlət başçısının yaxın 10 ildə ÜDM-in iki dəfə artırılması ilə bağlı qarşıya qoyduğu tapşırığın yerinə yetirlməsi üçün iqtisadiyyatın neftdənkənar bölməsi ildə orta hesabla 7%-dən bir qədər çox artmalıdır. Başlıca məsələ sabitliyi qorumaq, neft və neftdənkənar bölmələr arasında balans saxlamaqdır. Onda birinci həmişə ikinciyə fayda verər. 

 


MƏSLƏHƏT GÖR:

475