25 Noyabr 2024

Bazar ertəsi, 12:19

ÇİN "SƏDDİ" ÇAT VERİR

Dünyanın ikinci iqtisadiyyatı dərin tənəzzülə uğrayıb

Müəllif:

01.11.2012

Avropada 2008-ci ildən davam edən borc böhranı, hətta Çinin möhkəm iqtisadi gövdəsini də laxladıb və belə görünür ki, o, çat verir - dünyanın ABŞ-dan sonra ikinci iqtisadiyyatı dərin tənəzzül yaşayır. 

Son 30 il ərzində Çin iqtisadiyyatının artımı, orta hesabla, ildə 10% təşkil edib. Əgər 2009-2010-cu illərdə ölkə az və ya çox uğurla avrozona ölkələrinin durumunun mənfi təsirinə müqavimət göstərə bilirdisə, 2011-ci ildən başlayaraq "dünya iqtisadiyyatını böhrandan kənara dartan lokomotiv" özü yerində saymağa başladı. 2012-ci ilin üçüncü rübündə ümumi daxili məhsulun (ÜDM) artım dinamikası son 3,5 il üzrə ən aşağı oldu. Çin Xalq Respublikasının (ÇXR) milli statistika bürosu məlumat verib ki, bu rüb ərzində ölkə ÜDM-i keçən ilin uyğun dövrünə baxanda 7,4%  artıb (ikinci rübdə isə 7,6%) olmuşdu. 

 

"Yumşaq" eniş 

Milli statistika bürosu, həmçinin Çin logistika və satınalmalar federasiyası tərəfindən 31 sahəyə aid 820 iri şirkət arasında aparılmış sorğu əsasında 1 oktyabr tarixinə dərc edilmiş məlumatlara görə, sənayedə işgüzar fəallıq indeksi "PMI Manufacturing" sentyabrda azalmağa davam edib və  49,8 bənd təşkil edib ki, bu, ardıcıl olaraq ikinci dəfə 50%-dən aşağı göstəricidir. 

Dünyanın ikinci iqtisadiyyatı durmadan enişə doğru gedir, amma o da var ki, bu, hələlik idarə olunan "yumşaq" enişdir. Bu arada, Dünya Bankının (DB) ekspertləri Çinin və bütövlükdə Cənub-Şərqi Asiyanın iqtisadi artım proqnozlarını pisləşdiriblər. Əgər 2011-ci ildə toplam məhsul 9,3% artmışdısa, bu il  DB sanır ki, artım 7,7% təşkil edəcək. 

Xaricdə Çin məhsullarına tələbatın və sərmayələrin azalması ağır yük kimi ölkə ÜDM-ni geriyə dartır. Səma dövlətinin ticarət balansının strukturunda idxal və ixrac həcmlərinin artım templəri, demək olar ki, sıfra bərabərdir. Eyni zamanda, ölkəyə sərmayə axını azalmaqda davam edir. Çin Ticarət Nazirliyinin məlumatına görə, xarici yatırımlar göstəricisinin azalması artıq üçüncü aydır davam edir. ÇXR-in iri valyuta rezervinə ($3,2 trln) malik olmasına baxmayaraq, onun daxili bazarın stimullaşdırılması üçün işlədilməsi yeni inflyasiya dalğasına gətirə bilər. 

Bundan başqa, pullar xarici, xüsusilə də Amerika istiqrazlarına yatırılıb. İkinci rübdə xarici dövlət borcu $34 mlrd artıb və $785,17 mlrd.-a çatıb. Daxili borclanma da az deyil. Çin Ticarət-Sənaye Bankının məlumatına görə, martın əvvəlinə dövlət borcu $2,78 trln və ölkə ÜDM-nin 43%-i qədər olub (müqayisə üçün -  2010-cu ildə o, $1,03 trln təşkil etmişdi).

Demək olmaz ki, hakimiyyət bir sıra Avropa ekspertlərinin iddia etdiyi kimi, bütün baş verənləri "şərq sakitliyi ilə" müşahidə edir. 2012-ci ilin iyun ayından Mərkəzi Bankın uçot dərəcəsi iki dəfə aşağı salınıb ki, bu da özəl bölmənin yükünü azaltmağa yardımçı olub, həmçinin bank rezervləri həcmlərinə tələblər, az qala, üç dəfəyə qədər azaldılıb. İqtisadiyyatın canlandırılması məqsədilə Çin hakimiyyəti infrastruktur layihələrinə $150 mlrd həcmində sərmayə yatırılacağı barədə elan veriblər. 

Çin hakimiyyətinin daxili tələbatı stimullaşdırmaq üzrə səyləri, belə görünür ki, öz bəhrəsini verir - bu ilin sentyabr ayında sənaye istehsalı 2011-ci ilin sentyabr ayına baxanda 9,2%, pərakəndə satışlar isə 14,2%  artıb. Ancaq "Qırmızı Əjdaha"nın canlanma əlamətləri elə də inamlı deyil ki, onun bütün dünyadakı tərəfdaşları sakitləşə bilsinlər. Çinlilər də durumun yaxşılaşması barədə elə də xüsusi optimizm nümayiş etdirmirlər. 

Çinin kommersiya nazirinin müavini Çjun Şan jurnalistlərə aşağıdakıları bildirib: "Proqnozlara görə, Avropa Birliyində iqtisadi durumun önəmli səviyyədə yaxşılaşması gözlənilmir. Biz ikitərəfli ticarətin perspektivlərinə optimizmlə baxa bilmərik". Misal üçün, avqust ayında Çindən Avropaya ixracat 2011-ci ilin uyğun ayına baxanda 12,7% azalıb və bu, artıq üç aydır ardıcıl müşahidə edilir. "Çində yavaşıma gözlənildiyindən, daha irimiqyaslı və davamlı oldu. Durum biz bir neçə həftə öncə müşahidə etdiyimizdən köklü şəkildə fərqlənir", - deyə "Asia Sentry Advisory"nin böyük iqtisadçısı Qlenn Maqua bildirir.

 

Dünyaya təsiri 

Əslində, "ÇXR-in iqtisadi artımının yavaşıması dünyanın qalan hissəsi üçün nə qədər təhlükəlidir?" - sualının özü məntiqsiz görünür.  Dəfələrlə deyilib ki, Çin dünyanın 1,34 milyard əhalisi olan ikinci iqtisadiyyatıdır. Buna görə də statistik məlumatlar əsasında bu ölkədə baş verən böhranın onun iqtisadi tərəfdaşlarına potensial təsirlərini müəyyən etməyə cəhd göstərmək daha doğru olardı. 

Amerikanın nüfuzlu çinşünaslarından biri Con Feyrbenk (1907-1991) Çini "hər kvadratmetrinə dünyanın istənilən yeri ilə müqayisədə ən çox insan faciəsi və ən az yoxlanılmış fakt düşən jurnalistika arzusu və statistika dəhşəti" adlandırmışdı. Bu gün də çox sayda Qərb iqtisadçıları Səma dövlətinin iqtisadiyyatının durumunu təhlil edərkən Feyrbenki yada salırlar, böyük ehtimalla bununla da gələcək üçün proqnozlarını sığortalayırlar. 

XX yüzilliyin 80-ci illərinin əvvəllərində Çin əhalisinin nəhəng sayda olmasına baxmayaraq, dünya iqtisadiyyatı fəzasında aşağı yerlərin birində idi. 30 illik ardıcıl inkişaf hesabına Çin iqtisadiyyatı gerçək möcüzə yaratdı, önəmli uğurlar qazandı və dünyanın inkişaf etmiş ölkələrinin elitasına daxil oldu. Avropa və  ABŞ bazarları inanılmaz məhsuldarlığa malik nəhəng sənaye maşını yaradıblar. Ancaq bumeranq geri qayıdır və Çin iqtisadiyyatının dünya əhəmiyyəti onun struktur problemlərini qlobal problemlərə çevirir. 

Bu aksiomdur, Çin iqtisadiyyatında artım templərinin düşməsi bütün qalan dünya üçün ixrac sifarişlərinin  azalması deməkdir. Dünyanın güclü iqtisadiyyatları - ABŞ və Avropa iqtisadiyyatları üçün potensial təsir heç də abstrakt deyil, yetərincə hiss ediləndir. Misal üçün, "Nike" şirkəti bəyan edib ki, onun Çindəki anbarları məhsulla doludur. Oxşar vəziyyətə "McDonald's", "Caterprillar", "Procter&Gamble Co" və s. də düşüb.

Çin iqtisadiyyatının son 30 ildə sürətli artımı, əmək haqqının artırılması və bank kreditlərinin durmadan artması iri əmlak bazarı yaradıb. Və indi Çin əmlak bazarının tənəzzülü qlobal problemə çevrilib. "GK Dragonomics" şirkətinin araşdırmasına görə, 2012-ci ildə Asiya nəhənginin tikinti bazarı dünyanın polada olan tələbatının 40%-ni və misə olan tələbatının 10%-ni formalaşdırıb. Əlbəttə, Çin tərəfindən tələbatın azalması istehsalçılar üçün ağır zərbə oldu, poladın, dəmir filizinin və kömürün qiymətinin düşməsi ilə nəticələnib. Son üç ildə ilk dəfə olaraq dağ-mədən sahəsi üzrə dünya lideri, İngiltərə-Avstraliya şirkəti "BHP Billiton" şirkəti təmiz gəlirinin 34,7% azalması barədə məlumat yayıb. 

Çin iqtisadi artımının yavaşımasının dünya iqtisadiyyatına mənfi təsiri barədə daha çox nümunə göstərmək olar. Xarici bazarlara bağlılıq, xarici enerji qaynaqlarından asılılıq qlobal böhranın gəlməsi ilə gur artım illərində nəzərə çarpma-yan çox problemləri üzə çıxardı. 

Bir şey aydındır ki, bir neçə mürəkkəb il ərzində dünya iqtisadiyyatını öz arxasınca dartan bir iqtisadiyyat artıq həkimdən xəstəyə çevrilir. Həm də elə gəlir ki, bu ölkə yalnız iqtisadi deyil, həm də siyasi "müalicə prosedurları"na ehtiyac duyur. 

"AB - Çin" rəhbərləri səviyyəsində sentyabrda keçirilmiş görüşdə Brüssel ümid edib ki, vəziyyətin düzəldilməsi üçün Pekin fəal şəkildə öz iri qızıl-valyuta  ehtiyatlarından istifadə edə bilər. "Market Securities"dən Vimal Popat yazır: "Səma dövləti AB-nin həcminə görə ikinci ticarət tərədaşıdır,  AB isə Çinin ən böyük ticarət tərəfdaşıdır. Bundan başqa, unutmaq olmaz ki, Pekinin valyuta ehtiyatlarının böyük hissəsi (25%-i) avroda saxlanılır". 

Beləliklə, tamamilə aydındır ki, öz iqtisadiyyatının dəstəklənməsi üçün Çin istər-istəməz pul xərcləməlidir. Noyabrda Çin Kommunist Partiyasının qurultayı olacaq və o zaman ölkə rəhbərliyi dəyişdirilməlidir. Böyük ehtimalla, siyasi kursun dəyişməsindən danışmağa dəyməz, amma beynəlxalq toplum dünyanın ikinci iqtisadiyyatının sağlamlaşdırılması üçün daha həlledici addımlar gözləyir. 



MƏSLƏHƏT GÖR:

497