
MƏĞLUBSUZ SEÇKİ
Ukraynada keçirilmiş parlament seçkisi bir sıra sürprizlərlə yadda qaldı
Müəllif: Fuad FƏXRƏDDİNOĞLU Bakı
Ukraynada növbəti parlament seçkisi arxada qaldı. Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini oktyabrın 28-də keçirilmiş səsvermədən 2 həftə sonra rəsmən elan edəcək. Amma artıq 5%-lik baryeri aşaraq parlamentə düşmüş partiyalar bəllidir: hakim Regionlar Partiyası, müxalifətin birləşmiş "Batkivşşina" bloku, Kommunist Partiyası, boks üzrə dünya çempionu Vitali Kliçkonun UDAR partiyası və seçkinin əsas sürprizi - ultramillətçi "Azadlıq" partiyası.
Səsvermənin gedişini çoxlu sayda müxtəlif ölkə və beynəlxalq təşkilat nümayəndəsi müşahidə edib. Onların qiymətləndirməsi əsasən yüksəkdir. Sabiq baş nazir Yuliya Timoşenkonun həbsi ilə əlaqədar rəsmi Kiyevə həm Qərb, həm də Rusiya tərəfindən ciddi təzyiqlərin olduğunu nəzərə alsaq, bu, Ukrayna hökuməti üçün son dərəcə vacib idi. Ukraynanın gələn ildən ATƏT-ə sədrlik etməli olması da önəmli amildir. Seçici fəallığının zəif olmasına baxmayaraq, hökumət səsvermənin şəffaflığını təmin etməyə çalışıb.
Bütün bunlarla yanaşı, analitiklərin səsvermənin gedişi və seçkinin nəticəsi ilə bağlı mövqeləri birmənalı deyil. Çoxları böyük rəqabətin, qüvvələr balansının olduğuna, yeni partiyaların irəliləməsinə diqqət çəksə də, manipulyasiyalar, inzibati resurslardan istifadə və seçicilərin pulla ələ alınması haqda danışanlar da var. Demək olar ki, bütün ekspertlərin fikri bir məqamla bağlı tam üst-üstə düşür: Ukrayna parlamentinə düşməyə nail olmuş bütün partiyaları qalib hesab etmək olar.
Regionlar Partiyası üçün bu seçki xüsusi əhəmiyyət daşıyırdı. Prezident üçün Ukrayna reallığında qanunverici və icraedici hakimiyyətin birgə işləməsinin böyük əhəmiyyət kəsb etməsi ilə yanaşı, bir çox ekspertlər bu parlament seçkisinin qarşıdan gələn prezident seçkisi üçün sanki bir test olduğu qənaətindədir. 2015-ci ildə Regionlar Partiyasının lideri Viktor Yanukoviç güman ki, ikinci müddətə prezident seçilməyə cəhd edəcək. "Regionçular"ın qazandığı səslərlə müxalifətə verilmiş səslər arasında uçurumu nəzərə aldıqda demək olar ki, elektoratın Ukraynanın hazırkı hakimiyyətinə inamı davam edir.
Maraqlıdır ki, son 10-15 ildə Ukraynada hakim partiyalar parlament seçkisində yalnız üçüncülüklə kifayətlənməli olub. Başqa sözlə, parlament seçkilərində seçicilər səslərini müxalifət partiyalarına veriblər. Bu tendensiyanı nəzərə alsaq, Regionlar Partiyası özünü əminliklə son seçkinin qalibi saya bilər.
Bununla yanaşı, onu da nəzərə almaq lazımdır ki, prezident seçkisi zamanı müxalifət namizədinə nisbətən Yanukoviçə verilmiş səslərin faizi indikindən daha çox idi. Yəni, hazırkı prezidentin ölkəyə rəhbərliyi dövründə hakim partiya tərəfdarlarının bir hissəsini itirib. Onun üçün daha bir narahatedici məqam ölkənin ciddi iqtisadi böhran astanasında olmasıdır. Hər halda, mütəxəssislər bu fikirdədir. Bunun fonunda prezident seçkisi yaxınlaşdıqca, hazırkı hakimiyyətin reytinqi azalır.
Əsas müxalif qüvvə olan "Batkivşşina" da özünü qalib saya bilər. Blokun Qərbin ictimai təşkilatları və KİV tərəfindən siyasi qurbana çevrilmiş lideri Yuliya Timoşenko həbsdə olsa da, onun partiyadaşları qarşıya qoyulmuş vəzifənin öhdəsindən gəlməyi bacarıb. "Batkivşşina" 20%-dən artıq səs toplayıb. Doğrudur, bu faiz daha yüksək ola bilərdi. Amma partiyanın seçki kampaniyasında bir ənənəvi çatışmazlıq da var idi. Hakimiyyəti çox yaxşı tənqid edən, seçicilərin onu dəstəkləməməsi üçün səbəbləri əsaslı şəkildə göstərən Timoşenkonun silahdaşları xalqa niyə məhz onlara səs verməli olduqlarını izah edə bilməyib. Yəni, həmişə olduğu kimi, "Batkivşşina" seçki kampaniyasını mənfilik üzərində qurub. Ukrayna siyasətində isə populizm çoxdan dəbdən düşdüyü üçün seçici hər dəfə eyni şeyləri eşitməkdən bezib.
Yəqin ki, seçkidə Ukrayna Kommunist Partiyasının üçüncü yeri tutması heç kəs üçün sensassiya olmayıb. Çünki ölkədə həmişə kommunistlərin sabit, dayanıqlı elektoratı var. Bunlar Sovet İttifaqı dövrünü xatırlayan yaşlı nəsil, həmçinin Ukraynanın cənub, cənub-şərq əyalətlərinin Regionlar Partiyasından bu və ya digər səbəbdən narazı olan sakinləridir. Üstəlik, ekspertlər hesab edir ki, kommunistlər kifayət qədər mahir seçki kampaniyası aparıb. Onlar hakimiyyəti konstruktiv şəkildə tənqid etməklə yanaşı, nə qədər paradoksal olsa da, tam yeni, maraqlı platforma ilə çıxış ediblər.
Bir məqam da nəzərdən qaçırılmamalıdır ki, bütün dünyada, xüsusilə Avropada iqtisadi böhranın dərinləşməsi ilə qatı solçu və sağçı ideologiyalar populyarlığını sürətlə artırır. Amma analitkilər hesab edir ki, Ukraynada yeni parlamentin fəaliyyətə başlaması ilə kommunistlər "regionçular"la birləşəcək; bu, baş verməsə belə, onlar heç bir halda əsas müxalifətin tərəfinə keçməyəcək.
Artıq qeyd olunduğu kimi, son seçkinin daha bir fərqləndirici cəhəti Ali Radaya 2 yeni siyasi qüvvənin düşməsidir. Bunlar UDAR və "Azadlıq" partiyalarıdır.
Hazırkı siyasi opponentlərindən fərqli olaraq, boks üzrə dünya çempionu və UDAR-ın lideri Vitali Kliçko siyasi mübarizəyə yeni qoşulub. Nisbətən yeni müxalifət olan, adı ləkələnməmiş Kliçko müxalifətin ənənəvi fiqurları və şuarlarından çoxdan bezmiş seçiciləri özünə cəlb edə bilib. İlk dəfə parlament seçkisinə qatılmış Kliçkonun real qələbə qazanmasına hansısa səviyyədə bu məqam da kömək edib. Ekspertlər hesab edir ki, UDAR parlamentdə praqmatik mövqe nümayiş etdirəcək. Kliçkonun Regionlar Partiyası ilə mümkün ittifaqı onun gənc və perspektivli siyasətçi kimi 2015-ci ilin prezident seçkisindəki şanslarını məhv edə bilər. Eyni səbəbdən Kliçkonun "Azadlıq" partiyası ilə yaxınlaşması da inandırıcı deyil.
Ultramillətçi "Azadlıq" partiyasına gəlincə, 10%-dən bir qədər az səs toplamış bu siyasi qüvvənin Ali Radaya düşməsi seçkinin ən böyük sensassiyasıdır. Amma bunun obyektiv səbəbləri də var. Budəfəki seçkidə bülletenlərdən "hamının əleyhinə" bəndi götürülmüşdü. Elektoratın böyük hissəsini bezdirmiş siyasi çəkişmələr, əbədi böhranlar, intriqalar dövründə ultramillətçi "Azadlıq" partiyasına səs verilməsi seçicilərin parlamentdə yeni qüvvələr görmək istəyindən başqa bir şey deyil. Eyni fikri Kliçkonun partiyası haqda da demək olar.
Buraya Ukraynanın qərb əyalətlərində, xüsusilə Lvovda millətçilik ideyalarının həmişə populyar olduğunu da əlavə etmək olar. "Azadlıq" partiyasının lideri Tyaqnibok da əslən məhz Lvovdandır. O, çıxışlarında dəfələrlə açıq antisemit və anti-Rusiya bəyanatları səsləndirib.
Bununla yanaşı, ekspertlər "Azadlıq"ın 5%-lik baryeri aşa bilməsində gizli səbəblərin də olduğunu düşünür. Hələ bir neçə il əvvəl bu təşkilatın Ukraynanın siyasi meydanında yeni peyda olduğu vaxt belə bir xəbər yayılmışdı ki, hakim Regionlar Partiyası qərbpərəst müxalifətin elektoratını parçalamaq üçün "Azadlıq"a ən müxtəlif formalarda dəstək verir. Yeni siyasi təşkilata maddi-texniki sahədə dəstək verməklə, onun populyarlaşmasına kömək etməklə sonda ənənəvi müxalifətin elektoratından 5-10%-in "Azadlıq"a tərəf keçməsinə nail olub. Təsdiqlənməməiş məlumatlara görə, hətta "Azadlıq" lideri Tyaqnibok ilə prezident Yanukoviç arasında görüş də olub. Halbuki, Tyaqnibok prezidentə impiçment elan olunması təşəbbüsü ilə çıxış edə biləcəklərini bildirib.
Deyilənlərin doğru və ya yanlış olmasına baxmayaraq, dünənədək marginal siyasi qüvvə sayılan partiya parlamentdə öz fraksiyasını yaratmaq hüququ qazanıb.
Bu yerdə istər-istəməz 30-cu illərin əvvəllərində Almaniyada tanınmamış siyasi qüvvənin ozamankı hakimiyyətlə danışıqlar aparması, sonradan isə müttəfiqlərini xaincəsinə aldadaraq təxribat və zorakılıq yolu ilə hakimiyyətə gəlməsi yada düşür. O zaman bu, heç kim üçün, heç almanların özləri üçün də yaxşı nəticələr verməmişdi… Ümid edək ki, tarix təkrarlanmayacaq. Qərblə Rusiya arasında olan Ukrayna müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün yalnız öz gücünə arxalanmalıdır. İqtisadi durğunluq və xarici təzyiqlər fonunda ukraynalılar radikal liderlər və ideyaların arxasınca gedə bilər.
MƏSLƏHƏT GÖR: