
"FLEŞMOBOTERAPİYA"
İnsanların qrup halında ilk baxışdan mənasız təsir bağışlayan sinxron hərəkətlərində, əslində, dərin məna var
Müəllif: Vəfa ZEYNALOVA Bakı
Yayın əvvəlində şəhərin mərkəzində adi günlərdən biridir: şəhərlilər gəzişir, analar uşaq arabaları ilə ətrafı dolaşır, skamyada əyləşən cütlüklər söhbətləşirlər... və gözlənilmədən gənclər sanki təsadüfən iki-iki, üç-üç bir araya toplaşmağa başlayırlar. Çox keçmir, haradansa musiqi səslənməyə başlayır və bir araya toplaşmış gənclər sinxron şəkildə rəqs edirlər... Ətrafdakılar onları təəccüblə, gülümsəyərək seyr edir, telefonların yaddaşına köçürür, valideynlər uşaqlarının rəqsi yaxşı görə bilmələri üçün onları qucaqlarına alırlar. Hətta tələsik iş dalınca qaçan insanlar belə, bir anlıq ayaq saxlayır, sanki, bütün problemləri unudaraq heyrət içində rəqsi izləyirlər. Rəqs bitir, uşaqlar elə peyda olduqları kimi, bir anda qəfildən gözdən itirlər. Gözlənilməz kiçik bayramın yaratdığı məmnunluq isə hələ bir müddət davam edir.
Fleşmobların tarixi o qədər də qədim deyil. İlk belə aksiya 2003-cü il iyunun 17-də Nyu-Yorkda təşkil olunub. Ondan sonra bənzər aksiyalar bütün planetə yayılmağa başlayıb.
Bəs nədir fleşmob? Bu, əvvəlcədən planlaşdırılmış kütləvi aksiyadır. Aksiyada iştirak edəcək bir qrup insan təyin olunmuş yerə toplaşır, bir sıra sinxron hərəkət nümayiş etdirir və gözdən itirlər. Fleşbom, əsasən, öz-özünə əmələ gəlsə də, onun da müəyyən prinsipləri var: moberlər (fleşbom iştirakçıları) maddi və ya reklam məqsədi güdməməli, onların arasında ciddi şəkildə önə çıxan komandir olmamalıdır. Bundan başqa, aksiya iştirakçıları KİV tərəfindən işıqlandırılmağa çalışmır, bir-birləri ilə tanış olduqlarını heç bir hərəkətlə ətrafdakılara hiss etdirməməlidirlər.
Dəbə minmiş bu tipli aksiyalardan Azərbaycan gəncləri də kənarda qalmayıblar. Ölkədə artıq 5 ildir ki, moberlər klubu var və onlar bu dövr ərzində, təxminən, 30 aksiya keçiriblər.
İstənilən kütləvi aksiya müəyyən qanunlara tabe olmalıdır. Bizdə də fleşmob üçün əsl məcəllə var. Məsələn, mober ssenarini dəqiqliklə bilməli, çaşmamalı, digərləri ilə sinxron şəkildə hərəkət etməli, bir araya toplaşmamalı (əsl moberlər "gözlənilmədən haradansa peyda olurlar"), təmkinli olmalı (emosiyasını büruzə verməməli və hazırlanan fleşmob haqda tanışlarına məlumat verməməli), qanunlara və ədəb qaydalarına əməl etməlidir. Fleşmobun uğurlu alınması üçün bu keyfiyyətlər mütləqdir.
"Kreativlik kanalı"
Fleşmob-Azərbaycan hərəkatının baş təşkilatçısı olan Emil Musayev deyir: "Hər şey 2009-cu ildə iki dostun ideyası kimi başladı. Biz sosial şəbəkələr vasitəsilə uşaqları ilk aksiyamıza - "Kitab oxuyuruq" aksiyasına dəvət etdik: moberlər Nizami küçəsində gəzişərkən qəfil dayanmalı, kitab çıxararaq oxumağa başlamalı idilər". Bu aksiyanın şəhərlilər arasında böyük uğur qazandığını söyləmək mümkündür. Hərəkatın yaradılmasından keçən dövrdə o qədər çox aksiya təşkil olunmasa da, onların hamısı yalnız iştirakçıların deyil, aksiyaya şahidlik edənlərin yaddaşında qalıb. Emil Musayevin sözlərinə görə, hərəkat qeyri-formal qrupdur: "Biz qeyri-adi, maraqlı, kreativ nəsə etmək, təcrübə toplamaq istəyirdik". Təşkilatçının sözlərinə görə, fleşmob çoxlu sayda insanın yaşadığı böyük şəhərlər üçündür. Eyni zamanda, onların arasında əlaqələr arzulandığı qədər möhkəm və yaxın deyil. Fleşmobda iştirak isə sanki bir kreativlik aktıdır.
Fleşmobu sosial hadisə, moberləri isə, bir növ, submədəniyyət adlandırmaq olar. Amma onun təşkilatçıları və iştirakçıları fleşmoba klassik yanaşmaya sadiq qalmağa çalışırlar - təbliğata, siyasətə, dinə yox! "Biz cəmiyyətə nəsə qəbul etdirmək istəmirik", - deyə E.Musayev bildirir. - "Biz sadəcə həyata rəngarənglik qatmağa çalışırıq". Bununla yanaşı, "incəsənət naminə incəsənət" yanaşması bəzi mühafizəkarların düşündüyü kimi, heç də mənasız deyil və hətta əksinə, müəyyən mənada o, faydalı da ola bilər: "Bir çox insanlar səhvən fleşmobu kütləvi hadisə sayırlar. Əslində isə bu, cəmiyyətin qəbul etdiyi bir çox düzənlərin əksinə gedən aksiyadır". Həqiqətən də, küçənin ortasında asfalta və ya albomlara şəkil çəkən insanlar, səkidə yaradılan çay süfrəsi heç də tez-tez rast gəlinən hallar deyil. Amma onları bəyənməmək də olmur.
"Bir çox insan üçün fleşmob müəyyən yol, bəzən yeni nəsə yaşamaq, hiss etmək, hansısa maneələri aşmaq, komplekslərdən qurtulmaq vasitəsidir. Bir çoxlarının həyatı həqiqətən də dəyişir, onlar ətrafa daha açıq, kreativ olurlar", - deyə Musayev bildirir. Emil Musayev hesab edir ki, bu sosial aksiya cəmiyyətdə nələrisə dəyişdirib, o, həqiqətən kreativ, daha açıq olub. Təşkilatçının sözlərinə görə, bir nəfər nadir hallarda bütün fleşmoblarda iştirak edir: "İnsanlar gəlirlər, gedirlər, heç kəs aksiyalarda daim iştirak etmir. Elə olur ki, kimsə həyatının çətin anını fleşmoblara qatılmaqla ötürür və sonra həyatına davam edir".
Fleşbomda iştirak etmək arzusunda olan hər kəs bunu edə bilər. Qarşıdan gələn aksiyalar haqda məlumat almaq üçün Facebook sosial şəbəkəsində Fleşmob-Azərbaycan səhifəsinə üzv olmaq kifayətdir. İştirakçılar üçün heç bir məhdudiyyət yoxdur. Musayevin sözlərinə görə, onlar lap əvvəldən fleşmobların təşkili üçün yararlı ola biləcək bütün insanları prosesə cəlb etməyə çalışıblar. Eyni şey yaddaşlarda qalan rəqs aksiyalarına da aiddir: "Biz aksiyaya heç bir peşəkar rəqqası dəvət etmirik. Bundan başqa, kimsə aksiyada iştirak etmək istəyir, lakin rəqs etməyi bacarmadığını deyirsə, onu özümüzə qoşmaqda israr edirik. Axı rəqs etməyi bacarmayan insan yoxdur, sadəcə rəqs edə bilmədiyini düşünən insanlar var". Qrupun öz xoreoqrafı var, nömrələrə hazırlıq isə 1 aydan bir neçə ayadək vaxt apara bilər.
Rəsmi strukturlarla münasibətlər
Gözlənilmədən meydana çıxan, kütləvi şəkildə insanların iiştirak etdiyi aksiyalardan söhbət düşdükdə, bu məsələ istər-istəməz meydana çıxır. Bununla bağlı təşkilatçıların mövqeyi tam aydındır və o, məcəllədə də öz əksini tapıb. "Hökumət nümayəndələri bizdən aksiyanın dayandırılmasını tələb edərlərsə, aksiya dayandırılacaq. İndiyədək bir neçə aksiyamız bu səbəbdən yarımçıq dayandırılıb", - deyə E.Musayev bildirir. Onun sözlərinə görə, "dayandırılıb" dedikdə söhbət fleşmobun formasının dəyişdirilməsindən və ya başqa ərazidə təşkil olunmasından gedir.
Tələbə olan Səidə Aslanova 3 ildən çoxdur ki, fleşmoblarda iştirak edir. Onun sözlərinə görə, bu, son dərəcə maraqlı və cəlbedici məşğuliyyətdir: "Ona görə maraqlıdır ki, orada qeyri-adi atmosfer hökm sürür, çoxlu insanlarla ünsiyyət, yeni tanışlıqlar olur, ətrafdakıları təəccübləndirmək, boz günlərə rəngarənglik qatmaq kimi ümumi maraqlar hamını birləşdirir".
Bununla yanaşı, Səidə ictimaiyyətin fleşmoblara münasibətinin hələ də birmənalı olmadığını etiraf edir: "Fleşmoblara münasibətin dəyişməsini çox istərdik. Çoxları elə düşünür ki, moberlərin işi-gücü yoxdur. Hər üç nəfərdən biri bizə daha sərfəli işlə məşğul olmağı, kitab oxumağı, təhsil almağı məsləhət görür. Düşünürəm ki, cəmiyyətimiz hələ ki, yeniliklərə və kütləvi aksiyalara hazır deyil".
Əhaliyə müraciət
Moberlərin konsepsiyası onları "kübarlıqdan", KİV-lə ünsiyyətdən qaçmağa çağırır. "Biz ulduz olmaq istəmirik. İstəyimiz azadlığımızı qorumaq, xoşladığımız işlə məşğul olmaqdır", - deyə təşkilatçı bildirir. Bununla yanaşı o, oxuculara müraciət etməyi də lazım bilir: "İştirakçıların əsas hissəsini 20 yaş civarında gənclər təşkil edir. Yaşı daha çox olanlarda artıq həyata ciddi münasibət formalaşıb. Biz bunu dəyişmək istəyir və yaşı 20-dən artıq olan hər kəsə müraciət edirik: gəlin və fleşmoblarda iştirak edin!".
Emil Musayevin sözlərinə görə, iştirakçılar məşqlərə valideynləri ilə gəlirlərsə, təşkilatçılar valideynləri də fleşmoba qoşulmaları üçün dilə tuturlar.
Psixoloq rəyi
Psixoloq Orxan Sultanov fleşmobla bağlı danışarkən məşhur neofreydçi psixoloq Erik Frommun kitabına istina edir: "Frommun "Sevmək sənəti" adlı kitabı var. Orada maraqlı nəzəriyyəyə rast gəlinir. İstənilən insanın 2 arzusu var: azad olmaq və vahid olmaq. Bu gün görürük ki, insanlar nəsildən-nəsilə bir-birindən daha çox uzaqlaşır, daha çox azad olur və buna görə də onlarda vahidliyə, birliyə meyil, həsrət getdikcə güclənir. Axı əvvəllər insanlar arasında əlaqə daha sıx idi və onlar bir-birlərini şəxsən tanıyırdılar.
Fromm belə bir ideya irəli sürüb: müasir insanlar tənhalıqdan bir neçə vasitə ilə qurtulmağa çalışırlar. Bu vasitələrin ən idealı sevgidir. Amma əsl sevgini tez və sifarişlə əldə etmək çətindir. Bu üzdən də bu tələbatın kompensasiyası üçün 3 variant ortaya çıxır: rəssamın tənhalığı, yaradıcı insanın öz yaradıcılığı ilə baş-başa qalması - əla variant olsa da, mükəmməl deyil. Çünki əşyalar insana qarşılıq verə bilməz.
Hamının bərabərləşdirilməsi. Bu da hər zaman üçün uğurlu variant deyil. Çünki qadınla kişi eyni dəyərə malik olsalar da, fərqlidirlər. Bu, sonda streslərə yol açır.
Ən primitiv variant isə orgiyadır. Orgiyalar çoxdan məlumdur; məsələn, tonqal başında qavalla rəqslər də orgiyadır. Amma əlbəttə ki, bütün orgiyalar bu qədər təhlükəsiz deyil.
Lakin müqayisə etsək, görərik ki, fleşmoblar da özünəməxsus "ocaq ətrafında rəqs"dən başqa bir şey deyil. Müasir insanlar özlərini o qədər tənha hiss edirlər ki, insanlarla kampaniya halında adi hərəkətlər etmək, rəqslər onlara xoşbəxtlik gətirir, özlərini cəmiyyətlə tam hiss etmələrinə kömək edir. Azadlığa və birliyə cəhd həmişə olub. Amma zaman keçdikcə bu, özünü daha ciddi şəkildə göstərir. Məsələ onun özünü necə büruzə verməsində deyil. Bu, birliyin yollarından biridir".
Hər halda, fleşmoblar gənclər üçün, ən azı, tamamilə zərərsiz məşğuliyyətdir. Onların heç qeyri-gənclərə də ziyanı yoxdur. Bu maraqlı aksiyalar iştirakçılarını hərəkətə gətirməklə yanaşı, həm də "psixoterapiya rolunu oynadığını nəzərə alsaq, əminliklə demək olar ki, streslərlə dolu dövrümüzdə onun faydası kifayət qədərdir".
MƏSLƏHƏT GÖR: